Müəllim Məhəmməd
Cövdət İnancalp
Giriş
yerinə
1904-cü ildə Rusiya Yaponiya ilə
apardığı savaşda böyük bir yenilgiyə
uğradı və 1905-ci ildə ölkədə meydana gələn inqilab nəticəsində
monarxiya topluma bəzi
hüquqlar verilməsinə məcbur olaraq konstitusiya idarəsinə
keçdi. Dövlətin təbəəsi
olan qeyri-rus millətlərə
də bu çərçivədə bəzi
hüquqlar tanındı. Rusiyada
yaşayan Türklərin türkcə
gündəlik qəzet çıxarmaq və ana
dillərində təhsil verəcək məktəblər açmaq təşəbbüsü uğurlu oldu.
Azərbaycanda bu işləri gerçəkləşdirmək
üçün Bakıda "Nəşri-maarif"
cəmiyyəti qurularaq, fəxri sədrliyə
haqlı olaraq "millət atası"
adlandırılan milyonçu Hacı Zeynalabdin Tağıyev gətirildi (bu cəmiyyətin tarixi
hörmətli alim Nüşabə
xanım Məmmədovanın 2005-ci ildə Bakıda
"Elm" nəşriyyatında
basılmış "Nəşri-maarif" cəmiyyətinin
yaranması və fəaliyyəti" adlı dəyərli
monoqrafiyasında genişliklə
işıqlandırılmışdır). Məktəblər
açılmazdan qabaq burada
çalışacaq müəllimlərin yetişdirilməsi
üçün öncəliklə bir müəllim məktəbi, yəni
darülmüəllimin (o zaman
kişi müəllimlər hazırlayan məktəb
"darülmüəllimin", qadın müəllimlər
hazırlayan məktəblərsə "darülmüəllimat"
adlanırdı) yaradılması gərəkdi.
Lazım olan vəsait
hazırlandıqdan sonra Darülmüəlliminin
başına Türkiyədən bir müdir seçmək üçün
Bakıda ilk məktəblərdə
müəllimlik etməkdə olan
Axısqalı Hafiz Məhəmmədəmin
Şeyxzadə İstanbula göndərildi.
Şeyxzadənin adı XX yüzilin
başlarında Azərbaycan mətbuatında din xadimi kimi
sıx-sıx çəkilməkdədir. O və onun yerlisi Ömər Faiq Nemanzadə Şəki və Şamaxı şəhərlərində
ilk "üsuli-cədid" məktəbləri
açmışlar. H.M.Şeyxzadənin
qızı, sonralar görkəmli Azərbaycan
aydını kimi ad
qazanmış Şəfiqə xanım Əfəndizadə/Şeyxzadə
və həyat yoldaşı Gövhər xanım 1898-ci ildə
Azərbaycanda qızlara məxsus ilk məktəb
yaratmışlar. İstanbuldakı "Bürhani-tərəqqi"
məktəbi müdiri Haqqı bəy onunla birlikdə işləyən Müəllim
Məhəmməd Cövdəti Darülmüəllimin müdiri kimi Hafiz Məhəmmədəmin Şeyxzadəyə
tövsiyə etmişdir. Osmanlı Maarif Nazirliyi də icazə
verəndən sonra tərəflər
arasında ayda 172 manat
maaş verilməsi haqqında anlaşma imzalanmışdır.
Müəllim Cövdətin kimliyi
haqqında
Müəllim
Məhəmməd Cövdət İnancalp
(Müəllim Cövdət) (1883-1935) Azərbaycanda ya heç
tanınmadığı, ya da çox az
tanındığı üçün bu görkəmli şəxs haqqında bir qədər geniş bilgi vermək zorundayam. O, Türk fikir
həyatında qısa sayıla biləcək ömrünü
yalnız elmə həsr etmiş, 40-50 cild əsər təşkil edəcək qədər
qeydlər və sənədlər, əsərlər qoyub getmiş görkəmli
bir elm adamıdır.
Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir.
Babası Səid əfəndi Niş
qalasının bir az
bərisində, Nişava çayı kənarında
bulunan bir təkkənin
şeyxi, atası Məhəmmədsədi
əfəndi isə hərbçidir. M.Cövdət ailəsinin
1876-cı ildə köçdüyü Boluda 1883-cü ildə dünyaya
gəlmişdir. İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda oxumuşdur. 1901-ci ildə İstanbula
gələrək İstanbul
Darülmüəlliminin ədəbiyyat şöbəsinə
girmişdir. Bu məktəbdən
qabaq bir il Hüquq Məktəbində
oxumuş, atası rahatsız olduğuna görə şagirdinə tam bir sarı altın
(qızıl) təqaüd verən Darülmüəlliminə
keçmişdir. Bu məktəbdə
ən çox fransız dili
və pedaqogika üzərində
çalışmış, ərəbcə öyrənmişdir.
İlk müəllimliyini
"Darüşşəfəqə" məktəbində
edib (yeri gəlmişkən,
bir çox Azərbaycan
müəllimləri də burada təhsil
alıb). Bir cəmiyyət tərəfindən
özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə
bağlı həmin məktəbdə türkcə və ərəbcə
dərsləri gecə müzakirəçiliyinə və bir müddət sonra
müəllimliyə təyin edilmişdir.
Maaşıyla bağlı haqsızlığa görə iki il sonra
bu məktəbdən
ayrılmışdır. "Darüşşəfəqə"
müəllimlərindən dağıstanlı Hacı Xalis əfəndidən xüsusi
"Riyazi-şəhir"i, Gələnbəvi mərhumun
"Bürhan"ını, islam fəlsəfəsi
haqqında Qazı Adudun "Məvafıq"i
ilə Mavərdinin "Hüququ idarə"
adlı məşhur əsərlərini oxumuşdur.
Rəsmi məktəblərdə iş tapa bilmədiyinə
görə evlərdə özəl dərs vermiş,
müəllimlərinə rəsmi məktəblərdən daha az maaş
verən Şəmsülməkatip və Bürhani-tərəqqi
kimi xüsusi məktəblərdə
çalışmışdır. Sonrakı
illərdə Robert Kollec,
İstanbul Darülmüəllimini, İstanbul Kişi Liseyi, Gələnbəvi orta
məktəbi, Çənbərlidaş orta
məktəbi, Ərənköy Qız Liseyində müxtəlif
fənlərdən dərs demişdir.
1926-1930-cu illərdə çalışdığı Robert Kollecdə Türk dili və tarixindən dərs demiş, eyni zamanda
dini, ictimai, əxlaqi
və tarixi konfranslar vermişdir. Müəllimlikdən
başqa, İstanbul
Kitabxanaları Təsnif Heyətinin rəisi olmuş,
Başbakanlık Dövlət Arxivində təsnif
çalışmalarında bulunmuşdur.
1931-ci ildə məsuliyyətsiz məmurların qəflətiylə
Bolqarıstana havayı deyiləcək qədər ucuz qiymətə kilo ilə
satılan bəzi arxiv materiallarının
göndərilməsini bir qəzetdə verdiyi məqalə ilə
dayandırmağı bacarmışdır. Bolqarlar aldıqları 200 bağlama sənəddən ancaq
51 bağlamasını qaytarmışlar (Bolqarıstanda kommunist rejimi sona yetdikdən sonra
Başbakanlık Dövlət Arxivləri Genəl Müdirliyi bu ölkəyə
satılan arxiv materiallarının surətini
ala bilmişdir).
Müəllim
Cövdətin yazdığı çoxlu
əsərləri var:
"Zamanımızda üsuli-inşa və
Müabərə", "Müdərris Əhməd Nəim",
"Tarixi sözlük",
"Şahnamə Şərq İliadası", "Hərbi
din dərsləri", "İbni Bətutəyə zeyl",
"İdman ruhu".
Basılmış məqalələrinin böyük
bir qismi bir kitab həcmindədir. Bunlardan başqa,
yazmağı nəzərdə tutduğu
əsərlər də vardır: "Türkiyədə
təlim və tərbiyə tarixinə mədxəl",
"Səlçuqilər, Moğollar,
Timurilər və Osmanlılar dövrlərində divani və siyaqət xətləri tarixinə
mədxəl", "Aşıqpaşazadə tarixinə mədxəl",
"İbni Xaldunun
Müqəddiməsinə mədxəl", "Katib Çələbinin həyat və əsərlərinə
mədxəl", "Misirdəki Türk
alim və müvərrixləri",
"Oğuznamə ilə İliada
haqqında mütaliələr", "Oxmeydanı təkkəsi
və oxçuluq tarixinə mədxəl" və b.
Yazdığı əsərlə islamiyyəti mənfi
biçimdə tanıdan Cürci Zeydana zeyl (əlavə)
yazacağını bildirmişdir.
Müəllim
Məhəmməd Cövdətin İstanbul
həyatında az sayda
dostundan ibarət dar bir çevrəsi olmuşdur.
Bu çevrənin mərkəzində təsəvvüf
əhli Balıkəsirli Əbdüləziz Məcdi Tolun dururdu. İstanbul Universiteti tibb fakültəsi tibb tarixi institutunun
başqanı Prof. Dr.
Əhməd Süheyl Ünver,
bələdiyyəçilik və Türk
maarif tarixi haqqında
ölməz əsərlərin müəllifi olan
Osman Nuri Ergin, Ədirnə sarayı haqqında
araşdırmalarıyla tanınan Dr. Osman Rifat, kitab
sərrafı Raif Yelkənci bu çevrənin mənsublarıdır. Bu insanları bir-birinə bağlayan
və həyatlarının sonunadək kəsintisiz davam edən səmimi münasibətlərinin
mayasında dini, təsəvvüfi
görüşləri dayanır.
Təbabətlə
yanaşı, Türkün tarix və sənətini də həyatının
sonunadək araşdıran və 1800-dən artıq kitab və məqalə yazan
Ünver eyni zamanda klassik Türk rəsm sənətiylə də məşğul
olmuşdur. O, M.Cövdətdən çox şey öyrənmişdi.
Məsələn, M.Cövdət kimsəyə öyrətmədiyi
siyaqət xəttinin yazılış və oxunuş
incəliklərini yalnız Ünverə mənimsətmişdi.
Bu xətt Osmanlı dövlətinin rəsmi
və xüsusən maliyyə yazışmalarında, vəqf
dəftərlərində geniş işlədilirdi.
Müəllim Cövdət bütün
qeydlərini və əlyazma kitablarını vəsiyyətnaməylə
Ə.S.Ünverə buraxmışdır. Cövdətin qədirbilən
dostları (başda Osman
Ergin olmaqla) onun adına bir kitabxana qurunca Ünver də M.Cövdətdən ona qalmış hər şeyi
bu kitabxanaya
bağışlamışdır. M.Cövdətin
irsi 970-i əlyazma olmaqla
8753 kitabdır. İstanbulda 1929-cu ildə
vali və bələdiyyə başqanı
Muhiddin Üstündağın sədrliyi
altında dönəmin önəmli ziyalılarının yer aldığı bir heyət
tərəfindən Şişli "Atatürk Evi"ndə toplanmağa
başlanan bu qiymətli
kolleksiya
1931-ci ildə II Bayəzid Mədrəsəsinə
daşındı və 1939-cu ildə Bələdiyyə Muzeyi və Kitabxanası olaraq
xalqın üzünə açıldı. Sonralar
satın alınmış və
bağışlanılmış kitablar
sayəsində çox genişlənən
kitabxana üçün
1981-ci ildə Təqsimdə ayrıca bina
tikildi və o,
bugünədək Atatürk
Kitabxanası adı altında xalqa xidmət
etməkdədir. İndi həmin xəzinədə
200 mindən artıq kitab var.
Müəllim
Cövdətin kolleksiyasında kitablardan başqa çox dəyərli
sənədlər də bulunmaqdadır. Bu
vəsiqələr ən çox tarixə
və Türk dilinə aiddir.
Bunların arasında çox məşhur
xəttatların yazıları ilə hər növ
xətlə yazılmış bir çox lövhələr var.
O, qəzet və dərgilərdə ədəbi, tarixi və dilçilik dəyəri
olan nə oxumuş, nə
görmüşsə toplamışdır.
Cövdət
bəy 3 dekabr 1935-ci ildə vəfat etmişdir. Yaxın dostu Ünver onun
yarımçıq qalmış bəzi məqalələrini
tamamlayaraq nəşr etdirmişdir.
Ünver M.Cövdətdən
topladığı tarixi bilgiləri
içinə alan bir
silsilə dəftəri onun vəfatından
sonra hazırladığı "Cövdət
arxivi"ndə topladı. Cövdətin Azərbaycandakı
çalışmaları ilə bağlı bu
dəftərlərdə olan qeydlərinin
ortaya çıxarılması öz araşdırıcısını gözləməkdədir.
Azərbaycan
oxucusunda mövzunun
önəmi haqqında təsəvvür yaratmaq
məqsədiylə qələmə aldığımız bu kiçik yazıdan da görüləcəyi kimi,
Müəllim Cövdətin qardaş
ölkədəki fəaliyyəti həm Türkiyə, həm
Azərbaycan təhsil tarixinin, həm də bütövlükdə
Türkiyə - Azərbaycan qardaşlığının çox dəyərli bir
səhifəsidir. Açığı, şərəf
duyuram ki, Azərbaycan
mətbuatında bu haqda
ilk yazı Cövdət bəyin öz əlyazmalarına və Türkiyənin
ən çeşidli arxivlərindən əldə
etdiyim bəlgələrə dayanaraq hazırladığım bu məqalədir, ancaq bu qiymətli səhifənin tarixini
daha da incələyərək
ortaya çıxarmaq indiki
nəslin boynuna düşən mühüm vəzifədir.
Azərbaycanda
Anlaşma imzalandığına və
1907-ci il oktyabr
ayının başlanğıcında Hacı Zeynalabdin Tağıyevdən teleqram
alındığına görə, Müəllim Cövdət
pasport çıxarmış, Maarif Nazirliyindən gərəkli izni aldıqdan sonra İstanbuldan Qafqaza
yetişmək üçün Batuma gedən bir alman vapuruna (paroxoda) minmişdir. Batumda
iki gün qaldıqdan
sonra o, qatarla Tiflisdən keçərək Bakıya
çatmış və Tağıyevin evində onun qonağı olmuşdur.
Hacının evinin çox
dəbdəbəli bir saray
olduğunu, İstanbuldakı Bəyoğlunun
ən böyük otellərinin belə süslülük və mükəmməllikdə
ondan geri
qaldığını anasına yazdığı məktubda
bildirmişdir.
Görüləcək
işləri dərindən müzakirə etmişlər və
müəllimin keçici olaraq
"İslamiyyə" mehmanxanasında (həmin binanı
1918-ci ilin martında ermənilər
yandırıb) qalması qərarlaşdırılmış
və bütün məsrəflərin
Tağıyev tərəfindən ödəniləcəyi bildirilmişdir.
Cövdət
bəy 16 oktyabr 1907-ci il
tarixində anasına yazdığı məktubda deyir: "Şəhər çox
gözəldir. İstanbulda belə təmiz,
geniş küçələr yoxdur. Şəhərin xalqı dörddə üç islam, bir qismi rusdur.
Dil Anadolu türkcəsi
kimidir. Əlhəmdülillah, islam mərkəzindəyəm, firəng
içində bulunmuram".
Darülmüəllimin
üçün "Məzarlıq"
caddəsində (Türkiyə qaynaqlarında belə göstərilib,
rusca qaynaqlarda
küçənin adı eyni anlamlı
"Kladbişşenski"dir) Axundovun evi ayrılıb. Prof. Dr. Əhməd Cəfəroğlu isə bu məktəbin Çəmbərəkənddə
açıldığını yazır. Bakıda olduğum zaman öyrəndim
ki, Məzarlıq küçəsi elə
keçmiş Çəmbərəkənddə
yerləşirmiş.
Müəllim
Cövdət yeni vətəninə tez isinişmişdir. O, boynuna götürdüyü
bütün vəzifələri
artıqlamasıyla yerinə yetirmişdir.
Əskidən tələskən təbiətli olmasına baxmayaraq böyük səbrlə
bütün çətinlikləri yenmiş, daim ciddi, ağırbaşlı və sakit davranışıyla ətrafındakıların
dərin məhəbbətini qazanmışdır. Yerlilərin
vəsaitindən yararlanmağı bacarmış, ona qarşı çıxanlarla öcəşməmiş,
tam əksinə, onları oxşayaraq
özünü sevdirmişdir.
Mürəbbiliyin sirrinə vaqifliyi onun Darülmüəllimində də uğur qazanmasını təmin etmişdir.
"Füyuzat" adı verilmiş
Darülmüəllimini-islamın proqramını M.Cövdət
hazırlamışdır. O, İstanbuldan
özünə yardımcı olaraq Bəha
Səid və "Darüşşəfəqə"ni bitirmiş Beşikdaşlı Kiçik
Fuad kimi dəyərli
yoldaşlar gətirmişdi. Görkəmli
Azərbaycan aydınları Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadə
(Turan) də ona
yardımçı olmuşlar. "Nəşri-maarif"
cəmiyyətinin sədri Hacı Zeynalabdin
Tağıyev və üzvlər: Axund Mirzə Əbutürab,
Axund Molla Ağa (Məhəmmədəmin Rəsulzadənin
atası), Ağahüseyn Tağıyev, Əliağa
Həsənzadə, İsgəndər bəy Məlikov, Məhəmmədhəsən
Əfəndiyev və Məhəmmədcavad Sadıqovdan ibarət
məclisində M.Cövdətin oxuduğu
təlim proqramındakı hesab, tarix, coğrafiya, kimya, fizika dərslərinin
adından sonra "Türkcə sərf və
nəhv" ("sərf" - morfologiya,
"nəhv" - sintaksis deməkdir)
sözlərini eşitcək, yuxulamaqda olan Axund Əbutürab
hirslənərək: "Sus, cahil! Ərəbcədən başqa
heç bir dilin sərf və nəhvi ola
bilməz" deyərək şiddətlə etiraz
etmişdir. Məclisdə bulunan
Əhməd Ağaoğlu bu
iddiaya cavab vermək
istədikdə ətrafdakılar qaş-göz
işarəsiylə onu susdurmuşlar.
Axundun etirazı üzündən
türkçə sərf və nəhv proqramdan
çıxarılsa da, məktəb
açıldıqdan sonra müntəzəm
öyrədilmişdir.
"Füyuzat" Darülmüəllimini-islamı
öncə yatılı və gündüzlü
olaraq açılmışdı. Proqram altıaylıq kurs
mahiyyətində hazırlanmışdı. Kursun
ilk müəllimləri Türk
kənd məktəblərində dərs keçənlərdi.
Bunlar əski üsulla
Türk uşaqlarına Quran
surələrini ehtiva edən "çərəkə"
adlı kitabçalar oxudurdular.
Bu yeni məktəbsə
müəllimləri yeni tədris üsuluna alışdıraraq onlar
vasitəsilə Türk kəndlərinə
yeni ruh və yeni bilgilər aşılamalıydı. Bu baxımdan ona çox böyük vəzifə
və önəm verilmişdi. Müəllim Cövdət bu
çətin işdən qaçmayaraq
Bakıdakı irəliçi müəllimləri hərəkətə
gətirərək bunlardan bir təlim komandası yaratmağı
bacardı. Bir müddət sonra öz şagirdləri
arasından ən zəkalıları seçərək öz nəzarəti altında onlara
dərs verdirmişdir. Yeni məktəbin ehtiyac duyduğu kitabları onun
istəyinə əsasən cəmiyyət yetərli sayda İstanbuldan gətirərək
müəllim və şagirdlərə paylamışdır.
Onun təklifiylə İstanbuldan
gətirilən kitablar dəfələrlə
Bakıda yenidən nəşr edilərək Azərbaycan məktəblərinin
onlara ehtiyacı ödənilmişdir.
Müəllim
Cövdət həm özünün, həm
də Azərbaycan Türkünün
bilgisindən istifadə etmişdir. Əlyazısı
ilə hazırladığı tərcümeyi-halında ərəbcə
və farsca bilgisinin
artmasında ona yardımçı olan mühitlər arasında Bakını da saymış, burada təmas
etdiyi axundların və bir
neçə Dağıstan müdərrisinin onun
üzərində təsiri olduğunu
göstərmişdir. Bunlarla ərəbcə
və farsca danışmağa və
ara-sıra xəbərləşməyə məcbur olduğunu, İstanbul
müdərrislərinin əksəriyyətlə ərəbcə
və farsca danışmağı və
yazmağı bacarmadığını qeyd
etmişdir. O, daha çox Azərbaycanın xalqı, dili və tarixi üzərində
çalışdığını, ərəbcə bir çox tarixi əsərlər oxuduğunu
əlavə etmişdir. Bakıda
ruscanı da öyrənmişdi, ancaq sonrakı illərdə işlətmədiyi
üçün onu unutmuşdur. Əhməd bəy Ağaoğlunun çıxardığı qəzetdə
(bu, yəqin ki,
"İrşad"dır) məqalələr dərc etdirmiş, konfranslar vermişdir. "Nəşri-maarif" cəmiyyətinin
tarix və ədəbiyyat şöbələrinə
başçılığı öz
üzərinə götürmüş və
onların işini yürütmüşdür.
"Nəşri-maarif"də birlikdə
çalışdığı, sonralar
görkəmli ictimai-siyasi xadim
kimi tanınmış Abbasqulu
Kazımzadənin bildirdiyinə görə, Cövdət bəy
qarşısındakı məqsədə çatmaq
üçün hər kəslə xoş davranmağa
çalışmışdır.
Onun
çalışmaları nəticəsində Darülmüəllimində:
1) gənclər və xüsusən uşaqlar
Osmanlıca danışmağa başlamış, iki Türk ləhcəsi
arasındakı fərq, demək olar ki, qalmamışdır, 2) Azərbaycanda təliq
pozması olan xətlər öz yerini
bütünlüklə rüqəyə
vermişdir, 3) məzhəb
ayrılığı üzündən bir-birinə əl
verməyən xalqın uşaqları bir
yerdə oxumağa başlamışlar.
Cövdətin
təhsil sahəsində qazandığı uğurlar,
Türk dilini yayacaq və yaşadacaq
işlər görməsi rus hökumətinin
diqqətini çəkmiş və onun
Bakıdan uzaqlaşdırılması "Nəşri-maarif"
cəmiyyəti mənsublarına "tövsiyə" edilmişdir. Rejimin bu basqısı
qarşısında cəmiyyət
Məhəmməd Cövdət bəyin
üçaylıq maaşını artıqlamasıyla vermək
şərtiylə imzalanmış anlaşmanı pozmaq məcburiyyətində qalmış, şagird azlığı gərəkcə (səbəb)
göstərilərək cəmiyyətin möhürü
basılmış, məclis üzvlərinin imzaları
çəkilmiş 3 noyabr 1908 tarixli bir yazı ilə durum özünə
çatdırılmışdır. Həmin bəlgədə
oxuyuruq: "Qafqasyada
ən parlaq bir mərkəzi-müslimin
olan Bakıda keçən il bir Darülmüəllimini-islam
açmaq təşəbbüsündə
bulunmuş və bunun
üçün İstanbula
vəkil göndərərək Darülmüəllimini-Osmani
məzunlarından ibn Sədi Məhəmməd
Cövdət bəy cənablarını şəhərə
yüz yetmiş iki rublə müdirlik maaşı ilə dəvət etmişdik. Bu müəssisəyi açmaqdan
məqsədimiz əlan Qafqasya, bilxassə
Bakıda mərəzi-sari kimi müntəşir
olan cəhalət və səfahətin təzayüdünü
mən etmək və yaxşı ibtidai
müəllimlər yetişdirərək, cabəca usuli-cədidə
üzrə məktəblər küşadilə tərbiyeyi-övladi-vətən
eyləməkdi. Ancaq hər şeyin bir şərti-münasibi
olmaq qaidəsincə məzkur
Darülmüəllimin əvvəlcə iki-üç
il tərbiyə görmüş
və müsəlmanca məlumatı
artmış şagirdlər bulduqdan sonra açılmaq lazım idi.
Lakin bir xəta əsəri
olaraq vaxtsız küşad
edildi. Mücərrəd bu
səbəbdəndir ki,
küşadında lazım olduğu qədər
qabiliyyətli, savadlı şagirdan tədarük
edilmədi. Darülmüəlliminin mövcud iki ehtiyat şöbəsindəki az
şagirdlə dari-məzkurun birinci sinfini açmaq mümkün olmadı. Buna
binaən məclis son ictimaında bu iki şöbənin ayda yüz yetmiş
iki rublə alır bir
müdirlə idarəsi qabil
olmadığına görə müdirliyinin
ləğviylə cənab ibn Sədi
Məhəmməd Cövdət bəyin İstanbula
övdətinə və özünə üç
aylıq fəzlə məvacib ətasıyla tərziyəsinə
qərar verdi. Mumileyh
Cövdət bəy cənablarının məktəb namına
səy və qeyrətindən məclis umumən razı və
şu iftiraqi- zərurisindən
naşi mütəəssifdir".
M.Cövdət
Azərbaycanda ikən məktəblərin tətil
zamanındamı, yoxsa işinə son verildikdən sonramı qəti bilinməyən
bir zamanda Xəzər
dənizindən qarşıya keçərək Orta Asiyaya getmək,
oradakı Türklərlə təmas etmək istədiyində
dərhal yaxalanmış, dörd-beş saat tutuqlu qaldıqdan sonra
geriyə göndərilmişdir.
Şamaxılı
olan, sonradan Türkiyədə
təhsil alaraq orada
çalışan Məhəmmədşərif Əfəndizadə
əmisi oğlu Əbdürrəhman Tofiqin Cövdət bəyin müdir
olduğu Darülmüəllimində müdir yardımçısı olması səbəbindən
məktəbə etdiyi ziyarətlər
sırasında müdirlə tanış olmuş, ilk vaxtlar onun
əsəbi təbiətindən dolayı çox
yaxınlaşa bilmədiklərini, sonra dost olduqlarını, onun
başında fəslə yola çıxdığında
bir çoxlarının Türkiyədən
bir Türk görə
bilmək üçün ona
baxmağa çıxdıqlarını deyir. M.Əfəndizadə M.Cövdətin
Bakıda müəllimlik və qəzetçilik edən Əli
bəy Hüseynzadə və Əhməd Kamal
Akünal qədər Azərbaycan maarifinə
xidmətdə buluna bilməməsini inqilabçı
xasiyyətinin yoxluğuna bağlayır.
Onun Azərbaycandakı xidmət
müddəti iki tərəfin də arzu etdiyi qədər olmamaqla bərabər, əldə etdiyi pul Avropaya
pedaqoji sahəsində incələmə
gəzintisinə çıxmasına yardımçı olmuşdur. Bu səyahətə
Azərbaycanda işə başladığı birinci ilin yay
tətilində də çıxmışdır. Avropa və Rusiyanı dolaşmış, Moskvada İsgəndər bəy Məlikov
vasitəsilə Lev Tolstoyu
ziyarət etmişdir. Bir
yazısında Bakıda bulunduğu vaxtlar bir səyahətində
məşhur şərqşünas Bartoldla
da görüşdüyünü
qeyd etmişdir.
Müəllim
Cövdət bəyin arxivi diqqətlə
incələnərsə, orada Azərbaycanın
təhsil tarixiylə bağlı başqa
çoxlu yeni bilgilərin
də ortaya çıxacağına əminik.
Ömər ÖZCAN,
Türkiyə Cümhuriyyəti
Milli Təhsil Nazirliyi
Təlim və Tərbiyə
Kurulu üzvü
Azərbaycan
müəllimi.- 2011.- 25 noyabr.- S.4-5.