İnformatika
fənni üzrə təhsil standartlarının tətbiqi təhsilin
idarəedilməsi sisteminin təkmilləşdirilməsində əsas tələblərdən
biridir
İnformasiya cəmiyyətinin təşəkkülü
dövründə informatika və informasiya texnologiyaları
sahəsində qabaqcıl biliklərin əldə edilməsində
orta ümumtəhsil məktəbləri müstəsna rol
oynayır. Şagirdlərin bilik və
bacarığının aşkarlanması, xüsusən də
şagird nailiyyətlərinin qiymətləndirilməsi
üçün innovativ təhsil standartlarının
hazırlanması və tətbiqi bu gün təhsil sisteminin
qarşısına qoyulmuş başlıca hədəflərdəndir.
AMEA İnformasiya Texnologiyaları
İnstitutunda informatika fənni üzrə respublika ümumtəhsil
məktəblərinin V-IX sinifləri üçün
"Qiymətləndirmə standartlarının təkmilləşdirilməsi"
və "Ümumtəhsil məktəblərində və
ilk peşə-ixtisas təhsili müəssisələrində
təhsil alanların qiymətləndirilməsi və yekun
dövlət attestasiyasının aparılması
Qaydaları" əsasında fənn müəllimləri
üçün müvafiq təlimatların
hazırlanmasını təmin etmək məqsədilə təhsil
naziri tərəfindən yaradılmış
İşçi Qrupun iclası keçirildi. İclasda
institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev,
Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat
sistemləri şöbəsinin müdiri İsmayıl
Sadıqov, Təhsil Problemləri İnstitutunun Tətbiqi tədqiqatlar,
monitorinq və qiymətləndirmə Mərkəzinin Tədqiqatların
İKT təminatı şöbəsinin müdiri Ruhiyyə
Mehdiyeva və İşçi Qrupunun digər üzvləri
iştirak edirdilər.
Tədbirdə şagird nailiyyətlərinin
qiymətləndirilməsinin informatikanın təlimi prosesinin
mühüm tərkib hissələrindən biri olduğu qeyd
edilərək bu fənn üzrə qiymətləndirmə
standartları müzakirə olundu. Bildirildi ki, qiymətləndirmə
standartları hər bir şagirdin yiyələnməli
olduğu bilik, bacarıq və vərdişlərin kəmiyyət
və keyfiyyət göstəricisidir. Qeyd edildi ki, hər bir fəndə
olduğu kimi, informatika üzrə şagird nailiyyətlərinin
qiymətləndirilməsinin də əsas məqsədi fənnin
tədrisi işinə kömək etmək, tədrisin və
təlimin keyfiyyətini yaxşılaşdırmaqdır. Bu
sahədə beynəlxalq təcrübənin öyrənilməsi
və tətbiqi məsələlərinin önəmliyi
vurğulandı. Bu tədbirlərin təkcə elmin deyil, həm
də ictimaiyyətin marağında olan məsələ
olduğu bildirildi.
Təhsil standartlarının yüksək
səviyyədə hazırlanması üçün
aparılan işlərin keyfiyyətli təşkili, fənlərarası
inteqrasiyanın vacibliyi bildirilərək bu sahədə Azərbaycanın
təhsil sisteminin qarşısında duran vəzifələrdən
söhbət açıldı. V-IX siniflər
üçün hazırlanan standartların ilkin layihəsi
haqqında ətraflı məlumat verildi. Şagirdlərin
İKT bilik və bacarıqlarına yiyələnməsində
qiymətləndirmə standartlarının müəyyən
edilməsi və tətbiqinin önəmliyi vurğulandı.
Tədbirdə innovativ, kreativ
düşüncəli kadrların yetişdirilməsi
baxımından təhsilin müxtəlif pillələri
üçün təlim strategiyalarının
üstünlüklərindən də söhbət
açıldı. Bildirildi ki, orta məktəblərdə
müxtəlif təlim strategiyalarından
(texnologiyalarından) istifadə sayəsində şagirdlər
dərsə böyük maraqla yanaşır, fənni daha dərindən
mənimsəyirlər. Bu strategiyalardan istifadənin müasir
təhsilin əsasını təşkil edən mexanizmlərdən
olduğu bildirilərək orta məktəblərdə təhsilin
effektivliyinə təsir edən amillərdən olduğu qeyd
edildi.
İclasda həmçinin kurikulumda dəyişikliklərin
edilməsi zəruriyyəti, təhsil standartları ilə
bağlı yeni terminlərin işlənilməsi və tətbiqi,
testlərin tətbiqində standartların müəyyən
olunması, standartlaşmanın hüquqi əsaslarının
araşdırılması, təhsildə informasiya
texnologiyalarının tətbiqinə dair mütəmadi olaraq
elmi seminarların keçirilməsinin vacibliyi bildirildi. Dünya
üzrə mövcud standartlara istinadın zəruriliyi qeyd
edildi. Dünya təcrübəsində istifadə edilən
modellərdən söhbət açılaraq Rusiya, Türkiyə
kimi ölkələrdə, o cümlədən YUNESKO-nun
"Müəllimlər üçün İKT-bilikləri
standartları"nın, qiymətləndirmə siyasətinin
öyrənilməsi, beynəlxalq ekspertlərin dəvət
olunmasının məqsədəuyğunluğu bildirildi.
Azərbaycan müəllimi.- 2011.-
25 noyabr.- S.3.