Azərbaycan təhsili müstəqillik illərində

 

Azərbaycan ictimaiyyəti ölkəmizin dövlət müstəqilliyinin bərpasının 20 illiyini böyük qürur hissi ilə qeyd edir. 20 il ölkənin, dövlətin tarixində o qədər də böyük zaman deyil. Lakin Azərbaycan bu illər ərzində çox böyük tarixi yol keçibdir. Əsası müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş quruculuq, milli dövlətçilik siyasəti nəticəsində qısa dövr ərzində dövlətimizin hüquqi-sosial bazası yaranmış, müstəqilliyi möhkəmlənmiş, ölkəmizin dünya birliyinə inteqrasiyası istiqamətində çox ciddi addımlar atılmışdır.

Ulu öndərin əsasını qoyduğu siyasiiqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların onun siyasi varisi, müasir təfəkkürlü siyasətçi və dövlət xadimi, ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada ən qabaqcıl ölkələr sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir. Ölkəmizin beynəlxalq aləmdə yerimövqeyi getdikcə daha da möhkəmlənir, nüfuzu artır. Ölkədə yoxsulluğun səviyyəsi minimuma endirilib. Son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində 900 min Azərbaycan vətəndaşı yeni yerləri ilə təmin olunub.

20 il ərzində digər sahələrdə olduğu kimi, təhsil sektorunda da çox böyük işlər görülüb. Bu dövrdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilib, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunub və yenidən qurulub. Ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılıb və pulsuz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilib. İnformasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqi böyük vüsət alıb.

Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlləri xalqımızın tarixinə azadlıq, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə dövrü kimi düşmüşdür. 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamentinin qəbul etdiyi Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycanın müstəqilliyi bərpa olundu, xalqımız özünün əsrlərlə arzuladığı azadlığına formal da olsa qovuşdu.

80-ci illərin ortalarından etibarən Azərbaycanda təhsil sahəsində də durğunluq meyilləri kök atmağa başlamışdı. 70-ci illərdə əsası qoyulmuş sürətli tərəqqi zəifləyərək öz yerini tənəzzülə vermişdi. Mütərəqqi ənənələr unudulmağa başlanmışdı. Ən pisi isə, təhsilə qayğı yaddan çıxmışdı. Təhsilin cəmiyyətdə aparıcı rolu lazımınca qiymətləndirilmirdi.

Müstəqillik haqqında tarixi qərarın qəbul olunmasından sonra milli təhsil sisteminin yaradılması üçün də müəyyən təşəbbüslər göstərildi. Hətta 1992-ci ilin sonlarında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunla bağlı müvafiq əsasnamələrin, normativ aktların hazırlanmasına başlandı. Təhsilin məzmununun yeniləşdirilməsi, proqram və dərsliklərin yenidən yazılması sahəsində də təşəbbüslər edildi.

Bütün bunlara baxmayaraq, 80-ci illərin sonunda digər sahələrdə olduğu kimi, təhsildə də özünü göstərən geriləmə və tənəzzül müstəqilliyimizin ilk mərhələsində - 1991-1993-cü illərdə xüsusilə geniş miqyas aldı. Müstəqilliyin və demokratik təmayülün qərar tapması ilə keçmiş ideoloji, siyasi və mənəvi dəyərlər yararsız hala düşdü, yeni qaydaların, yaşayış normalarının, dəyərlərin yaradılması zərurəti lazımi şəkildə dərk olunmadı və bu istiqamətdə gözlənilən addımlar atılmadı. Ölkənin səriştəsiz rəhbərliyi mövqecə tarixi məqamın unikallığını dərk etmək bacarığından uzaq olduğundan, cəmiyyətdə baş verən mürəkkəb ictimai-siyasi hadisə və mənəvi prosesləri cilovlaya bilmədi, hərc-mərclik, başıpozuqluq bütün sahələri bürüdü.

Cəmiyyətdə vaxtilə böyük hörmət və nüfuza malik olan məktəbə, müəllimə, ziyalıya ehtiram, oxumağa maraq azaldı. Dəyərli mütəxəssislərin ölkədən axını başladı.

Təbii ki, bütün bunları yaradan, təhsildəki dağıdıcılıq prosesinə rəvac verən səbəblərdən biri də ölkədə müharibənin getməsi idi. Mənfur qonşularımız ermənilər ölkəmizə qarşı irəli sürdükləri əsassız ərazi iddialarını, Dağlıq Qarabağı Ermənistana birləşdirmək niyyətlərini gerçəkləşdirmək üçün hərəkətə keçmişdilər. 1993-cü ilin sonunadək Azərbaycan ərazisinin 20 faizi ermənilər tərəfindən işğal olunmuş, 1 milyondan çox əhali məcburi köçkün və qaçqın vəziyyətinə düşmüşdü. Dağlıq Qarabağın, onun ətrafındakı rayonların düşmən tərəfindən işğalı nəticəsində təhsilimizə böyük maddi zərbə dəymiş, 220 körpələr evi-uşaq bağçası, 616 ümumtəhsil məktəbi, 35 məktəbdənkənar tərbiyə müəssisəsi, 11 peşə məktəbi, 4 orta ixtisas təhsili müəssisəsi, 1 ali məktəb filialı dağıdılmışdı.

Yalnız xalqımızın böyük oğlu, dahi siyasətçi və mahir dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqilliyin ilk illərində təhsil sahəsində baş alıb gedən tənəzzülün, dağıdıcılıq proseslərinin qarşısı alındı. Ulu öndərin titanik səyləri, müdrik siyasəti nəticəsində ölkəmiz parçalanmaq, yox olmaq təhlükəsindən qurtardı.

Böyük öndərin hakimiyyətə qayıdışının ilk illəri olan 1993-1995-ci illər tariximizə ölkədə bütün sahələrdə islahatlara başlamaq üçün sabitliyin yaranması dövrü kimi daxil olmuşdur.

1995-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, ölkəmizdə icbari ümumi orta təhsilə keçildi. Böyük iqtisadi çətinliklərə baxmayaraq, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bəzi addımlar atıldı. Təcrübəli müəllimlərin təhsil ocaqlarını tərk etməsi kimi mənfi bir meylin qarşısı alındı. Əgər 1991-ci ildə ölkənin təhsil müəssisələrində 133 min müəllim çalışırdısa, 1998-ci ildə onların sayı artaraq 168 min nəfərə çatmışdı.

1993-1994-cü tədris ilindən ali təhsildə ikipilləli sistemə - 4 illik bakalavriatura və 2 illik magistraturaya keçildi. 1997-ci ildə bakalavriaturanın ilk buraxılışı oldu, eyni zamanda həmin il ilk dəfə olaraq magistr hazırlığına başlandı.

Müstəqilliyimizin ilk illərində təhsil sistemində özünü göstərən yeniliklərdən biri də qeyri-dövlət təhsil müəssisələrinin, xüsusən də özəl ali məktəblərin yaranmasıdır. 90-cı illərin əvvəllərində fəaliyyətə başlayan bu müəssisələrin işində sonralar çoxlu nöqsanlara yol verilirdi. Lakin ulu öndər Heydər Əliyev tərəfindən özəl ali məktəblərin fəaliyyətinin tənzimlənməsi Təhsil Nazirliyinə həvalə olunduqdan sonra bu sahədə müəyyən stabillik yarandı. 1998-ci ildə ölkədə artıq dövlət qeydiyyatından keçmiş 17 özəl ali məktəb fəaliyyət göstərirdi.

Bu illərin ən mühüm hadisələrindən biri də dövlət aliorta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla tələbə qəbulunun tətbiqi idi. Ali təhsil pilləsində ödənişli təhsil barədə ulu öndər tərəfindən 1995-ci ildə imzalanmış tarixi sərəncam bu pillənin sonrakı illərdə intensiv inkişafı üçün real zəmin yaratdı.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davaminkişaf etdirilməyə başlandı. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı.

Həmin illərdə təhsilin bütün pillələrinin normativ-hüquqi bazasının yaradılması, məzmununun yeniləşdirilməsi istiqamətində sistemli işlər görüldü, bir sıra addımlar atıldı. Lakin ölkəmizin təhsil quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin böyük əksəriyyəti təhsilin yalnız ayrı-ayrı sahələrinin təkmilləşdirilməsinə yönəldilirdi. Müstəqil dövlətimizin müasir tələblərə cavab verən təhsil sisteminin yaranması üçünsə planlı, sistemli, əhatəli islahatlara ehtiyac var idi. Bu ehtiyacı böyük uzaqgörənliklə duyan Heydər Əliyev 1998-ci ildə ölkəmizdə təhsil sistemində islahatlar aparılmasına dair xüsusi sərəncam imzaladı. Həmin sərəncamla Təhsil Sahəsində İslahat Proqramının hazırlanması üçün xüsusi dövlət komissiyası yaradıldı. Dövlət komissiyası tərəfindən çox qısa müddət ərzində Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı hazırlandı və müzakirədən sonra, 1999-cu il iyunun 15-də ölkə başçısı tərəfindən imzalandı.

10 il ərzində təhsildə strateji fəaliyyətin əsas istiqamətlərini özündə əks etdirən proqramda müəllim hazırlığının müasir tələblər səviyyəsində yenidən qurulması, ümumi təhsildə məzmunun yeniləşdirilməsi, yeni qiymətləndirmə mexanizmlərinə keçid, əks-mərkəzləşmə prinsiplərinə uyğun demokratik əsaslarla ictimai-dövlət idarəetmə modellərinin tətbiqi, dərslik siyasətinin təkmilləşdirilməsi, təhsil sistemində elmin, eləcə də elmi tədqiqatların inkişaf etdirilməsi, tədris prosesində informasiyakommunikasiya texnologiyalarından geniş formada istifadə, təminat problemlərinin uğurlu həlli, təhsilin maliyyələşdirilməsində yeni iqtisadi mexanizmlərin hazırlanması, tədris müəssisələrinin müasir kompüter texnologiyaları ilə təchizatı və proqram təminatı, təhsilalmada hamı üçün bərabər şəraitin yaradılması kimi məsələlər əhatə edilirdi.

İslahat proqramına əsasən, ölkənin ümumi təhsil pilləsinin məzmununun yeniləşdirilməsi qarşıda ən mühüm vəzifə kimi dururdu. Məhz bu zərurət nəzərə alınaraq Azərbaycanın təhsil tarixində ilk dəfə 1999-cu ildə ümumi orta təhsilin dövlət standartları və saziş tədris planı hazırlanıb hökumət tərəfindən təsdiq edildi.

Böyük öndərin Azərbaycan müəllimlərinin XI qurultayında məktəb tikintisi, təmiri və təchizatına yardım göstərilməsi ilə bağlı çağırışı cəmiyyətdə böyük əks-səda verdi, bununla əlaqədar məktəb tikintisi və təmiri sahəsində böyük başlandı. 1998-2002-ci illərdə müxtəlif xarici təşkilatlar tərəfindən respublikamızın 10 rayonunda 8936 yerlik 28 məktəb binası tikilmiş, 15 rayonda 29045 yerlik 70 məktəb binası əsaslı təmir olunmuşdur. Ümumiyyətlə, həmin illər ərzində respublikamızda 116 yeni məktəb inşa edilmişdir.

Müstəqilliyimizin ilk illərində ölkənin maliyyə çətinliyi qarşısında qaldığı, ən mühüm həyati əhəmiyyət kəsb edən sahələrin belə maliyyələşdirməyə dövlətin vəsait ayırmağa çətinlik çəkdiyi bir vaxtda ulu öndər Heydər Əliyev təhsilə xüsusi qayğı göstərir, çətinliklərə baxmayaraq, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə artırılırdı. Əgər 1990-cı illərdə təhsil sektoruna ümumi büdcədən o vaxtkı qiymətlərlə 113,2 milyard manat vəsait ayrılmışdısa, bu rəqəm 1995-ci ildə 376,8 milyard manata, 2000-ci ildə 906 milyard manata, 2003-cü ildə isə 1990-cı ilə nisbətən 10 dəfədən də çox artırılaraq 1216 milyard manata çatmışdı.

Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi də Heydər Əliyevin daim diqqət mərkəzində duran məsələlərdən idi. Onun respublikada ikinci dəfə hakimiyyətdə olduğu illər (1993-2003-cü illər) ərzində təhsil işçilərinin əməkhaqqı 9 dəfə artırılmış, bunun üçün xüsusi Prezident fərmanları imzalanmışdır.

Dövlət hesabına xaricdə təhsil alan gənclərin də sosial durumu daim Heydər Əliyevin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. Hər il ən yüksək bal toplayaraq ölkənin ali məktəblərinə daxil olan gənclər üçün xüsusi Prezident təqaüdünün, eləcə də istedadlı gənclər üçün fəxri təqaüdlərin, Prezident fərmanı ilə "Qızıl kitab"ın təsis olunması bu qayğının bariz nümunəsi idi.

Ümummilli lider Heydər Əliyev ölkədə tədris müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi sahəsində də islahatların aparılmasına böyük önəm verirdi. Onun 2000-ci il 13 iyun tarixində imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin daha da təkmilləşdirilməsi haqqında" fərmanı bu sahədə aparılan islahatları yeni keyfiyyət mərhələsinə qaldırdı.

Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində bir çox ali məktəblərə universitet statusu verildi. Təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Müəllimlər İnstitutuonun 12 regionda filialı yaradıldı. Ali məktəblərimizin sayı yeni yaradılan təhsil ocaqları hesabına artdı.

Təhsilimizin yaxın dostu və himayəçisi Heydər Əliyevin adı ilə bağlı olan daha bir mühüm tədbirə - ümumtəhsil məktəblərinin şagirdlərinə dərsliklərin pulsuz verilməsinə başlandı. Həmin dövrdə təhsil sahəsində özünü göstərən ən ciddi yeniliklərdən biri də yeni əlifbaya keçilməsi, latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsidir. Böyük fəxrlə qeyd olunmalıdır ki, Heydər Əliyevin "Bizim bugünümüz, gələcəyimiz məhz latın qrafikası ilə bağlıdır" tarixi çağırışı və bununla əlaqədar verdiyi xüsusi fərman təhsil sistemində bu məsələlərin tam həlli ilə nəticələndi.

Müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi dünyanın ən inkişaf etmiş, sivil dövlətləri səviyyəsinə çatdırmağı həyatının əsas amalı, qayəsi sayan, özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu məqsədin əldə edilməsinə çalışan ümummilli liderimiz Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng quruculuq işləri ondan sonra böyük öndərin layiqli davamçısı, yeni təfəkkürlü siyasətçi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət uğurla həyata keçirilməyə başlandı. Bu mənada möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2011-ci illər çağdaş təhsilimizin tarixində vüsətli inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, ölkənin, o cümlədən də təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur.

Bu dövrün əsas xüsusiyyətlərindən biri təhsilə qayğının, onun inkişafına ayrılan xərclərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Belə ki, təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 6 dəfədən çox artaraq 2010-cu ildə 1,2 milyard manata çatmışdı.

Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunubuğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunub.

Ayrı-ayrı təhsil pillələri və səviyyələrində də ciddi inkişaf meyilləri özünü büruzə verməkdədir. Məktəbəqədər təhsilin uşaqların intellektual, fizikipsixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olması tədricən cəmiyyət tərəfindən qəbul edilməyə başlanıb. Respublikamızda 20 il ərzində heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, 2008-2010-cu illərdə ilk dəfə olaraq ölkə üzrə 40 yeni uşaq bağçası tikilib istifadəyə verilib, 44 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi yüksəlib. 2009-cu ildə bu göstərici 15,8 faiz idisə, hazırda 17,6 faiz təşkil edir. Bakı şəhərində bu inkişaf daha çox müşahidə olunmaqdadır. Belə ki, paytaxtda bağçalara cəlb olunmuş uşaqların sayı 8,6 min nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb.

Müstəqillik tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 151 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılıb.

Son illər Azərbaycanda 2161 yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir avadanlıqlarla, o cümlədən kimyafizika laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə kompüter siniflərinin yaradılması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusilə qeyd etməliyik. Fondun təşəbbüsü ilə 2005-2010-cu illərdə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat-məktəb binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. 2010-2011-ci tədris ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb istifadəyə verilmişdir. 2011-2012-ci tədris ili ərəfəsində isə Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmiş, yeni korpuslar tikilmişdir. Bölgələrdə 60-a yaxın məktəb təmir edilmişdir.

Müstəqillik illərində aparılan genişmiqyaslı işlər, təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatları üçün də əlverişli zəmin yaradıb. 2006-cı ildə Nazirlər Kabineti tərəfindən "Ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" təsdiq edilib. 2008-2009-cu tədris ilindən ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanılıb, bu proses 2011-2012-ci dərs ilindən I, II, III və IV sinifləri əhatə edib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar 40 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilib və nümunəvi tədris materialları ilə təmin edilib. V-XI siniflər üçüneyni məzmunlu sənədlərin hazırlanması istiqamətində son illər gərgin aparılmış, nəticədə həmin siniflər üzrə fənn proqramları (kurikulumlar) hazırlanıb müzakirədən keçirilərək 2011-ci ilin iyununda təsdiq olunmuşdur.

Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zəruri etmişdir. 2003-2011-ci illərdə milli mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 40 milyon nüsxədən çox dərslik çap edilib. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I -IV siniflər üçün dərslik komplektləri (şagird üçün dərslik, dəftəri, müəllim üçün vəsait) hazırlanıb, Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib və müsbət rəy alındıqdan sonra çap edilib. 2011-2012-ci tədris ili üçün 102 adda 3463170 nüsxə dərslik, metodik vəsait çap olunmuşdur.

Azərbaycan təhsilində ilk dəfə olaraq milli (ölkə səviyyəsində təhsilalanların nailiyyətlərinin səviyyəsinin qiymətləndirilməsi) və beynəlxalq qiymətləndirmə (ölkədə təhsil səviyyəsinin digər ölkələrlə müqayisəli təhlilini aparmağa yönəlmiş qiymətləndirmə) tədbirləri həyata keçirilibbu proses davam etdirilməkdədir.

Müstəqil ölkəmizin 20 illik təhsil tarixində ilk dəfə olaraq 2011-ci ildə təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medallarla təltif olunub. 53 şagird qızıl və gümüş medallara layiq görülüb.

Son illər dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 38 gümüş, 60-dan çox bürünc medala layiq görülüb. Əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub saxlayır.

Məktəbdənkənar təhsil müəssisələrinin yetirmələri də müxtəlif səviyyəli yarışlarda əhəmiyyətli nailiyyətlər əldə ediblər. Məktəblilərimiz son illər respublika və beynəlxalq yarışlarda 1886 medal, o cümlədən Avropa, dünya birinciliyi və çempionatlarında 178 medal qazanmışlar.

Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilib, hər 20 şagirdə bir kompüter nisbəti təmin olunub. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. Həmin ildən bəri ümumtəhsil məktəblərinin İKT ilə təminatı, təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramları çərçivəsində bütövlükdə təhsil müəssisələrinə 33708 ədəd kompüter, 2809 ədəd proyektornoutbuk dəsti verilib. "Xalq kompüteri" layihəsi çərçivəsində 9000 müəllim kompüterlə təmin olunub. İnzibati, pedaqojitexniki heyət əhatə olunmaqla 54 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnib. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanaraq məktəblərə verilib, 20 ümumi təhsil müəssisəsində "elektron məktəb" layihəsi həyata keçirilməyə başlanılıb. 1000 məktəb genişzolaqlı sürətli İnternetlə təmin olunub. İnternetə qoşulmuş məktəblərin nisbəti 2004-cü ildəki 1,5 faizdən 2010-cu ildə 22 faizə yüksəlib. Yaradılmış DATA mərkəz, elektron tədris resursları bazası, vahid təhsil portalı səmərəli idarəetməni təmin edir.

"2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı" başa çatdırılıb, ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilib, ucqar kənd məktəblərində kadra olan kəskin ehtiyac ödənilib. Respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanılıb.

Təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə yanaşı, müstəqillik illərində dövlət səviyyəsində təhsil işçilərinin fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması sahəsində əhəmiyyətli addımlar atılıb. Təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli Sərəncam imzalanıb, 2008-ci, 2009-cu, 2010-cu və 2011-ci illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilib.

Azərbaycanda təhsilə, təhsil işçilərinə diqqət və qayğının parlaq təzahürüdür ki, 2003-2010-cu illərdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə 1000-dən çox təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülüb.

2005-ci ildə Azərbaycan Boloniya prosesinə qoşulub, Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılıb. YUNESKO və digər beynəlxalq qurumların sənədlərinə, habelə beynəlxalq təsnifat strukturuna uyğun olaraq ali təhsilin bakalavr səviyyəsi ixtisaslarının (proqramlarının) yeni siyahısı hazırlanıb və təsdiq edilib. 23 ali təhsil müəssisəsi akkreditasiyadan keçib, Təhsil Nazirliyi sistemindəki bütün ali təhsil müəssisələrində kredit sistemi tətbiq edilib.

Ölkənin 7 aparıcı ali təhsil müəssisəsinə (Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti) muxtariyyət hüququ verilib. Ali təhsil müəssisələrinin infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli işlər görülüb, bütün universitetlərin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilib.

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın icrası istiqamətində ölkə Prezidenti tərəfindən 10 fevral 2010-cu il tarixli "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərman imzalanıb. Həmin fərmana əsasən, 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində büdcə vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi tətbiq edilir.

Neft gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsi baxımından "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlər xüsusilə diqqəti cəlb edir. 2007-2011-ci illərdə 800-ə yaxın istedadlı azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Dünyanın aparıcı universitetlərində müxtəlif mənbələr hesabına 10000-dən çox azərbaycanlı gənc təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı isə 7000-i ötüb.

Ən mühüm hadisələrdən biri 2009-cu ildə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Qanun, ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət edəcək, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirəcək.

Qanunun icrası istiqamətində Təhsil Nazirliyində hazırlanmış 40 adda normativ sənəd Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasının və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq möhtərəm Prezidentimiz İlham Əliyev 2011-ci il iyulun 11-də "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" sərəncam imzalayıb. Həmin sərəncama əsasən Milli Strategiya layihəsini hazırlamaq üçün Dövlət Komissiyası yaradılıb. İnanırıq ki, hazırlanacaq yeni sənəd inkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi, başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin həllini tapmasını, o cümlədən Azərbaycan təhsilinin dünya standartlarına cavab verməsini təmin edəcəkdir.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.4-5.