Əzablı
yollardan keçən həyat hekayəti
"...
1911-ci ildə oktyabrın 15-də Cənubi Azərbaycanın
Sərab mahalının Evə kəndində yoxsul bir ailədə
dünyaya gəldim. Atam Əjdər, anam Zəhra gün
çıxmamışdan tarlaya gedər, əkin-biçinlə
məşğul olub qaranlıq düşəndə evə
dönərdilər. Atam bəzən məni də,
böyük qardaşımı da zəmiyə aparardı.
Ağır işləri özü görərdi. Biz də
gücümüz çatandan ona kömək edərdik.
1911-ci ildə Səttarxan inqilabı yatırıldıqdan
sonra gün-güzaranı onsuz da ağır olan xalqın vəziyyəti
daha da pisləşdi. Aclıq ailələri girdabına
aldı. Ailəmizdən əvvəlcə babam, kiçik
bacım, sonra anam Zəhra aclığa tab gətirməyib
dünyalarını dəyişdilər. Kənddə ən
dəhşətli hadisə baş verdi. Bayramlarda bizə rəngli
yumurta, dadlı qoğallar verən bir qadın aclığa
dözməyib ikiaylıq körpəsini yemişdi. Dəli
olan bu qadını kənd sakinləri daşqalaq edərək
öldürdülər.
Dərd-ələm
içində yaşayan atam Quzey Azərbaycanına üz
tutdu. Atam, qardaşım və mən pay-piyada Bakıya gəlib
çatdıq. Burada da həyat üzümüzə gülmədi.
İş axtaran atam yorğan-döşəyə
düşüb vəfat etdi.
Bu
dəhşətli xəbəri eşidəndə 9
yaşım vardı. Dizimin taqəti kəsilib, yerə
yıxıldım. Göz yaşlarım torpağa
süzüldü. Atamı son mənzilə yola sala bilmədim.
Sonradan məzarını axtarsam da, bütün səylərim,
sorağım bir nəticə vermədi. Aradan bir müddət
keçəndən sonra qardaşımı itirdim. Zabratda bir
ailənin qoyun-quzusunu otardım...
Mən
burada dayımı axtarıb tapmışdım. Onun da güzəranı
ağır idi. Odur ki, çətinliklə də olsa,
özüm-özümü dolandırdım. Sonradan
Mantaşevin mədənində işə düzəldim. Nəhayət,
Azərbaycanda sovet hakimiyyəti quruldu. Mən təhsil
aldım. Yaşadığım həyat tərzi məni bir tərəfdən
əzsə də, digər tərəfdən ədəbiyyata
meylimi artırmışdı. Gecə-gündüz vaxt
tapdıqca mütaliə edirdim. Ədəbiyyata vurğunluq məni
Zabratdakı yazıçı Seyid Hüseynin rəhbərlik
etdiyi dərnəyə gətirdi. Ədəbiyyata əvvəlcə
şeirlə gəldim. Sonra ilk hekayəm "Zəhra" qəzetdə
çap olundu...
Ağlım
kəsəndən daim dərin bir uçurumun kənarı ilə
yeriyib, addımlamışam. Təsadüf nəticəsində
dibi görünməyən uçuruma yuvarlanmayaraq sağ
qalmışam..."
Mirzə
müəllimin özünün görüşlərdən
birində danışdığı Əkrəm Qaflanoğlu
tərəfindən qələmə alınmış bu
acı həyat hekayətini professor Teymur Əhmədovun tərtibçiliyi
ilə hazırlanmış "Mirzə İbrahimov
müasirlərinin xatirələrində" adlı
kitabından oxuyub məyus bir halda dərin xəyala
dalmışdım... Bu ara əl telefonum zəng
çaldı. Yazıçının qızı - bəstəkar,
professor, xalq artisti Sevda İbrahimova idi... Mirzə
İbrahimovun 100 illiyi ilə bağlı qəzetimiz
üçün yazı hazırlamalı idim. Ondan da atası
barədə xatirələrini danışmasını
xahiş etmişdim. Vaxt itirmədən Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasına yollandım. Burada Sevda
xanımla dərs dediyi auditoriyada görüşdüm. O, əvvəlcə
müxtəlif illərdə, müxtəlif mətbuat
orqanlarında Mirzə müəllim haqqında çap olunmuş
yazıları, sonra isə özünün yazdığı
"Atama çatmayan məktub" adlı yazısını
və kiçik bir şəklini mənə verdi. Mən də
Təhsil Nazirliyi tərəfindən bu il nəşr
edilmiş, tərtibçilərdən biri olduğum "Azərbaycanın
təhsil nazirləri" kitabını ona təqdim etdim. Həmin
kitabda Mirzə müəllimin 1942-1946-cı illərdə Azərbaycan
SSR xalq maarifi komissarı işləməsi
barədə də yazı və şəkilləri verilib.
Sevda xanım nəfis şəkildə tərtib
edilmiş kitabın ərsəyə
gəlməsində əməyi olan bütün insanlara təşəkkür
etdi.
Atama
çatmayan məktub
Sevda
İBRAHİMOVA,
bəstəkar
Ana
və ata... Mənim üçün bu iki söz
ayrılmazdır. Çünki onlar bir-birinə
ağlasığmaz dərəcədə bağlı idilər,
onların məhəbbəti göylər qədər uca, təmiz
və əbədi idi. Mən dünyaya göz açandan bu məhəbbətin
ab-havası ilə boy atmış, bu məhəbbətin,
sözlü-musiqili məhəbbətin gözəlliyi indi də
mənim daxilimdə yaşayır. İnsana Allah tərəfindən
gözəl nemət bəxş edilən bu məhəbbət
insanın son dəqiqəsinə qədər onunla olur, həm
gözəl, işıqlı günlərində, həm də
qüssəli, kədərli anlarında...
Mənim
ilk xatirələrim söz və musiqi sədaları ilə
bağlıdır. Babam Qurban Primovun ilhamlı, bənzərsiz
çalğısı, onun özünəməxsus
zarafatları unudulmazdır.
Üzeyir
Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasını bitirmiş ilk azərbaycanlı
pianoçu qadınlardan biri, çox fədakar və
qayğıkeş ana, sədaqətli, vəfalı həyat
yoldaşı, ziyalı Azərbaycan xanımı, əsl Azərbaycan
qadınına aid olan bütün gözəl keyfiyyətlər
- əziz anam Sara xanım Primovaya məxsus idi. Azərbaycan
xalq mahnıları, Üzeyir Hacıbəyovun, Baxın,
Bethovenin, Şopenin musiqisinin sədaları bizim evdə həmişə
səslənirdi.Və əlbəttə, bizim evdə Azərbaycan
və dünya ədəbiyyatının, poeziyasının
inciləri ilə tanışlıq, gözəl incəsənət
əsərləri haqda, teatr tamaşaları və konsertlər
haqda şirin söhbətlər olardı...
Bu xatirələr
mənim üçün çox əziz, çox sevimli bir
insan -atam Mirzə İbrahimovla bağlıdır. Bəlkə
də "xatırlayıram" sözü burada lazım
deyil, çünki o, həmişə mənimlədir, onun
sönməz və işıqlı məhəbbəti mənim
ürəyimdədir, beynimdədir. O, gözəl insan,
gözəl həyat yoldaşı, gözəl ata, gözəl
baba idi. Öz xalqını, torpağını sevərdi- sevərdi
ülvi məhəbbətlə. Həyatı, insanları, təbiəti,
bəşəri sevərdi - sevərdi ülvi məhəbbətlə.
Ürəyi açıq idi- bütün səmimi, təmiz qəlbli
insanlara. Möhkəm iradə və incəlik, cəsarətli
və mərd, çox geniş bilikli və intellektual,
böyük mənəviyyat dünyası və həssaslıq
- ümumiyyətlə insana xas olan bütün yüksək
keyfiyyətləri özündə cəmləşdirirdi.
Onun
uşaqlarla danışmağı, onları əzizləməyi
bir nağıl idi!
O,
ömrünün lap axır günlərində Füzulinin qəzəllərini
əzbər elə ifadəli deyərdi ki! Ondakı ensiklopedik
bilik ağlasığmaz idi. Onunla söhbət edəndə,
onun həm ədəbi, həm tarixi və ümumiyyətlə
böyük dünyagörüşü adamı heyran edirdi.
Onun anamla
münasibəti olduqca böyük, dərin məhəbbətin
təzahürü idi. 37-ci illərdə anamın
barmağına nişan üzüyünü Nigar xanım Rəfibəyli
taxmışdı. Atam onu həmişə Nigar bacı deyə
çağırırdı. Çünki onun ilk
doğmaları Üzeyir Hacıbəyov, Səməd
Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Sabit Rəhman olmuşlar. Və məhz bu dahilər
atam və anamın xeyir işlərinin (buna indiki mənada toy
demək olmaz) təşəbbüskarları olmuş, 1938-ci
il dekabrın 4-də Qurban Primovun evində balaca bir məclis təşkil
edib, anam Sara xanım Primovanı Vidadi küçəsi ev
98-dən atam Mirzə İbrahimovun Xaqani küçəsi 19
saylı evindəki mənzilinə gəlin gətirirlər.
Bu mənzil atamın ilk mənzili oldu. O vaxta qədər onun
evi yox idi. Kirayə qalırdı. Atam Ali Sovetin sədri
olduğu zaman ona daha geniş mənzil təklif etmişdilər.
Anam isə "mən bu mənzilə gəlin gəlmişəm,
buradan da son mənzilə gedəcəyəm" dedi.
Elə
oldu ki, mənim də nişanımda anam xahiş etdi ki,
barmağıma nişan üzüyünü Nigar xanım
taxsın! Bilmirəm bu təsadüfdü, ya nədir? Ancaq, həyatda
mənim ailə xoşbəxtliyim o vaxtdan başladı...
Xalqımızın
90-cı illərdə başına gələn müsibətləri,
Qarabağ faciəsini çox böyük həyəcanla,
ağrı ilə duyur və böyük
narahatçılıq, iztirab keçirirdi. Vertolyot qəzası
onun səhhətinə yeni bir zərbə endirdi.
Ömrünün
son illərində onun ürəyinin bütün nazik telləri
tarım və gərgin halda idi. Xalqına, torpağına
olan məhəbbət hissi onda bütün hisslərdən
öndə idi.
O,
səhhətinin çox ağır vəziyyətində belə,
bu müsibətləri unutmur, əksinə, daha çox
nigarançılıq çəkirdi. Ancaq onun optimist təbiəti,
gələcəyə inamı itmirdi, Azərbaycan
xalqının işıqlı, gözəl gələcəyinə inanırdı.
Cənubi
Azərbaycana məhəbbəti böyük idi!
Deyirdi
ki, qızım, görəsən apara biləcəyəmmi
sizi Təbrizə?
Akademiyadakı
şöbəsinə böyük həvəslə gedirdi.
Çünki orada o, səmimi istiliyi, məhəbbəti hiss
edərdi.
Heç
unuda bilmirəm, onu torpağa tapşıranda, mən arxamda
bir qadının ağlayaraq: "atamız getdi" -
sözünü eşitdim. Mən ondan soruşdum ki, siz onu
tanıyırsız? O dedi ki: "mən uşaq evində
böyümüşəm. 50-ci illərdə, Mirzə müəllim
Ali Sovetin sədri olanda, hər ay bizə meyvədən
tutmuş bütün ərzaq mallarını göndərərdi.
Biz onu həmişə ata deyə
çağırardıq". Mənim xatirimdədir, anam deyərdi
ki, atam Ali Sovetdən
aldığı maaşı da uşaq evlərinə
göndərərdi.
Mənim
musiqiçi olmağımda mənim doğmalarımın,
yaxınlarımın, həmçinin böyük və
sevimli müəllimlərimin əməyi danılmaz və
unudulmazdır.
Lakin
sənət aləminə bağlılıq, vurğunluq, ilk
növbədə, mənim əziz atamla bağlıdır.
Yazdığım musiqiləri, ilk növbədə, ona
çalardım və o məni yeni əsərlər üzərində
işləməyə həvəsləndirirdi. Deyirdi:
"Qızım, otur işlə, əsl səadət-yaradıcılıqdadır.
Əsərin hansı səbəbdənsə indi ifa olunmasa
da, nə vaxtsa çalınacaq. Ancaq o şərtlə ki,
böyük həvəslə, böyük ürəklə,
məsuliyyət və ciddiliklə işləyəsən".
Çox
sevinirdi atam, mənim əsərlərim səslənəndə!
Mənə
yazdığı məktublardan:
"Əziz
qızım Sevda! İnsan üçün ən böyük
səadət sevdiyi işlə məşğul olmaqdır. Sən
isə Oqtayı sevirsən (onu sevməmək olmaz!)
yazmağı da sevirsən, çalışmağı da,
müəllimliyi də. Müəllimlik!
Yazıçılıqdan sonra mənim ən yüksək
tutduğum bir sənətdir. Çalış, qızım,
uşaqlarla o qədər həssas ol ki, onların ürəyindəki
qığılcımları alovlandıra biləsən. Ondan
sonra özləri irəliləyəcək. Gələcəkdə
onların parladığını, xoşbəxt olduğunu
gördükdə isə yüz qat artıq sevinəcəksən 10.02.66".
"Əziz
balam Sevda! Bu gün sənin anadan olduğun gündür.
İyirmi üç il bundan əvvəl səni, körpə
vaxtında necə istəyirdiksə, indi də elə və
daha artıq... Səni təbrik edirik sevimli qızımız.
Xoşbəxt ol! Balacanı öp.
Anan - Sara
Primova
Atan - Mirzə
İbrahimov 28.11.62".
Bu il oktyabrın 15-də mənim əziz
atamın 100 yaşı tamam olur. Vaxtından tez olsa da, mən bu günü yad edirəm və
yazımı atama çatmayan məktubla bitirirəm:
"Mənim
əzizim, çox mehriban, qayğıkeş və sevimli atam!
Bu gün,
oktyabrın 15-i sənin anadan olduğun gündür. Mən səni
körpə vaxtımda necə istəyirdimsə, indi də elə
və ondan da artıq... sonsuz bir məhəbbətlə səni
sevdiyimi demək istəyirəm. Mən o zamanlar, sən bizimlə
olanda, bu məhəbbəti sənə tam dolğunluqla bildirə bilmirdim,
hətta səni qucaqlayıb öpəndə də mən
utanırdım, sıxılırdım. İndi isə
zamanın sürətli axınında, mən sənin məhəbbətini,
sənin işıqlı surətini daha da dərindən duyur və hiss edirəm.
Hiss edirəm ki, sənin və gözəl anamın məhəbbət
işığı mənim daxilimdədir. Mənim şad və
fərəhli anlarımda, mənim kədərli və qəmli
anlarımda siz mənimləsiniz. Sizin mənə bəxş
etdiyiniz gözəl günləri, saatları indi, mən daha
tez-tez xatırlayıram və deyirəm:
"Allah,
şükür! Şükür ki, sən mənim həyatımı
bu insanlarla bağladın və mənə bu qədər
xoşbəxtlik bəxş etdin.
Səni, mənim
əziz atamı, hər an ürəyində yaşadan,
ülvi bir məhəbbətlə sevən qızın
Sevda"
İyun
2001-ci il.
Sentyabr 2011-ci
il.
Yaradıcılıq meridianları
ANAR,
xalq yazıçısı
...Neçə
illər bundan öncə mən Azərbaycan Teatr Cəmiyyətinin
salonunda xalq yazıçısı Mirzə İbrahimovla
yanaşı oturmuşdum. Tədris teatrının gənc
aktyorları hansısa tamaşadan səhnə göstərirdilər.
Onlar bu gənclər teatrına məxsus yaradıcılıq
manerasında - ehtirasla, bir az da coşqunluqla
oynayırdılar. Səhnə mizanı elə
düzülmüşdü ki, aktyorlar tamaşaçılara
qarışmış, onları səhnədə cərəyan
edənlərə qoşmuşdular.
Birdən biz
oturduğumuz yerin lap yaxınlığında bərkdən
atəş səsləri eşidildi. Hamımız diksindik.
Aktyorlardan kimsə yıxıldı, kimsə
qışqırdı. Tamaşaçılar özlərinə
gəlib təzəcə gülümsəməyə, sakitləşməyə
başlamışdılar ki, qəfildən yenə atəş
səsləri təkrar eşidildi. Yenə də hamı
diksindi. Bu bir neçə dəfə təkrar olundu. Mirzə
müəllim mənə sarı əyilərək astadan
soruşdu:
Bilmirsən,
hələ neçə dəfə atəş
açacaqlar?-gülümsədi və əlavə etdi: - Nəsə
son zamanlar məni atəşlər təqib edir.
1980-ci ildə
yazılmış bu məqalə o vaxt "Literaturnaya
qazeta"nın səhifələrində dərc
olunmuşdur. Azərbaycan dilində ilk dəfə çap
olunur.
Məsələ
ondadır ki, Mirzə İbrahimov bundan iki-üç həftə
öncə Kiprdə keçirilən beynəlxalq konqresdə
Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin
sədri kimi SSRİ nümayəndə heyətinə rəhbərlik
etmişdi. Həmin konqresdə faciəli hadisələr
baş vermiş, Yusif Əs-Sibai terroristlər tərəfindən
öldürülmüşdü.
Nədənsə,
Mirzə müəllimin həmin sözləri yadımdan
çıxmır. Mənə belə gəlir ki, Mirzə
İbrahimovun mürəkkəb və çoxtərəfli
şəxsiyyəti, onun ictimai fəaliyyətinin diapazonu və
sadəcə, insani keyfiyyətləri haqqında mülahizələrdə
bu sözlər yardımçımız ola bilər.
Bir insan və
yazıçı kimi Mirzə İbrahimovun mürəkkəb
tərcümeyi-halının əsas mahiyyətini onun ictimai fəaliyyətinin
diapazonu təşkil edir...
Karel göllərindən
Kuril adalarına qədər, Orta Asiya səhralarından Moldoviyanın
üzüm bağlarına qədər bütün SSRİ-ni
başdan-başa gəzmiş, Yer kürəsinin əsas qitələrində
olmuş, Azərbaycanın demək olar ki, hər bir qəsəbəsini,
kəndini görmüşdür...
O, demək
olar ki, bütün ədəbi janrlara müraciət edib.
Momumental romanlar, povest və hekayələr onun
yaradıcılığının əsasını təşkil
edir... Onun yol qeydlərinin coğrafiyası Avropa, Asiya, Afrika
ölkələrini əhatə edir, oxucular müəlliflə
birlikdə Stokholmdan Dakara, Parisdən və Əlcəzairdən
Kəlküttəyə, Ranquna və Banqkoka səyahət
edir...
Mən Mirzə
İbrahimov haqqında qeydlərimi teatr axşamı
haqqında xatirələrlə başladım. Bilmirəm,
öz fikrimi çatdıra bildimmi, bu kiçik epizodda
yazıçını dərk üçün xarakterik olan
cəhəti izah edə bildimmi? Bu cəhət, fikrimcə,
ondan ibarətdir ki, Mirzə İbrahimovun taleyində
böyük və əhəmiyyətli işlərlə adi və
gündəlik hadisələr sıx surətdə bir-birinə
qarışmışdı. O, böyük əhəmiyyətə
malik tarixi proseslərin və yalnız Azərbaycan
Yazıçılar İttifaqının ədəbi həyatı
üçün maraq kəsb edən hadisələrin
iştirakçısı olmuşdur. Gənclərin
tamaşasında eşitdiyi "atəş" səslərinin
M. İbrahimova Kiprdə baş verən, bütün
dünyanı sarsıtmış hadisəni xatırlaması
da, dediyim kimi, yazıçının ictimai diapazonundan, əgər
belə demək mümkünsə, onun coğrafi
miqyasından xəbər verir. Bu, eyni zamanda onun daxili, mənəvi
həyatının parametrləridir... Düşünürəm
ki. bu mürəkkəb, sınaqlarla dolu həyat yolu
yalnız Mirzə İbrahimovun yaradıcılıq fərdiyyətinin
deyil, həm də onun insani müdrikliyinin təşəkkülünə
səbəb olmuşdur.
Axı
müdriklik yalnız hər şeyi başa düşüb
heç nəyə təəccüblənməməkdə
deyil. Müdriklik həm də ondadır ki, çox şeyi
başa düşməklə bərabər, təəccüblənmək,
heyrətlənmək bacarığını da itirməyəsən.
Sanki həyatı hər gün yenidən kəşf edəsən.
Kiprdə əsl
tapançadan atəş açırdılar və sovet
nümayəndə heyətinin rəhbəri Mirzə
İbrahimov təmsil etdiyi böyük dövlətin
nüfuzuna görə özünü sakit və ləyaqətlə
apardı. Təhsil teatrının tamaşasında isə o,
oyuncaq tapançanın atəş səslərindən
uşaq kimi diksindi.
Yəqin ki,
elə müdriklik bundadır: əsl atəş zamanı təmkinini
pozmamaq, oyuncaq tapançaların atəş səslərindən
uşaq kimi diksinmək...
Mütəfəkkir yazıçı
Nəriman HƏSƏNZADƏ,
xalq şairi
Mirzə
İbrahimov kimi şəxsiyyətlər hər xalqın
tarixi yaddaşında, ədəbi taleyində nadir adamlar kimi
dərin izlər qoyub gedirlər və ictimai fikrin müəyyən
məqamlarında onların yeri daha aydın
görünür. Cəmiyyətin aparıcı qüvvələri
olduqları bir daha sübuta yetirilir.
O bir
yazıçı olaraq, həmişə biz gənclərə
nümunə idi, örnək idı.
"Yazıçının bir əsas vəzifəsi var, o
da yazmaqdı" deyirdi. O taylı-bu taylı Azərbaycanın
dəyanətli oğlu idi... Bütün
yaradıcılığında bölünmüş Azərbaycan
yox, bütöv Azərbaycan idealından bəhs edirdi. Millilik
və bəşərilik əsərlərinin leytmotiviydi.
Çünki humanist idi, insanpərəst və millətpərəst
idi...
Mirzə İbrahimov
SSRİ Ali Sovetinin deputatı
olduğu vaxt iclas salonunun yuksək kürsüsündən
Antik dövrün müdriklərindən misal çəkərək,
azərbaycanlıların qənimi və qisasçı, Sov.
İKP-nin Baş katibi Mixail Qorbaçovun üzünə
demişdir ki, Allah adamı bədbəxt etmək istəyəndə,
onun ağlını əlindən alır. Uzaqgörənliklə
deyilmişdi.
Mən bu
sözləri ona görə yazıram ki, bu unudulmaz insanla on
ilə yaxın bir müddətdə eyni təşkilatda
işləmişəm. Buna görə qələm dostum,
filologiya elmləri doktoru, professor Teymur Əhmədova minnətdaram.
O, Mirzə müəllimlə Elmlər Akademiyasında bir
şöbədə işləyirdi. Həm də "Azərbaycan"
jurnalında şöbə müdiriydi. Mənim ittifaqa getməyimə
o səbəb oldu. Mirzə müəllimdən xahiş
etmişdi, o da sözünü yerə salmamışdı. Gənc
şair kimi yaradıcılığıma da hörməti var idi. Məni "Azərbaycan"
jurnalı redaksiyasına, poeziya şöbəsinə işə
götürmüşdü.
...Bir dəfə
SSRİ Yazıçılar İttifaqının sədri
Nikolay Tixonov Moskvadan bizim ittifaqa, Mirzə müəllimə zəng
vurmuşdu. Deyirdi ki, Mirzə Əjdəroviç (telefondan səsini
eşidirdim), sizi təbrik edirəm. Yuxarılarda yüksək
səviyyədə növbəti müzakirədən sonra Nəsimi
türkmənlərin yox, Azərbaycanın böyük
şairi kimi qəbul edildi. Siz də bunu sübut edirdiniz. Bir
daha təbrik etdi. Mirzə müəllim o qədər
sevinmişdi ki, məni də təbrik etdi. Və dedi ki,
qabağa düşüb bizim klassikləri Moskvada öz adlarına çıxırlar.
Şah
İsmayıl Xətai məsələsində də belə
olmuşdu. Türkmənlər öz şairləri kimi kitab
da buraxmışdılar.Mirzə müəllim deyirdi, biz
qardaş xalqıq, amma gərək, problemlərə elmi və
tarixi yanaşılsın.
Mirzə
müəllimin ədəbi görüşlərində dəfələrlə
iştirak və çıxış etmişəm. O
böyük insana və yazıçıya Cənubi Azərbaycanın
rəmzi kimi baxırdım...
Yazıçının
istəklı qızı, sevimli bəstəkarımız bu
günlərdə mənə dedi ki, atam bir gün sizin "Sən
məni yad et" şeirinizi gətirdi ki, Sevda, şeir
xoşuma gəlir, bəlkə musiqi bəstələyəsən.
Bu mahnı ustadımızın xahişilə yarandı və
bu gün də bəstəkarın nəğməsi efirdə,
ekranda oxunur...
...Mirzə
müəllimi ilk dəfə hələ Gəncə Dövlət
Pedaqoji İnstitutunun ikinci kursunda, 1951-ci ildə filologiya
fakültəsində oxuduğum illərdə
görmüşdüm. Bizim institutda təntənəli
görüşü keçirildi. O vaxt ürəyimdən
keçirirdim ki, görəsən bu böyük sənətkarı
yaxından görəcəyəmmi, yaxından salam verəcəyəmmi?
Sonra tale elə gətirdi ki, bir yerdə işləyəsi
olduq. Mənim əsərlərim barədə dəyərli
sözlərini yadigar qoyub getdi. İndi mən onun haqqında
xatirə yazıram.
Düz deyirlər
ki, dünya dərkedilməzdi. Yəni dərk elədikcə,
dərkedilməzliyə gedib çıxır. Mirzə müəllim
də dünya kimi bəzən dərkolunmaz idi. Amma bir
şeyi dərk edirdim ki, belə sənətkarlar
sağlığında da, sonra da əlçatmaz olurlar...
Əbədiyaşar sənətkar
Teymur ƏHMƏDOV,
filologiya elmləri doktoru, professor
Mən xalq
yazıçısı, akademik Mirzə İbrahimovun ilk
aspirantı olmuşam. 1961-ci ildə Azərbaycan Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat İstitutunun
aspiranturasına yenicə imtahan verəndən bir neçə
gün sonra institutun direktoru Kamal Talıbzadə məni
yanına çağırmışdı. Biz elmi tədqiqatın
istiqamətini dəqiqləşdirməli idik. Bu zaman otağa
orta boylu, gülərüz bir nəfər daxil oldu. Bu,
institutun ədəbi əlaqələr şöbəsinin
müdiri, mərhum Şıxəli Qurbanov idi. O, məni təbrik
edib hansı şöbədə aspirant olacağımla
maraqlandı. Mən Azərbaycan- erməni ədəbi əlaqələri
ilə məşğul olmalı idim. O, qayğıkeşliklə
dedi: Mən özüm də ədəbi əlaqələrlə
məşğul olmuşam, amma bu, elm deyil. Görürəm
yaxşı oğlansan, gəl milli ədəbiyyatımızla
məşğul ol. Maraqlı, öyrəniləsi mövzular
çoxdur.
Onların məsləhəti
ilə XX əsr Azərbaycan ədəbiyyatı istiqamətində
işləməyə razılıq verdim. Mən bu gün də
hər iki alimin qayğı və diqqətini minnətdarlıq
hissi ilə xatırlayıram.
İki
gündən sonra Kamal Talıbzadə ilə görüşəndə
mənə dedi:--Teymur, əzizim, bilirsən nə var? Sənin
elmi rəhbərin Mirzə İbrahimov olacaqdır.
Bu gözlənilməz
xəbərdən təsirləndim, qeyri-ixtiyari öz
narazılığımı bildirdimE Lakin Kamal Talıbzadə
məni dilə tutdu, onun ev telefon nömrəsini verib təkidlə
tapşırdı ki Mirzə müəllimə zəng vurum.
Ertəsi gün zəng vurdum, dəstəyi özü
götürdü, tanışlıq verdim, mülayim səslə
dedi: "Teymur bala, sabah saat 3-də gələ bilərsənmi,
evdə gözləyəcəm, gəl".
Ertəsi
gün saat 3 tamamda qapının zənginin düyməsinə
toxundum, içəridən səs dəldi: xoş simalı,
bəstəboy qadın qapını açıb,
"keçin içəri"-dedi... Mirzə müəllim
otağın sol qapısından içəri daxil olub pəncərə
tərəfdən stolu çəkib əyləşdi, mənə
dedi: "Əyləşin". Bu ilk dörüşdə
Mirzə müəllim ali məktəbi bitirməyim,
ixtisasım, işim-peşəmlə maraqlandı. 10-15 dəqiqəlik
ilk görüşümüz başa çatdı. Bir ay ərzində
hər həftə eyni vaxtda, eyni qayda ilə 10-15 dəqiqəlik
söhbət zamanı Mirzə müəllim mənə bir
neçə mövzu təklif etdi. Mən həmin
mövzuların kimsə tərəfindən işlənməsini
bildirdim. Birdən-birə o, N. Nərimanovun dramaturgiyası
mövzusunda tədqiqat aparılmasının vacibliyindən
danışdı, məsləhət gördü ki, bu
mövzunu işləyim. Mənə tapşırdı ki,
işin planını hazırlayım...
Mirzə
müəllim mənə N.Nərimanovun dram əsərləri
barədə ümumi bir məqalə yazmağı
tapşırdı. Universitetin filologiya fakültəsini bitirsəm
də, N.Nərimanovun yaradıcılığından xəbərsiz
idim. Çünki ali məktəbdə onun adını
çəkməkdən qorxurdular. O, millətçi təmayülçü
kimi qadağan olunmuşdu.
1953-cü ildən sonra vəziyyət dəyişmişdi.
1956-cı ildə yazıçı Qılman Musayev N.Nərimanovun
seçilmiş əsərlərini nəşr etdirmişdi.
Bu kitabla ilk tanışlıqdan sonra yazdığım məqaləni
Mirzə müəllimə təqdim etdim. Bir həftədən
sonra görüşəndə Mirzə müəllim məni
çox acıqlı qarşıladı: "Ay bala bu nədir?
Dilinizə fikir verin" deyə, məqaləni mənə
qaytardı. Mən günahkar adam kimi nə deyəcəyimi
bilmədim, amma xəcalətdən tərləmişdim. Pillələri
enməmiş qapı ağzında Mirzə müəllimin
göy karandaşla iki-üç
vərəqdə bəzi cümlələrin altından
xətt çəkdiyini, bir-iki sözü düzəltdiyini
gördüm. Məqaləni axıradək oxumağa səbri
çatmamışdı. Mənə ciddi qulaqburması olan məqaləni
indi də saxlayıram...
Aspiranturanın
ikinci ili, yay vaxtı Mirzə müəllim soruşdu ki,
havalar istiləşir, istirahətə hara gedəcəksən?
Mən dedim
ki, heç yerə getmək barədə
düşünmürəm.
-Bəlkə
Yazıçılar İttifaqından putyovka götürəsən.
-Mən
Yazıçılar İttifaqının üzvü deyiləm-dedim.
- Sabah gedərsən
Yazıçılar İttifaqına-dedi. Tapşıraram sənə
putyovka verərlər.
Ertəsi
gün qardaşım pul verib təkid etdi ki, get putyovkanı
al. Mənə Krımın Koktebel (Göy təpə)
Yazıçılar evinə putyovka verdilər. Orada rusca
yazılmışdı: "Mirzə İbrahimovun ailə
üzvlərindən".
Mən elmi
işimi başa çatdırdıqdan sonra makinada
yazdırıb Mirzə müəllimə təqdim etdim,
özüm də səbrim çatmadı ki, cavab gözləyəm,
N. Nərimanovun Qori seminariyası dövrünü
işıqlandıran materiallar sorağı ilə Tiflisə
10 günlük ezamiyyətə getdim. Ezamiyyətdən
Bakıya qayıdan günün ertəsi institutda professor Kamal
Məmmədovun şöbəsində idim. Kamal Talıbzadə
şöbəyə gəlib məni görər -görməz
"sən gəlmisən, bəs iki gündür Mirzə
müəllim səni axtarır, dissertasiyanı oxuyub,
çox xoşuna gəlib, rəy də yazıb, get ona zəng
vur". Sonradan Kamal Talıbzadə dedi ki, Mirzə müəllim
dissertasiyanı oxuyub axşam mənə zəng vuranda,
soruşdu ki, Kamal, bu işi doğrudanmı özü
yazıb, material çox zəngin, dili aydın, səlisdi. Mən
dedim ki, Mirzə müəllim, Teymuru çoxdan
tanıyıram, hələ İrəvanda işləyəndə
onun Bakıda "Bilik" cəmiyyətində
çıxan bir kitabçasına rəy də vermişəm".
Mən Mirzə
müəllimə zəng vurdum. "Teymur, bala-dedi-gəl,
dissertasiyanı apar". O, qovluğu mənə verəndə
heç bir söz demədi, amma tapşırdı ki, rəyin
əlyazmasını makinada yazdırıb bir nüsxə də
ona qaytarım... Əgər Mirzə müəllim onu bəyənməsəydi,
çətin ki, əlimə qələm alıb onu bir də
işləyəydim. Xoşbəxtlikdən elə olmadı,
dissertasiya rəhbərimin xoşuna gəlmişdi.
Beləliklə
bir il keçdi, Mirzə müəllimin köməyi ilə
müdafiəyə buraxıldım. Müdafiə uğurla
keçdi... Mirzə müəllim müdafiədə
iştirak etməsə də. Bir gün əvvəl Moskvadan
öz xətti ilə foto-teleqraf göndərmişdi: "Əzizim
Teymur, təbrik edirəm. İnanıram ki, müdafiən
uğurla keçəcəkdir. Mirzə İbrahimov".
1968-ci ildə
müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat
İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı tarixi
şöbəsində baş elmi işçi vəzifəsini
tutdum. Bu şöbənin müdiri Mirzə İbrahimov idi...
Ürək yanğısı ilə
danışırdı
Maarif TEYMUR,
S.Mümtaz adına Azərbaycan Dövlət
Ədəbiyyat və İncəsənət Arxivinin direktoru
Mirzə
müəllimi görmək, onunla şəxsən
tanış olmaq üçün burnumun ucu göynəyirdi...
"Gələcək gün" qəbul imtahanında mənim
taleyimdə əbədi sənətimi müəyyənləşdirdi.
Arxiv sənədləri, özü də yazıçı və
şairlərin yazdıqlarını gələcək nəsillərə
çatdırmaq üçün mənəvi xəzinədə
- S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat
və İncəsənət Arxivində işləməyə
mənə daha da qol-qanad verdi. 1966-cı ilin sentyabr- oktyabr
aylarında arxivin ilk əməkdaşlarından olan
Bibixanım Hüseynova (Allah ona da, Mirzə müəllimə
də qəni-qəni rəhmət eləsin) birlikdə
qapı-qapı gəzib yazıçı və şairlərlə
görüşür, əlyazmalarını qəbul edib
şəxsi fondlar yaradırdıq. Noyabr ayında (1967-ci ildə)
ilk dəfə Mirzə müəllimlə görüşmək
mənə qismət oldu. Sonralar isə tez-tez Bibixanım xala
ilə, Mirzə müəllimlə görüşüb ondan
əlyazmaları və fotoşəkillərini istəyərdik.
Bir dəfə hətta belə bir dialoqumuz da oldu. Artıq
6-cı dəfə idi ki, Mirzə müəllimin
yaşadığı Xaqanı küçəsindəki mənzilinə
gedirdik. Hər dəfə də bizi əliboş yola salar,
yaxud da bir neçə şəkil, əlyazma verərdi. Hətta
bir dəfə Bibixanım xala: "Mirzə müəllim, siz
bizə əlyazmalarınızı verməsəniz və biz
bu cavan oğlanla əliboş qayıtsaq, bizim əməkhaqqımızı
verməyəcəklər"-dedi. Mirzə müəllim isə
cavabında: - Ay Bibixanım bacı, biz hələ ölməyə
hazırlaşmırıq axı, bütün əlyazmaları
sizə verim!.. Bir az keçsin, sənədlər
hamısı sizin arxivindir...
İllər
keçdi, Mirzə müəllimin yaxın dostu və məsləkdaşı,
Azərbaycanın əməkdar elm xadimi Əziz Şərifin
bu sahədəki fəaliyyətini ona danışdıq. Mirzə
müəllim Moskvada olanda Əziz müəllimlə
danışıb və Əziz müəllim məsləhət
görüb ki, o da sənədlərini dövlət
mühafizəsinə versin. Mirzə müəllim yenə də
narahat halda dedi: "Verəcəyəm, bütün əlyazmalarımı
verəcəyəm... Amma mənə vaxt verin".
1975-ci ilin
payızında Qulam Məmmədlinin təklifi ilə mən
Məmməd Tağı Sidqinin qızı Dostu xanım Səfərova
ilə görüşdüm. Dostu xanımdan qəbul etdiyimiz
sənədlər arasında 1919-cu ildə yazılmış
bir məktub diqqətimizi çəkdi. Bu məktub çətin
ərəb əlifbasında C. Cabbarlının Dostu xanım
Səfərovaya yazıldığı müəyyənləşdi...
1984-cü ildə Moskvadan Əziz müəllimin sənədlərini
gətirməyə getmişdim.Utana-utana bu məktub barədə
Əziz müəllimə danışdım. O, çox
sevindi. Və əlavə etdi: "Bəs, niyə çap etdirmirsən?" Mən
dedim: "Əziz müəllim, düz 9-cu ildir ki, bu məktubu
gəzdirirəm... Heç kəs çap etmir". O: - Mirzə
müəllimə deyərəm, Moskvadan qayıdan kimi Mirzə
müəllimlə görüş... Əlbəttə, Mirzə
müəllimlə görüşdüm. "Azərbaycan"
jurnalı redaksiyasında oldum. Tez bir zamanda Mirzə müəllimin
qayğısı nəticəsində C. Cabbarlının
Dostu xanın Səfərovaya yazdığı məktub tam
halda jurnalda çap olundu.
Biz bundan sonra
Mirzə müəllimlə daha da yaxınlaşdıq... Mirzə
müəllimlə 1990-cı ilin martında
görüşdük. Xeyli şikayətləndi... Hadisələr,
siyası görüşləri olan millət "fədailəri"nin
adını çəkdi... Və əlavə etdi. Gedək
bala evə, kitablarımın bir neçə nüsxəsini
avtoqrafla sizin arxivə verim"... Biz söhbət edə-edə
onun yaşadığı mənzilə gəldik. Evdə iki
saata qədər əyləşib əlyazmalara baxdıq. Mirzə
müəllim birdən:--"Sizdə işləyən o
yaşlı xanım, səhv etmirəmsə, Bibixanım
bacı deyə mən ona müraciət edərdim.İşləyirmi?"
Sonra da əlavə etdi... "Gərək elə o vaxt
bütün əlyazmalarımı sizə verəydim...
Keçmiş ola". Dərindən köks ötürən
Mrzə müəllim sanki keçmiş illərdə bizi
get-gələ saldığını bizə xatırladaraq
heyifsilənirdı... Gündəliyimdə bu barədə belə
qeydlərim var..." Bu gün sevinirəm. Mirzə müəllimlə
3 saata qədər söhbət etdim. Əlyazmalarını
hazırlayıb daima mühafizə üçün arxivimizə
təhvil verəcəyini bildirdi... Neçə illərdir bu
arzu ilə yaşamışam ki, Mirzə müəllimin də
şəxsi arxiv fondunu yaradaq... Deyəsən, bu arzum da
çin olacaq...".
...1989-cu ildə
bəzi "millət qəhrəmanları"nın ona
qarşı çılğın hücumlar etməsi
hamını qəzəbləndirirdi. Mən bu nadanlara cavab
olsun deyə, 22 avqust 1945-ci ildə Mirzə müəllimin
yazdığı "Azərbaycan" adlı
yazısını da ("Mirzə İbrahimov müasirlərinin
xatirələrində" adlı kitabda verilmiş) öz
xatirə yazıma əlavə
etmişəm... Oradan oxuyub bilsinlər ki, səriştəli,
ağıllı ağsaqqala boş-boş hədyanlar söyləmək
olmaz... Mirzə müəllim Kremlin salonunda
çıxış edəndə (avqust 1945) "Azərbaycan"
yanğısı ilə ürəkdən
danışırdı... Özü də bütöv Azərbaycan
məmləkəti barədə!..
Hazırladı: Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.- 7
oktyabr.- S.8-9.