Ümumtəhsil məktəbləri
üçün kimya fənni kurikulumu (VII-XI siniflər) haqqında
Təhsil
islahatının hazırkı mərhələsində
ümumtəhsil məktəblərində təbiət fənlərindən
olan kimyanın müasir tələblər səviyyəsində
tədrisi mühüm vəzifələrdən biri kimi
qarşıda durur. Bu baxımdan
ənənəvi fənn proqramlarından köklü
şəkildə fərqlənən, təlimin məqsədi,
məzmunu, vasitə və üsulları, bu sahədəki fəaliyyətin
səmərəliliyini yoxlamağın metod və vasitələrini
özündə əks etdirən sənəd olan kimya fənni
üzrə kurikulumun tətbiqi, şübhə yoxdur ki, təlimi
yeni keyfiyyət səviyyəsinə yüksəltməyə
zəmin yaradacaqdır.
Müasir insanın həyatını kimyasız təsəvvür
etmək qeyri-mümkündür. Kimya insan həyatının
demək olar ki, bütün sahələrinə nüfuz
etmişdir. Bu mühüm amil nəzərə alınaraq kurikulumda
göstərilir ki, kimyanın tədrisi zamanı şagirdlərə
bu elmə maraq, riyazi hesablamalar, yeni texniki vasitələrdən
istifadə etmək, təbiətdə baş verən hadisələri,
maddi aləmdə gedən dəyişiklikləri dərk etmək, həyatda, məişətdə
ekoloji problemlərin həllində iştirak etmək
bacarığı aşılanmalıdır.
Müasir mərhələdə
şagirdlərə həyati bacarıqlar aşılanması
zəruri tələb kimi qarşıya qoyulur. Fənyönümlü,
elmyönümlü təlimdən fərqli olaraq müasir təlim
prosesi şəxsiyyətyönümlü,
şagirdyönümlü olmalıdır. Bu baxımdan
kurikulumda şagirdlərə kimyanın tədrisi prosesində
tədqiqatçılıq, analiz və sintez, təsnifetmə,
sistemləşdirmə, qruplaşdırma, ümumiləşdirmə
və konkretləşdirmə, mühakiməyürütmə,
məntiqi düşünmə, müqayisə
bacarıqlarının aşılanması diqqət mərkəzində
saxlanılır.
Kurikulum təlimin praktik istiqamətinin
gücləndirilməsini nəzərdə tutur. Məktəblilər
kimya üzrə təcrübələr yerinə yetirməli, modelləşdirmə, hesablama əməliyyatları
aparmalıdırlar ki, bu da nəticə etibarilə onlarda
mühüm keyfiyyətlər - çətinliklərin
öhdəsindən gəlmək, iradə, əqli fəallıq,
tədqiqatçılıq, müstəqillik, təşəbbüskarlıq formalaşdırır.
Kurikulumun qarşıya qoyduğu məqsəd
və vəzifələr hər bir şagirdin kimya fənni
üzrə əldə etdiyi bilik və bacarıqların
başqa fənlər üzrə bilik və bacarıqlarla əlaqələndirməsini nəzərdə
tutur. Burada belə bir cəhət də nəzərə
alınıb ki, kimyadan minimum səviyyədə bilik və
bacarıqları olmayan müasir insanın təhsilini daha
yüksək pillədə inkişaf etdirib onu mühəndis,
texnik, psixoloq, iqtisadçı, fizik, biznesmen, kimyaçı
və s. ixtisas sahibi kimi formalaşdırmaq çətindir.
Kurikulumda şagirdlərin kimyaya dair ən
mühüm bilik və bacarıqlara yiyələnməsi üzrə işin sistemi şərh
edilmiş, qarşıya qoyulan məqsədlərə nail
olmaq üçün müəllimin fəaliyyətinin əsas
istiqamətləri, zəruri olan
təlim strategiyaları, metodlar və üsullar müəyyənləşdirilmişdir.
Şübhə yoxdur ki, kurikulum ideyalarının müvafiq dərsliklər
və müəllimlər üçün metodik vəsaitlər,
tədris materialları vasitəsilə
reallaşdırılması, müəllimlər
üçün treninqlər, pedaqoji mətbuatda mütəxəssis
şərhləri təlim prosesinin optimal təşkilinə
zəmin yaradacaqdır.
Kimya fənni kurikulumunda fənnin məzmunu,
məqsəd və vəzifələri, əhəmiyyəti
şərh edilmiş, məzmun xətləri müəyyənləşdirilmiş,
müvafiq təlim standartlarının xüsusiyyətləri,
inteqrasiyası, hər bir sinif üzrə gözlənilən
ümumi təlim nəticələri dəqiqləşdirilmişdir.
Ənənəvi fənn
proqramlarından fərqli olaraq biz kimya fənni kurikulumunda təlim
strategiyaları termini ilə də
qarşılaşırıq ki,
bu da geniş mənada fənnin tədrisinə verilən
müasir tələbləri, təlimin təşkilinin forma və
metodlarını, planlaşdırma nümunələrini əhatə
edir.
Kurikulumun mühüm xüsusiyyətlərindən
biri də fənn üzrə məzmun xətlərinin dəqiqləşdirilməsidir.
Kimya fənni üzrə 4 məzmun xətti müəyyənləşdirilmişdir:
* Maddə və maddi aləm
* Kimyəvi hadisələr
* Eksperiment və modelləşdirmə
* Kimya və həyat
Maddə və maddi aləm məzmun xətti maddənin tərkibini,
quruluşunun, kimyəvi rabitələrin tiplərinin xassələrini,
atom və molekulların, maddi aləmin düzgün dərk olunmasına,
onlar haqqında mülahizələrin irəli sürülməsinə,
şagirdlərdə tədqiqatçılıq meylinin
inkişafına imkan yaradır. Yuxarı siniflərdə
maddələrin onların quruluşundan
asılılığının səbəblərini
aydınlaşdırmaq, quruluşuna görə maddələrin
xassələrini proqnozlaşdırmaq, həyatda rast gəlinən
saf maddələri və qarışıqları bir-birindən
fərqləndirmək, müxtəlif üsullardan istifadə
etməklə qarışıqları ayırmaq
bacarıqlarının formalaşması imkanlarını
genişləndirir. Maddə və maddi aləm
məzmun xəttinə aid materialın öyrənilməsi
şagirdlərin zəhərli maddələrlə davranma,
maddələrin tətbiqinə görə müəyyənləşdirmək
sahəsində qabiliyyətlərinin inkişaf etməsinə
təsir göstərir.
Kimyəvi
hadisələr məzmun xəttinə
aid materialın mənimsənilməsi maddələrin
bir-birinə çevrilməsi, bu çevrilmələrin
qanunauyğunluqlarının və şəraitinin, maddələrin
alınmasının dərk olunması kimyəvi reaksiyalar əsasında
hesablamalar aparılması üçün imkan yaradır. Şagirdlər ətraf aləmdə baş verən
çevrilmələrdən həyati məqsədlər
üçün istifadə bacarıqları qazanırlar.
Bu məzmun xətti şagirdlərin tədqiqatçılıq
qabiliyyətlərinin güclənməsində mühüm
rol oynayan kimyəvi çevrilmələri öyrənməyə
imkan verir.
Eksperiment və modelləşdirmə məzmun
xətti maddələrin quruluşunun və xassələrinin
öyrənilməsində əldə olunan bilik və
bacarıqların eksperiment yolu ilə modelləşdirilməsi,
kimyəvi reaksiyaların təcrübədə göstərilməsi,
molekulların, kristal qəfəslərin
üçölçülü modellərinin
hazırlanması şagirdlərdə praktiki vərdişlərin
yaranmasını, nəzəri məlumatların praktikada tətbiq
olunması bacarıqlarının formalaşmasını təmin
edir. Bu məzmun xətti fəza təsəvvürlərinin
inkişafına səbəb olur. Əldə
olunmuş bilik və bacarıqların daha dolğun şərh
edilməsinə imkan yaranır. Maddələrin
keyfiyyət və kəmiyyət tərkibinin analizi və elmi
tədqiqat işləri aparmaq üçün zəmin
yaradır.
Kimya və həyat məzmun xətti təbiətə
və bütünlükdə bəşəriyyətə
böyük zərər vura biləcək maddələrin
müəyyənləşdirilməsini və onların həyatın
istənilən sahəsində zərər vurmadan tətbiq
olunmasını təmin edir. Bütün bunlar kimya fənni kurikulumunun məktəbdə,
təlimin yeni keyfiyyət səviyyəsinə
qaldırılmasına, şagird şəxsiyyətinin
formalaşmasında, məktəblilərə həyati
bacarıqlar aşılanmasında bu fənnin imkanlarından
optimal istifadə olunacağına inam yaradır. Göründüyü kimi, müəyyənləşdirilmiş
məzmun xətləri orta məktəbdə kimya fənninin
məzmununu tam əhatə edir. Şagirdlərin
kimya üzrə zəruri bilik və bacarıqlara yiyələnməsinə
zəmin yaradır.
Kurikulumda aşağıdakı fəaliyyət
xətlərinin dəqiqləşdirilməsi də müəllimin
təlim prosesini düzgün təşkil etməsi
baxımından əhəmiyyətlidir: maddələri
adlandırmaq, təyin etmək, tərtib etmək, səciyyələndirmək,
izah etmək, maddələr və laboratoriya
avadanlığı ilə işləmək, kimyəvi təcrübələri
yerinə yetirmək, hesablamaq, təhlükəsizlik
texnikası qaydalarına əməl etmək, ümumiləşdirmək
və təsnif etmək, təqdimat,
problemləri həll etmək, məsələ və
çalışma həlli, kimyəvi hesablamalar aparmaq, təqdimat
keçirmək.
Göründüyü kimi, fəaliyyət
xətləri məzmun xətlərindən fərqlənməklə
yanaşı, onların hər biri ilə əlaqədardır.
Bu xətlər məzmun üzrə biliklərin
əldə edilməsi və istifadəsi yollarını
müəyyənləşdirmək, onları təsvir etmək
məqsədi daşıyır və şagirdlər tərəfindən
kimya fənninin dərk edilməsinə, ona kompleks
bacarıqların toplusu kimi baxılmasına xidmət edir.
Şagird kimyadan mənimsəyəcəyi məzmuna müxtəlif
fəaliyyət vasitəsilə nail ola bilər.
O, fəaliyyət zamanı problemlərini həll etmək
üçün mühakimələr yürüdür,
onları sübut edir, kimyəvi məsələlərin
müzakirəsində iştirak edir.
Fəaliyyət xətləri şagirdlərin
praktiki fəaliyyətinin güclənməyinə xidmət
edir. Kurikulumun
üstünlüklərindən biri də təhsil
standartlarının dəqiqləşdirilməsidir. Bu,
müəllimə dərs ili boyu fənn
üzrə şagirdlərin hansı bacarıqlarının
formalaşmasını, dərs ilinin sonunda hansı təlim nəticələrinin
əldə edilməsini bilməyə və öz fəaliyyətlərini
bu nəticələrə istiqamətləndirməyə imkan
verir.
Digər təlim fənləri kimi, kimya dərslərində
də fəndaxili və fənlərarası inteqrasiyanın
böyük əhəmiyyəti var. Qeyd olunanlar nəzərə
alınaraq, kimya fənn kurikulumunda fəndaxili və fənlərarası
inteqrasiya növlərinə xüsusi diqqət
yetirilmişdir. Məlumdur ki, kimya fənni
maddi aləmin dərk edilməsində təbiət hadisələrinin
öyrənilməsini, qarşılıqlı əlaqəsini
fənnin tədrisində inteqrasiyanın tətbiq edilməsinə
olan zərurətin daha yüksək olmasına əsas verir,
inteqrativlik baxımından kimyanın rolunu göstərir.
Məlumdur ki, kimyanın interaktiv təlimi
zamanı şagirdlərə sərbəst düşünmək,
qruplarla işləmək, məsələlərin həllinə
kompleks yanaşmaq, mövzulararası əlaqəni yaratmaq, təlim
prosesini qiymətləndirmək və s. öyrədilir.
Kurikulumda bu baxımdan qrup işi, əməkdaşlıq,
resurslardan istifadə, portfolio, əlaqələndirmə və
s. əhəmiyyəti
xüsusi qeyd edilir.
Kimya fənn kurikulumunda məzmun
standartları və onların inteqrasiya cədvəlində
(VII-XI) sinif şagirdlərinin sinfin sonunda əldə edəcəyi
bacarıqlar, hansı mövzuların mənimsəniləcəyi
də dəqiq göstərilir. Kurikulumda kimya fənninin təlimin təşkilinə
verilən əsas tələblər, təlimin təşkili
formaları, sosial-pedaqoji şərtlər, psixoloji - didaktik
şərtlər, təlim metodları öz əksini
tapmışdır. Bütün bunlar
müəllimin təlim prosesində bələdçilik fəaliyyətinin
təşkili baxımından son dərəcə vacibdir.
Məsələn, kurikulumda kimya dərslərində
evristik metodun tətbiqi xüsusiyyətləri şərh edilib. Evristik metoddan IX sinifdə elektrolitlər və
qeyri-elektrolitlər mövzusunda istifadə olunub, bu metod təcrübə
nümunəsində sınaqdan keçirilib. Eksperimentlə
bağlı VIII sinifdə problemli mövzulara toxunulub,
qarışıqlar və kimyəvi birləşmələrin
fərqləndirilməsi, allotropik modifikasiyaların xassələrinin
tədqiqi, turşuların, əsasların və duzların tərkibinin
müəyyənləşdirilməsinə aid reaksiyaların
tədqiqi və s. öz əksini tapib.
Kurikulumda fənn üzrə təlimin
planlaşdırılmasına dair nümunələrin verilməsi
də müəllimin işinin asanlaşdırılmasına,
düzgün istiqamətləndirilməsinə xidmət edir.
İllik və cari planlaşdırma, məzmunun müəyyənləşdirilməsi,
məqsədin müəyyənləşdirilməsi,
strategiyanın hazırlanması, resursların seçilməsi
və s. məsələlərin şərhi müəllimlərə
metodik kömək baxımından çox əhəmiyyətlidir.
Şagirdlərin bacarıqlarının, təlim
nəticələrinin qiymətləndirilməsi ilə
bağlı məsələlər də kurikulumda öz əksini
dolğun şəkildə tapmışdır. Siniflər üzrə
qiymətləndirməyə dair nümunələr bu sahədəki
ciddi yeniliklərin əhəmiyyətini bir daha sübut edir.
Kurikulumun inteqrativ səciyyəsi şagirdlərin
əldə etdikləri bilik və bacarıqlarda
özünü göstərir. Belə ki,
kurikulumda, haqlı olaraq, şagirdlərin fənn üzrə
bilik və bacarıqlarının digər fənlərlə
bütöv məntiqi əlaqə əsasında mənimsənilməsi
zəruri sayılıb. Bu zaman dünyada
mövcud olan cansız və canlı varlıqların
ayrı-ayrı maddələrdən və onların
qarışıqlarından ibarət olması, təbiətdə
mövcud olan maddələrdən başqa insanların özlərinin
çoxlu yeni maddələr alması (gübrələr, plastik
kütlələr, sintetik kauçuklar, liflər, dərman
maddələri və s.), kimya fənninin fizika, biologiya,
coğrafiya elmləri ilə əlaqəli şərhi diqqət
mərkəzində saxlanılmışdır.
Kurikulumun inteqrativ xarakterli olması təlim
prosesinin səmərəliliyini artırmağa, yeni təlim
texnologiyalarından, fəal, interaktiv təlim metodlarından
optimal istifadəyə, vaxta qənaət etməyə, təlim
yükünün azaldılmasına, təlimə
marağın yüksəldilməsinə, bilik və
bacarıqların kompleks şəklində mənimsənilməsinə
imkan verir.
Kimya fənni üzrə kurikulum müəllimi
pedaqoji yaradıcılığa, konkret situasiyadan
çıxış edərək, öz imkan və şəraitlərinə
görə təlim strategiyaları seçməyə, məktəblilərin
tədqiqatçılıq fəaliyyətini təşkil etməyə istiqamətləndirir.
Respublikamızın nüfuzlu kimyaçı
alimlərindən və praktik müəllimlərindən ibarət
nüfuzlu işçi qrupu tərəfindən
hazırlanmış, beynəlxalq standartlara cavab verən
kurikulumun məqsədyönlü tətbiqi kimya təliminin
müasir tələblər səviyyəsində təşkilinə,
şagird şəxsiyyətinin formalaşmasında, məktəblilərə
zəruri həyati bacarıqlar aşılanmasında bu fənnin
imkanlarından optimal istifadə olunacağına inam
yaradır.
Aynur
ZÜLFÜQAROVA
Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.20.