Beynəlxalq Müəllim Gününə həsr olunmuş mərasim keçirilib

 

Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim Gününə həsr olunmuş mərasim keçirilib.

Mərasimdən öncə rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş müəllimlər Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Mərasim iştirakçıları daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini anıb, məzarları üzərinə, habelə buradakı "Əbədi məşəl" abidəsi önünə də tər çiçəklər düzüblər.

Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bu əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Nazir ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısı haqqında danışıb, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Azərbaycanda 2004-cü ildən Beynəlxalq Müəllim Gününün qeyd olunduğunu vurğulayan Misir Mərdanov hər il peşə bayramları ərəfəsində təhsildə xidmətləri olan bir qrup təhsil işçisinin ölkə Prezidentinin sərəncamları ilə dövlət təltiflərinə, fəxri adlara layiq görüldüyünü bildirib. Müəllimlərin builki peşə bayramlarının müstəqilliyimizin 20 illiyinə təsadüf etməsi ilə əlamətdar olduğunu deyən nazir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2011-ci il tarixli sərəncamları ilə daha bir qrup təhsil işçisinin təltif olunmasını təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirib. Təhsil naziri bildirib ki, 1998-ci ildən bəri ötən dövr ərzində 2200-dən çox müəllim Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə müxtəlif təltiflərə layiq görülüb.

Nazir, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin inkişafı baxımından həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən də ətraflı bəhs edib. Bildirib ki, son illər Fondun birbaşa dəstəyi ilə 300-dən çox məktəb, uşaq bağçası tikilib və yenidən qurulub. 

Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən təltif olunmuş təhsil işçiləri haqqında məlumat verərək bildirib ki, oktyabrın 3-də 128 nəfər "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına, "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medallarına layiq görülüb.

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 4 ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin əhəmiyyətinə toxunan nazir bu müsabiqələrin Azərbaycan təhsilinin inkişafına xüsusi təkan verdiyini nəzərə çatdırıb. Misir Mərdanov qeyd edib ki, ümumtəhsil məktəbləri və müəllimlər arasında sağlam rəqabət mühiti yaradan bu müsabiqələr, eyni zamanda pedaqoji sahədə çalışanların təşəbbüskarlığına geniş meydan açır.

Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş təhsil işçilərinə medallar və vəsiqələr təqdim olunub. Eyni zamanda 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qaliblərinə müvafiq vəsiqələr verilib.

Tədbirdə təltif olunmuş təhsil işçiləri adından müəllimlərin əməyinə verilən belə yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Mərasimdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev də iştirak edib.

 

 

Y.ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.2.