Təhsil
Nazirliyində görüş
Sentyabrın 30-da təhsil naziri Misir Mərdanov
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA)
Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və
proqram koordinatoru Fidan Ağacanova ilə görüşüb
Təhsil naziri Misir Mərdanov
qonağı səmimi salamladıqdan sonra Azərbaycanla Koreya
arasında mövcud olan əlaqələrdən və bu əlaqələrin
son illər daha da inkişaf etdiyindən söz açıb.
Nazir Koreya ilə əməkdaşlıq çərçivəsində
təhsil sahəsi üzrə səmərəli əlaqələri,
ali və peşə təhsili istiqamətində birgə
aparılan layihələrdə Koreya tərəfinin göstərdiyi
dəstəyi xüsusi qeyd edib. İki ölkə arasında
təhsil sahəsində əməkdaşlıq üzrə
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin
gördüyü işlərdən danışan Misir Mərdanov
bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə
əminliyini vurğulayıb.
Təhsil naziri Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyi tərəfindən Azərbaycan Texniki Universitetində
həyata keçiriləcək "Təhsil informasiya
sisteminin yaradılması" layihəsindən bəhs edib və
əsas məqsədi elektron təhsil sisteminin
yaradılması olan bu layihənin dövlət
başçısının mövcud istiqamətdə
yeritdiyi siyasətə uyğun olduğunu vurğulayıb.
Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident
nümayəndəsi Kim Eun Suk səmimi qəbul
üçün təhsil naziri Misir Mərdanova təşəkkür
edib. Öncə Kim Eun Suk təmsil olunduğu agentliyin ölkəmizdə
reallaşdırdığı layihələrin əhəmiyyətli
nəticələrini qeyd edib. Azərbaycana bir ay öncə gəldiyini
nəzərə çatdıran qonaq təhsil sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi baxımından
yeni layihələrin reallaşdırılmasının önəmli
olduğunu vurğulayıb. Kim Eun Suk eyni zamanda təhsil sahəsi
üzrə prioritet layihələrin qısa müddətdə
müəyyənləşdirilməsinin məqsədəuyğunluğunu
bildirib. Qonaq onu da əlavə edib ki, həmin layihələr
öz təsdiqini tapdıqdan sonra müvafiq istiqamətdə
iş aparılacaq.
Misir Mərdanov Təhsil Nazirliyində
elektron sənəd dövriyyəsinin təşkili işində
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyinin
əhəmiyyətini qeyd edib, yaxın günlərdə isə
yeni layihələrin müəyyənləşdiriləcəyini
nəzərə çatdırıb.
Azərbaycan
müəllimi.- 2011.- 7 oktyabr.- S.2.