Naxçıvan Dövlət Universitetində pedaqoji təcrübəyə həsr olunmuş konfrans

 

Naxçıvan  Dövlət  Universitetində yeni tədris  ilində keçiriləcək  pedaqoji  təcrübənin başlanğıc  konfransı   oldu.

Tədbiri  giriş  sözü  ilə açan  ali  məktəbin  rektoru,  akademik  İsa  Həbibbəyli  tələbə    müəllimləri bu əhəmiyyətli hadisə münasibətilə təbrik etdi. Qeyd olundu ki, pedaqoji təcrübənin hər bir tələbənin gələcəyin yüksək intellektli müəllimi, mütəxəssisi kimi  formalaşmasındakı  rolu danılmazdır.  Pedaqoji  təcrübə imkan verir ki, təhsil  müddətində  qazanılan nəzəri  bilikləri  təcrübədə  möhkəmləndirməklə  peşə  vərdişlərinə  yiyələnəsən. Bu  səbəbdən  təcrübə  dövründə  metodistlərin, müəllimlərin və tələbələrin üzərinə böyük məsuliyyət  düşür. Builki yeniliklərdən söhbət açan rektor qeyd etdi ki, növbəti tədris illərində təcrübənin əhatə dairəsinin genişləndirilməsi və tələbələrin muxtar respublikanın təkcə şəhər orta ümumtəhsil məktəblərinə deyil, həmçinin bir sıra digər kənd məktəblərinə də təcrübəyə cəlb olunması nəzərdə tutulur. 

Universitetin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Hüseyn  Həşimli  builki  təcrübənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verdi. Belə ki,  bu  il  universitetin,  kredit  üsullu  ixtisasları    da  daxil  olmaqla,  6  fakültəsinin  17  ixtisası  üzrə  306  tələbəsi Naxçıvan Muxtar  Respublikasının 14 orta ümumtəhsil  məktəbində 4  həftə  müddətində pedaqoji  təcrübə keçəcək. O da vurğulandı ki, təcrübə zamanı dərslərin  təşkilində  yeni  texnologiyaların,  informasiya-kommunikasiya texnologiyalarının (İKT), müasir dünyamızın tələbi kimi, geniş tətbiqi  zəruridir.

Naxçıvan MR Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Xudiyev çıxışında qeyd etdi ki, muxtar respublikada Ali Məclis sədrinin rəhbərliyi ilə 160-dan çox məktəb əsaslı təmir olunaraq istifadəyə verilib, məktəblər 305 elektron lövhə ilə təchiz olunub. Bu da yeni nəsil pedaqoqların tədris prosesini müasir tələblərə uyğun qurmasına şərait yaradır.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin  müdiri  Hüseyn Məmmədyarov  ölkədə və muxtar respublikada təhsilə, təhsil  işçilərinə  göstərilən  qayğıdan  danışdı, təcrübəçi tələbələrə uğurlar dilədi.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.3.