Əlli beş
yaş nədir ki…
Pıçıltı nəğməli
bulaqlar saflığı ilə, məcrasında
sakit axan çaylar keçdiyi
yollarında cansız, quru səhralara həyat
bəxş edib gözoxşayan
yaşıllıqlar, güllü-çiçəkli,
bağlı-bağatlı ormanlar
yaratdığı üçün sevildiyi kimi dünyaya göz açan insanlar da yaşayaraq arxada qoyduğu
ömür payında əməllərinə
və qazandığı nailiyyətlərinə görə
ictimaiyyət tərəfindən seçilərək
sayılırlar. Peşəsindən, vəzifəsindən, harada işləməsindən asılı olmayaraq əməli və fəaliyyəti ilə
xalqına, dövlətinə xeyir verməyə
çalışanlar əsl vətəndaş kimi onu tanıyanlar tərəfindən
sevilirlər. Belə insanlardan biri, Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin baş məsləhətçisi vəzifəsində
çalışan Əhliyət Adıgözəlov
haqqında söz açmaq
niyyətindəyəm.
Adıgözəlov
Əhliyət Musa oğlu
1956-cı il sentyabrın 10-da Qubadlı rayonunun Cılfır kəndində ziyalı
ailəsində anadan olub.
O zaman kənddə məktəb
olmadığı üçün I-IV
sinifləri qonşu Seytas
kəndində oxuyub. 1973-cü ildə isə
Gorus rayonunun Şurnuxu kənd orta məktəbini
"əla" qiymətlərlə başa
vurub. 1974-cü ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun
(indiki ADPU) ümumtexniki
fənlər və fizika fakültəsinə
qəbul olan Əhliyət 1979-cu ildə
ali təhsilini bitirib.
Həmin il təyinatla Qubadlıya göndərilib
və rayonun Göyərçik kənd 8
illik məktəbində ixtisası
üzrə müəllim kimi ilk əmək fəaliyyətinə
başlayıb. Bu məktəbdə dərs saatı az
olduğu üçün
həftənin iki gününü
burada, qalan dörd gününü
isə vaxtilə orta təhsil
aldığı təhsil müəssisəsində fizika fənnini tədris edib.
1984-cü ildə Bakıya köçdüyü
üçün Qaradağ
rayonunun 224 nömrəli əsas məktəbinə
ixtisası üzrə işə qəbul edilib.
Burada
yaxşı müəllim kimi pedaqoji kollektivin,
şagirdlərin və valideynlərin hörmətini qazanan Əhliyət müəllim 1986-cı
ildə rayon rəhbərliyi tərəfindən
irəli çəkilərək Qaradağ
Rayon Təhsil Şöbəsində məktəb
inspektoru vəzifəsinə təyin olunub.
1999-cu
ildə təhsilin humanistləşdirilməsi ilə
bağlı Bakı şəhəri üzrə keçirilmiş müsabiqədə və pedaqoji mühazirələrdə iştirak edən Əhliyət Adıgözəlov
əldə etdiyi nəticəyə
görə I dərəcəli Diploma layiq görülüb və
həmin ildə də savadlı mütəxəssis kimi Təhsil Nazirliyinə işə gətirilib.
Yeri gəlmişkən qeyd
edim ki, Əhliyət
Adıgözəlov 1999-cu ildən bu
günə kimi Təhsil Nazirliyinin
nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın sədridir.
Əhliyət
müəllim nazirlikdə işlədiyi ötən 12 il ərzində kifayət qədər nailiyyətlər
əldə edib. Belə ki, inklüziv təhsilin
pilot-layihə formasında tətbiqi ilə bağlı
aparılan işlərin təşkilatçılarından biri olub. 2003-cü ildən
2007-ci ilə kimi təhsil sektorunun
inkişafı layihəsinin məktəb qrantı proqramı komponentinin koordinatoru olub. İsmayıllı, Ucar
və Şirvan şəhərlərində
bu komponentə rəhbərlik edib, inkişafyönümlü
layihələrin hazırlanmasında həmin rayonların pedaqoji kollektivlərinə yaxından köməklik
göstərib.
2003-cü
ilin iyun ayında
İtaliyanın Turin şəhərində
iki həftəlik beynəlxalq kurs keçib. 2004-cü ilin iyun ayında Norveçin Stavanger,
2006-cı ildə Xorvatiyanın Zaqreb,
sonrakı illərdə isə xüsusi təhsillə
bağlı Riqa və Vilnüs
şəhərlərində keçirilən konfrans
və seminarlarda iştirak
edən Əhliyət
Adıgözəlov Azərbaycan təhsilini layiqincə təmsil
edə bilib. O, istedadlı
uşaqların yaradıcılıq potensialının üzə
çıxarılması və inkişafı ilə
bağlı Dövlət Proqramının həyata
keçirilməsində xeyli mühüm işlər görüb.
Əhliyət müəllim səmərəli fəaliyyətinə
görə bir sıra diplom
və fəxri fərmanlara layiq görülüb. Bu
günlərdə isə 55 yaşının tamam
olması münasibətilə nazirlik tərəfindən
"Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş
nişanı ilə təltif edilib.
Əhliyət
müəllimi xeyli illərdir ki, tanıyıram. Onunla Təhsil
Nazirliyində və bir sıra tədris
müəssisələrində keçirilən tədbirlərdə
tez-tez görüşürük.
İşinin mahir bilicisi olan bu
insan sadəliyi, təvazökarlığı
və səmimiliyi ilə diqqətimi cəlb edib.
Bu günlərdə 55 yaşının tamam olacağını bilib
sevindim. Telefonun dəstəyini
qaldırıb nömrələri yığdım, xəttin o biri başında Əhliyət müəllimin qayğılı səsini
eşitdim. Onunla görüşüb haqqında məqalə yazmaq istəyimi ona bildirdim. Düşündüyüm
kimi, əvvəlcə təvazökarlıq
edərək buna ehtiyacın
olmadığını dedi və diqqətimə
görə mənə təşəkkür etdi.
Nəhayət, razılığını aldım, onunla görüşüb
müsahibə almaq üçün
vaxt ayırdıq. Vədələşdiyimiz
kimi ertəsi gün
nazirliyə getmək üçün dəftər-qələmimi
qoltuğuma vurub iş otağımdan çıxdım. Gün ərzində səngimədən yağan yağış
düzü-dünyanı yuyub təmizləmiş
və nəhayət ki kəsmişdi. Səma aydın, hava günəşli
olsa da, Bakı küləyi
öz şıltaqlığından
qalmırdı. Təhsil Nazirliyində Əhliyət müəllimlə
kabinetində, iş başında köhnə
dostlar kimi çox səmimi görüşdük.
Çöhrəsindən yağan yorğunluq işinin çoxluğundan xəbər verirdi.
Yazı stolunun üstünə
yığılmış qalaq-qalaq
kağızlar, qovluqlar, tez-tez
səslənən telefon zəngləri bunu bir daha
sübut edirdi.
Stolun üstündə dəftərimə
birtəhər yer eləyib müsahibə
almaq üçün
ona verəcəyim suallara
keçdim. Və Əhliyət müəllimdən
aldığım cavabları hörmətli oxucularıma təqdim
edirəm:
- Siz orta məktəbi "əla" qiymətlərlə
bitirmisiz. Elə buna
görə də o zaman
reytinqi yüksək olan
istənilən ali məktəbə qəbul
ola bilərdiniz. Bəs nə üçün APİ-ni
seçdiniz?
-
Ziyalı ailəsində anadan olmuşam. Atam uzun müddət dövlət işində
işləyib. Bir neçə
çağırış rayon sovetinin deputatı olub. Onun müəllim peşəsinə və
müəllimlərə xüsusi hörməti
vardı. Həmişə - insan öyrətməkdən,
insan tərbiyə etməkdən
savablı iş yoxdur
- deyirdi. Hələ orta məktəbdə mənə dərs demiş İdris Həşimovu,
Əli Adıgözəlovu, Hidayət Məsməliyevi və
başqalarını özümə meyar
seçmiş, gələcək həyatımda
onlar kimi olmaq, geyimdə, səliqə-sahmanda,
davranışda onlara oxşamağı
qarşıma məqsəd qoymuşdum.
Və buna nail olduğum üçün
sevinirəm.
- Bugünkü
müəllimi necə görürsünüz?
-
Keçmiş zamanlarda
müəllimə müqəddəs varlıq kimi
baxırdılar. Çünki o vaxtlar müəllimlərin
yeganə qayğısı dərsini yaxşı keçməkdən,
tədrisi lazımi səviyyədə aparmaqla
şagirdlərə yüksək bilik
öyrətməkdən ibarət olub. Hazırda qloballaşmaya
doğru gedirik. Təəssüflə
qeyd etməliyik ki,
gündəlik qayğıları, problemləri özlərinə
yük edən bəzi müəllimlər
dərsi keçmək üçün deyil, gününü başa vurmaq üçün siniflərə girirlər. Lakin bunlarla yanaşı,
tədrisi günün tələbi səviyyəsində
quran, müstəqil respublikamıza layiq yüksək intellektli
gənclərin yetişməsi üçün
əllərindən gələni əsirgəməyən
savadlı müəllimlərimiz çoxdur.
Müəllimlərin əməkhaqlarının
ilbəil artırılması, təhsil işçiləri üçün yaradılan şərait və
dövlət tərəfindən onlara
göstərilən qayğı deməyə əsas verir ki, yaxın zamanda yuxarıda qeyd etdiyimiz neqativ hallar aradan
götürüləcək və təhsilimiz özünün yeni inkişaf mərhələsinə
qədəm qoyacaqdır.
- Əhliyət müəllim,
55 illiyiniz müstəqilliyimizin 20 illik ildönümü ilə
eyni vaxta düşüb...
- Əvvəla
onu deyim ki, müstəqil Azərbaycan Respublikası ümummilli liderimiz Heydər
Əliyevin memarı olduğu və qurub yaradaraq bizə ərməğan
etdiyi şah əsəridir.
Azərbaycanımız imperiya buxovundan azad olaraq sanki yenidən
yaranıb, təbii və milli sərvətlərimiz
özümüzə qayıdıb. Soykökümüzü,
milli dəyərlərimiz olan
adət və ənənələrimizi yenidən bərpa edib inkişaf mərhələsinə,
tərəqqi yoluna çıxarmağa nail olmuşuq. Elə buna görə də müstəqilliyimizi göz bəbəyimiz kimi
qorumalı, uğrunda hər an canımızdan, qanımızdan keçməyə
hazır olmalıyıq. Bu, mənim üçün ikiqat sevinc və bayramdır.
- Siz
Azərbaycanın dilbər guşələrindən olan Qubadlı torpağında dünyaya
göz açmısınız. Bu gün ana
yurd üçün
qəribsəyirsinizmi?
Bu sualımdan sonra Əhliyət müəllimin
qayğılı sifəti tutuldu. Gözlərini məchul bir
nöqtəyə dikərək dərin xəyala daldı. Nurlu, işıqlı çöhrəsində
kədərin və qəmin qara kölgələri
göründü. Vətən həsrətindən,
Vətən nigarançılığından yaranmışdı
bu hal.
-
Yaralı yerimə toxundunuz. Mən o torpaqda
böyümüşəm, ana
laylasını, ata nəvazişini orda görmüşəm. At
belində füsunkar gözəlliyə malik dağları, dərələri, meşələri,
çəmənləri gəzmişəm. Ləziz meyvələrindən,
min bir nemətindən
dadmışam, havasını udub, suyunu içmişəm. Heç
ana yurdu unutmaq olarmı? Axı, yeniyetməlik və gənclik
illərimin unudulmaz xatirələri muncuq kimi o
yerlərdə səpələnib və bu
gün yolumu gözləyir.
Ancaq o günə çox az qalıb. Möhtərəm Prezidentimiz, ali baş
komandanımız İlham Əliyevin
apardığı məqsədyönlü daxili
və xarici siyasəti nəticəsində
çox keçməyəcək ki, torpaqlarımız düşmən
tapdağından azad ediləcək və
doğma yurd-yuvamıza qayıdacaq, yeni quruculuq işləri
ilə məşğul olacağıq. Digər rayonlar kimi Qubadlı da öz yeni
inkişaf mərhələsinə qədəm
qoyacaq.
- Ən çox
sevindiyiniz gün?
- Nəvələrim
Turqutun və Dilarənin dünyaya
göz açdıqları gün çox sevinmişəm.
Axı baba olurdum. Demək
yaşımın kamil çağına
qədəm qoyuram. Çox
istədiyim övladlarım Cavid və Xəyyam
isə ata olurdular.
Büruzə verməsələr də, hiss
edirdim ki, onlar da sevinirdilər. Bu isə ikiqat sevinc idi. Axı onların
sevinci mənim sevincimdir.
Ancaq ağla qara, gecə ilə gündüz
qardaş olduğu kimi, xeyir və şər
də əkiz gəlib bu dünyaya.
Onu deməliyəm ki,
sevinc müvəqqətidir, ani hissdir, gəlib-gedərdir.
Kədər isə insanla son
mənzilinə qədər yoldaşlıq edir.
Elə buna görə də həyatın
kəşməkəşli, ağır anlarında
sarsılmamalı, mərdliklə dözüm
göstərib baş
çıxarmalı və qalib gəlməliyik.
Məhz bunu müasir
gənclərimizə tövsiyə edərdim.
Söhbətimiz
şirin alındığından
vaxtın necə ötdüyünü hiss etməmişdim. Müsahibəmi bitirib müsahibimin
qayğılı, mehriban və səmimi
çöhrəsinə diqqət yetirdim.
Fikirləşdim ki, 55 yaş
nədir ki, Əhliyət müəllim hələ
bundan sonra daha müfəssəl, daha
yeni nailiyyətlərə imza
atacaq. Ona uzun ömür, möhkəm
cansağlığı, tutduğu bu müqəddəs yolda sonu bitib-tükənməyən
uğurlar arzulayıb ondan
ayrıldım.
Müsahibəni
apardı: Nizami MİRZƏ
Azərbaycan
müəllimi.- 2011.- 7 oktyabr.- S.11.