Bu şərəfli ad gələcək fəaliyyətim üçün böyük stimuldur

 

Mən 1948-ci ildə Hüseyn Cavidlər, Cəlillər yetişdirən bir torpaqda, Naxçıvanda dünyaya göz açmışam. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirib arzuların,xəyalların qanadında Bakı şəhərinə gəlmişəm. Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub, 1971-ci ildə oranı bitirmişəm. 1972-ci ildən Bakı şəhəri Nizami rayonundakı 201 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. 1981-1995-ci illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişəm. 2000-ci ilin yanvar ayından isə 201 nömrəli  məktəbin direktoru vəzifəsinə təyin olunmuşam.

 

Kollektivin mənə göstərdiyi etimadı doğrultmaq üçün bu illərdə əlimdən gələni etməyə çalışmışam. 2000-ci ildə rayonda ən geridə qalmış məktəb kimi tanınan 201 nömrəli məktəbin qabaqcıllar sırasına çıxması üçün var qüvvəmizlə kollektivlə birgə çalışmışıq. Hazırda məktəbimizdə təlim- tərbiyə işlərinin uğurla yerinə yetirilməsi üçün hər cür şərait yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilimizə göstərdiyi qayğı müəllim kollektivimizi daim inkişaf rejimində işləməyə ruhlandırır. Məktəbimizin nailiyyətləri çoxdur. Şagirdlərimiz fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə uğurla çıxış edirlər. Son dörd ildə ali məktəblərə qəbul üzrə göstəricilərin dinamik inkişafı məktəbdə təlimin keyfiyyətinin yüksəlməsindən xəbər verir.

Məktəbimizdə şagirdlərin mənəvi tərbiyəsində mühüm rol oynayan maraqlı tədbirlərin təşkilinə xüsusi diqqət yetiririk. 2009-cu ildə "Uşaq ili" ilə əlaqədar keçirdiyimiz "Dünya sənin, dünya mənim, bizlər isə bu vətənin", 2010-cu ildə "Ekologiya ili" ilə bağlı "Gəlin dünyamızı qoruyaq" kimi tədbirlər maraqla qarşılanmışdır.

Məktəbimizin mehriban kollektivi var. 1375 nəfər şagirdin təlim - tərbiyəsi ilə 115 nəfər müəllim məşğul olur. Qabaqcıl müəllimlərimizdən S.Əhmədova, A.Xəlilova, D.Cəfərov, N.Əliyeva, M.Əliyeva, A.Kərbəlayeva, Z.Əliyeva, X.Ələkbərova, S.Abbaszadə və b.  göstərmək olar. 

2011-ci ildə tarix müəllimi Dahid Cəfərov "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Məktəb kollektivi təlimin keyfiyyətinin yüksəldilməsində, müasir tələblərə cavab verən dərslərin keçilməsi üçün müxtəlif texnologiyalardan, elektron dərsliklərdən bacarıqla istifadə edir. Məktəbdə 5 kompüter otağı, 66 kompüter şagirdlərin istifadəsinə verilmişdir.

2009-cu ildən məktəbimiz AFFA-nın "Futbol həyatdır" layihəsinə qoşulmuşdur. Qız futbolunu inkişaf etdirmək məqsədilə qızlardan ibarət "Fidan-201" futbol komandası yaradılmışdır. Həmin komandanın üzvlərindən bir neçəsi  17 yaşlılar üzrə Azərbaycanın milli yığma futbol komandasına qəbul edilmişdir. 2010-cu ildən  məktəbimiz  yaradılan yaxşı şəraitə görə AFFA-nın qızlardan ibarət komandasının baza məktəbi kimi fəaliyyət göstərir.

Məktəbdə fəaliyyət göstərən  "Palitra" adlı rəsm dərnəyinin üzvləri müxtəlif müsabiqələrdə uğurla çıxış edərək qalib olmuşlar. 

Hazırda biz müəllimlər respublikamızın Prezidenti İlham Əliyev cənablarının təhsilimizin inkişafı üçün məktəblərdə yaratdığı şərait və imkanlardan bacarıqla istifadə edərək qurub-yaratmaq eşqiylə  yaşayır, müqəddəs tərbiyə ocağımızı göz bəbəyimiz kimi qorumağa çalışırıq.

Beynəlxalq müəllim günü ərəfəsində mən də ölkəmizin bir qrup təhsil işçisi ilə birlikdə möhtərəm Prezidentimizin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşəm.

Mənə fəxri adın verilməsini, düzü, heç gözləmirdim. Təbrik etmək üçün zəng edənlərdən eşitdiyim bu şad xəbər məni həyəcanlandırdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğı və diqqəti mənə bir müəllim kimi, bir ana, bir vətəndaş, bir tərbiyəçi kimi çox xoşdur. Bu diqqətə, bu qayğıya görə Prezidentimizə öz minnətdarlığımızı bildirirəm. Mənə verilən bu yüksək şərəfli ad gələcək fəaliyyətim üçün bir enerji mənbəyidir. 

 

 

Süsən SALMANOVA

 

Azərbaycan müəllimi.- 2011.- 7 oktyabr.- S.10.