2011-ci il
üzrə Nobel mükafatı laureatlarının
adları açıqlanıb
Stokholmda İsveç Nobel Komitəsi
2011-ci il üzrə Nobel mükafatı laureatlarının
adlarını açıqlayıb. Bu barədə Nobel Komitəsi
məlumat yayıb. Fiziologiya və təbabət sahəsində Nobel mükafatına professorlar
Bryüs Boytler (Amerika), Ralf Ştaynman (Kanada) və Jül
Xofman (Lüksemburq) layiq görülüblər. Karolina Tibb
İnstitutundan verilmiş məlumata əsasən onlar
immunologiya, xüsusən anadangəlmə immunitet sahəsində
inqilabi araşdırmalarına görə Nobel
mükafatına sahib çıxıblar. Ənənəyə uyğun olaraq
təbabət və fiziologiya üzrə qaliblər
Stokholmdakı dünyanın ən yaxşı tibb universitetlərindən
biri hesab olunan Karolina
İnstitutunun 50 professoru tərəfindən müzakirə
olunaraq dəstəklənib. Jül
Xofman anadangəlmə
immunitetdə Toll geninin
mühüm rolunu kəşf edib.
Bryüs Boytler Toll-a bənzər reseptorları
tədqiq edib. Ralf Ştaynman dendrit
hüceyrələrin başlıca
roluna dair araşdırmalarına görə
mükafata layiq görülüb. Alimlər araşdırmaları ilə infeksiya xəstəliklərilə mübarizə
sahəsində inqilabi
metodların yaradılmasına
təkan veriblər.
Professorlar Boytler və
Xofman orqanizmin ön müdafiə xətti olan immun sisteminin aktivləşdirilməsi sahəsində
araşdırmalar aparıblar.
Professor Ştaynman isə
infeksiya xəstəliklərinə
dentritik hüceyrələrin
köməyi ilə üstün gəlmək yolunu kəşf edib. Xatırladaq ki, builki Nobel mükafatının həcmi,
həmişə olduğu
kimi, 10 milyon İsveç kronudur (1,4 milyon ABŞ dolları). Mükafatın təqdim olunması
mərasimi dekabrın
10-da Stokholmda keçiriləcək. Anadangəlmə immunitet - bu,
canlı orqanizmlərin
hətta əvvəllər
heç bir vaxt kontaktda olmadıqları patogen hüceyrələri aşkar
etmək və onları zərərsizləşdirmək
qabiliyyətidir. Təkamül nöqteyi-nəzərdən bu,
ən qədim sistemdir və bütün çoxhüceyrəli
heyvan və bitki orqanizmlərində mövcuddur.
Təbabət və fiziologiya
üzrə qaliblər
Jül Xofman
1941-ci ildə Lüksemburqda
anadan olub, Fransa Elmlər Akademiyasının (2007-2008-ci illər)
sabiq prezidentidir. 1964-cü ildən CNRS sistemində çalışır. 1996-cı
ildə drozofilləri
tədqiq edən alim Toll geninin anadangəlmə immun sistemində rolunu kəşf edib. Xofmanın kəşfi 1995-ci ildə
Nobel mükafata layiq görülmüş almaniyalı
professor Kristian Nuslyn-Folxardın
işlərinə əsaslanır.
Bryüs Boytler
1957-ci ildə Amerikada
anadan olub, Kaliforniyadakı Skripps İnstitutunun genetika bölməsinin rəhbəridir.1998-ci ildəki Toll-a bənzər
reseptorlara həsr olunmuş işlərinə
görə Nobel mükafatına
layiq görülüb.
Siçanlar üzərində tədqiqatlar aparan alim müəyyən edib ki, drozofil
və təkhüceyrəlilər
oxşar anadangəlmə
immun mexanizminə malikdirlər. Boytlerin kəşfi
növlü immunitetin
tədqiqatında sıçrayışa
səbəb olub və hazırda insan və siçan
orqanizmlərində çoxlu
miqdarda Toll reseptorları
tapılıb ki, onlar zərərli bakteriya molekullarına təsir edirlər.
Ralf Ştaynman
1943-cü ildə Kanadada
anadan olub, Amerikadakı Rokfellər Universitetinin professorudur.
Qeyd edək ki, tibb üzrə 2011-ci ildə
Nobel mükafatı laureatı
adına layiq görülmüş Ralf Ştaynman sentyabrın 30-da vəfat edib. Bu xəbəri
ABŞ-ın Rokfeller Universitetinin rəsmi nümayəndəsi bildirib.
Həkimlər 2 il bundan əvvəl alimin mədəaltı
vəzisində xərçəng
xəstəliyi aşkar
ediblər. Xatırladaq ki, Nobel Komitəsinin nizamnaməsinə görə,
heç bir alimə ölümündən
sonra Nobel mükafatı
verilmir. Komitə Ştaynmanın
ölümündən xəbərsiz
olduğunu açıqlayıb.
Ştaynmanın ölüm xəbərindən
Komitə 3 gün sonra xəbərdar olub. Beləliklə də Ştaynmanın
Nobel mükafatına layiq
görülməsinə dair
qərar qüvvədə
qalıb. Nobel Komitəsinin baş katibi Qoran Xansson
Ştaynmanla bağlı
olan vəziyyəti unikal situasiya adlandırıb. Çünki
alim Nobel mükafatı
ilə təltif olunmasına dair qərarın qəbul olunmasına bir neçə saat qalmış dünyasını
dəyişib.
Fizika üzrə qaliblər
Oktyabrın 4-də
Stokholmda fizika sahəsində Nobel mükafatı
qaliblərinin adları
açıqlanıb. Amerikalı alimlər Sol Perlmutter və Adam Rayss, həmçinin avstraliyalı Brayan Şmidt kosmologiya sahəsində işlərinə
görə bu mükafata layiq görülüb. Fizika üzrə Nobel mükafatının
məbləği 1,44 milyon dollardır. Mükafatın tam yarısı
Sol Perlmutterə çatacaq,
digər yarısı
isə Brayan Şmidtlə Adam Rayss arasında bölünəcək.
Sol
Perlmutter 1959-cu ildə Amerikanın İllinoys ştatında,
Urbana şəhərində anadan olub.
O, Kaliforniya Universitetinin
astrofizika professorudur.
Adam Rayss
1969-cu ildə Vaşinqtonda
anadan olub. O, Baltimordakı
Kosmik Teleskopiya Elmi-Tədqiqatlar İnstitutunun
və Con Hopkins Universitetinin astronomiya və fizika professorudur.
Brayan Şmidt Amerika və
Avstraliya vətəndaşıdır.
O, 1967-ci ildə ABŞ-ın Montana ştatının
Missule şəhərində
anadan olub. Hazırda Avstraliya Milli Universitetində çalışır.
Kimya üzrə qalib
Oktyabrın
5-də Nobel Komitəsi kimya
üzrə ən mötəbər elmi mükafata İsrail alimi Daniel Şextmanı kvazikristalları
kəşf etdiyinə
görə layiq görüb. Mükafatın
həcmi on milyon İsveç kronudur (1,4 milyon ABŞ dolları). Kvazikristallar adi kristal
və amorf maddələr kimi bərk maddələrin struktur formalarından biridir. 70 yaşlı
alim bu xəbəri
böyük sevinclə
qarşılayıb.
Xarici mətbuat materialları əsasında
hazırladı: Oruc
MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2011.- 7 oktyabr.- S.14.