Tayvan Milli Universiteti

      

Yerləşir:                                             Tayvan, Taybey şəhəri   

Yaranma tarixi:                                 1928-ci il

Tipi:                                                    Dövlət 

İşçi heyəti:                                          9087 nəfər

Tələbələrin ümumi sayı:                   33533 nəfər

İllik gəlirləri:                                      16574949000 ABŞ dolları

İllik xərcləri:                                      17237640000 ABŞ dolları  

Rəsmi saytı:                                        www.ntu.edu.tw

 

Tayvan Milli Universiteti (National Taiwan University) Tayvanın Taybey şəhərində, Daan rayonunda yerləşir və Asiyanın ən nüfuzlu universitetlərindən biridir. 

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Tayvan Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 95-ci yerdə olub. "QS World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Tayvan Milli Universiteti 94-cü, 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlində isə  87-ci yerdə qərarlaşıb. "Times Higher Education World University Rankings"in 2011-2012-ci tədris ili üçün açıqlamasına görə Tayvan Milli Universiteti 154-cü yeri tutub. 

 

Tarixi

 

Tayvan Milli Universitetinin tarixi Taihoku İmperator Universitetinin yaradılması ilə əlaqədardır. 1928-ci ildə Yaponiya müstəmləkə hakimiyyəti tərəfindən yaradılmış Taihoku İmperator Universiteti Yaponiyanın İmperator Universitetinin bir hissəsi kimi fəaliyyət göstərir. Universitetin ilk prezidenti Şidehara Tan Taikara Hirosi təyin olunur. Həmin dövrdə Taihoku İmperator Universiteti iki akademik bölmədən - Ədəbiyyat və siyasət, Kənd təsərrüfatı bölmələrindən ibarət olur. 1943-cü ildə universitetə Tibb, sonradan isə Mühəndislik bölmələri əlavə olunur. Eyni zamanda həmin ildə Cənubi Humanitar Elmlər Tədqiqatları İnstitutu və Cənubi Resurs Elmi-Tədqiqat İnstitutu yaradılır. Hər bir bölmə və institut xüsusi kitabxanaya malik olur. 1945-ci ilədək universitetdə Dəqiq elmlər bölməsi yaradılır, tələbələrin sayı isə 382 nəfərə çatır.

1945-ci ildə Çin Respublikası Yaponiya ilə müharibədə qalib gəlir və Tayvan Çin Milli Hakimiyyətinin əlinə keçir. Həmin il 15 noyabr tarixində Taihoku İmperator Universiteti rəsmi olaraq Çinin idarəçiliyinə keçir və Tayvan Milli Universiteti adlandırılır. Professor Tzun-lo Lo universitetin yeni prezidenti təyin olunur, bölmələr universitetin kollecləri adlandırılır (Dəqiq Elmlər, Tibb, Maşınqayırma və Kənd Təsərrüfatı kollecləri). Ədəbiyyat və siyasət bölməsi Humanitar Elmlər İnstitutu və Hüquq Kollecinə bölünür. Artıq 1945-ci ilin sonlarında universitetdə 6 kollec, 22 departament fəaliyyət göstərir, tələbələrin sayı 585 nəfərə yüksəlir. 1960-cı ildə universitetdə sınaq kimi Axşam Məktəbi fəaliyyətə başlayır, 1967-ci ildə isə məktəb rəsmi olaraq açılır. 

1987-ci ildə Tayvan Milli Universitetinin İdarəetmə, 1993-cü ildə Səhiyyə, 1997-ci ildə isə Elektrotexnika kollecləri fəaliyyətə başlayır. 1999-cu ildə Elektrotexnika Kolleci Kompüter Elmləri və Elektrotexnika, Hüquq Kolleci Sosial Elmlər kollecləri adlandırılır, Axşam Məktəbi və Əlavə Təhsil Mərkəzi Peşə və Fasiləsiz Təhsil Məktəbi adı altında birləşdirilir. 2002-ci ildə Kənd Təsərrüfatı Kollecinin adı dəyişdirilərək Bioresurslar və Kənd Təsərrüfatı Kolleci adlandırılır.

 

Büdcəsi və təhsil haqqı

 

2010-2011-ci tədris ilində Tayvan Milli Universitetinin dövlət tərəfindən ayrılan vəsaitlər və daxili imkanlar hesabına əldə etdiyi gəlir ümumilikdə 16574949000 ABŞ dolları olub. Ali məktəbin xərcləri ötən tədris ilində 17237640000 ABŞ dolları təşkil edib.

2011-2012-ci tədris ilində Tayvan Milli Universitetində bakalavr, magistratura və doktorantura səviyyələrində yerli tələbələrin təhsil haqqı ildə 2000-4000, əcnəbi tələbələrin təhsil haqqı isə ildə 4000-6000 ABŞ dolları təşkil edir. Tələbənin oxuduğu kollecdən, seçdiyi ixtisasdan asılı olaraq təhsil haqqı dəyişə bilər. 

 

Universitet bu gün

 

Tayvan Milli Universiteti Taybey şəhərində ümumilikdə 34400 hektar əraziyə malikdir. Universitet 6 kampusdan ibarətdir (Qonqquan, Sosial Elmlər, Tibb, Səhiyyə kollecləri, Universitet xəstəxanası, Universitet ferması). Eyni zamanda universitetin 183,89 hektarlıq Venşan Botanika bağı və meşəsi, Meşəçilik departamenti mövcuddur. Onların arasında ən böyüyü və əsası şəhərin Daan rayonundakı Qonqquan tələbə şəhərciyidir. Universitet kolleclərinin əksəriyyəti, eləcə də bir çox inzibati binalar bu kampusda yerləşir. Hüquq, Sosial Elmlər, Tibb kolleclərinin binası və ali məktəbin prezidentinin ofisi bir-birinə yaxın yerləşir. Kampuslararası hərəkəti təmin etmək üçün avtobuslar və digər ictimai nəqliyyat növləri fəaliyyət göstərir. 

 Hazırda Tayvan Milli Universitetində 11 kollec, 2 peşə məktəbi, 54 departament, 103 institut, 4 universitet səviyyəli elmi-tədqiqat mərkəzi (Əhali və Gender Tədqiqatları, Materiya Elmləri, Bioloji Variativlik Tədqiqat mərkəzləri) və əlavə 66 mərkəz fəaliyyət göstərir.

Dəqiq Elmlər Kolleci Riyaziyyat, Fizika, Kimya, Psixologiya, Geoelmlər, Coğrafiya, Atmosfer elmləri, Okeanoqrafiya, Astrofizika departamentləri, Qlobal Dəyişiklik Tədqiqatları, Kosmologiya və Hissəciklər Astrofizikası mərkəzlərindən ibarətdir. 

Sosial Elmlər Kollecində Politologiya, İqtisadiyyat, Sosiologiya, Sosial fəaliyyət departamentləri, Milli İnkişaf, Jurnalistika institutları mövcuddur.  

Humanitar Elmlər Kollecinə Çin ədəbiyyatı, Xarici dillər və ədəbiyyatlar, Tarix, Fəlsəfə, Antropologiya, Kitabxana və informatika, Yapon dili və ədəbiyyatı, Dram və teatr departamentləri, İncəsənətin Tarixi, Dilçilik, Musiqişünaslıq, Tayvan Ədəbiyyatı institutları, Audio-vizual Təhsil, Dil, Beynəlxalq Çin Dili mərkəzləri, Rəqəmsal Buddist kitabxanası və muzeyi daxildir.      

Mühəndislik Kolleci Tikinti, Mühəndislik-mexanika, Kimya mühəndisliyi, Mühəndislik elmləri və okean mühəndisliyi, Materialşünaslıq və mühəndislik departamentlərindən, Mühəndislik Ekologiyası, Tətbiqi Mexanika, Tikinti və Planlaşdırma, Mühəndislik-Texnologiya, Biotibbi Mühəndislik, Polimer Elmlər və Texnika, Hidrotek Elmi-Tədqiqat, Yen Tjinq Linq Sənaye Tədqiqatları institutlarından, Zəlzələ Mühəndisliyi Tədqiqatları, Avtomatik Texnologiyaların İstehsalı, Neft-Kimya Sənayesi, Nano-Elektro-Mexaniki Sistemlər mərkəzlərindən, Funksional Materiallar laboratoriyasından ibarətdir.      

Elektrotexnika Kompüter Elmləri Kollecinə Elektrotexnika, Kompüter Elmləri və informasiya texnikası departamentləri, Şəbəkə və Multimedia, Fotonika və Optoelektronika, Kommunikasiya Mühəndisliyi, Elektronika, Biotibbi Elektronika və Bioinformatika institutları, Kommunikasiya, Nano-Elektro-Mexaniki Sistemlər mərkəzləri aiddir. 

Bioresurslar Kənd Təsərrüfatı Kollecində Aqronomluq, Bio-ekoloji sistemlər mühəndisliyi, Aqrokimya, Bitkilərin patologiyası və mikrobiologiya, Entomologiya, Meşə sənayesi, Heyvandarlıq elmləri və texnologiya, Kənd təsərrüfatı iqtisadiyyatı, Memarlıq və landşaft idarəetməsi, Bio-sənaye əlaqələri və inkişafı, Bio-sənaye mexatronika mühəndisliyi departamentləri, Qida Elmləri və Texnologiyaları, Biotexnologiya institutları, Bio-sənaye Avtomatlaşdırma, Beynəlxalq Aqrar Təhsil və Akademik Mübadilə, Qida İstehsalı və Biomolekullar, Fitotron mərkəzləri, Eksperimental ferma, meşə, Baytarlıq xəstəxanası, Kənd təsərrüfatı sərgi zalı, Hidrotek laboratoriyası fəaliyyət göstərir.   

İdarəetmə Kollecinə Menecment, Mühasibat uçotu, Maliyyə, Beynəlxalq biznes, İnformasiyanın idarə olunması departamentləri, İdarəetmə İnstitutu daxildir. 

Hüquq Kollecinə Hüquq departamenti, Hüquq üzrə Fənlərarası Tədqiqatlar  İnstitutu aiddir.

Həyat Elmləri Kolleci Həyat elmləri, Biokimya elmləri və texnologiyaları departamentlərindən, Zoologiya, Bitkilərin Biologiyası, Molekulyar və Hüceyrə Biologiyası, Ekologiya Problemləri və Təkamül Biologiyası, Balıq Sənayesi, Mikrobiologiya və Biokimya, Balıq Sənayesi Biologiyası institutlarından ibarətdir.     

İctimai Səhiyyə Kollecində Səhiyyə departamenti, Səhiyyə Siyasəti və İdarəetmə, Peşə Tibbi və Sənaye Gigiyenası, Epidemiologiya və Tibbi Profilaktika, Səhiyyə Təşkilatı, Ətraf Mühitin Gigiyenası institutları, Ətraf Mühit və İstehsalat Xəstəlikləri, Beynəlxalq Tibbi-Sanitariya, Səhiyyə üzrə Həvəsləndirmə Tədqiqatları mərkəzləri mövcuddur.      

Tibb Kollecinə Tibb, Əczaçılıq, Tibb Bacısı, Kliniki Laboratoriya və Tibbi Biotexnologiya, Əmək Terapiyası, Fizioterapiya məktəbləri, Kliniki tibb, Toksikologiya, Molekulyar Tibb, İmmunologiya, Kliniki Əczaçılıq, Biotibbi Mühəndislik, Anatomiya və Hüceyrə Biologiyası, Biokimya və Molekulyar Biologiya, Fiziologiya, Mikrobiologiya, Əczaçılıq, Optoelektronik Biotibb, Patologiya, Məhkəmə Tibbi, Otolarinqologiya institutları, Heyvanların Laboratoriyası, Onkologiya, Dərman Tədqiqatları mərkəzləri, Universitet xəstəxanası daxildir. 

Universitetin nəzdində Humanitar Sosial Elmlər üzrə İxtisasartırma, Qabaqcıl Nanomateriallar, İnformasiya Texnologiyaları və Elektronika, Tibbi Üstünlük Elmi-Tədqiqat, Neyrobiologiya və Koqnitiv Elmlər, Sistem Biologiyası və Bioinformatika, Rəqəmsal Humanitar Elmlər mərkəzləri fəaliyyət göstərir.

Tayvan Milli Universitetinin kitabxanası 1928-ci ildə Taihoku İmperator Universitetində yaradılıb. Hazırda fəaliyyət göstərən universitet kitabxanası 12 illik layihələşdirmə və tikinti işlərindən sonra 1998-ci ilin noyabrında istifadəyə verilib. Sonradan daha effektli və peşəkar xidməti təmin etmək üçün bir çox bölmə kitabxanaları yeni binaya köçürülür. Kitabxananın fondunda ümumilikdə 3795705 cild kitab mövcuddur. Kitablardan 1600245-i Çin, Yaponiya və Koreya dillərində, 2195460-ı isə digər dillərdədir. Eyni zamanda kitabxana 2217350 elektron kitab, audio və video yazı, mikroforma və digər resurslara malikdir. Universitet kitabxanasının xüsusi kolleksiyalar resursuna Çin, Yaponiya və Cənub-Şərqi Asiya Tədqiqatları, Yaponiya Nadir Kitablar, Tayvan Tədqiqatları, Qərb Dillərində Nadir Kitablar,  Tayvan Milli Universiteti Arxivi, Antropologiya,  Tayvan Milli Universitetinin Məşhurlarının əlyazmaları, Mikroforma kolleksiyaları, incəsənət əsərləri, eksponatlar  və s. daxildir.

Tayvan Milli Universitetinə prezident, universitetin kolleclərinə dekan, departamentlərə isə sədr rəhbərlik edir. Universitetin prezidenti professor Li Si-Çen, vitse-prezidentləri isə Tsin-Hua Lo, Tzonq-Ho Bau, Tang Minq-Cedir. Universitetdə ümumilikdə 3759 nəfər professor-müəllim və 5328 inzibati işçi çalışır. Professor-müəllim heyətinin arasında 227 nəfər əcnəbi var. Əcnəbilərin əksəriyyəti ABŞ və Yaponiyanı təmsil edir.

Tayvan Milli Universitetində ümumilikdə 33533 tələbə təhsil alır. Tələbələrin 17514 nəfəri bakalavr, qalanları isə magistr və doktorantlardır. Tələbələrin 40,53%-ni qızlar, 59,47%-ni isə oğlanlar təşkil edir. Universitetdə 3000-ə qədər əcnəbi tələbə oxuyur. Tələbə mübadiləsi çərçivəsində xarici ölkələrin ali məktəblərində universitetin 349, xarici ölkələrdən isə burada 488 tələbə təhsil alır. Universitetdə magistr və doktorantların sayı ilbəil artmaqdadır və demək olar ki, hazırda bakalavrlarla eyni saydadır.

Tayvan Milli Universitetinin məşhur məzunları arasında 1 Nobel mükafatı laureatı, 40 universitet prezidenti, 15 ABŞ Milli Elmlər Akademiyası, 125 Sinika Akademiyasının akademiki vardır. Tayvan Milli Universiteti Tayvanda ən yüksək akademik müvəffəqiyyət dərəcəsi almış, geniş əməkdaşlıq və sənaye əlaqələrinə, texnoloji ötürməyə, mədəni tədqiqatlara, Çin və Avropa dilləri proqramına, dostluq münasibətinə köklənmiş kampusa malik  ali təhsil ocağıdır.

Birgə təhsil proqramları yaratmaq, fakültələrarası əlaqələri, tələbə mübadiləsini və yay proqramlarını genişləndirmək Tayvan Milli Universitetinin prioritet məsələlərindəndir.

 

Universitetin məşhur məzunları

 

  Ma İn-tsyu                                         Tayvanın prezidenti  

  Li Tenq-huey                                     Tayvanın sabiq prezidenti  

  Lu Annett                                          Tayvanın sabiq vitse-prezidenti  

  Frenk Se                                             Tayvanın sabiq baş naziri  

  Su Tsenq-çan                                     Tayvanın sabiq baş naziri  

  Çen Çao-min                                      Tayvan müdafiə nazirinin sabiq müavini  

  Çanq Po-ya                                        Tayvanın sabiq səhiyyə naziri  

  Çen Din-nan                                       Tayvanın sabiq ədliyyə naziri  

  Çen Şuy-bian                                     Taybey şəhərinin sabiq meri  

 

 

Hazırladı: Lamiyə ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.12-13.