Təşkilat Komitəsinin
yığıncağında müsabiqələrin nəticələri
haqqında təqdimat dinlənilib
Oktyabrın 8-də Təhsil Nazirliyində
"Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələrinin
mütəşəkkil keçirilməsini təmin etmək
məqsədi ilə yaradılmış Təşkilat Komitəsinin
növbəti yığıncağı oldu.
Yığıncaqda son 4 il ərzində keçirilmiş
"Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələrinin
nəticələri geniş təhlil olundu, 2011-2012-ci tədris
ilində keçiriləcək növbəti müsabiqələrə
hazırlıqla bağlı müzakirələr
aparıldı.
Yığıncağı təhsil
naziri, Təşkilat Komitəsinin sədri Misir Mərdanov
açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında"
2007-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən
artıq 4 ildir ölkədə "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri
keçirilir. Təhsil nazirinin əmri ilə
yaradılmış Təşkilat Komitəsi bu müddət ərzində
ona həvalə olunmuş missiyanı şərtlərlə
yerinə yetirməyə çalışmışdır.
Sonra təhsil naziri yığıncaqda
"2008-2011-ci illərdə "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrinin nəticələri haqqında"
geniş təqdimat etdi. Nazir diqqəti öncə müsabiqənin
keçirilməsi üçün hüquqi əsaslara cəlb
edərək bu işin Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin "Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında"
2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamı
ilə başlandığını bildirdi. Qeyd etdi ki, sərəncamın
icrası ilə əlaqədar Təhsil Nazirliyində bir
sıra təşkilati tədbirlər həyata
keçirilmiş, qısa müddət ərzində "Ən
yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin
keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə
verilmiş mükafatın istifadə istiqamətləri, "Ən
yaxşı müəllim müsabiqəsinin keçirilməsi
Qaydaları" hazırlanaraq cənab Prezidentin 2008-ci il 25
fevral tarixli 714 nömrəli Fərmanı ilə təsdiq
olunmuşdur. Müsabiqələrin mütəşəkkil
keçirilməsi və kollegial qərarların qəbul
olunmasını təmin etmək məqsədi ilə 2008,
2010 və 2011-ci illərdə nazirlik üzrə müvafiq əmrlərlə
ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat
Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin
tərkibi 2008-2009-cu illərdə 25 nəfər, 2010-cu ildə
26 nəfər, 2011-ci ildə isə 28 nəfər müəyyənləşdirilmişdir.
Müsabiqələrə təqdim olunmuş sənədlərin
təhlili və göstəricilərin qiymətləndirilməsi
üçün hər il nazirliyin əməkdaşlarından
ibarət ekspert qrupları yaradılır.
Müsabiqələrin mərhələləri və qiymətləndirilməsi
haqqında söz açan nazir müsabiqələrin
gedişi ilə bağlı bəzi rəqəmləri diqqətə
çatdırdı. Qeyd olundu ki, "Ən yaxşı
ümumtəhsil məktəbi" üzrə müsabiqədə
2008-ci ildə 126, 2009-cu ildə 139, 2010-cu ildə 113 və
2011-ci ildə 145 olmaqla cəmi 533 məktəb sənəd
vermiş, onlardan II tura keçənlərin sayı
müvafiq şəkildə 102, 105, 94, 108 olmaqla yekunda 409 təşkil
etmişdir. Təhsil naziri müsabiqədə iştirak etmək
istəyən məktəblərin sayının daha çox
olmasını arzu etdiyini, bu halda seçimi daha yaxşı
aparmaq imkanı olduğunu bildirdi.
2008-2011-ci illərdə sənəd verməyən
və ən az sənəd verən rayonların
adlarının əks olunduğu cədvəl
yığıncaq iştirakçılarına təqdim
olundu. Cədvəldən aydın oldu ki, Naftalan, Daşkəsən
və Gədəbəy rayonlarından indiyədək
heç bir məktəb
müsabiqəyə sənəd verməyib. Lerik rayonundan 1,
Oğuz, Qobustan, Tərtər rayonlarının hərəsindən
2 məktəb sənəd verib. Nazir bunu təəssüfləndirici
hal saydı.
Daha sonra
məktəbləri II tura keçə
bilməyən rayonların adları açıqlandı. Məlum
oldu ki, 4 il ərzində Lerik, Astara, Siyəzən rayonlarının hər
birindən 3 məktəb, Ağsu rayonundan isə 13 məktəb müsabiqəyə
sənəd versə də onların heç
biri
II tura keçə bilməyib. Goranboy, Samux, Şabran, Xaçmaz, Göygöl rayonlarının isə hərəsindən
1 məktəb II tura keçib.
Nazir bu
göstəricilərin digər rayonlara
nisbətən əhalisinin, eyni zamanda da məktəblərinin
sayı çox olan Goranboy, Xaçmaz kimi rayonlar üçün
çox aşağı olmasını ciddi nöqsan saydı.
Sonra təqdimatda müsabiqələrdə
daha çox məktəbi II tura keçən rayon və
şəhərlərin adlarını əks etdirən cədvəl
nümayiş olundu. Cədvəldən aydın oldu ki,
2008-2011-ci illərdə Bakı şəhərindən
müsabiqəyə 171 məktəb
sənəd vermiş, onlardan 157-si II tura keçmişdir.
Quba rayonu üzrə sənəd vermiş 15 məktəbdən
15-i, İsmayıllı rayonu üzrə 14 məktəbdən
14-ü, Şirvan şəhərindən 14 məktəbdən
14-ü müsabiqənin II turuna vəsiqə
qazanmışdır.
Sumqayıt şəhəri, nazirliyin
tabeliyindəki ümumtəhsil müəssisələri,
Ağdaş, Tovuz, Yevlax, Ucar, Gəncə, Masallı və bir
sıra digər rayon və şəhərlər üzrə
də həmin göstəricinin qənaətbəxş
olduğu qeyd edildi. Nazir İsmayıllı, Ucar rayonları və
Şirvan şəhəri üzrə göstəricilərin
yüksək olmasını, onun fikrincə, həmin bölgələrin
pilot rayonlar olaraq seçilməsi və bu çərçivədə
aparılan işlərlə əlaqədar olduğunu söylədi.
Təqdimatda 2008-2011-ci illərdə IX və
XI siniflər üzrə sınaq imtahanında şagirdləri
zəif nəticə göstərən məktəblər də
diqqətə çatdırıldı, onların keyfiyyət
faizinin çox aşağı olması qeyd edildi. Eyni zamanda
şagirdləri sınaq imtahanında yüksək nəticələr
göstərən məktəblərin adları
açıqlandı. Məlum oldu ki, Bakıdakı 6 nömrəli
məktəb-lisey yüksək keyfiyyət faizi ilə (85%) belə
məktəblərin siyahısına başçılıq
edir. Zaqataladakı humanitar fənlər gimnaziyasının
(84,6%), Sumqayıtdakı təbiət elmləri təmayüllü
gimnaziyanın (84,1%), Bakıdakı 160 nömrəli "Klassik"
gimnaziyanın (80,1%) göstəricilərinin də yüksək
olması təqdir edildi.
Daha sonra 2008-2011-ci illərdə təqdimatları
Təşkilat Komitəsi tərəfindən aşağı
və yüksək balla qiymətləndirilən məktəblər
və onların aldıqları ballar haqqında məlumat
verildi. Bakı məktəbləri ilə yanaşı
İsmayıllı rayonunun 3 məktəbinin də ən
yüksək bal toplayan təhsil müəssisələrinin
ilk onluğuna düşməsi xüsusi qeyd olundu.
Təhsil
naziri təqdimatında 2008-2011-ci illərdə
iştirakçı məktəblərindən qalib olmayan rayonlar
haqqında məlumat verərək 15 rayondan
indiyədək heç bir
məktəbin müsabiqə qalibi
olmadığını qeyd etdi, bunu çox
pis hal
saydığını bildirdi. Daha sonra qalib
məktəbləri ən çox olan rayon və şəhərlərin
adlarını əks etdirən cədvəl nümayiş
olundu. Aydın oldu ki, bu sırada da öncül yerləri
Bakı, Sumqayıt, Şirvan şəhərləri,
İsmayıllı, Tovuz, Bərdə, Qax, Zaqatala, Salyan rayonları tutur.
Müsabiqədə ən çox bal toplayan məktəblərin
sırasına isə 28,5 balla
Bakıdakı 6 nömrəli məktəb-lisey
başçılıq edir. Bu göstəriciyə
görə ilk 20 məktəb
sırasına Bakı şəhərinin ümumtəhsil
müəssisələri ilə yanaşı bölgələrdən
də xeyli məktəbin olması, o cümlədən İsmayıllı şəhər
1 nömrəli tam orta
məktəbin 27,84 balla ikinci
nəticə göstərməsi müsbət hal kimi dəyərləndirildi.
Müsabiqədə
ən aşağı bal toplayan
məktəblərin adları da
yığıncaq iştirakçılarına təqdim olundu, onların müsabiqədən keçmədiyi
bildirildi.
Sonra təqdimatda "Ən
yaxşı müəllim" müsabiqəsi üzrə
2008-2011-ci illərin göstəriciləri təhlil olundu. Qeyd edildi ki,
2008-ci ildə 393, 2009-cu ildə 446, 2010-cu ildə 451 və
2011-ci ildə 415 nəfər olmaqla cəmi
1705 müəllim müsabiqədə iştirak
üçün sənəd vermiş, onlardan orta hesabla təxminən
50 faizi, yəni 845-i II mərhələyə
keçmişdir. Nazir
müəllimlərin sayında artım olduğunu
qeyd etdi. Nümayiş olunan cədvəllərdən
aydın oldu ki, Naftalan, Kəlbəcər, Xocavənd
rayonlarından heç bir
müəllim 4 il ərzində müsabiqəyə
sənəd verməyib, bir sıra rayonlar üzrə isə belələrinin
sayı minimum - 1-2 nəfər təşkil
edir. 5 rayondan isə sənəd
verənlərin heç biri
II tura keçə bilməyib. Müəllimləri
II tura ən az
keçən rayonların adları açıqlandı və
məlum oldu ki, Ağstafa, Ağdaş,
Balakən rayonlarının hər birindən 10-12
iştirakçı olsa da,
hərəsindən 1 müəllim II tura
keçə bilib.
Bu müsabiqə üzrə
daha çox müəllimi
II tura keçən və qalib
olan, iştirakçı müəllimlərindən
qalib olmayan şəhər
və rayonların, müsabiqədə ən az
və ən yüksək bal toplayan, dərsdə aşağı, təqdimatda
isə yuxarı və əksinə, təqdimatda
aşağı, dərsdə isə yuxarı balla
qiymətləndirilən
müəllimlərin sayını, iştirakçı
müəllimlərin fənlər üzrə
paylanmasını əks etdirən cədvəllər
yığıncaq iştirakçılarına təqdim edildi, müvafiq müqayisə
və təhlillər aparıldı.
Daha sonra
təhsil naziri Misir Mərdanov
təqdimatında Təşkilat Komitəsinin tərkibində,
müsabiqələrin şərtlərində edilmiş dəyişikliklərlə
yığıncaq iştirakçılarını
tanış etdi. Bildirdi ki,
2011-ci ildə Təşkilat Komitəsinin tərkibinə nazir müavini Qulu Novruzov, şöbə
müdirləri Həbib Zərbəliyev, İsmayıl
Sadıqov, Xəyyam Fərəcov daxil
edilmişlər. "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin şərtlərindən "Məktəb
direktoru və məktəb həmkarlar
təşkilatının sədri müsabiqədə
iştirak üçün
Təşkilat Komitəsinə birbaşa da müraciət edə bilər" qeydi çıxarılmış, müsabiqədə
iştirak etmək üçün
müəyyən edilmiş şərtlərin
yerinə yetirilməsi barədə məlumata "Son üç ildə məktəbin
XI sinif məzunlarının
sayı" bəndi əlavə edilmiş,
"Rayon (şəhər) miqyasında məktəbin
qabaqcıl iş təcrübəsinin
öyrənilib yayılması" ilə bağlı şərtə
görə 10 il məhdudiyyəti qoyulmuşdur. Nazir habelə
"Ən yaxşı müəllim" müsabiqəsində
iştirak üçün
müəyyən edilmiş şərtlərdə
də bəzi dəyişikliklər edildiyini
söyləyərək həmin dəyişikliklərin məzmunu
ilə yığıncaq iştirakçılarını
tanış etdi.
Yığıncaqda
müsabiqələrin şərtlərində təklif edilmiş dəyişikliklərlə
bağlı müzakirələr oldu. Təşkilat Komitəsinin üzvləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım
Şurasının üzvü,
AMEA-nın müxbir üzvü
Vaqif Abbasov, Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş
şöbəsinin müdiri Ağababa İbrahimov,
İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə,
Dərslikləri Qiymətləndirmə
Şurasının sədri Elmina
Kazımzadə, Britaniya
Şurasının proqram direktoru
Gülşən Hüseynova, Milli Valideyn-Müəllim Assosiasiyasının
icraçı direktoru Təranə Şərifova
və başqaları söz alaraq müsabiqənin şərtlərinə,
göstəricilərin qiymətləndirilməsinə təklif
olunan dəyişikliklərə
münasibətlərini bildirdilər, bir
sıra təkliflər irəli sürdülər.
Yığıncaqda
daha çox
müzakirəyə səbəb olan
müsabiqə iştirakçıları məktəblərin
rəhbərlərinin və müəllimlərin təqdimatları
çərçivəsinin hazırlanıb təqdim
olunması və müzakirə edilməsi məqsədyönlü
sayıldı.
Yusif
ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.3.