"Ən yaxşı
ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim"
müsabiqələrinin 2009-cu il üzrə qalibləri
haqqında kitab çapdan çıxıb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında"
2007-ci il 4 sentyabr tarixli Sərəncamına əsasən
2008-ci ildən başlayaraq təhsil tariximizdə ilk dəfə
ölkəmizdə "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələri
keçirilir. 4 müsabiqə artıq arxada qalmış, hər
birində 100 müəllim və 50 məktəb olmaqla 400
müsabiqə qalibi müəllimə və 200 müsabiqə
qalibi ümumtəhsil müəssisəsinə Prezident sərəncamları
ilə müvafiq olaraq 5000 və 10000 manat birdəfəlik pul
mükafatları verilmişdir.
Müsabiqələri keçirmək
üçün Təhsil Nazirliyinin əmri ilə yaradılmış
Təşkilat Komitəsinin sədri, təhsil naziri Misir Mərdanovun
təşəbbüsü ilə müsabiqə qalibləri
haqqında kitabların çap olunması
planlaşdırılmışdır. Bu silsilədən
2008-ci il müsabiqələrinin nəticələrinə həsr
olunmuş "İlk 50 ən yaxşı məktəb, 100 ən
yaxşı müəllim" adlı ilk kitab 2009-cu ildə
çapdan çıxmışdır. Bu günlərdə
isə 2009-cu il üzrə müsabiqələrin nəticələrinə
dair kitab işıq üzü görmüşdür.
"Şərq-Qərb" nəşriyyatında
nəfis tərtibatla, yüksək poliqrafik keyfiyyətlə
çap olunmuş kitab "Ən yaxşı müəllim, Ən
yaxşı məktəb. 2009" adlanır. Azərbaycan
Respublikasının təhsil naziri, əməkdar elm xadimi,
professor Misir Mərdanovun rəhbərliyi ilə hazırlanmış kitabın
tərtibçiləri Təhsil Nazirliyinin
əməkdaşları Billurə Hacızadə və
Bəşarət Məmmədov, redaktoru isə siyasi elmlər
üzrə fəlsəfə doktoru, Təhsil Nazirliyinin
İctimaiyyətlə əlaqə şöbəsinin müdiri
Bayram Hüseynzadədir.
Kitabda 2008-2009-cu tədris ili üzrə
keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi"
və "Ən yaxşı müəllim" müsabiqələrinə
dair normativ qaydalar, Təhsil Nazirliyinin müvafiq əmrləri,
Təşkilat Komitəsinin qiymətləndirmə sənədləri
öz əksini tapıb. Burada habelə müsabiqə qalibi
olan 100 müəllimin fəaliyyəti, qazandıqları
uğurlar və 50 ən yaxşı ümumtəhsil məktəbi
haqqında ətraflı məlumat verilib.
564
səhifəlik sanballı nəşrin ilk
səhifələrində ulu öndərimiz
Heydər Əliyevin və Azərbaycan Prezidenti
cənab İlham Əliyevin müəllim
haqqında qiymətli fikirlərindən nümunələr və
təhsilə göstərdikləri qayğını əks
etdirən fotoşəkillər yer
alıb.
Azərbaycan
Respublikasının təhsil naziri, əməkdar
elm xadimi, professor Misir Mərdanovun kitaba yazdığı "Ön
söz"də cəmiyyətdə müəllimin rolu, müxtəlif dövrlərdə məşhur
tarixi şəxsiyyətlərin, dövlət
xadimlərinin, sərkərdələrin müəllimə
verdikləri qiymət və müəllim haqqında
dedikləri müdrik kəlamlar, son illər təhsilimizdə aparılan islahatlar və onların sayəsində təhsil
sahəsində əldə olunmuş uğurlar, təhsilimizə dövlət
qayğısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında
təhsil sahəsində görülmüş
işlər, xüsusən də təhsilin
inkişafı naminə qəbul olunmuş
proqramlar və onların həyata
keçirilməsi, qazanılan nailiyyətlər öz əksini tapmışdır.
"Ön söz"də haqlı olaraq qeyd edilir
ki, Təhsil Nazirliyi bu müsabiqələrin keçirilməsinə
böyük məsuliyyətlə
yanaşır, müsabiqəyə sənəd vermiş hər bir müəllimin,
məktəbin fəaliyyətinin obyektiv
qiymətləndirilməsinə səy göstərir.
Kitabda Azərbaycan Prezidentinin 2008-2009-cu tədris ilində keçirilmiş hər iki
müsabiqənin qaliblərinin mükafatlandırılması
haqqında sərəncamları da ön səhifələrdə oxuculara
təqdim olunub. Sərəncamlardan
sonra ardıcıl şəkildə "Ən
yaxşı müəllim", "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqələrinin
qalibləri haqqında materiallar verilmiş, bunlardan sonra isə müsabiqələrə dair sənədlər, müsabiqənin II mərhələsini
qiymətləndirmə sənədləri və s. təqdim olunmuşdur.
Kitabda müsabiqənin müxtəlif
anlarını əks etdirən çoxlu
sayda fotoşəkillərin verilməsi onun əyaniliyini daha da artırır.
Kitab Azərbaycanın təhsil
tarixi ilə maraqlananlar,
orta məktəb müəllimləri,
bütövlükdə təhsil işçiləri üçün nəzərdə tutulmuşdur.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.3.