Təhsilin bəzi aktual problemləri ilə bağlı yerinə
yetiriləcək
tədqiqat mövzuları müzakirə olunub
Oktyabrın 11-də Təhsil
Nazirliyində nazirliyin
sifarişi əsasında Təhsil Problemləri İnstitutunda
2011-2012-ci tədris ilində yerinə yetiriləcək tədqiqat
mövzularının müzakirəsinə həsr olunmuş
iclas keçirildi.
Təhsil Nazirliyinin şöbə
müdirləri və Təhsil Problemləri İnstitutunun rəhbər
işçilərinin iştirak etdiyi iclası təhsil naziri
Misir Mərdanov açaraq təhsil sahəsində müxtəlif
mövzular üzrə tədqiqatların aparılmasının
zəruriliyini diqqətə çatdırdı.
Nazir məlumat verdi ki, bu zərurət,
habelə Təhsil Nazirliyinin müvafiq şöbələrinin
və Dünya Bankının təhsil üzrə beynəlxalq
məsləhətçilərinin tövsiyələri nəzərə
alınaraq Təhsil Problemləri İnstitutunda 2011-2012-ci tədris
ilində tədqiqat aparılacaq mövzuların
siyahısı hazırlanıb və nazirliyə təqdim
olunmuşdur. İclas iştirakçılarına paylanan həmin
siyahıda aşağıdakı mövzular nəzərdə
tutulmuşdur:
- Ümumi təhsildə şagird nailiyyətlərinin
qiymətləndirilməsi (buraxılış imtahanları,
ali və orta ixtisas təhsilinə qəbul imtahanları, milli
qiymətləndirmə və TIMSS, PIRLS beynəlxalq qiymətləndirmə
proqramları) nəticələrinin tədqiqi.
- İbtidai təhsildə bütün fənlərin
bir müəllim tərəfindən tədrisi
mümkünlüyünün tədqiqi.
- İbtidai siniflərdə fənn
kurikulumlarının tətbiqi nəticələrinin tədqiqi.
- İcbari təhsilə uşaqların
müsabiqə (test) əsasında qəbulu problemlərinin tədqiqi.
- Beşyaşlıların məktəb
təliminə hazırlığının təşkili məsələlərinin
tədqiqi.
- Azərbaycanın regionlarında
qızların ümumi təhsilə cəlbində mövcud
olan problemlərin tədqiqi.
Ümumi təhsil müəssisələrində
təlim yükünün və onun nizamlanması
yollarının tədqiqi.
- Ümumi təhsildə fənn
kurikulumlarının, qiymətləndirmə
standartlarının təkmilləşdirilməsi və
onların "Ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılması Qaydaları" əsasında
tətbiqi məsələlərinin tədqiqi.
- Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010) çərçivəsində
həyata keçirilmiş tədbirlərin nəticələrinin
qiymətləndirilməsi.
- İlkin peşə-ixtisas təhsili
sahəsində islahatlar və peşələr üzrə təhsil
proqramlarının (kurikumlarının) hazırlanması və
tətbiqi məsələlərinin tədqiqi.
- İlkin müəllim
hazırlığı proqramlarının tədqiqi və yeniləşdirilməsi
yolları.
Həmin mövzuları müzakirə
etmək üçün
yığışdıqlarını söyləyən nazir
yığıncaq iştirakçılarına mövzularla
bağlı öz fikirlərini bildirmələrini təklif
etdi.
Öncə Təhsil Problemləri
İnstitutunun direktoru, professor Abdulla Mehrabov söz alaraq
müzakirənin təşkili üçün nazirə minnətdarlığını
bildirdi və mövzular haqqında qısa məlumat verdi. Qeyd
etdi ki, Təhsil Nazirliyinin sifarişi ilə aparılacaq tədqiqat
mövzuları müəyyənləşdirilərkən əsasən
tətbiqi xarakterli mövzulara üstünlük verilmişdir.
Müəyyənləşdirilmiş mövzular institutun
şöbələrində və ümumi
yığıncağında müzakirə edildikdən sonra
Təhsil Nazirliyinə təqdim olunmuşdur. Mövzuların əsasən
ümumi təhsilin bəzi aktual problemlərini əhatə
etdiyini deyən A.Mehrabov onların bir çoxunun institutun fəaliyyət
planında öz əksini tapdığını,
ayrı-ayrı mövzuların tədqiqi ilə bağlı
konkret layihələrin hazırlandığını, həmin
layihələrdə icraçılardan tutmuş icra müddətlərinədək
bütün məsələlərin nəzərə
alındığını bildirdi.
Sonra təklif olunan mövzular ətrafında
müzakirələr aparıldı. Təhsil Nazirliyinin
şöbə müdirləri Aydın Əhmədov, Fərzəli
Qədirov, Namiq Məmmədov, Bayram Hüseynzadə və b.
ayrı-ayrı mövzular haqqında öz fikir və
mülahizələrini bildirdilər, təkliflər irəli
sürdülər.
Təhsil Problemləri İnstitutunun
direktoru Abdulla Mehrabov, direktor müavini, Kurikulum Mərkəzinin
direktoru Ənvər Abbasov, elmi katibi Akif Abbasov, şöbə
müdiri Elxan Bəylərov, TSİL-in əlaqələndirmə
qrupunun rəhbəri Elvin Rüstəmov bəzi mövzularla
bağlı sual və mübahisə doğuran məsələlərə
aydınlıq gətirdilər, təhsil nazirinin və digər
iştirakçıların suallarını
cavablandırdılar.
Müzakirəni yekunlaşdıran təhsil
naziri Misir Mərdanov müzakirəni faydalı
saydığını, təqdim olunan mövzuların aktual
olduğunu, lakin hazırda təhsil sahəsində aparılan
işlərin heç də hamısını əhatə
etmədiyini bildirdi və bu baxımdan tədqiqat aparılan
mövzuların siyahısına hazırda ibtidai siniflərdə
tətbiq olunan dərsliklərin, yeni təlim
texnologiyalarının və İKT-nin tətbiqi ilə
bağlı mövzuların daxil edilməsini,
mövzuların müsabiqə əsasında
yazılmasını təklif etdi.
İclasda təkliflər və əlavələr
nəzərə alınmaqla tədqiqat mövzularına yenidən
baxılması, hər mövzu üzrə tədqiqat aparan
şəxslər müəyyənləşdirilməklə
bir qədər geniş məzmunda plan hazırlanması, Təhsil
Nazirliyində hər layihə rəhbərinin 15 dəqiqəlik
təqdimatı dinlənildikdən sonra mövzuların və
layihələrin təsdiq olunması qərara alındı.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.4.