"Çağ" Öyrətim şirkəti "Təhsilimizin ulduzları - 2011" mərasimi keçirdi

 

 Ölkəmizdəki fəaliyyətinin 20 illiyini qeyd etməyə hazırlaşan Türkiyənin "Çağ" Öyrətim şirkəti tabeliyindəki təhsil müəssisələrinin beynəlxalq və respublika fənn olimpiadalarında, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş məzunları üçün hər il "Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi" devizi altında ənənəvi mükafatlandırma mərasimi təşkil edir. Bu ilin qalibləri və qəbulda fərqlənənləri üçün "Təhsilimizin ulduzları - 2011" adlı növbəti belə mərasim oktyabrın 8-də Qafqaz Universitetində keçirildi.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, KİV təmsilçiləri iştirak edirdilər.

Proqram hər iki ölkənin dövlət himnlərinin ifası ilə başlandı.

Sonra şirkətin təhsil müəssisələrinin şagird və məzunlarının 2011-ci ildə beynəlxalq olimpiadalarda, ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri yüksək uğurlardan bəhs edən qısametrajlı film nümayiş olundu.

Mərasimdə təbrik sözü söyləyən "Çağ" Öyrətim şirkətinin prezidenti Ənvər Özərən builki təltifetmə mərasiminin iki böyük tarixi hadisə ilə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının və şirkətlərinin ölkəmizdəki fəaliyyətinin 20 illiyi ilə əlamətdar olduğunu vurğuladı.

Ənvər bəy bildirdi ki, ölkəmizdəki fəaliyyətinə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə başlayan "Çağ" Öyrətim şirkəti, onun təhsil müəssisələri həmişə etimada sədaqət göstərmiş, Azərbaycan balalarına keyfiyyətli təhsil vermək, yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün bütün imkanlarından istifadə etmişlər və indibu yolda qətiyyətlə çalışmaqdadırlar. Ə.Özərən fəaliyyətlərinin Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını, "Çağ" Öyrətim şirkətinə və onun təhsil müəssisələrinə dövlətimiz, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həmişə yüksək qiymət verildiyinidaim dəstək göstərildiyini qeyd edib, bu diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi.

Ə.Özərən möhtərəm Prezidentimizin neft kapitalını insan kapitalına çevirməyin vacibliyi haqqında irəli sürdüyü konseptual ideyanın həyata keçirilməsinə rəhbərlik etdiyi qurumun təhsil müəssisələrinin bundan sonra da öz töhfələrini verəcəklərinə iclas iştirakçılarını əmin etdi və keçirilən tədbirin şagirdlərin, tələbələrin stimullaşdırılmasında mühüm rol oynadığını söylədi.

Sonra mükafatların təqdim olunması mərasimi başlandı. Öncə Hollandiyada keçirilmiş 52-ci Beynəlxalq  Riyaziyyat Olimpiadasında, Qazaxıstanda keçirilmiş VII Beynəlxalq Jautikov Riyaziyyat Olimpiadasında, Rumıniyada keçirilmiş 28-ci Beynəlxalq Riyaziyyat Balkan Olimpiadasında, Tayvanda keçirilmiş 23-cü Beynəlxalq İnformatika Olimpiadasında, Nigeriyada keçirilmiş VII Beynəlxalq Təbiət Elmləri Olimpiadasında, habelə Kiprdə, Gürcüstanda, ABŞ-da, Türkiyədə, Rumıniyada və ölkəmizdə keçirilmiş digər beynəlxalq səviyyəli bilik yarışlarında, layihə olimpiadalarında gümüşbürünc medallara layiq görülmüş şagirdlər səhnəyə dəvət olunaraq mükafatlandırıldılar. Daha sonra ali məktəblərə builki qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış gənclərə pul mükafatları və fəxri fərmanlar təqdim edildi.

Mərasimdə Qafqaz Universitetinin müxtəlif müsabiqələrdə, layihə yarışlarında, idman turnirlərində fərqlənən tələbələri də mükafatlandırıldılar.

Mükafatları qaliblərə və fərqlənənlərə təqdim edən təhsil nazirinin müavini Qulu Novruzov, "Çağ" Öyrətim şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, millət vəkilləri Çingiz Qənizadə, Aydın Mirzəzadə, Flora Kazımova və başqaları olimpiada qaliblərini və yüksək bal toplayan tələbələri təbrik etdilər. Təbrik çıxışı söyləyənlər ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən qayğıya, gənclərin ölkənin ali məktəblərində və dünyanın ən nüfuzlu universitetlərində oxuya bilməsi üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq etdilər.

"Çağ" Öyrətim şirkətinin ölkəmizdəki fəaliyyəti yüksək qiymətləndirilərək, onun tədris müəssisələrinin təhsil sistemimizə bir sıra yeniliklər gətirdiyi, Azərbaycan təhsil məkanında rəqabət mühiti yaratdığı, ölkəmizin təhsil müəssisələrində istedadlı və bacarıqlı gənc nəslin yetişdirildiyi qeyd edildi.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.5.