Təhsil
Nazirliyində görüş
Oktyabrın 12-də təhsil naziri Misir
Mərdanov Koreya Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha və
KAİST Universitetinin Planlaşdırma və idarəetmə
departamentinin direktoru Konq Pak ilə görüşüb.
Qonaqları
səmimi salamlayan Misir Mərdanov Azərbaycanla Koreyanın son
illər inkişaf edən əlaqələrindən, təhsil
sahəsində əməkdaşlığın əsas
istiqamətlərindən söz açıb, iki ölkə
arasında bu sahə üzrə müxtəlif sənədlər
imzalandığını qeyd edib. Azərbaycanla Koreya
arasında tələbə mübadiləsinin
aparıldığına diqqət çəkən nazir əlavə
edib ki, 16 azərbaycanlı gənc KAİST Universitetində təhsil
alır. Mövcud əməkdaşlığın son hədd
olmadığını söyləyən təhsil naziri Azərbaycanda
da KAİST tipli ali məktəbin yaradılacağına
ümidvar olduğunu söyləyib.
KAİST Universitetinin Planlaşdırma və
idarəetmə departamentinin direktoru Konq Pak səmimi qəbul
üçün təhsil naziri Misir Mərdanova minnətdarlıq
edib. Azərbaycanın sürətli inkişafının
bütün sahələrdə özünü büruzə
verdiyini bildirən qonaq KAİST Universitetində oxuyan azərbaycanlı
tələbələrin təhsillərini uğurla davam
etdirdiklərini vurğulayıb. KAİST Universitetinin rəhbərliyinin
qarşılıqlı əlaqələrin inkişafında
maraqlı olduğunu nəzərə çatdıran Konq Pak
bundan sonra da təmsil etdiyi ali məktəbdə azərbaycanlı
tələbələrin oxuması üçün köməklik
göstəriləcəyinə inandığını
bildirib.
Dünyanın ən yaxşı 100 ali
məktəbi arasında KAİST Universitetinin layiqli yer
tutduğunu söyləyən təhsil naziri Misir Mərdanov
bunu yüksək nailiyyət kimi dəyərləndirib. Nazir
azərbaycanlı tələbələrin belə yüksək
reytinqli ali məktəbdə təhsil almasından məmnunluğunu
ifadə edib, ölkələrimiz arasındakı əlaqələrin
inkişafında səfir Li Ci Hanın mühüm rolu
olduğunu vurğulayıb.
Daha
sonra mövcud istiqamətlər üzrə əməkdaşlığın
gələcəkdə də davam etdirilməsi imkanları
müzakirə olunub.
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.4.