YUNESKO Baş
direktorunun müavini
Təhsil Nazirliyində olub
Oktyabrın 11-də təhsil naziri Misir
Mərdanov YUNESKO Baş direktorunun kommunikasiya və informasiya
üzrə müavini Yanis Karklinş və bu təşkilatın
Moskva nümayəndəliyinin rəhbəri Dendev Badarçla
görüşüb.
Qonaqları səmimi salamlayan təhsil
naziri Misir Mərdanov bildirib ki, YUNESKO Azərbaycan
Respublikası Təhsil Nazirliyinin ən yaxın tərəfdaşı
və geniş əlaqəsi olan bir təşkilatdır. Nazir
Azərbaycanın bu təşkilatla yüksək əlaqələrinin
qurulmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
böyük xidmətləri olduğunu diqqətə
çatdırıb. YUNESKO ilə əməkdaşlığın
əsasən 8 istiqamət üzrə
aparıldığını vurğulayan təhsil naziri bu
istiqamətlərin hər biri üzrə geniş məlumat
verib. Öncə YUNESKO-nun Assosiativ Məktəblər Layihəsi
üzrə Azərbaycanın 18 təhsil müəssisəsinin
dünyanın 35 ölkəsinin təhsil müəssisəsi
ilə əməkdaşlıq etdiyindən söz açan
nazir hazırda bu təşkilatla əməkdaşlıq
çərçivəsində ölkəmizin 2 ali təhsil
müəssisəsində YUNESKO kafedralarının
açıldığını deyib.
YUNESKO-nun ən irimiqyaslı layihələrindən
biri olan "Təhsil hamı üçün"
Proqramında Azərbaycanın fəal iştirak etdiyini
vurğulayan Misir Mərdanov ölkəmizin 1998-ci ildən
qoşulduğu həmin proqramın səmərəli şəkildə
həyata keçirildiyini diqqətə çatdırıb.
Eyni zamanda nazir YUNESKO-nun ekspert və maliyyə dəstəyi
ilə "Təhsildə İslahatlara Yardım Mərkəzi"
qeyri-hökumət təşkilatının
yaradıldığını və inklüziv təhsil
üzrə layihə həyata keçirildiyini bildirib.
Daha sonra nazir 2005-ci ildə Bakıda
"YUNESKO-Azərbaycan: gələcəyə
körpü" mövzusunda beynəlxalq konfrans
keçirildiyini, həmin konfransda təhsil sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalandığını nəzərə
çatdırıb. Misir Mərdanov, həmçinin 2008-ci
ilin mayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Bakıda YUNESKO-nun
Dünyada Savadlılığın Dəstəklənməsi
üzrə regional konfransının keçirildiyini və
dünyada tanınmış şəxslərin, təhsil
üzrə ekspertlərin bu tədbirə
qatıldığını vurğulayıb.
Misir Mərdanov əlavə edib ki,
hazırda Təhsil Nazirliyi və YUNESKO "Azərbaycanda
peşə təhsilinin inkişafı" layihəsini həyata
keçirir. Nazir layihənin əsas məqsədinin ilk
peşə-ixtisas təhsili üzrə müasir standartlara
cavab verən kurikulum, dərs vəsaitləri və dərsliklərin
hazırlanması olduğunu qeyd edib. Təhsil naziri qeyd olunan
tədbir və layihələrin Azərbaycanda uğurla həyata
keçirilməsində YUNESKO-nun Moskva nümayəndəliyinin
rəhbəri Dendev Badarçın,
eləcə də Azərbaycanın YUNESKO yanında daimi
nümayəndəsi Eleonora Hüseynovanın fəal və səmərəli
fəaliyyətinin mühüm rol oynadığını nəzərə
çatdırıb.
Görüşdə bir sıra təkliflərlə
çıxış edən nazir onu da bildirib ki, təhsil
sisteminin informasiyalaşdırılmasının ölkə
başçısının diqqətdə
saxladığı məsələlərdən biri
olduğunu nəzərə alaraq, ikitərəfli əməkdaşlıqda
İKT sahəsinə də geniş yer verilməlidir. Nazir bu baxımdan müəllimlərin
kompüter və informasiya texnologiyalarından istifadə
bacarıqlarının təkmilləşdirilməsi sahəsində
YUNESKO ilə birgə layihənin və Bakıda müvafiq
treninqlərin həyata keçirilməsinin, Azərbaycanın
təhsil sistemində İKT-nin tətbiqi üzrə YUNESKO tərəfindən
ekspert yardımı göstərilməsinin əhəmiyyətini
nəzərə çatdırıb.
Səmimi qəbul və görülmüş
işlər haqqında ətraflı məlumat verdiyi
üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirən Yanis Karklinş öncə təmsil olunduğu təşkilatda
üzərinə düşən vəzifə barədə məlumat
verib. YUNESKO-nun öz fəaliyyətində diqqət yetirdiyi
sahələrdən birinin informasiya və kommunikasiya
texnologiyaları olduğunu qeyd edən qonaq Azərbaycana bu sahədə
istənilən dəstəyi göstərməyə hazır
olduqlarını vurğulayıb. Yanis Karklinş müəllimlərin
İKT bacarıqlarının təkmilləşdirilməsini
başlıca məsələlərdən biri kimi dəyərləndirib
və bu təşkilatın qeyd olunan istiqamətdə
gördüyü işlərdən, həyata keçirdiyi və
nəzərdə tutduğu layihələrdən söz
açıb.
Görüşdə daha sonra
qarşılıqlı əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi
aparılıb.
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.4.