Qrant
Sazişi imzalandı
Oktyabrın 12-də Koreya
Respublikasının Xarici İşlər
və Ticarət Nazirliyi və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi
arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya
Sisteminin yaradılması üzrə Qrant Sazişinin imzalanması
mərasimi keçirildi.
Təhsil
Nazirliyində keçirilən mərasimi nazir
Misir Mərdanov açaraq
iştirakçıları salamladı. Son
illər Azərbaycanın beynəlxalq əlaqələrinin
müxtəlif istiqamətlərdə genişləndiyini qeyd edən təhsil naziri
bu amili ölkə Prezidenti cənab İlham Əliyevin
uğurlu xarici siyasətinin
təntənəsi
kimi dəyərləndirdi.
Azərbaycanla
Koreya arasında çox
sıx əməkdaşlıq əlaqələrinin
yaradılmasından, təhsil sahəsində görülən
işlərdən bəhs edən Misir Mərdanov
daha sonra imzalanacaq sənəd haqqında məlumat verərək
bildirdi ki, Qrant Sazişi üzrə
nəzərdə tutulan işlər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və Azərbaycan Texniki Universiteti tərəfindən
həyata keçiriləcək.
Nazir Misir
Mərdanov Azərbaycanla Koreya arasında
təhsil sahəsində əməkdaşlığın
inkişafında KOİCA-nın mühüm
rolu olduğunu qeyd etdi. Bildirdi ki, hər il bu təşkilat tərəfindən elan edilən müxtəlif növ
təqaüd proqramları Koreyada azərbaycanlı
mütəxəssis və tələbələrin təhsil
almasına geniş imkanlar
yaradır. Təhsil naziri bütün
bunlara görə qurumun
rəhbərliyinə, eləcə də üzvlərinə təşəkkürünü
bildirdi.
Verilən
məlumatdan aydın oldu ki,
layihənin əsas məqsədi informasiya-kommunikasiya
texnologiyalarından səmərəli istifadə etməklə
universitetin idarəetmə sisteminin
təkmilləşdirilməsidir. Təkmilləşdirmə
işlərinin universitetin idarəetmə
sistemində məhsuldarlığın və səmərəliliyin
artırılması, eləcə də akademik
şəbəkə texnologiyaları ilə
tanışlıq istiqamətində həyata keçirilməsi
nəzərdə tutulub.
2
milyon ABŞ dolları dəyərində
olan layihənin 3 il
müddətində başa
çatdırılacağını və bütün
xərclərin KOİCA tərəfindən ödəniləcəyini
deyən Misir Mərdanov layihədə bu təşkilatın Azərbaycan Texniki Universitetini zəruri
avadanlıqlarla təmin etməsi,
koreyalı mütəxəssislərin Azərbaycana ezam olunması, Azərbaycan Texniki
Univesitetinin işçi
və mühəndisləri üçün
Koreyada təlimlərin təşkili və
digər bu kimi mühüm məsələlərin əks olunduğunu diqqətə
çatdırdı.
Nazir
çıxışının sonunda
layihənin uğurla həyata keçiriləcəyinə
əminliyini ifadə etdi və bu dəstəyə görə Azərbaycan
hökuməti adından koreyalı qonaqlara
təşəkkürünü bildirdi.
Sonra
Koreya Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha
çıxış etdi. Koreya ilə Azərbaycanın
təhsil sahəsi üzrə birgə həyata keçirdiyi tədbirlərdən söz açan səfir iki ölkənin prezidentlərinin
qarşılıqlı səfərlərinin əməkdaşlıq
əlaqələrinin inkişafında mühüm
rol oynadığını
vurğuladı. KOİCA-nın məqsədlərindən, dünyanın 26 ölkəsi, o cümlədən keçmiş
sovetlər birliyinə daxil olan respublikalardan yalnız
Azərbaycan və Özbəkistanla əlaqələr
yaratdığından bəhs edən Li Ci Ha iki
ölkə universitetləri arasında birbaşa
əməkdaşlığın da mövcud olduğunu qeyd etdi. Səfir diqqətə
çatdırdı ki, hazırda 76 azərbaycanlı
gənc Koreyanın, 22 koreyalı isə Azərbaycanın ali məktəblərində təhsil
alır. Səfir layihənin həyata keçirilməsində
öz dəstəyini əsirgəməyəcəyini
vurğuladı.
Sonra imzalanma
mərasimi oldu. Sənədləri təhsil
naziri Misir Mərdanov
və Koreyanın ölkəmizdəki səfiri Li Ci Ha
imzaladılar.
Mərasimdə
Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin Azərbaycan ofisinin
rezident nümayəndəsi Kim Eun Suk
və Azərbaycan Texniki Universitetinin
rektoru Havar Məmmədov
iştirak edirdilər.
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.4.