"Şərq Tərəfdaşlığı" ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılması" mövzusunda beynəlxalq seminar

 

Oktyabrın 13-də "Hyatt Regency" otelində Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı  ilə  "Şərq Tərəfdaşlığı" ölkələrində müəllimlərin hazırlanması və ixtisasın artırılması" mövzusunda beynəlxalq seminar keçirildi. Seminarda  Təhsil,  Xarici İşlər nazirliklərinin nümayəndələri, Avropa Komissiyasının rəsmiləri, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin təmsilçiləri, ADPU, AMİ, BPKİYİ, habelə bir sıra digər təhsil qurumlarının rəhbər və nümayəndələri iştirak edirdilər.

Seminarı giriş sözü ilə  Avropa Komissiyası təşkilatının başçısı Jan Pakulski açaraq bildirdi ki, Şərq Tərəfdaşlığının 4-cü Platforması çərçivəsində təşkil olunan bu seminarda "Şərq Tərəfdaşlığı" ölkələri və Avropa Komissiyasının ekspertləri daxil olmaqla 70-ə  yaxın nümayəndə iştirak edir.

Təhsil naziri Misir Mərdanov seminarda iştirak edən qonaqları salamlayaraq  keçirilən tədbirin əhəmiyyəti haqqında  məlumat verdi. Qeyd etdi ki, bugünkü  seminarda "Şərq Tərəfdaşlığı" ölkələrində müəllimlərin hazırlanması və ixtisasının artırılmasına dair Avropa Komissiyasının keçirdiyi tədqiqatın nəticələri, eləcə də bu sahədə Avropa İttifaqının təcrübəsi təqdim ediləcək.  Tədbirin məqsədi də  "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələrdə müəllim hazırlığı və ixtisasının artırılması ilə bağlı mövcud məsələlərin müzakirəsi, bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi, gələcək perspektivlərin müəyyənləşdirilməsi və iştirakçıların bu mühüm mövzu ətrafında dialoqa cəlb edilməsidir.

Ali məktəblərdə müəllimlərin hazırlanması və ixtisasının artırılmasından  söz açan  nazir dedi ki, bu sahədə innovasiyaların bizim təhsilimizə gətirilməsi üçün əsası olan "Təhsilin əsasları" fənni, artıq bir neçə ali məktəbdə (ADPU, AMİ, GDU) tətbiq olunur. Bu zaman tələbələr yeni texnologiyaların tətbiqinə  nail olur və təlim zamanı elektron resurslardan istifadə edilir.

Seminarda Avropa Komissiyasının nümayəndəsi Helene Skikos və digər xarici qonaqlar da çıxış etdilər.

Seminar diskussiya şəklində başa çatdı.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.5.