Yaponiya hökumətinin proqramı çərçivəsində peşə təhsili ilə bağlı ilk layihə həyata keçiriləcək

   

Oktyabrın 13-də Təhsil Nazirliyində Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində "Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması" layihəsi ilə bağlı qrant müqaviləsinin imzalanması mərasimi keçirildi.

Tədbiri "Azərbaycan Gənc Maarifçilər" təşkilatının  sədri Ruhiyyə Aslanova açaraq təmsil etdiyi qurumun Təhsil Nazirliyi və Yaponiyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığından söz açdı. Təşkilatın sədri onlara göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə və Yaponiyanın ölkəmizdəki  səfirliyinə öz təşəkkürünü bildirdi.

Çıxış üçün söz alan təhsil naziri Misir Mərdanov Yaponiya hökumətinin Azərbaycanda artıq 10 ildən çoxdur ki, qrant layihələrin, proqramların həyata keçirdiyini bildirdi. Bu gün imzalanacaq qrant müqaviləsinin peşə təhsili ilə bağlı ilk həyata keçiriləcək layihə olduğunu söyləyən nazir onun hazırlanmasında əməyi keçən bütün şəxslərə minnətdarlıq etdi. Layihə barədə ətraflı məlumat verən təhsil naziri bildirdi ki, əsas məqsəd Bakıdakı 2 nömrəli peşə liseyində çilingər və dülgər kurslarında təhsil şəraitini yaxşılaşdırmaq üçün emalatxananı təmir edərək şagirdləri yaş qruplarına görə müvafiq avadanlıqlarla təmin etməkdir. Layihədən 140 şagird və 40 nəfərlik pedaqoji heyət faydalanacaq. Bütövlükdə "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı"nın əhəmiyyətinə toxunan nazir Misir Mərdanov adıçəkilən layihə də daxil olmaqla bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayının 147, ümumi dəyərinin isə 11 milyondan artıq ABŞ dolları təşkil etdiyini söylədi.

Yaponiya xalqının yüksək mədəni dəyərlərə malik olduğunu qeyd edən təhsil naziri ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırdı. Bildirildi ki, Azərbaycanın təhsil işçilərinin Yaponiyaya səfərinin təşkil olunması, həmin ölkənin təhsili ilə tanışlıq, əldə edilən təcrübənin  bizim təhsilimizə tətbiqi son nəticədə öz müsbət faydasını verə bilər.

Səfirliyin fəaliyyətindən razılıqla danışan nazir Misir Mərdanov çıxışının sonunda Yaponiya hökumətinin ölkəmizdə təhsillə bağlı həyata keçirdiyi  işləri yüksək qiymətləndirdi.

Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe ünvanlarına belə xoş sözlər söylədiyinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi. Azərbaycanın Yaponiya üçün dost ölkə sayıldığını deyən səfir ölkəmizlə iqtisadi, həmçinin təhsil sahəsində əməkdaşlığa hər zaman hazır olduqlarını qeyd etdi. Yaponiyanın peşə təhsili haqqında danışan cənab Şusuke Vatanabe orada peşə məktəblərini bitirən gənclərin hazırlıqlı mütəxəssislər kimi çalışdıqlarını söylədi.  Azərbaycanın da inkişaf etmiş bir ölkə olduğunu deyən  və burada yüksək ixtisaslı mütəxəssislər hazırlanmasının vacibliyinə toxunan səfir belə layihələrin həyata keçirilməsini dəstəklədiklərini bildirdi.

Sonra Yaponiyanın ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri cənab Şusuke Vatanabe  və "Azərbaycan Gənc Maarifçilər" təşkilatının sədri Ruhiyyə Aslanova Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində "Bakının 2 nömrəli peşə liseyində çilingər və dülgər kursları üzrə peşə təhsili şəraitinin yaxşılaşdırılması" layihəsi ilə bağlı qrant müqaviləsini imzaladılar.    

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.5.