Bakıda beynəlxalq konfrans keçirilir

  

Oktyabrın 12-də Bakıda  "İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AİCT)" mövzusunda 5-ci Beynəlxalq konfrans öz işinə başlamışdır.

Üç gün davam edəcək beynəlxalq konfrans Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Türkiyə İqtisadi Kalkınma Ajansı (TİKA) və Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (İEEE) texniki dəstəyi ilə təşkil olunmuşdur. Konfransa "Azercell" şirkəti və "Akkord" şirkətlər qrupu tərəfdaş sponsor, "Ericsson" şirkəti qızıl sponsor, "Microsoft", "Nurgün Motors", "Sinam" və "DNS computer" şirkətləri isə sponsor kimi dəstək vermişlər.

Konfransın Təşkilat Komitəsinin ünvanına dünyanın 31 ölkəsindən 250-dən çox məqalə və ya məruzə tezisi daxil olmuş, onlar kitab şəklində çap edilərək konfrans iştirakçılarına paylanmışdır.

5-ci Beynəlxalq "İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi" konfransının açılış mərasimi və ilk plenar iclası oktyabrın 12-də Qafqaz Universitetində oldu.

Konfransı açaraq, iştirakçıları salamlayan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç beynəlxalq tədbirə dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin, görkəmli elm və təhsil adamlarının gəldiyini bildirdi.  Həmin mövzuda silsilə konfransların tarixi haqqında qısa məlumat verən A.Saniç onun təşkilinə Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri İnstitutunun yaxından dəstək verdiyini qeyd etdi və institutun fəaliyyəti haqqında kiçik açıqlama verdi. O, konfransın əhəmiyyətini yüksək qiymələndirərək, onun əsas məqsədinin İKT-nin tətbiqi sahəsində dünyada baş verən yenilikləri paylaşmaq, bu sahədə çalışan alimlərin arasında canlı ünsiyyət yaratmaq, fikir və təcrübə mübadilələri aparmaq olduğunu vurğuladı və konfransın iş qaydası ilə iştirakçıları tanış etdi. 

Konfransda təbrik çıxışları edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev, Daşkənd İnformasiya Texnologiyaları Universitetinin rektoru Xakim Mukhitdinov, sponsor şirkətlərin təmsilçiləri bu nüfuzlu beynəlxalq elmi məclisin əhəmiyyətini qeyd edib, işinə uğurlar arzuladılar.

Konfransın açılışından sonra keçirilən ilk plenar iclasında professor Rasim Əliquliyevi, YUNESKO-nun Moskva ofisinin direktoru Dendev Badarçın, türkiyəli professor Adnan Yazicinin və b.-nın İKT-nin tətbiqinin müxtəlif aspektlərinə həsr olunmuş məruzələri dinlənildi. Sonra bölmə iclasları keçirildi.

Oktyabrın 13-də 5-ci beynəlxalq konfrans öz işini Bakı Dövlət Universitetində və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bölmə iclasları ilə davam etdirdi.

İki gün ərzində müxtəlif mövzuları əhatə edən 12 bölmədə 100-dən çox məruzə dinlənilərək müzakirə olundu.

Oktyabrın 14-də Qafqaz Universitetində konfransın bölmə iclasları və yekun plenar iclası keçiriləcək.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.7.