Tacikistanlı təhsil
işçiləri ölkəmizin qiymətləndirmə sahəsindəki təcrübəsini
öyrənirlər
Oktyabrın 7-də Təhsil Nazirliyində
Tacikistan Respublikası Prezident Aparatının Təhsil və
elm şöbəsinin müdiri Əbdülhəmid Nazimovun
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüş keçirildi. Qonaqları səmimi salamlayan təhsil
nazirinin müavini Qulu Novruzov onları Təhsil Nazirliyində
görməyindən məmnunluq hissi keçirdiyinin bildirdi.
Görüşün əsas məqsədinin Tacikistan
nümayəndə heyətinin ölkəmizin monitorinq, qiymətləndirmə
sahəsində təcrübəsini öyrənməsi, məktəbdaxili,
milli və beynəlxalq qiymətləndirmə ilə
bağlı həyata keçirilən tədbirlər
haqqında onların ətraflı məlumatlandırılması
olduğunu qeyd edən nazir müavini öncə Azərbaycanda
həyata keçirilən təhsil islahatlarından söz
açdı. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş təhsil siyasətinin ölkə
başçısı cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirildiyini xüsusi vurğuladı.
Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitlərin
ilbəil artdığını, müstəqillik illərində
təhsillə bağlı 16 Dövlət Proqramının həyata
keçirildiyini diqqətə çatdıran Qulu Novruzov
bunlar barədə danışdı.
Azərbaycan təhsilinin dünya təhsil
sisteminə inteqrasiyası istiqamətində görülən
işlərə toxunan nazir müavini Dünya Bankı ilə
birgə əməkdaşlıq çərçivəsində
həyata keçirilən tədbirlər haqqında məlumat
verdi. Qeyd olundu ki, Dünya Bankı ilə
qarşılıqlı əməkdaşlığın nəticəsi
olaraq Təhsil Nazirliyində 2004-cü ildən şagird
nailiyyətlərinin qiymətləndirilməsi adı
altında fəaliyyətə
başlayan şöbə bir müddətdən sonra
Monitorinq və qiymətləndirmə adlandırılıb.
Monitorinq və qiymətləndirmə şöbəsinin fəaliyyətindən,
gördüyü işlərdən bəhs edən Qulu
Novruzov artıq bu sahədə kifayət qədər təcrübənin
qazanıldığını, müvafiq istiqamətdə
qarşıya qoyulan vəzifələrin uğurla yerinə
yetirildiyini bildirdi.
Tacikistan Respublikası Prezident
Aparatının Təhsil və elm şöbəsinin müdiri Əbdülhəmid Nazimov
belə səmimi qarşılandıqlarına görə
nümayəndə heyəti adından azərbaycanlı həmkarlarına
minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan
bu gün, həqiqətən, inkişaf etmiş bir ölkədir.
Qonaq Azərbaycanı özü üçün doğma
ölkə hesab etdiyini deyərək, təhsil sahəsində
əməkdaşlığın inkişaf etdirilməsinin
mühüm əhəmiyyət kəsb etdiyini söylədi.
Səfər proqramı çərçivəsində
ölkəmizin bir neçə ali təhsil müəssisəsində
və Şəki şəhərində olduqlarını deyən
Əbdülhəmid Nazimov keçirilən digər
görüşlərdən də
razılığını ifadə etdi. Qonaq səfərin əsas məqsədinin
qeyd edildiyi kimi Azərbaycanın ali məktəblərə qəbul,
məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə
sahəsində əldə olunan təcrübə ilə
yaxından tanışlıq, bu işin öyrənilməsi
olduğunu bildirdi.
Sonra Təhsil Nazirliyinin Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri Təranə
Hacıyeva rəhbərlik etdiyi şöbənin fəaliyyət
istiqamətləri barədə geniş məlumat verdi. Təranə
Hacıyeva müasir təhsil sistemində yeni qiymətləndirmənin
önəmli yer tutduğunu söylədi. Qeyd edildi ki, qiymətləndirmə
olmadan təhsilin keyfiyyəti barədə fikir
yürüdülə bilməz. Onun məqsədi məlumat
toplamaqdır. Məhz həmin məlumatlar əsasında da
müəyyən nəticələrə gəlinir. Yeni qiymətləndirmə
sistemində şagird nailiyyətlərinə kompleks şəkildə
yanaşılır. Dünyada qəbul olunmuş və
artıq tətbiq edilən qiymətləndirmə sistemi 3
komponenti - məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni
əhatə edir.
Milli qiymətləndirmə ilə
bağlı fikirlərini söyləyən Təranə
Hacıyeva bildirdi ki, bu, statistik qiymətləndirmə deyil. Milli
qiymətləndirmə təhsili öyrənmək
üçün aparılan tədqiqatdır və onun məramı
ayrı-ayrı şagirdlərin imtahan nəticələrini
öyrənmək deyil, ümumilikdə təhsilə qiymət
verməkdir. Milli qiymətləndirmə təhsilə, məktəblərin
fəaliyyətinə qiymət verməklə yanaşı, həm
də təhsilə təsir edən amilləri öyrənir.
Milli qiymətləndirmədə əsas məqsəd ölkənin
təhsil sisteminin səviyyəsini öyrənmək və nəticələrdən
asılı olaraq təhsildə planlaşdırma və
proqnozlaşdırmanı müəyyənləşdirməkdir.
T.Hacıyeva ölkəmizdə 2009-cu ildə milli qiymətləndirmənin
ilkin mərhələsinin aparıldığını və
sonrakı illərdə də bunun davam etdirildiyini söyləyərək
həmin sahədə əldə olunan nəticələrdən
danışdı.
Görülən ilk işlərdən
birinin də məhz beynəlxalq qiymətləndirmə ilə
bağlı olduğunu deyən
çıxışçı daha sonra qonaqlara bu barədə ətraflı
məlumat verdi. Azərbaycanın PISA beynəlxalq
proqramında iştirakından söz
açan T.Hacıyeva bildirdi ki, adıçəkilən
proqram müxtəlif ölkələrin şagirdlərinin
oxu, riyaziyyat və təbiət
elmləri üzrə bilik və bacarıqlarının, eyni
zamanda onların müxtəlif tipli problemləri necə həlletmə
qabiliyyətlərinin qiymətləndirilməsini həyata
keçirmək məqsədi ilə aparılır. PISA beynəlxalq
proqramında şagirdlərimizin göstərdiyi nəticələrdən
danışan şöbə müdiri bununla bağlı ətraflı
şərh verdi. Qonaqlara verilən digər məlumatdan
aydın oldu ki, 2009-cu ildən başlayaraq Təhsil Nazirliyi
ölkənin ümumtəhsil müəssisələrində
kurikulum üzrə beynəlxalq qiymətləndirmənin həyata
keçirilməsini təmin etmək üçün TIMSS və
PIRLS beynəlxalq qiymətləndirmə proqramına
qoşulub. TIMSS və PIRLS beynəlxalq qiymətləndirilməsi
ibtidai siniflərdə aparılır. Şöbə
müdiri adıçəkilən qiymətləndirmə
proqramında iştirak edən şagirdlərimizin nəticələrinin
ürəkaçan olacağına ümidvar olduğunu dedi.
Çıxışında tam orta təhsil
(XI sinif) və ümumi orta təhsil (IX sinif) səviyyələri
üzrə mərkəzləşdirilmiş qaydada
buraxılış imtahanlarının keçirilməsindən
danışan Təranə Hacıyeva tacikistanlı təhsil
işçilərini bu formada aparılan imtahanlara
hazırlıq işləri, onların təşkili,
aparılma qaydaları, nəticələri,
bütövlükdə həmin sahədə əldə edilən
təcrübə ilə tanış etdi. Qeyd olundu ki, ümumtəhsil məktəblərində
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılması təhsilin keyfiyyətinin yüksəldilməsinə,
təhsilə münasibətdə şagird və müəllimlərin,
məktəb rəhbərlərinin, eləcə də
valideynlərin məsuliyyətinin artırılmasına,
obyektivlik və şəffaflığın təmin
olunmasına xidmət edir.
T.Hacıyeva onu da bildirdi ki, rəhbərlik
etdiyi şöbə Dünya Bankının tövsiyəsi və
dəstəyi ilə beynəlxalq ekspertlərlə əməkdaşlıq edir və əlaqəli şəkildə
işləyir. Çıxışının sonunda
şöbənin potensialı, texniki imkanlarından söz
açan şöbə müdiri digər həyata
keçirilən tədbirlərdən danışdı.
Görülən işlərlə kifayətlənilmədiyini,
ilbəil milli və beynəlxalq qiymətləndirmə
prosesinin təkmilləşdirildiyini söylədi.
Görüşdə ümumtəhsil məktəblərində
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsinin təşkili, aparılma
qaydaları ilə bağlı hazırlanmış xüsusi
slaydların nümayişi, həmçinin nəşr olunmuş müxtəlif
elmi- metodik və imtahanda istifadə olunan vəsaitlərin
Tacikistan nümayəndə heyətinə təqdim edilməsi
onların ölkəmizin bu sahədə əldə etdiyi təcrübə
ilə əyani tanışlığına, daha dolğun təsəvvürə
malik olmalarına imkan yaratdı.
Geniş diskussiya və fikir mübadiləsi
şəraitində keçən görüşdə
Tacikistan Respublikasının nümayəndə heyətinin
üzvləri müzakirə olunan məsələlərlə
bağlı öz fikirlərini bildirməklə
yanaşı, onları maraqlandıran suallar da
cavablandırıldı.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.6.