Çin
Xalq Respublikasının təhsil sistemi
Çin Xalq Respublikası
Ərazisi:
9,6 mln. kv.km.
Əhalisi: 1 mld. 340 mln. nəfər
Paytaxtı: Pekin şəhəri
Dövlət dili: Çin dili
Pul vahidi: yuan
Təhsil sistemi
Şərqi
Asiyada yerləşən Çin Xalq Respublikasında
mövcud olan çoxşaxəli təhsil sistemi hökumətin
nəzarəti altındadır. 1949-cu ildən etibarən
Çin Kommunist Partiyası təhsilin idarə olunmasında
mühüm rol oynayır. Çin Kommunist
Partiyasının müəyyən etdiyi geniş təhsil
strategiyasında təhsilin keyfiyyətinin yüksəldilməsi
müasirləşdirmə ilə əlaqələndirilib.
Partiya təhsil strategiyasının icrasına nəzarət
edir, təhsil müəssisələrində işin təşkilini
istiqamətləndirir.
Çində
uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər
təhsilə cəlb olunur. 6 illik ibtidai təhsilə
bölgələrdən asılı olaraq 6 və ya 7
yaşlı uşaqlar qəbul edilir. Orta təhsil isə
12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə
6 il davam edir. Orta təhsil pilləsinin ilk
üç ili aralıq məktəblərdə,
növbəti üç ili isə orta məktəblərdə
həyata keçirilir. Bəzi əyalətlərdə ibtidai
təhsil 5 il davam edir. Bu halda aralıq məktəblərdə
təhsilin müddəti 4 il təşkil
edir.
Ölkə
üzrə ibtidai və orta təhsil pilləsində oxuyan
şagirdlərin sayı 200 milyon nəfəri ötür. İbtidai və orta təhsilin
keyfiyyətinin yüksəldilməsi üçün
hökumətin ayırdığı xüsusi maliyyə vəsaiti
yeni məktəblərin tikilməsi, təmiri, bərpası
və lüzumsuz məktəblərin ixtisarı
üçün nəzərdə tutulur. İbtidai və
orta təhsil pilləsində adambaşına maliyyələşmə
modelinin tətbiqi genişləndirilir, tədris və tədqiqat
avadanlıqları, kitablar, dərsliklər, əyani vəsaitlər
hər il yenilənir.
2006-cı
ildən Çin 9 illik pulsuz icbari təhsil sistemini qəbul
edib. İcbari təhsil ibtidai təhsil və əsas təhsil
pilləsindən ibarətdir. Uşaqlar 6
yaşdan 15 yaşa qədər icbari təhsil
almalıdırlar.
İcbari təhsil
haqqında qanunda Çinin ərazisi 3 kateqoriyaya
bölünmüşdür: şəhərlər və
iqtisadi cəhətdən inkişaf etmiş əyalətlər;
rayonlar və orta səviyyədə inkişaf etmiş kəndlər;
iqtisadi cəhətdən kasıb ərazilər.
Statistik
göstəricilərə görə, 2007-ci ildə Çin
Xalq Respublikasında 396567 ibtidai məktəb, 94116 orta məktəb
və 2236 ali məktəb fəaliyyət göstərib.
2007-ci ilin statistik məlumatlarına əsasən ölkədə
yaşı 15-dən yuxarı olan əhalinin 93,3
faizi savadlıdır.
2009-cu
ildə Beynəlxalq Şagird Qiymətləndirmə
Proqramı (PİSA) çərçivəsində 15
yaşlı məktəb şagirdləri arasında
keçirilmiş tədqiqatlarda Çin riyaziyyat, təbiət
elmləri və ədəbiyyat üzrə ən yaxşı
nəticəyə nail olub. Müəyyən edilib ki,
Çinin ən ucqar əyalətlərindəki şagirdlərin
müvafiq göstəriciləri orta həddə
yaxındır.
Ölkə
üzrə sentyabrın 1-dən başlayan tədris ili 2 semestrdən ibarətdir. Hər
bir semestr 19 həftə davam edir. Bundan əlavə,
1 həftə əlverişsiz hava şəraiti ehtimalına
görə ehtiyatda saxlanılır. İyul
və avqust ayları yay, yanvar və fevral ayları isə
qış tətili hesab olunur. İbtidai və
orta təhsil pilləsində tədris həftəsi 5
günlükdür.
İstedadlı
və təlim çətinlikləri olan uşaqların təhsilinin
xüsusi qaydalar əsasında təşkil edilməsinin
vacibliyi ilə əlaqədar 1985-ci ildə müvafiq proqram təsdiq
olundu. Proqramda istedadlı şagirdlər və təlim
çətinlikləri olan uşaqlarla bağlı müddəalar
əksini tapdı. Ciddi əqli və fiziki
qüsuru olan uşaqların təhsili ilə bağlı
dövlət müəyyən addımlar atsa da, onların təhsilinə
valideynlər cavabdehlik daşıyır.
Hazırda
Çində 1540 xüsusi təhsil məktəbi fəaliyyət
göstərir. Həmin məktəblərdə təhsil
alanların sayı 375000 nəfər təşkil edir.
Bundan əlavə, Çində fiziki və əqli qüsuru
olan uşaqlar üçün 100 peşə təlimi müəssisəsi,
3000 standart peşə məktəbi, eşitmə çətinlikləri
olan uşaqların reabilitasiyası üçün 1700 təlim
təşkilatı vardır. Hər il minlərlə
fiziki qüsuru olan şagird ali təhsil müəssisələrinə
daxil olur.
Çində
yaşlıların təhsili müxtəlif formalarda həyata
keçirilir. Yaşlıların təhsili vasitəsilə
ölkə vətəndaşlarının siyasət,
iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və digər
sahələr üzrə hazırlığı təmin
edilir. Yaşlıların təhsili ilə
məşğul olan 528 müəssisənin 65 faizində
magistratura, 30 faizində isə bakalavr təhsili verilir. Belə təhsil müəssisələrinə fəhlə,
media, qiyabi və axşam universitetləri, idarəetmə və
təhsil kollecləri daxildir. Yaşlıların
orta təhsili müəssisələri isə peşə və
media məktəbləri, bacarıq təlimi müəssisələrindən
ibarətdir. Fəhlə ibtidai məktəbləri
yaşlıların ibtidai təhsil müəssisələri
hesab olunur. Onu da qeyd edək ki,
yaşlıların təhsili əyani, qiyabi,
özünütəhsil və distant təhsil formasında təşkil
olunur.
Ölkədə
mütəşəkkil müəllim hazırlığı
sistemi mövcuddur. Çində müəllimlik peşəsi ən
mötəbər peşələrdən biri kimi qəbul
olunur. Gənc müəllimlər hər
zaman təcrübəli pedaqoqların dərslərini
müşahidə edir, özlərini daha yaxşı tərəfdən
göstərmək üçün var qüvvələri ilə
çalışırlar. Müəllimlər
mütəmadi olaraq fasiləsiz peşə
hazırlığına cəlb olunurlar.
Onu da qeyd edək
ki, müəllimlərin təhsili iki istiqamətdə
aparılır: ilkin müəllim hazırlığı və
ixtisasartırma təhsili. İlkin müəllim
hazırlığı 4 illik müəllim
hazırlığı institutları, o cümlədən adi
universitetlər və kolleclər, 3 illik müəllim
hazırlığı kollecləri və orta məktəb
müəllimlərinin hazırlığı müəssisələrində
təşkil olunur. Müəllimlərin ixtisasartırma
təhsili isə müvafiq institutlar və müəllimlərin
ixtisasartırma təhsili məktəblərində həyata keçirilir.
1985-ci ildən
hökumət vergi əsasında maliyyələşən ali təhsil sistemini ləğv edib. Bununla da abituriyentlərin akademik qabiliyyət əsasında
təqaüdlər uğrunda rəqabət aparmasına şərait
yaranıb. 80-ci illərin əvvəllərində ilk
özəl ali təhsil müəssisələrinin
əsasının qoyulmasına icazə verilib.
Çində
ali təhsilin səviyyəsi yüksək,
əhatə dairəsi çox genişdir. Son 10
ildə bakalavr pilləsində təhsil alanların və
doktorluq dərəcəsinə malik olanların sayı dəfələrlə
artıb. Ölkədə 100-dən çox nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət
göstərir. Onlardan ən
tanınmışı Pekin və Sinxua universitetləridir.
Çində
təhsil xərcləri ilbəil artaraq hazırda 100 milyard
dolları ötüb. 80-ci illərin əvvəllərindən
başlayaraq elm və texnologiyanın inkişafı təhsil
strategiyasının prioritetinə çevrilib.
Ali təhsil
pilləsində ümumi xərclərin müəyyən
faizi həcmində təhsil haqqı tələb olunur. Aztəminatlı ailələrdən olan
tələbələrin ali təhsil
almasını asanlaşdırmaq üçün hökumət
səmərəli yardım metodlarından istifadə edir. Belə yardım paketinə təqaüdlər,
"oxu və işlə" proqramları, aztəminatlı
ailələrdən olan tələbələrə əlavə
yardımların olunması, təhsil haqqının
azaldılması və ya tam aradan qaldırılması,
dövlət təqaüdlərinin verilməsi daxildir.
Məktəbəqədər təhsil
Qeyd
etdiyimiz kimi, Çində uşaqlar 3 yaşdan 6 yaşa qədər
məktəbəqədər təhsil müəssisələrinə
cəlb olunur. Çin məktəbəqədər təhsilə
olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən
biridir. Məktəbəqədər təhsil
pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi
sayəsində inkişaf etdirilir.
Bağçalar
yerli hökumətlər tərəfindən idarə olunsa da,
müxtəlif qurumlar, ictimai təşkilatlar və fərdlər
də məktəbəqədər təhsil müəssisələri
təsis edə bilərlər. Şəhərlərdə
və regionlarda bağçalar təhsil şöbələri,
hökumət qurumları, müəssisələr, əyalət
idarələri və fərdlər tərəfindən idarə
olunur. Ucqar əyalətlərdə məktəbəqədər
təhsilə ictimaiyyət maddi yardım edir. İqtisadi cəhətdən kasıb ərazilərdə,
etnik azlıqların yaşadıqları yerlərdə məktəbəqədər
təhsil forması kimi uşaq fəaliyyət mərkəzləri,
oyun qrupları, çevik yardım mərkəzləri fəaliyyət
göstərir. Belə ərazilərdə
1 və ya 2 illik bağçalar mövsümdən
asılı olaraq işləyirlər.
Son illərdə
ucqar, iqtisadi cəhətdən kasıb və etnik
azlıqların yaşadıqları ərazilərdə məktəbəqədər
təhsilin səviyyəsi sürətlə inkişaf etməkdədir.
Məktəbəqədər təhsil müəssisələrində
uşaqlara qayğı tədrislə inteqrasiya edilir. Bu da uşaqların məktəb təhsilinə
hazırlanması üçün fiziki, mənəvi, əqli
və estetik tərbiyəsinin harmonik şəkildə təmin
olunmasına imkan verir. Məktəbəqədər
təhsil müəssisələrində tətbiq olunan təhsil
proqramları sistemli, məqsədli və çoxtərəflidir.
Məktəbəqədər
təhsilin idarə olunması işinin səmərəliliyini
artırmaq üçün dövlət tərəfindən
silsilə qanunlar qəbul edilir. Dövlət, həmçinin
məktəbəqədər təhsil müəssisələrində
çalışan müəllimlərin və tərbiyəçilərin
ixtisaslaşmasına dair yeni qayda və qanunların həyata
keçirilməsinə başlayıb. Hazırda
Çində məktəbəqədər təhsil müəssisələri
üçün ixtisaslı müəllim hazırlayan 67 məktəb
fəaliyyət göstərir.
İbtidai təhsil
Çində
ibtidai təhsil pilləsi o qədər genişdir ki, çox
böyük çətinliklər hesabına bu sahədə
müəyyən nailiyyətlər əldə edilib. 1986-cı ildə qəbul
edilmiş icbari təhsil haqqında qanunda ibtidai təhsilin
milli səviyyədə genişləndirilməsi nəzərdə
tutulur. Qeyd etdiyimiz kimi, ölkədə
uşaqlar 6 yaşından başlayaraq ibtidai təhsilə cəlb
olunurlar.
Əksər əyalətlərdə
ibtidai təhsil pilləsi 5 il davam edir.
Lakin Pekin, Şanxay və digər böyük şəhərlərdə
ibtidai təhsil pilləsi 6 illikdir.
İbtidai
təhsil kurikulumuna Çin dili, riyaziyyat, fiziki təhsil,
musiqi, təsviri sənət, həyat bilgisi, tarix və
coğrafiya fənləri daxildir. Bundan əlavə, siyasi
biliklər və etik davranışların tədrisi də
kurikulumun bir hissəsini təşkil edir. İngilis
dili III sinifdən başlayaraq tədris olunur. IV sinifdən hər semestrdə iki həftə
texnologiya tədris olunur. Bunun nəticəsində
şagirdlər yaradıcı əmək vasitəsilə
müəyyən vərdişlər qazanır, nəzəri
bilikləri istehsalatla əlaqələndirirlər.
Tədris
qrup halında təşkil olunur ki, bu da şagirdlərin birgə
əməkdaşlıq bacarıqlarına yiyələnmələrinə
imkan verir. Şagirdlərin cavabdehliyini artırmaq
üçün məktəblərə xadimələr təyin
edilmir. Məktəbin təmizliyi məhz
şagirdlər tərəfindən həyata keçirilir.
Orta təhsil
Çində
orta təhsil aşağı və yuxarı pillədən
ibarətdir. Orta təhsilin
aşağı və yuxarı pilləsinin hər biri 3 il davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin aşağı pilləsi
hesab olunur.
6 illik
ibtidai təhsil pilləsini başa vurduqdan sonra şagirdlər
öz təhsillərini orta təhsilin aşağı pilləsində
davam etdirməlidirlər. Orta təhsilin aşağı pilləsini
tamamladıqdan sonra isə şagirdlər müvafiq qəbul
imtahanı verərək növbəti 3 ili
akademik təmayüllü orta məktəblərdə oxuya və
ya peşə məktəblərinə daxil ola bilərlər.
Orta təhsilin
yuxarı pilləsinə qəbul imtahanı ildə bir dəfə
Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya, siyasət və
fiziki təhsil fənlərindən təşkil olunur. Qəbul balı
müxtəlif regionlardan asılı olaraq dəyişə
bilər.
Orta təhsilin
yuxarı pilləsi X-XII sinifləri əhatə edir. Təhsilin bu pilləsində tədris ili 2 semestrdən, 40 həftədən ibarətdir.
Yuxarı
pillədə cari tədris olunan fənlər icbari və
seçmə olmaqla iki qrupa bölünür. Akademik kurikuluma Çin
dili, riyaziyyat, ingilis dili, fizika, kimya, biologiya, coğrafiya,
tarix, siyasət, musiqi, təsviri sənət, fiziki təhsil,
texnologiya, kompüter kimi fənlər daxildir. Bəzi məktəblərdə peşəyönümlü
fənlər də tədris edilir.
Son illər
orta təhsilin yuxarı pilləsində oxuyan şagirdlərin
sayı davamlı olaraq artmaqdadır. Məzunlar Ali Təhsilə
Qəbul üzrə Milli İmtahanlarda əsasən Çin
dili, riyaziyyat və ingilis dili fənlərindən imtahan verirlər.
Orta təhsilin
yuxarı pilləsini bitirənlərin çoxunun universitetlərə
və peşə məktəblərinə daxil olmalarına
baxmayaraq, Çində bu pilləni bitirən hər kəs
artıq təhsilli şəxs hesab edilir. Universitetlərin
məhdud sayda elan etdiyi yerlərə qəbul olmaq
üçün rəqabətin gərginliyini nəzərə
alan valideynlər və şagirdlər orta
məktəbləri dəqiqliklə seçirlər.
Peşə təhsili
Çində
peşə təhsili sistemi 130 illik inkişaf tarixinə
malikdir. Həyata keçirilmiş köklü peşə təhsili
islahatları nəticəsində bu sahədə ciddi
inkişaf meyilləri müşahidə olunur. Tətbiq olunmuş yeniliklər sayəsində
peşə təhsili müəssisələri təkmilləşib
və inkişaf edib. Onu da qeyd edək ki, Çində
peşə təhsili orta təhsilin aşağı və
yuxarı pillələrində, eləcə də ali təhsil pilləsində həyata
keçirilir.
Orta təhsilin
aşağı pilləsində təşkil olunan peşə
təhsilinin məqsədi müvafiq peşə biliklərinə
və bacarıqlarına yiyələnmiş işçilər,
fəhlələr hazırlamaqdır. Bu pillədə həyata
keçirilən peşə təhsili 9 illik icbari təhsilin
bir hissəsini təşkil edir.
Orta təhsilin
yuxarı pilləsində təşkil olunan peşə təhsilinin
məqsədi isə əməli bacarıqlara yiyələnmiş
ikinci dərəcəli işçi qüvvəsi
hazırlamaqdır. Orta təhsilin yuxarı pilləsində təşkil
olunan peşə təhsili 2 ildən 4 ilə qədər
davam edən proqramlara əsaslanır. Bu
növ peşə təhsili ixtisaslaşmış orta məktəblərdə,
bacarıqlı işçi məktəblərində və
peşə təmayüllü orta məktəblərdə həyata
keçirilir.
İxtisaslaşmış
orta məktəblərdə 3 və ya 4 illik proqramlar,
bacarıqlı işçi məktəblərində isə
3 illik proqramlar əsasında ikinci dərəcəli
işçilər hazırlanır. 3 illik peşə təmayüllü
orta məktəblərdə istehsalat, xidmət, texnologiya və
idarəetmə sahəsi üzrə ikinci dərəcəli
mütəxəssislər yetişdirilir.
Peşə təmayüllü
və ixtisaslaşmış orta məktəbləri başa
vuranlar öz təhsillərini ali peşə
məktəblərində davam etdirə bilərlər. Ali
peşə məktəblərinin məqsədi texniki və
idarəetmə sahəsində yüksəkixtisaslı kadrlar hazırlamaqdır.
Ali peşə
məktəbləri 4 yerə bölünür: ali peşə və texnologiya kollecləri;
ixtisaslaşmış orta məktəblərdə təşkil
olunan 5 illik ali peşə məktəbləri; ali təhsil və
yaşlıların ali təhsili müəssisələrində
təşkil olunan ali peşə təhsili; təcrübəyönümlü
kadrların, yüksək səviyyəli peşəkar və
texniki mütəxəssislərin hazırlanması ilə məşğul
olan 2-3 illik ali təhsil müəssisələri.
Ali təhsil
Çinin ali təhsil sistemi Amerika Birləşmiş
Ştatlarının (ABŞ) və Birləşmiş
Krallığın ali təhsil sistemlərinin vəhdətindən
ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir.
Ölkədə ali təhsil pilləsi əsasən
ödənişlidir. Ali təhsil üçmərhələli
bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir.
Bundan əlavə, dərəcə verməyən
proqramlar üzrə tədris aparılan universitetlər də
var. Magistratura və doktorantura dərəcəsi müvafiq
Dövlət Şurası tərəfindən akkreditasiyadan
keçmiş universitetlər və tədqiqat müəssisələrində
verilir.
Ölkənin
ali təhsil sistemində həm 3 illik, həm
də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi
istənilən ali təhsil müəssisəsində
aparılır. 4 illik proqramlar isə 4 illik
kolleclərdə və ya universitetlərdə tədris olunur.
4 illik proqramlardan fərqli olaraq, 3 illik
proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə
3 illik proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə
sahib ola bilər.
Çində
1650 adi ali təhsil müəssisəsi,
528 yaşlıların ali təhsili müəssisəsi və
214 özəl ali təhsil müəssisəsi fəaliyyət
göstərir. 2005-ci ilin statistikasına görə,
Çinin ali təhsil müəssisələrində
23 milyon tələbə təhsil alıb. Bu isə
əvvəlki illə müqayisədə 10 faiz çoxdur
(2004-cü ildə təxminən 21 milyon nəfər olub).
Ölkənin
ali təhsil müəssisələri adi
universitetlər, texniki universitetlər, kənd təsərrüfatı,
xarici dillər və tibb sahələri üzrə
ixtisaslaşmış ali təhsil müəssisələri,
peşə kollecləri - müəllim
hazırlığı müəssisələri və
ixtisaslaşmış kolleclər kimi qruplara
bölünür.
Ali təhsil
müəssisələrinin bəziləri əyalət
hökumətləri (Şanxay Universiteti), bəziləri
müxtəlif nazirliklər və dövlət idarələri
(Pekin Aeronavtika Universiteti) tərəfindən idarə olunur. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən
idarə olunan ali təhsil müəssisələri
(Pekin Universiteti) də vardır. Bu tip universitetlər mərkəzi
və yerli hökumət tərəfindən müştərək
idarə olunur.
Statistik məlumatlara
görə, Çində magistratura təhsili verən 770 ali təhsil müəssisəsi fəaliyyət
göstərir ki, onlardan da 73-ü və ya 10 faizi Təhsil
Nazirliyinə, 296-sı isə mərkəzi hökumətə
tabedir. Bundan əlavə, 315 tədqiqat müəssisəsinin
272-si mərkəzi hökumətin nəzarəti
altındadır. Magistratura təhsili verən ali təhsil müəssisələrinin 48 faizi
mərkəzi hökumətin tabeliyindədir.
Göründüyü kimi, mərkəzi hökumət
magistratura təhsili verən ali təhsil
müəssisələrinə daha çox nəzarət edir.
1731 ali təhsil müəssisəsi isə
bakalavr pilləsi üzrə təhsil verir.
Son zamanlar həyata
keçirilən islahatlar nəticəsində ali
təhsil sisteminin təkmilləşməsinə böyük
diqqət yetirilir. Bir çox sənaye
universitetləri və ixtisaslaşmış kolleclər təsis
olunub. Yeni ixtisaslar, o cümlədən
avtomatika, nüvə enerjisi, enerji resursları, okeanoqrafiya,
nüvə fizikası, kompüter elmləri, polimerlər
kimyası, polimerlər fizikası, radiokimya, fiziki kimya ixtisası
üzrə mütəxəssis hazırlığı
aparılır.
Elmi tədqiqatlar
Çin
bir çox texnologiyaların ixtira olunduğu, müasir
sivilizasiyanın təməlinin qoyulduğu ölkələrdən
biri kimi tanınır. İlk
kağız istehsalı, ağac nəqqaşlığı,
çevik makina çapı, maqnit, iynəli kompas, barıt,
seysmoloji detektor, kibrit, iki funksiyalı porşenli nasos, domna
peçi, çuqun istehsalı, asma körpülər, təbii
qazın yanacaq kimi istifadəsi, hidravlik çəkic, mexaniki
zəncir ötürücüsü, mexaniki kəmər
ötürücüsü, pər, qundaqlı ox-yay, artilleriya
topu, raket və digər çoxsaylı ixtiralar bunu təsdiq
edir.
Ölkə
astronomları səma cismlərinin ilkin və dəqiq
müşahidələrini aparanlar sırasındadır. Çin
riyaziyyatçıları yunan riyaziyyatçılarından bəhrələnərək
riyaziyyat elminin inkişafına layiqli töhfələr veriblər.
Bütün
bunlara baxmayaraq XVII əsrə qədər Çində elm və
texnologiyanın tətbiqi Avropadan geri qalırdı. Yalnız bu dövrdən
sonra həyata keçirilmiş islahatlar sayəsində
Çin qlobal iqtisadiyyata inteqrasiya etdi, hökumət elm və
texnologiyanın inkişafına böyük diqqət göstərməyə
başladı.
1960-1970-ci
illərdə Çin-Sovet qarşıdurmasından sonra
Çin nüvə silahı istehsal etməyə
başladı və 1964-cü ildə ilk uğurlu sınaq həyata
keçirildi. 1970-ci ildə Çin ilk süni peykini buraxdı.
Bununla da Çin müstəqil peykə malik
olan beşinci ölkə oldu.
Hazırda
Çin elmi-tədqiqat və texnoloji inkişafa
ayırdığı büdcənin həcminə görə
dünyada ikinci yerdə qərarlaşır. 2006-cı ildə Çin
hökuməti elm və texnologiya sahəsinə 136 milyard
ABŞ dolları investisiya ayırıb ki, bu da 2005-ci illə
müqayisədə 20 faiz çoxdur.
Qərbdə
hələ də mübahisəli məsələ kimi nəzərdən
keçirilən törəmə hüceyrələrin tədqiqatı
və gen terapiyası Çində ən yüksək səviyyədə
inkişaf edib. Ölkə üzrə 926000 tədqiqatçı
fəaliyyət göstərir. Bu göstəriciyə
görə Çin dünyada ikinci yeri tutur.
Kosmosun
fəthi istiqamətində bir çox uğurlara imza atan
ölkə kifayət qədər mürəkkəb layihələrə
maliyyə vəsaiti ayırır. Ayın Tədqiqi
Proqramının bir hissəsi kimi 2007-ci ildə Çin
Çanqe kosmik gəmisini uğurla orbitə
çıxarıb. 2011-ci ilin sentyabr
ayında Çinin ilk kosmik stansiya modulu olan Tianqonq-1 uğurla
fəaliyyətə başlayıb.
Ölkədə
yarımkeçiricilər, o cümlədən bərpa edilən
enerji, hidroelektrik enerji, külək və günəş
enerjisi sahəsində funksional kompüter proqramları
hazırlanır. Yanacaq enerji stansiyalarında çirklənmənin
qarşısını almaq üçün Çin girdə
yanacaqlı nüvə reaktorlarından istifadə edən ilk
ölkədir. Bu tip reaktorun istifadə edilməsi daha əlverişli
və təhlükəsizdir.
2010-cu ildə
Çinin Milli Super Kompüter Mərkəzi hazırda
dünyanın ən sürətli super kompüterini
hazırlamağa nail olub. 2010-cu ildən ölkədə
dünyanın ən yaxşı 10 super kompüterlərindən
biri olan Nebula super kompüterləri də istehsal edilməkdədir.
Beynəlxalq əməkdaşlıq
Təhsildə
beynəlxalq əməkdaşlığa xüsusi diqqət
yetirən Çin digər ölkələrlə müqayisədə
xaricdə təhsil almağa daha çox tələbə
göndərir. 1978-ci ildə aparılan islahatlardan sonra 700000-ə
yaxın çinli 103 ölkədə təhsil alıb.
Onlardan yalnız 185000-i təhsillərini
başa vurduqdan sonra ölkələrinə qayıdıb.
Çində
təhsil alan əcnəbi tələbələrin
sayı ildə 20 faiz artır. Rəsmi statistikaya görə,
2007-ci ildə bu ölkədə təhsil alan
əcnəbi tələbələrin sayı 195503 nəfər
təşkil edib. Dünyanın 188 ölkəsini
təmsil edən əcnəbi tələbələr ən
çox Cənubi Koreyadan (57504), Yaponiyadan (18363), ABŞ-dan
(11784), Vyetnamdan (7310) və İndoneziyadan (5652) gəlirlər.
Çində
təhsilin inkişafına bir çox beynəlxalq təşkilatlar,
o cümlədən YUNESKO, YUNİSEF, BMT-nin Əhali Fondu,
BMT-nin İnkişaf Proqramı, Dünya Əmək Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq
Təşkilatı, AİƏT,
Dünya Bankı öz töhfələrini verməkdədir.
Yalnız Dünya Bankı Çin təhsilinin
inkişafına 1,5 milyard ABŞ dolları
həcmində kredit ayırıb.
Böyük
nüfuza malik Pekin və Sinxua universitetləri mükəmməl
tədris və tədqiqat imkanlarına görə beynəlxalq
arenada tanınır.
Çin diplomların qarşılıqlı tanınması
sahəsində 40 ölkə, o cümlədən Fransa,
Böyük Britaniya, ABŞ, Rusiya və digər ölkələrlə
müqavilələr imzalayıb.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında Çin
Xalq Respublikası Təhsil Nazirliyinin rəsmi
materiallarından istifadə olunub.
Azərbaycan
müəllimi.- 2011.- 14 oktyabr.- S.8-9.