"Müstəqilliyimiz əbədidir" mövzusunda inşa yazı və bədii qiraət müsabiqəsi keçirilib

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Şurasının 2 sentyabr 2011-ci il tarixli qərarına əsasən idarənin tabeliyində olan ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında müstəqilliyimizin 20 illik yubileyi münasibətilə "Müstəqilliyimiz əbədidir" mövzusunda inşa yazı və bədii qiraət üzrə şəhər müsabiqəsi keçirilmişdir. 

 

Müsabiqədə məqsəd istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, hərtərəfli inkişafı üçün əlverişli şəraitin  yaradılması və müstəqillik illərində ölkəmizin keçdiyi inkişaf yolunun şagirdlərə aşılanmasından ibarətdir.

Müsabiqə sentyabr-oktyabr aylarında 2 mərhələdə keçirilmişdir. Birinci mərhələnin - məktəb mərhələsinin qalibləri 5 oktyabr 2011-ci il tarixədək Təşkilat Komitəsinə təqdim edilmişlər. Müəssisə rəhbərlərinin təqdimatına əsasən inşa müsabiqəsinin ikinci - şəhər mərhələsində 266, bədii qiraət müsabiqəsində isə 227 şagird iştirak etmişdir. İnşa yazı müsabiqəsinin son turu paytaxtın 152 nömrəli məktəbində, bədii qiraət müsabiqəsi isə 276 nömrəli məktəbində keçirilib. Müsabiqənin Əsasnaməsinin şərtlərinə uyğun olaraq, təqdim olunmuş işlər Münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. İnşa yazı müsabiqəsində Münsiflər heyətinin sədri Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Yusif Seyidov, bədii qiraət üzrə müsabiqədə isə Münsiflər heyətinin sədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasının dosenti, respublikanın əməkdar artisti Ağalar Bayramov iştirak etmişlər. Təqdim olunmuş işlər 10 ballıq sistemlə qiymətləndirilmişdir. Təşkilat Komitəsi və Münsiflər heyəti II mərhələdə ən yaxşı işləri və müsabiqənin qaliblərini müəyyən etmişlər. Oktyabrın 15-də "Hyatt Regency" otelində qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək. Qaliblərə hər bir nominasiya üzrə 1 (bir) I dərəcəli, 2 (iki) II dərəcəli və 3 (üç) III dərəcəli diplom veriləcək, birinci yeri tutan məktəblilər həmçinin birdəfəlik pul mükafatına layiq görüləcəklər. Ayrı-ayrı nominasiyalar üzrə diqqəti çəkən digər işlərin müəlliflərindən 3 nəfəri həvəsləndirici diplomlarla mükafatlandırılacaq.

276 nömrəli məktəbdə bədii qiraət üzrə keçirilən müsabiqənin yekun turunda çıxış edən BŞTİ-nin müdir müavini, filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov müsabiqənin əhəmiyyətindən danışdı. Müstəqilliyin ən böyük nemət olduğunu qeyd edən professor H.Əsgərov son 20 ildə respublikamızda təhsil sahəsində aparılan islahatlardan söz açdı. Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşan təhsilimizin sürətlə dünya təhsil sisteminə inteqrasiya olunduğunu,  bu işdə ölkə Prezidenti cənab İlham Əliyevin xidmətlərini xüsusi vurğulayan H.Əsgərov belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdi. Natiq bildirdi ki, şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması və dövlətçilik prinsiplərinə sadiqlik ənənələrinin təbliğ olunması təhsil işçilərinin üzərinə düşən əsas vəzifələrdəndir. H.Əsgərov daim Azərbaycan xalqının qəlbində yaşayan ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu irsin hər bir Azərbaycan vətəndaşı tərəfindən göz bəbəyi kimi qorunub saxlanılmasını iştirakçıların nəzərinə çatdırdı.

Müsabiqənin yekun turuna vəsiqə alan şagirdləri təbrik edən H.Əsgərov obyektiv seçimlərinə görə Münsiflər heyətinin sədrləri, BDU-nun professoru, əməkdar elm xadimi Yusif Seyidova, əməkdar artist Ağalar Bayramova və müsabiqədə zəhməti olmuş hər bir kəsə Təşkilat Komitəsinin sədri Nailə Rzaquliyevanın və öz adından   minnətdarlığını bildirdi.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2011.- 14 oktyabr.- S.11.