"Kənd təsərrüfatı
sahəsində ilkin peşə
təhsilinin
inkişafı" mövzusunda konfrans
Oktyabrın 14-də Bakıdakı Hilton otelində "Kənd təsərrüfatı
sahəsində ilkin peşə təhsilinin
inkişafı" layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, təhsil
nazirinin müavini Qulu Novruzov, kənd təsərrüfatı
nazirinin müavini Bəhram
Əliyev, Almaniyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Herbert Kvellen, Almaniyanın Qida, Kənd
Təsərrüfatı və İstehlakçının Müdafiəsi Federal nazirinin
müavini Peter Bleser, Vaynştefan-Trisdorf
Tətbiqi Elmlər Universitetinin professoru, "Kənd təsərrüfatı
sahəsində ilkin peşə təhsilinin
inkişafı" layihəsinin Almaniya tərəfdən
meneceri Herbert Strobel, Təhsil Nazirliyinin
Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov,
peşə məktəblərinin direktorları və
digər qonaqlar iştirak
ediblər. Konfransda Avropa
İttifaqı tərəfindən maliyyələşən
"Tvinninq" layihəsinin ölkəmizdə
tətbiqi əsas məsələlərdən biri kimi nəzərdə tutulmuşdu. Məlumat üçün
bildirək ki, 2010-cu ilin
avqustunda Avropa
İttifaqına üzv ölkələr
arasında "Kənd təsərrüfatı sahəsində
ilkin peşə təhsilinin
inkişafı" layihəsi elan olunub.
"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsi Avropa Qonşuluq Siyasətinin (AQS) 2008-ci il Milli Fəaliyyət Planı çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və layihənin büdcəsi 1200000 avrodur. 15 avqust 2011-ci il tarixdə başlanmış layihənin 21 ay müddətində icra olunması nəzərdə tutulub. Eyni zamanda layihədə ilk peşə-ixtisas təhsili strategiyası çərçivəsində həyata keçirilən cari islahatların kənd təsərrüfatı sahəsində peşə təhsili və təlimini əhatə etməsi məqsədilə ilk peşə-ixtisas təhsili qurumlarının və digər əlaqədar təşkilatların institusional potensialının gücləndirilməsi öz əksini tapıb.
"Kənd
təsərrüfatı sahəsində ilkin peşə təhsilinin
inkişafı" layihəsi "Azərbaycan
Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın
prinsiplərinə uyğun olaraq tərtib olunub.
Layihədə
kənd təsərrüfatı sahəsinə aid ixtisas
standartlarının və kurikulum nümunələrinin
hazırlanması, müvafiq istiqamətdə bir və ya bir
neçə peşə təhsili müəssisəsində
pilot layihənin həyata keçirilməsi, layihənin
icrasını dəstəkləyənlər və bununla
bağlı kurikulumları tərtib edənlər, peşə
təhsili müəssisələrinin rəhbərləri və
müəllimləri üçün təlimlər
keçirilməsi öz əksini tapıb. Layihə
"Tvinninq" tərəfdaşlarının - Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Almaniyanın Qida, Kənd
Təsərrüfatı və İstehlakçının
Müdafiəsi Federal Nazirliyinin dəstəyi ilə həyata
keçiriləcək.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq, Azərbaycanın müstəqillik qazandıqdan sonra Almaniya ilə bütün istiqamətlərdə olduğu kimi təhsil sahəsində də əməkdaşlığının genişləndiyini nəzərə çatdırdı. Ölkə Prezidenti cənab İlham Əliyevin digər sahələrlə yanaşı, kənd təsərrüfatı sektoruna da xüsusi diqqət yetirdiyini bildirən nazir kənd təsərrüfatı üzrə ixtisaslı kadrların yetişdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd etdi.
Təhsil
naziri Misir Mərdanov layihənin həyata keçirilməsində
əsas məqsədin Azərbaycan Respublikasında kənd təsərrüfatı
sahəsində peşə təhsili islahatlarına yardım
etmək, peşə təhsili almış məzunların
işlə təmin olunma vəziyyətini
yaxşılaşdırmaq və ölkədə qeyri-neft
sektoru sahələrinin rəqabət qabiliyyətini
artırmaqdan ibarət olduğunu söylədi. Layihənin gələcəkdə
peşə təhsilinin və kənd təsərrüfatının
inkişafına böyük təkan verəcəyinə
inamını ifadə edən nazir bu baxımdan "Kənd təsərrüfatı
sahəsində ilkin peşə təhsilinin inkişafı"
layihəsini yüksək dəyərləndirdi.
Konfransda çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellen respublikamızın son illər sürətlə inkişaf edən iqtisadiyyatından söz açdı. Bildirdi ki, kənd təsərrüfatı sahəsi vacib sahələrdəndir. Azərbaycan Asiya və Avropa qitələri arasında yerləşir ki, bu da kənd təsərrüfatı sahəsinin genişlənməsi və idxalın artırılması üçün böyük əhəmiyyət kəsb edir. Təsadüfü deyil ki, Cənubu Qafqaz iqtisadiyyatının 75%-i Azərbaycanın payına düşür. Ölkəmizin geniş potensiala malik olduğunu və kənd təsərrüfatının inkişafı üçün hər bir şəraitin mövcudluğunu qeyd edən səfir layihənin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu qeyd etdi.
Çıxış edən
Almaniyanın Qida, Kənd Təsərrüfatı və
İstehlakçının Müdafiəsi Federal nazirinin
müavini Peter Bleser kənd təsərrüfatı sahəsinə
böyük investisiyaların yatırılmasının
vacibliyini vurğuladı. Bu sahənin inkişafı
üçün yüksək ixtisaslı kadrların
hazırlanmasının əsas amillərdən biri
olduğunu qeyd edən Peter Bleser həm ekoloji, həm də qida
cəhətdən inkişaf etmiş Almaniyanın bir neçə
olkədə tədris mərkəzləri
yaratdığını və bu mərkəzlərdən
ölkələrin xeyli faydalandığını nəzərə
çatdırdı.
Sonda
"Kənd təsərrüfatı sahəsində ilkin
peşə təhsilinin inkişafı" layihəsinin
Almaniya tərəfdən meneceri Herbert Strobelin layihə
haqqında geniş təqdimatı dinlənildi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2011.-
21 oktyabr.- S.5.