Sauthempton Universiteti
Yerləşir: Böyük Britaniya, İngiltərə,
Sauthempton şəhəri
Yaranma tarixi: 1862-ci il
Tipi: Dövlət
İşçi heyətinin sayı:
5000 nəfər
Tələbələrin ümumi
sayı: 25000 nəfər
İllik gəlirləri: 394177000
funt-sterlinq
İllik xərcləri: 390135000 funt-sterlinq
Rəsmi saytı: www.soton.ac.uk
Sauthempton Universiteti (University of Southampton)
İngiltərənin Sauthempton şəhərində yerləşir
və Böyük Britaniyanın ən nüfuzlu təhsil
ocaqlarından biridir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Sauthempton Universiteti Tayvan Milli Universiteti ilə birgə 100 ən
yaxşı ali məktəb arasında
95-ci yerdə olub. "Times Higher Education World University
Rankings"in 2010-cu il üzrə dünyanın ən
nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Sauthempton Universiteti 90-cı,
"QS World University Rankings"in açıqlamasına
görə isə 81-ci yerdə qərarlaşıb. "QS
World University Rankings"in 2011-2012-ci tədris ili
üçün açıqladığı reytinq cədvəlinə
əsasən Sauthempton Universiteti 75-ci, "Times Higher Education
World University Rankings"in cədvəlində isə 127-ci
yerdə dayanır.
Sauthempton
Universiteti Rassell, Avropa Universitetləri, Birlik Ölkələri
Universitetləri assosiasiyalarının, Beynəlxalq Universitetlər
Şəbəkəsinin üzvüdür.
Tarixi
Sauthempton Universitetinin tarixi 1862-ci ildə xeyriyyəçi
Henri Robinson Hartlinin yardımı nəticəsində
yaradılmış Hartli təhsil müəssisəsi ilə
başlayır. 1850-ci ildə Hartli ölüm
ayağında olarkən elmin inkişafı və öyrənilməsi
mərkəzinin yaradılması üçün Sauthempton
şəhəri Hay stritdəki malikanəsini və 103000
funt-sterlinq məbləğdə vəsaiti vəsiyyət
edir. Həmin dövrdə, adətən
kolleclər yaradıldığı halda, qeyri-adi xarakterli
Hartli mərkəz yaradılması haqqında qərar verir.
Vəsiyyətnaməyə dair uzunmüddətli
məhkəmə çəkişmələri və kütləvi
debatlardan sonra Sauthemptonda institut yaratmaq qərara alınır.
1862-ci il oktyabrın 15-də baş nazir Lord
Palmerstonun iştirakı ilə Hartli İnstitutunun
açılış mərasimi keçirilir. 1883-cü
ildə institut Hartli Kolleci adlandırılır. Buna tələbələrin və müəllimlərin
sayının artması, yataqxanaların və digər obyektlərin
çoxalması səbəb olur.
1902-ci ildə Hartli Kolleci Hartli Universitet Kolleci
adlandırılır və London Universitetinin filialına
çevrilir.
Bu proses kollecdə aparılan tədrisin, maliyyələşmənin
və digər işlərin yoxlanılmasından sonra baş
tutur. Ali məktəbdə tələbələrin
sayının çoxalması yeni vəsaitin
toplanılmasına, Hayfild ərazisində yeni torpaqların
alınmasına səbəb olur. 1914-cü il iyunun 20-də ölkənin baş naziri
Vikont Holdeynin təşəbbüsü ilə ali məktəb
Sauthempton Universitet Kolleci adlandırılır.
Birinci
Dünya müharibəsi başladıqdan 6 həftə sonra
kollecin binası hərbi hospitala çevrilir, ali
məktəbin binalarının arxasında taxta daxmalar tikilir.
1920-1930-cu illərdə xeyriyyəçilərin kollecə
etdikləri yardım nəticəsində kitabxanalar, universitet
yolunun hər iki kənarında binalar tikilir. İkinci Dünya müharibəsi
dövründə şəhərə atılan bombalar ali məktəbin binalarına xəsarət
yetirir. Kollecin yataqxanaları Fransa, Amerika və
Polşa hərbçilərinə verilir.
Müharibədən sonra elektronika üzrə mütəxəssis,
alman əsilli Erix Zeplerin səyi nəticəsində kollecin
Elektronika bölməsi, Səs və Vibrasiya İnstitutu
yaradılır. 1952-ci il aprelin 29-da kraliça II Yelizavetanın hakimiyyətinin
ilk həftələrində Kraliça xartiyasına əsasən
Sauthempton Universitet Kolleci Sauthempton Universiteti adlandırılır və elmi dərəcə
vermək hüququ qazanır. Universitetdə 6
fakültə - İncəsənət, Dəqiq elmlər,
Mühəndislik, İqtisadiyyat, Pedaqogika və Hüquq
fakültələri yaradılır. Hersoq Vellinqton
universitetin kansleri təyin edildikdən sonra 1953-cü il iyulun 4-də burada ilk elmi dərəcələr
verilir, tələbə və müəllimlərin sayı
sürətlə artır, ali məktəbin kampusu genişlənir.
1961-ci ildə universitetə şəhər
şurası yaxınlığında yerləşən 200
binanı almaq icazəsi verilir, burada Tibb və Okeanoqrafiya
fakültələri yaradılır. 1960-1970-ci
illərdə Çaylvort malikanəsi, Qlen Eyr və Montefiore
binaları əldə edildikdən sonra universitetin yeni
yataqxanaları tikilir.
1987-ci ildə
Universitet Qrantları Cəmiyyəti ölkə üzrə ali məktəblərin maliyyələşməsini
azaldır, nəticədə bu universitet də bir qədər
böhran yaşayır. Universitetin Alt Komitəsi
daha çətin vəziyyətə düşməmək məqsədilə
müəllimlərin sayını azaltmağı təklif
edir. Bu təklif universitetin kampuslarında
nümayişlərlə qarşılanır və nəticədə
universitetin Senatı tərəfindən rədd edilir. 1980-ci ilin ortalarından 1990-cı illərədək
universitet Hayfilddə ərazisini genişləndirir,
konfransların keçirilməsi üçün malikanə
və elmi park, Milli Okeanoqrafiya Mərkəzi, idman
meydançaları və s. tikilir.
Vitse-kansler Hovard Nyubinin dövründə universitet daha məqsədəuyğun
fəaliyyətə başlayır və yüksək keyfiyyətli
tədqiqatlar aparır. 90-cı illərdə Sauthempton Universiteti daha iki yeni
kampus əldə edir, Vençester İncəsənət Məktəbi
və Le Sainte Birləşmiş Kolleci Sauthempton Universitetinə birləşdirilir.
Mərkəzi-cənubi İngiltərədə
Tibb bacısı və mamalıq məktəbi
yaradılır və mütəxəssis
hazırlığına başlanılır. Universitetin
Beysinqstok, Vinçester, Portsmut və Nyuport subkampuslarında tələbələrinin
sayı sürətlə çoxalır.
1997-ci ilin payızında Böyük Britaniyada kütləvi
meningit xəstəliyi yayılır və 3 nəfərin
ölümünə səbəb olur. Sauthempton Universiteti bu xəstəliklə
mübarizə üsulu olaraq kütləvi vaksinasiya
proqramını həyata keçirir.
2002-ci il yanvarın 22-də Sauthempton Universiteti
qızıl yubileyini qeyd edir. Həmin dövrdə
universitetin tədqiqatlardan əldə etdiyi vəsait ümumi
gəlirlərinin əsas hissəsini təşkil edir.
Son illər universitetin Elektronika və Kompüter Elmləri Məktəbi,
Optoelektronika Elmi-Tədqiqat Mərkəzi, İnkişaf Elmləri
İnstitutu, yeni idman zalı tikilərək istifadəyə
verilib.
Büdcəsi və təhsil
haqqı
2009-2010-cu tədris
ilində Sauthempton Universitetinin illik gəlirləri 394177000
funt-sterlinq olub. Həmin vəsaitin
117897000-ni maliyyə şurası qrantları, 103018000-ni təhsil
haqqı və təhsil sazişləri, 88343000-ni tədqiqat
qrantları və sazişləri, habelə digər vasitələr
hesabına əldə olunan gəlirlər təşkil edib.
Həmin
tədris ilində ali məktəbin
ümumi xərcləri 390135000 funt-sterlinq olub. Göstərilən
məbləğin 227106000-ni əməkdaşların əməkhaqqı,
22999000-i amortizasiya, qalanlarını isə digər əməliyyat
xərcləri təşkil edib.
2011-2012-ci tədris ilində Sauthempton Universitetində
bakalavr səviyyəsində təhsil haqqı 10820-25500
funt-sterlinq təşkil edir. Magistratura səviyyəsində
təhsil haqqı 11440-14460, doktorantura səviyyəsində isə
11440-16120 funt-sterlinqdir.
Sauthempton Universitetində 1 tədris
ilində tələbəyə təhsil haqqını
çıxmaq şərti ilə 7500-9000 funt-sterlinq lazım gəlir.
Bu məbləğə yataqxana, qidalanma,
Sauthempton daxili nəqliyyat, kitab, dəftərxana ləvazimatları,
avadanlıq və digər lazımi əşyalar daxildir.
Tələbənin seçdiyi həyat tərzindən
asılı olaraq sərf olunan vəsait dəyişə də
bilər.
Universitet bu gün
Sauthempton Universitetinin 5 kampusu mövcuddur. Onlardan 4-ü
Sauthempton, 1-i isə Vinçester şəhərində yerləşir.
Hayfild kampusunun yaxınlığında
hazırda yeni kampus - Dəniz Qabaqcıl Təcrübə Mərkəzi
tikilir.
Universitetin əsas kampusu Hayfild rayonunda yerləşir. 1914-cü ildə
açılmış kampus memar Cayls Hilbert Skottun layihəsi əsasında
yaradılıb. 1956-cı ildə ser Bezil Spensə
universitet şəhərciyinin genişlənməsi üzrə
ümumi plan hazırlanması tapşırılıb. Spens beton, şüşə və mozaikadan istifadə
edərək müasir görünüşlü binaların
tikintisinə nail olub. Hayfild şəhərciyinin
ən yeni planı isə 1998-ci ildə memar Rik Mather tərəfindən
hazırlanıb. O, əsasən kampusun
yaşıllaşdırılması layihəsi ilə məşğul
olub, həmçinin Zepler və Qauer binalarını tikib.
Hayfild
kampusunda böyük park yerləşir, park boyu heykəltəraşlar
Barbara Hepvortun, Castin Noulzun, Nik Poupun və Con Edvardsın əl işləri yerləşdirilib.
Kampusda Con Hansard Qalereyası, Nuffield teatrı, Terner Sims konsert
zalı mövcuddur.
Sauthempton Universiteti Avenyu kampusunu 1993-cü ildə 2
milyon funt-sterlinqə alıb. Əvvəllər həmin
ərazidə Riçard Tonton Kolleci və Sauthepmton
Tramşeds binası fəaliyyət göstərib. Hazırda bu kampusda Humanitar elmlər fakültəsinin
binaları, Dil Tədqiqatı Mərkəzi, 2006-cı ildə
xüsusi dizaynla tikilmiş Arxeologiya binası, viktorian
üsluba aid Əsas Bina, Bercess, Krouford binaları yerləşir.
Milli Okeanoqrafiya Mərkəzi universitet tərəfindən
xüsusi tikilmiş mərkəzdir. 1995-ci ildə
açılmış mərkəzdə 4 tədqiqat institutu
fəaliyyət göstərir. Burada elmi-tədqiqat
məqsədlərinə xidmət edən RRS Discovery, RRS Ceyms
Kuk gəmiləri mövcuddur. Milli
Okeanoqrafiya Mərkəzində dəniz dibinin, səviyyəsi,
sahil tədqiqatları və s. öyrənilir.
Sauthempton xəstəxanaları universitetə məxsus
böyük xəstəxanaların yerləşdiyi ərazidən
ibarətdir. Burada Tibb fakültəsinin binaları, xəstəxanalar,
laboratoriyalar, tədqiqat mərkəzləri yerləşir.
Boldervud kampusu Hayfild şəhərciyinə yaxın ərazidədir. 2010-cu ilədək
bu ərazidə universitetin Tibb fakültəsinin binaları və
bioloji elmlər üzrə tədqiqat mərkəzləri yerləşirdi.
Sonradan bu binalar Sauthempton xəstəxanaları ərazisinə
köçürüldükdən sonra burada Dəniz
Qabaqcıl Təcrübə Mərkəzinin tikintisinə
başlanılır və görülən işlərin
2014-cü ildə tamamlanması nəzərdə tutulur.
Kampusda Lloyld Registr Mərkəzi və Dəniz
İnstitutunun yerləşməsi nəzərdə tutulur.
Sauthempton
Universitetində onlarla bakalavr, magistr və doktorluq
proqramları təklif edən 8 fakültə fəaliyyət
göstərir:
Biznes və hüquq fakültəsi
İnternet, dəniz, ekologiya hüququ, strategiya, marketinq, idarəetmə,
dizayn, tekstil, qrafika, moda və digər bu kimi sahələr
üzrə təhsil proqramları təklif edir. Fakültənin
apardığı tədqiqatların əhəmiyyətli hissəsi
ixtisaslaşmış mərkəzlərdə - Dəniz
Hüququ, Sauthempton Qanun və Şəbəkə
institutlarında, Bank işi, Maliyyə və Davamlı
İnkişaf, Əməliyyat Tədqiqatları, İdarəetmə
Elmləri və İnformasiya Sistemləri, Risk Tədqiqatları
mərkəzlərində həyata keçirilir. Fakültənin akademik binaları Hayfild əsas
kampusunda və Vinçester universitet şəhərciyində
yerləşir.
Mühəndislik və ətraf
mühitin mühafizəsi fakültəsində akustik, aerokosmik, sənaye,
biotibb, vətəndaş, hesablama, elektromexanika, ekologiya,
mühəndislik-geologiya, mühəndislik, gəmiçilik və
nəqliyyat sahələri üzrə geniş spektrdə tədqiqatlar
həyata keçirilir. Bu, Böyük Britaniyada aviasiya və
maşınqayırma texnologiyaları, tikinti, elektrotexnika, ətraf
mühit və maşınqayırma sahələrində ən yaxşı təhsil verən fakültələrdəndir.
Fakültə Hayfild əsas kampusunda fəaliyyət
göstərir.
Sağlamlıq elmləri
fakültəsi
reabilitasiya və aktiv həyat tərzi, təşkilatçılıq
və tibbi yardım göstərilməsi, xərçəng,
palliativ əlac və tibbi xidmət, eləcə də digər
məsələlər üzrə tədqiqatlar aparır. Fakültənin
əsas elmi fəaliyyət hissəsi Hayfild kampusunda yerləşsə
də, cənubi Hempşir ərazisi böyu da forpostları
mövcuddur.
Tibb fakültəsində respirator tibb, tibb elminin
inkişafı, xərçəng tədqiqatları,
sümük və oynaq xəstəlikləri, ümumi tibbi təcrübə,
immunologiya və gövdə hüceyrələri, regenerativ
tibb sahələri
əsas tədqiqat istiqamətlərindəndir. Tibb fakültəsi Xərçəng, Kliniki
neyroelmlər, Birləşmiş kliniki elmlər,
Sağlamlığın və xəstəliyin mənşələri,
İnfeksiya, iltihab və immunitet, Tibbi təhsil departamentlərindən
ibarətdir. Fakültənin əsas fəaliyyət
mərkəzi Hayfild kampusundan kənarda yerləşən
Sauthempton xəstəxanaları ərazisindədir. Sauthempton Universitetinin Tibb fakültəsi xərçəng
xəstəliyinin tədqiqatları və ilkin tibbi
yardımın təşkili üzrə ölkədə
yüksək yerləri tutur.
Humanitar elmlər fakültəsində arxeologiya, ingilis dili, film,
tarix, müasir dillər, musiqi və fəlsəfə sahələrini
əhatə edən geniş çeşidli ixtisas
proqramları mövcuddur. Fakültə Yəhudi/Qeyri Yəhudi
Əlaqələri İnstitutuna, Tətbiqi Dillər Tədqiqatları,
Orta Əsrlər və İntibah Mədəniyyəti,
Transmilli Tədqiqatlar, Meksika- Sauthempton Əməkdaşlığı,
Çeuton Kitabxana evi ilə birgə işləyən XVIII əsr
Sauthempton Tədqiqatları mərkəzlərinə sahiblik
edir. Fakültənin əsas fəaliyyət mərkəzləri
Avenyu və Hayfild kampuslarıdır.
Təbiət elmləri və
ekologiya fakültəsi geokimya, farmakologiya, kataliz, elektrokimya, okean dinamikası,
paleokeanoqrafiya, paleoklimatologiya, ekologiya, molekulyar biologiya və
digər sahələri əhatə edən proqramlar təklif
edir. Fakültənin Sauthempton Milli Okeanoqrafiya və Yer
Elmləri Mərkəzi mövcuddur. Təbiət
elmləri və ekologiya fakültəsinin akademik bölmələri
Hayfild, Uoterfront kampuslarında, Sauthempton Baş xəstəxanasında
yerləşir. Kimya və geologiya sahələrinin
inkişafına görə universitet ölkənin ali məktəbləri arasında birinci yerləri
tutur.
Fizika və tətbiqi elmlər
fakültəsində astronomiya, informatika, elektroenergetika, elektronika,
nanotexnologiya, optoelektronika, fizika, fundamental sahələr
üzrə tədqiqatlar həyata keçirilir. Fakültənin
fotonika və nanomateriallar tədqiqatları həyata
keçirən 100 milyon funtluq Maunbatten binası mövcuddur.
Sosial və insan elmləri
fakültəsi
demoqrafiya, iqtisadiyyat, pedaqogika, coğrafiya, gerontologiya, beynəlxalq
münasibətlər, operativ tədqiqatlar, siyasət,
psixologiya, riyaziyyat, sosiologiya, sosial siyasət, sosial fəaliyyət
və statistika sahələrini əhatə edir. Fakültə
Hayfild kampusunda fəaliyyət göstərir və sosial elmlər
üzrə dünyanın ən aparıcı tədqiqat mərkəzlərindən
biridir. Sosial və insan elmləri fakültəsinin
Pedaqogika, Coğrafiya, Riyaziyyat, Psixologiya, Sosial Elmlər,
Müasir Çin mərkəzləri, Sauthempton Statistika Elmləri
İnstitutu mövcuddur.
Sauthempton Universitetinin kampuslarında 5 kitabxana fəaliyyət
göstərir. Əsas Hartli kitabxanası Hayfild kampusunda
yerləşir və ölkənin ən zəngin
kitabxanalarındandır. Hartli
kitabxanasının sakit oxu zalı, tədqiqat otaqları,
kafeləri tələbələrin xidmətindədir. Əlil və sağlamlıq imkanları məhdud tələbələr
üçün kitabxanada lazımi şərait
yaradılıb. Universitetə qəbul olan
tələbə avtomatik olaraq kitabxanaya üzv seçilir.
Universitet
kitabxanasının kolleksiyasına ümumilikdə 1,6 milyon
cild kitab, 6 milyon əlyazma, 8000 dövri nəşr, 5000
elektron jurnal daxildir. Bu rəqəmlər mütəmadi
olaraq artmaqdadır. Sauthempton Universiteti çox zəngin
əlyazmalar və nadir kitablar kolleksiyasına, ilahiyyat və yəhudi
dininə aid 4500 cilddən artıq kitaba, "İlahi
komediya"nın 6 nadir nəşrinə
malikdir. 1983-cü ildə kitabxanaya I Vellinqton
hersoqu Artur Uelslinin yazışmaları daxil olub. Eyni
zamanda ali məktəbdə Palmerston və
Mountbatten kimi sənədlərin də saxlandığı
Broadlands arxivi fəaliyyət göstərir.
Sauthempton Universitetində kansler vəzifəsi formal
xarakter daşıyır və bu vəzifəni xanım Helen
Aleksandr icra edir. O, universitetin ilk qadın kansleridir. Ali məktəbin
vitse-kansleri isə professor, ictimai səhiyyə üzrə
dünya şöhrətli ekspert Don Nutbeamdır.
Fakültələrə dekanlar rəhbərlik edir.
Sauthempton Universitetinin idarəedici orqanları Universitet
Şurası və Senatdır. Universitetdə
ümumilikdə 5000-dən çox işçi
çalışır.
Sauthempton Universitetində 25000-dən çox tələbə
təhsil alır. Onların 18000-ə qədəri bakalavr,
qalanları isə magistr və doktorantlardır. Universitetdə dünyanın 130 ölkəsini təmsil
edən əcnəbi tələbə oxuyur.
Sauthempton
Universiteti hazırda Böyük Britaniyanın və
dünyanın akademik nüfuza malik aparıcı ali məktəblərindən biridir. Universitet
tədrisə, təhsilə, tələbə təcrübəsinə
əsaslanan əlverişli mühitdə əsasən beş sahəyə - fərqli təhsilə, tələbənin
istedadına önəm verməyə, qlobal problemlərin
öyrənilməsinə diqqət ayırmağa, gənclərin
gələcəyini təmin etməyə və əvəzolunmaz
sosial təcrübə bəxş etməyə diqqət
yetirir.
Universitetin məşhur məzunları
Pehin
Bin İbrahim Bruney-Darussalamın sabiq daxili işlər
naziri
Evan
Enverem Nigeriya Senatının sabiq sədri
Məhəmməd
Lütfi Fərhad Şimali Afrika Parlamentinin sabiq vitse-prezidenti
Adrian
Fulford Beynəlxalq
Cinayət
Məhkəməsinin hakimi
Cerald
Hovart Beynəlxalq Təhlükəsizlik
Strategiyası naziri
Ceyson
Hu Çin Respublikasının
sabiq xarici işlər naziri,
Tayçjun şəhərinin
meri
Ebele
Okeke Nigeriya dövlət xidmətinin ilk qadın rəhbəri
Artur
Batton Böyük Britaniya Kral Hava Qüvvələrində
sabiq böyük komandan
Hazırladı:
Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.-
21 oktyabr.- S.12-13.