"Çiçəklənən
Azərbaycan" rəsm müsabiqəsinin
qalibləri mükafatlandırıldı
Oktyabrın 19-da T.İsmayılov
adına "Uşaq dünyası" Rəsm Qalereyasında
Təhsil Nazirliyinin təşkilatçılığı ilə
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr edilmiş
"Çiçəklənən Azərbaycan"
mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri
arasında təşkil olunmuş rəsm müsabiqəsi
qaliblərinin mükafatlandırılması mərasimi
keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu
Novruzov, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin
müavini Aynur Sofiyeva, gənclər və idman nazirinin
müavini İntiqam Babayev, Azərbaycan
Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov
və digər şəxslər iştirak edirdilər. Qeyd edək ki, müsabiqə 3 mərhələdə
- məktəb, şəhər, rayon və respublika mərhələsində
keçirilib. Müsabiqənin şəhər, rayon mərhələsində
8 minə yaxın məktəbli iştirak edib. Müsabiqənin
respublika mərhələsinə 210 rəsm işi təqdim
edilmişdir. Azərbaycan Rəssamlıq Akademiyasının
peşəkar rəssamlarından ibarət münsiflər heyəti
tərəfindən aparılan seçimlərə görə
9 nəfər I yerə, 9 nəfər II yerə, 9 nəfər
III yerə layiq görülmüş, 3 nəfər isə
müsabiqədə fəal iştirak etdiyinə görə
diplomlarla mükafatlandırılmışdır.
Tədbiri giriş sözü ilə
açan təhsil nazirinin
müavini Qulu Novruzov müsabiqənin əhəmiyyətindən
danışdı. Bildirdi ki, müsabiqəni keçirməkdə
məqsəd uşaq və gəncləri dövlətçilik,
vətənpərvərlik, vətənə sədaqət
ruhunda tərbiyə etməkdir. Bölgələrdən olan
şagirdlərin müsabiqəyə xüsusi maraq göstərdiklərinin
sevindirici olduğunu bildirən nazir müavini Qulu Novruzov məktəblilərin
rəsm əsərlərində yeniləşən,
inkişaf edən Azərbaycanın geniş təsvir
olunduğunu iştirakçıların nəzərinə
çatdırdı. Q.Novruzov xalqımızın əldə
etdiyi müstəqilliyin böyük nemət olduğunu və
daim qorunub saxlanılması üçün var
gücümüzlə çalışmağın vacibliyini
qeyd etdi.
Son illər təhsil sahəsində
aparılan islahatlardan danışan Q.Novruzov ölkə Prezidenti
cənab İlham Əliyevin təhsilə
göstərdiyi diqqət və qayğıdan söz
açdı. Belə tədbirlərin keçirilməsini təqdirəlayiq
hal kimi qiymətləndirən
nazir müavini
müsabiqədə iştirak edən, lakin
qalib gəlməyən şagirdlərə
ruhdan düşməməyi və
yaradıcılıq işlərini davam
etdirərək məqsədə doğru
irəliləməyi tövsiyə etdi. Qalib şagirdləri və onların valideynlərini
təbrik edən Q.Novruzov onlara
gələcək işlərində uğurlar
arzuladı.
Tədbirdə
çıxış edən gənclər
və idman nazirinin müavini İntiqam Babayev, Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi sədrinin müavini
Aynur Sofiyeva və Azərbaycan
Rəssamlıq Akademiyasının prorektoru
Səlhab Məmmədov müsabiqənin əhəmiyyətindən
danışaraq qalibləri
təbrik etdilər.
Sonda qaliblərə Təhsil Nazirliyinin diplomları təqdim edildi.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2011.- 21
oktyabr.- S.6.