Qobustan rəsmlərinin yorulmaz tədqiqatçısı
Azərbaycanın
ilk arxeoloq-etnoqraf alimlərindən
biri, əməkdar elm
xadimi, Qırmızı Əmək
Bayrağı ordenli İshaq
Məmmədrza oğlu Cəfərzadə
Gəncədə anadan olmuşdur. İshaq 6
yaşında mədrəsədə oxumağa
başlamış, ərəb və fars
dillərini öyrənmişdir. Altıillik şəhər
məktəbində o, rus
dilinə yiyələnmişdir. Əməksevər gənc
biliklərə yiyələnmək üçün
dilləri öyrənməklə yanaşı, atasından qədim
sərraclıq peşəsini də mənimsəmişdir.
1927-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix
fakültəsini bitirən İshaq Cəfərzadə
sonralar ADU-nun şərqşünaslıq
fakültəsində oxumuşdur. Ali təhsil aldığı illərdə ictimai fəallığı ilə seçilən
İ.Cəfərzadə Azərbaycanın Qədim Abidələrinin
Mühafizəsi Komitəsinin üzvü kimi çalışmışdır.
1933-cü ildən İ.Cəfərzadə həyatını
elmə bağlamışdır; Azərbaycan SSR EA-nın Tarix İnstitutunda fəaliyyət
göstərmiş, arxeologiya şöbəsinə
rəhbərlik etmişdir.
İ.Cəfərzadə
ilk elmi
axtarışlarını Gəncədə
başlamışdır. Mütəfəkkir şair
Nizami Gəncəvinin 800 illik
yubileyi ilə əlaqədar təşkil
olunmuş qazıntı işlərinə
Cəfərzadə başçılıq etmişdir.
Bu
elmi fəaliyyət nəticəsində Gəncənin
yeri dəqiq müəyyənləşdirilmiş,
qala divarları, sənətkar məhəllələri,
müxtəlif məişət tikililəri aşkar
edilmiş, çoxlu sayda maddi mədəniyyət
nümunələri tapılmışdı.
Tale
İshaq Cəfərzadəyə ilk dəfə olaraq Nizami Gəncəvinin məzarını
açmağı, böyük sənətkarın
nəşini gün işığına
çıxarmaq şərəfini nəsib etmişdi.
Şairin nəşini yubiley
günlərində yeni türbədə
qara mərmər sənduqəyə qoymuş İ.Cəfərzadə
bu elmi araşdırmaların
nəticələrini ümumiləşdirən "Qədim
Gəncənin tarixi-arxeoloji oçerki" əsərini namizədlik
dissertasiyası kimi 1944-cü ildə
müdafiə etmişdir.
Alimin
bioqrafiyasından bəlli olur ki, o, elə müharibə
illərində həm də Bakı limanındakı Səbayıl
şəhərinin, Yaloylutəpənin arxeoloji
qazıntılarına rəhbərlik etmişdi.
Mənbələrdə
qeyd olunur: Xəzərin
dalğaları ilə yuyulan "Şəhri
Səbayıl" tədqiqatları zamanı o,
ağır və gərgin zəhmət hesabına dənizin
dibindən 200-dən artıq iriölçülü
yazılı daş çıxara bilmişdi.
İshaq Cəfərzadənin
adı çəkiləndə Qobustan,
Qobustandakı qayaüstü rəsmlər
yada düşür.
Həmin rəsmlər ötən əsrin 39-40-cı illərində
aşkar edilmişdi.
Arxeoloji ədəbiyyatda
göstərilir:
Bakıdan
50-60 km cənub-qərbdə yerləşən
Qobustanda 1939-1940-cı illərdə Azərbaycanda
ilk qayaüstü təsvirlər
aşkar olunmuşdur.
Böyük Qafqaz dağlarının cənub-şərq
qurtaracağında Böyükdaş, Cingirdağ, Kiçikdaş
və Yazılıtəpə silsiləsində
tapılmış bu rəsmlər
müxtəlif dövrlü və müxtəlif
məzmunlu olub, Azərbaycan
xalqının qədim mədəniyyətini öyrənmək
baxımından olduqca əhəmiyyətlidir.
Qobustanda təxminən minə yaxın Abşeron süxurlu əhəng
daşları üzərində 3500-dən çox
müxtəlif ölçülü rəsmlər
qeydə alınmışdır. Bu rəsmlər
mövzu baxımından olduqca
müxtəlifdir. Əsasən insan, vəhşi öküz,
maral, keçi, şir, ceyran, at, gur və s. təsvirlərindən ibarət olan bu rəsmlər çox vaxt təbii
ölçüdə verilmişdir. Daşlarda kollektiv əmək
prosesi, o cümlədən
taxıl biçini, qurban
gətirmək, ov səhnələri,
müxtəlif heyvanların vuruş səhnələri,
dəvə karvanları və s. çox real
canlandırılmışdır. Qobustan
qayalarının bir hissəsində
adamlı və adamsız qayıq təsvirləri verilmiş, qayıqların burun
hissəsində günəş şəkli çəkilmişdir.
Tədqiqatçıların fikrincə, böyük
yastı daşlarda çox
qədim Azərbaycan əyləncə oyunlarının, o cümlədən "pul-pula",
"ev köçdü"
və ya "mərə-mərə"nin
təsviri verilmişdir.
Qədim
karvan yolu üzərində
yerləşən Qobustanda həm də epiqrafik abidə, o cümlədən
qədim latın yazısı qeydə
alınmışdır. Qobustanda
aparılmış arxeoloji
qazıntılar bu ərazinin ən qədim
yaşayış məskəni olduğunu
sübut etmişdir. Burada müxtəlif qayaüstü
sığınacaqlar, 20-dən çox mağara ilə yanaşı, Orta
Daş dövrünə (Mezolit)
aid zəngin yaşayış məskəni
və nekropol tədqiq edilmişdir.
Keçmiş
SSRİ-də qayaüstü təsvirlərin
görkəmli mütəxəssislərindən olan İ.Cəfərzadə Qobustan
qayaüstü təsvirlərini məzmunu
və işləmə texnikasına görə təhlil edərək
onları dövrlər üzrə qruplara
bölmüşdür.
Tədqiqatçının
fikrincə, Qobustan qayaüstü
rəsmlərinin ən qədim nümunələri
çiyinlərindən kaman
aşırılmış, ayaqüstə və ya yarım oturmuş vəziyyətdə
silueti çəkilmiş insan
təsvirləridir. Onlar təbii
ölçüdə, çox vaxt qəfəsə çanaq
hissəsi müstəsna olmaqla
çılpaq vəziyyətdə təsvir olunmuşdur.
Bəzən isə kişi təsvirləri
əlində balta həkk edilmişdir.
Böyükdaş və Cingirdağ zonalarında
təbii böyüklükdə verilmiş
öküz rəsmləri, nisbətən
kiçik miqyasda silueti çəkilmiş geyimli,
silahla birlikdə işlənmiş insan təsvirləri, burun
hissəsində günəş rəsmi çəkilmiş
qayıq rəsmləri və b. təşkil
edir.
Qobustandakı
qayaüstu təsvirlərin yaşı çox böyükdür.
E.ə. I minillikdə yaşamış ulularımızın adət-ənənəsi,
təsərrüfat həyatı, ilkin incəsənət
bu rəsmlərdən
anlaşılır.
Arxeoloji
qazıntılar onu da
təsdiq edib ki, buralar həm də ən qədim
yaşayış məskənlərindən olub.
20-dən çox daş
dövrünə aid zəngin
yaşayış məskəni aşkar edilib.
Mərhum
İ.Cəfərzadəyə görə, Qobustan
qayaüstü rəsmlərinin ən qədim
nümunələri çiyinlərindən kalman
aşırılmış, ayaqüstə və ya yarım oturmuş vəziyyətdə
silueti çəkilmiş insan
təsvirləridir.
Qayaüstü rəsmlərin
bəziləri təsvirli yazılardır. Belə yazılar keçmiş köç
və karvan yolları üzərindədir.
Bu təsvirlər indi
qədim Azərbaycanın keçmiş iqlim şəraitini, o dövrün əhalisinin təsərrüfat
həyatını, incəsənətini öyrənmək
baxımından böyük tarixi-coğrafi, elmi əhəmiyyətə
malikdir.
İ.Cəfərzadə
Qobustanda 5000-ə yaxın qayaüstu
rəsm aşkar etmişdi.
Həmin tarixi-mədəni yadigarların hamısı qeydə
alınmaqla yanaşı, alimin ömür-gün yoldaşı, yaxın
köməkçisi, Azərbaycanın ilk
qadın rəssamlarından olan Səfiyyə
xanım tərəfindən dəqiqliklə kağıza köçürülmüşdü.
Bu fədakar və vətənsevər
alim həmin rəsmlər üzərində
illər boyu araşdırma
aparmışdır. Dünyanın bir çox yerlərində
aşkar edilmiş qayaüstü təsvirlərdən Qobustan rəsmlərinin üstünlüyü
aşağıdakılardır: bu təsvirlər
geniş xronoloji
çərçivəlidir, mövzu cəhətdən
rəngarəngdir, orijinal süjetlidir,
böyük bədii-estetik dəyərə
malikdir.
Ümumiyyətlə,
İ.Cəfərzadə 70-dən çox
maddi mədəniyyət abidəsi aşkara çıxarmışdır.
O,
Xocalı, Yaloylutəpə, Orənqala, Çovdar
... arxeoloji ekspedisiyalarında, etnoqrafiya ilə bağlı elmi
səfərlərdə iştirak etmişdir.
1938-40-cı illərdə Gəncə,
Abşeron, Səbayıl, Qobustan
(1939-1950) ... arxeoloji
ekspedisiyalarının təşkilatçısı və rəhbəri
olmuş alim 1929-cu ildə
SSRİ Elmlər Akademiyasının təşkil etdiyi ekspedisiyanın işinə qoşularaq Qara dənizin
şimalındakı antik dövrlərə
aid Olviya şəhər
yerində də qazıntılar aparmışdır
(Q.İsmayılzadə).
İllər
ötür, fəqət Qobustan
qayaları tarixin daş
yaddaşı kimi qalmaqdadır. Və bu təsvirlərdən söz
düşəndə böyük alimin adı hörmət və ehtiramla çəkilir.
Aşağıdakı əsərləri mənbələr kimi oxunmaqdadır:
"Azərbaycanın
qədim tarixi. Azərbaycan SSR Tarix və Fəlsəfə İnstitutunun
əsərləri, c.1. Bakı: 1961.
"İstoriko-arxeoloqiçeskoy oçerk staroy Qendji (Rodina Nizami)". Baku:
1949. Qobustan. Naskalnıye izobrajeniya".
Baku: 1973.
"İshaq müəllimin qayaüstü
rəsmlər üzərində
iş təcrübəsi alimlər üçün gözəl
məktəb olmuşdu"
Qüdrət İSMAYILZADƏ,
BDU-nun etnoqrafiya və
arxeologiya kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, əməkdar
müəllim
Onun sevinc və
günəş işığı
ilə dolu böyük yaradıcılıq
yolu vardı. Ona qədim
Gəncənin xarabalıqlarını
tapmaq, dahi Nizaminin müqəddəs
türbəsini açmaq,
səfalı Xaçbulaq
yaylasının əfsanəvi
qalalarını öyrənmək
və Qobustanın min
bir səhifəli daş kitabını oxumaq kimi şərəfli,
qibtə ediləsi işlər nəsib olmuşdu.
İshaq Cəfərzadənin
adı respublikamızdan çox-çox uzaqlarda elmi ictimaiyyətə
indi də yaxşı tanışdır. Onun adını
İngiltərə və Fransada, Çexiya və Slovakiyada,
Macarıstan, Almaniya, İtaliya, İspaniya və Kanadada
çox eşidiblər. Hər yerdə onu Azərbaycan
arxeologiyasının yaradıcılarından biri, misilsiz
Qobustan mirasının ilk tədqiqatçısı kimi
tanıyırlar.
Azərbaycanın
elə bir guşəsi tapılmaz ki, oraya bu görkəmli
alimin ayağı dəyməmiş ola. Lakin onun adı ilə
daha çox dünya incəsənət xəzinəsini bəzəyən,
milli mədəni və mənəvi qürurumuzu təşkil
edən məhz Qobustanın daş naxışları, rəsmləri
bağlıdır. Ulu babalarımızın hiss və
duyğularını qoruyub saxlayan bu abidənin tətbiqinə
o, ömrünün 40 ilə yaxın bir dövrünü həsr
etmişdi. Bəlkə də elə buna görə
Qobustanın yalçın qayaları üzaq minilliklərin, əsrlərin
sirlərini ondan gizlətmək istəməmiş, çətin
və əziyyətli axtarışlarda ona qüvvət, əzəmət
vermiş, möhkəm arxa olmuşdu. Bəlkə də elə
buna görə tanınmış alimin yerişində və
duruşunda, söhbətlərində və yazılarında
həmişə Qobustanın düşüncəsi, onun nəhəng
qayalarının vüqarı, minbir səsli qədim və
ecazkar mahnısı əks olunmuşdu.
Böyük
alim İshaq müəllimlə mənim ilk
tanışlığım 50-ci illərin sonlarında
olmuşdu. O vaxtlar mən uzaq dağ bölgələrindən
birində, yoldan uzaq bir kənddə müəllimlik edir,
boş vaxtlarımda isə işlədiyim yerin zəngin tarixi
abidələrini öyrənməyə cəhd göstərirdim.
Bəzi maraqlı abidələr haqqında mətbuat səhifələrində
çıxışlar da etmişdim. Bəlkə də bunu nəzərə
alaraq günlərin bir günündə təcili teleqramla məni
Azərbaycan Elmlər Akademiyasının arxeologiya şöbəsinə
işə dəvət etmişdilər. Müəllimliyi,
uşaqlarla işləməyi çox xoşlasam da,
teleqramı alan günün sabahı Bakıya yola
düşmüşdüm. Əslində, onda mən illərdən
bəri qəlbimdə yuva salmış arzuma qovuşmağa tələsmişdim.
Yadımdadır,
əlimdə həmin teleqram, ürəyimdə isə
böyük təşviş və həyəcan, o vaxtlar
Voroşilov küçəsində yerləşən Tarix
İnstitutunun arxeologiya şöbəsinə gəldim. Burada
məni Azərbaycan arxeologiyasına rəhbərlik edən
İshaq Cəfərzadənin otağına apardılar.
Adını çox eşitdiyim görkəmli alimlə mənim
əyani tanışlığım belə başlandı.
İshaq
müəllim otağın künc tərəfində,
böyük bir yazı masasının arxasında əyləşmişdi.
Başında özbək araqçını vardı. Oturmaq
üçün mənə yer göstərdi və bir
müddət susdu. Hiss etdim ki, onun baxışları
üzümdə gəzir və məni tər basdı.
Düzü, arxeologiya mənim üçün əlçatmaz
bir zirvəyə, İshaq müəllim isə bu zirvəyə
gedən yeganə yolun zəhmli keşikçisinə
çevrilmişdi. Görünür, o, mənim bərk həyəcan
keçirdiyimi hiss edib yavaşcadan boğazını
arıtdı və çox səmimi və açıq bir
baxışla məqalələrimi oxuduğunu bildirdi. Bunun
ardınca gözlənilmədən məndən
maaşımı soruşdu. 240 manata qədər böyük
maaş aldığımı eşitdikdə təəccübləndi,
lakin birdən-birə quru bir səslə dedi:
- Bala, bizdə
sən bu maaşın yarısından da az alacaqsan. Biz səni
kiçik elmi işçi vəzifəsinə götürməyi
nəzərdə tutmuşuq. Bu vəzifənin maaşı isə
cəmi 83 manatdır. Lakin xəbərdarlıq edirəm ki,
bu, çətinliyin yalnız bir tərəfidir.
Arxeologiyanın özü çox ciddi və olduqca
ağır bir elmdir. Yadda saxlamalısan ki, arxeoloq hər
cür iş şəraitində işləməyə
hazır olmalıdır. Bizim isə əsas iş şəraitimiz
iliyimizə qədər işləyən şaxtadan və ya
beynimizi yandıran istidən, gözlərimizi dolduran
toz-torpaqdan asılı olmayaraq açıq havadadır. Bəziləri
arxeologiyada romantika axtarırlar. Lakin belə adamların
heç biri arxeologiyada bir mövsümdən artıq qala
bilmir. İlk çöl axtarışından sonra
qaçır. Mən səni qorxutmaq istəmirəm. Dediklərimi
düşün, götür-qoy et. Özünü buna
hazırlıqlı bilsən, ərizə ilə gəl. Onda
mən sənə, - uğurlu yol, - deyərəm.
Doğrusu,
o gecə yatmadım. Lakin ertəsi gün bir cümlə ilə
yazdığım ərizəni İshaq müəllimə təqdim
etdim. O, daha bir söz demədi, amma dodaqaltı gülümsəyərək
üstünü yazdı.
Bir il sonra
isə İshaq müəllim məni Xaçbulaq
yaylağında yenidən başlanan tədqiqatlara apardı. Bu
yerlər onun üçün doğma və əziz idi.
Özünün dediyi kimi, bütün uşaqlıq və gənclik
illərini Azərbaycanın bu səfalı guşəsində
keçirmişdi. Sonralar ilk tədqiqatları
üçün də o, məhz buranı seçmişdi.
Xaçbulaqda tədqiqat apararkən biz alaçıqlarda
qalırdıq. Hər axşam İshaq müəllim bizi
özünün dədə-baba ənənəsi ilə
qurulmuş iri alaçığına dəvət edirdi və
gecə yarıdan keçənədək bu yerlərin
tarixindən, adət-ənənələrindən və
öz həyatından maraqlı söhbətlər edirdi.
***
Qədim
qayaüstü təsvirlər
dünyanın bir çox
yerlərində aşkar edilmişdir.
Lakin heç yerdə
Qobustanın təsvirləri qədər geniş
xronoloji çərçivəli, mövzu cəhətdən rəngarəng, orijinal süjetli və bədii
dəyərli təsvirlərə təsadüf
olunmamışdır.
İshaq
müəllim Qobustan təsvirlərinin ən qədim
nümunələrini orta daş - mezolit dövrünə aid
etmiş, onların 9-10 min il əvvəl çəkildiyini
sübuta yetirmişdi. Sonrakı dövrlərdə
Qobustanın daş salnaməsində təsvirlərin sayı
daha da artmış və zənginləşmişdi. Mis, tunc
və dəmir dövrlərində Qobustanın bu qeyri-adi
daş kitabına qədim təsərrüfat sahələrinin
genişlənməsi, inkişafı, dini təsəvvürlərin
mürəkkəbləşməsi ilə əlaqədar daha
geniş məzmunlu və kompozisiyalı lövhələr - əsl
incəsənət əsərləri əlavə
edilmişdi. Ciddi axtarışlar nəticəsində
İshaq müəllimə hər bir rəsmin dövrlərə
görə mənasını açmaq, onların işlənmə
üslubunu aydınlaşdırmaq müyəssər
olmuşdur. Yer kürəsinin müxtəlif guşələrində
tapılmış bütün qədim qayaüstü təsvirlərə
yaxşı bələd olan İshaq Cəfərzadə
Qobustan təsvirlərinin səciyyəvi xüsusiyyətini, bədii
və tarixi əhəmiyyətini müəyyənləşdirə
bilmişdi. Görkəmli alimin tədqiqatlarında diqqəti
cəlb edən cəhətlərdən biri də
Qobustanın qədim təbii-coğrafi şəraitinin nəzəri
bərpası ilə bağlıdır. Alimə görə
uzaq keçmişdə Qobustanın iqlimi rütubətli və
tropik iqlimə yaxın olmuşdur. O zaman bu ərazi sulu
çaylara, çoxlu bulaqlara və bol ot örtüyünə
malik olduğundan burada saysız-hesabsız ov heyvanları
özlərinə sığınacaq tapmış və yerli
qəbilə və tayfaların böyük mal-qara
sürüləri saxlanılmışdı.
Qobustan təsvirlərini
öyrənərkən istedadlı alim onların meydana gəlmə
tarixinə xüsusi fikir vermişdi. Tədqiqatçının
fikrincə, Qobustanın saysız-hesabsız təsvirləri
içərisində siluet üsulu ilə çəkilmiş,
çiyinlərində kaman olan kişi və qadın təsvirləri
ən qədim dövrlərə aiddir və onlar bilavasitə
qadınların ibtidai cəmiyyətdə hakim olduğu madərşahlıq
dövründə çəkilmişdir.
İshaq Cəfərzadənin
dərin və geniş axtarışları ona sonrakı
dövrlərin təsvirlərini də müəyyən etməyə,
onların fərqləndirici xüsusiyyətlərini
aydınlaşdırmağa imkan vermişdi. İshaq müəllim
müəyyən bir dövrün təsvirlərini tədqiq
edərkən çox düzgün olaraq onları həmin
dövrün təsərrüfatı, dini təsəvvürləri
və mədəni nailiyyətləri ilə əlaqələndirmişdi.
Bu sahədə o, mütəxəssislərin
diqqətini cəlb etmiş bir sıra maraqlı və elmi əsaslı
fikirlər irəli sürmüşdü.
Şamxəlil MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2011.- 21
oktyabr.- S.8.