Təqdimatlar üzərində qurulmuş dərs

  

Dünyanın qabaqcıl ölkələrində olduğu kimi, hazırda respublikamızda da bütün sahələrdə İKT-nin tətbiqi prosesi gedir.

İKT-nin tətbiqi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir. İKT-dən istifadə etməklə yanaşı, interaktiv təlim üsulları, digər əyani vəsaitlər, təlim materialları ilə də şagirdlərdə müasir dövrün tələbinə uyğun bilik və vərdişlər formalaşdırmaq mümkündür.

Mən də yeni təlim üsullarından,  İKT-dən istifadə edərək şagirdlərdə tədris etdiyim coğrafiya fənninə maraq oyadıram. Bu sahədəki təcrübəmi bölüşmək üçün apardığım "açıq dərs"lərdən birini misal gətirmək istəyirəm. IX "a" sinfində keçdiyim "açıq dərs" "Cənub-Qərbi Asiya ölkələri" mövzusunda idi.

Uşaqlarla birlikdə əvvəlcədən coğrafiya kabinetini qaydaya salmaq, bizə lazım olan resursları, əyani vəsaitləri, stendləri, kompüter, proyektor, bayraqlar, dərslik, xəritə və atlas, kontur xəritə və s. hazırladıq.

Dərsdə qruplarla iş üsulundan istifadə etdim. Sinfi 4 qrupa bölərək qrupları öyrənilən ölkələrin paytaxtları ilə adlandırdım. Stolların üstündə qrupların təmsil etdikləri ölkələrin adları, bayrağı, gerbi, kiçik xəritəsi çəkilmiş stendlər var idi. Uşaqlar "Bakı", "Təbriz", "Məkkə", "Ankara" yazılmış stollarda əyləşdilər. Şagirdlərin dərsə davamiyyəti haqqında məlumat dinlənildikdən sonra təqdimatlara başladıq. Hər bir şagird maraqlandığı ölkə haqqında təqdimat hazırlamışdı. Mən onlara qabaqcadan öz tövsiyələrimi vermişdim.

Gülşən Tağıyeva "Asiya" mövzusunda təqdimat etdi. Asiyanın xəritəsi lövhədə nümayiş olundu. Şagirdin verdiyi məlumatlara aid şəkillər, sxemlər göstərildi.

Növbəti slaydda Arzu Əhmədzadə Cənub-Qərbi Asiya ölkələri haqqında təqdimatla hamını tanış etdi. Təqdimatda Cənub-Qərbi Asiya ölkələri haqqında ümumi məlumat verildi.

Sonra Leyla adlı şagird həmin ölkələrin üzv olduğu təşkilatlar (OPEK, İKT) haqqında hazırladığı slaydları nümayiş etdirdi.

Rüfət Xamtayev Səudiyyə Ərəbistanı, Emin Ələkbərli Birləşmiş Ərəb Əmirlikləri, onların əhalisi, təsərrüfatının ümumi xarakteristikası, sənayesi, kənd təsərrüfatı və hər bir ölkənin əsas şəhərləri, turizmi, iqtisadi əlaqələri haqqında həm şəkillər, həm də yazılarla maraqlı təqdimatlar verdilər.

Regionda yerləşən ərəb olmayan ölkələr haqqında Həqiqət Dadaşova məlumat verib təqdimatını etdi. Cənubi Azərbaycan haqqında ardıcıllıqla slaydlarını (orada Cənubi Azərbaycana - Təbriz şəhərinə, iqtisadiyyatına, o cümlədən Təbriz xalçalarına, görməli yerlərinə dair məlumatlar əks olunmuşdu) təqdim etdi.

Türkiyə Respublikasının əhalisi, təsərrüfatı, turizmdə seçilən bölgələri haqqında hər birinə aid şəkillər, xəritələr Vüsalə  İsgəndərli, Qafqaz ölkələri haqqında isə Nəcməddin Təhməzov və Firudin Salehzadə öz təqdimatlarını göstərdilər.

Doğma ölkəmiz haqqında Aygün Qəhrəmanova geniş məlumat verdi. Məlumatda Azərbaycan Respublikasının sənayesi, kənd təsərrüfatı, əsas istehsal sahələri, neft müqavilələri, neft kəmərləri, ölkəmizdə son illər aparılan quruculuq işlərinin iqtisadi nəticələri, Azərbaycan Respublikasının görməli yerləri, dünyada məşhur olan muğamımız, xalçalarımız slaydlarla ardıcıllıqla təqdim edildi. Sonra Azərbaycan Respublikasının tarixi abidələri - İçərişəhər, Şirvanşahlar, Xan sarayı nümayiş olundu.

İşğal altında olan torpaqlarımız və mənfur qonşularımızın bizə qarşı yeritdiyi genosid siyasəti də slaydlarda öz əksini tapmışdı. Axırda "Mübariz İbrahimov kimi igidləri olan ölkə heç bir vaxt məğlub ola bilməz" deyən şagird öz doğma Zəngilanının da işğal olunduğunu ürəkağrısı ilə qeyd etdi. Şagirdlər - "Bizim respublikamız, Qafqaz ölkələri, həmçinin dünya ölkələri arasında öz iqtisadiyyatı ilə günü-gündən irəliyə gedir. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" - qənaətinə gəldilər.

Şagirdlərin təqdimatları hamının xoşuna gəldi. Hər kəs bir anlıq özünü həmin ölkələrdə hiss etdi. Hamıda maraq oyandı. Şagirdlər ölkəmizin sürətlə inkişaf etdiyini bir daha əyani şəkildə gördülər.

Sonra mən Venn diaqramı üsulundan istifadə etdim. Fərqli dairələr çəkilmiş vərəqləri komandalara verib işlədikləri ölkələri müqayisə etmələrini tapşırdım. Şagirdlər dairənin kənarında ölkələrin fərqli xüsusiyyətlərini qeyd etdilər, müzakirə aparıldı və şagirdlər düzgün və düzgün olmayan fikirləri tapıb qeyd etdilər.

Dərsin sonunda komandalar qiymətləndirildi. Ən çox bal toplayan "Bakı" komandasına Azərbaycan Respublikasının bayrağı təqdim olundu.

Dərsimiz Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin "açıq dərs" verən müəllimləri, təcrübədə olan tələbələri və başqa məktəblərdən, təhsil müəssisələrindən gələn qonaqlar tərəfindən müzakirə olundu. Onlar dərsi və şagirdlərimin fəallığını vurğuladılar. Kompleksin rəy və təkliflər kitabına öz ürək sözlərini yazdılar.

 

 

Bənövşə NƏBİYEVA

 

Azərbaycan müəllimi.- 2011.- 21 oktyabr.- S.21.