Biologiyadan
fənn kurikulumu layihəsinə münasibətim
Bu
gün böyüməkdə olan gənc nəsil iyirmi il əvvəlki
şagirdlərdən istər dünyagörüşünə,
istərsə də maraq dairəsinə görə kəskin
fərqlənir. Artıq 20 ildir ki, Azərbaycan Respublikası
özünün müstəqilliyini elan edib və bu müstəqilliyi
qoruyub saxlaya bilib. Bu illər ərzində təhsil sahəsində
nailiyyətlər çox olub. "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı" qəbul edilib. "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)"
hazırlanıb, I-IV siniflərdə artıq tətbiq olunur,
V-XI siniflərdə isə gələn ildən başlayaraq tədricən
tətbiq olunacaq.
Mən VI-XI siniflərdə tətbiq
olunacaq biologiya fənn kurikulumu haqqında danışmaq istəyirəm.
Əvvəllər biz VI sinifdə
şagirdlərə Botanika bölməsində yalnız bitkilər,
VII-VIII sinifdə Zoologiya bölməsində yalnız heyvanlar
haqqında, IX sinifdə yalnız İnsan anatomiyası,
fiziologiyası və gigiyenası haqqında məlumat verirdiksə,
yeni layihədə VI sinifdən başlayaraq həm bitkilər,
həm heyvanlar, həm də insan orqanizmi haqqında elementar
anlayışlar öyrədilməyə başlanılacaq. Təkamül
yolu ilə sadədən mürəkkəbə doğru
get-gedə bu proses VII, VIII, IX, X və XI siniflərdə də
davam etdiriləcək. Bu yeni layihənin üstün cəhəti
odur ki, burada şagirdin tədqiqatçılıq
bacarığı artacaq, şagird kəşf edən, tədqiqatçı,
müəllim isə bələdçi-fasilitator olacaq.
Yeni layihədə praktiki, laboratoriya
işləri daha çox üstünlük təşkil edir.
Şagirdlər bioloji varlıqlarda baş verən dəyişiklikləri
müşahidə etmək üçün təcrübələr
aparacaq, nəticələri ümumiləşdirib, onları
şifahi və yazılı təqdim edəcəklər.
Bitkilərin əkilməsi, becərilməsi,
ev heyvanlarının, quşların və digər
heyvanların bəslənməsi və onlardan məhsul
alınması texnologiyasını məişətdə tətbiq
edəcəklər.
Zədələnmələr zamanı
ilk tibbi yardım göstərib, xəstəliklər
zamanı profilaktik tədbirlər görəcəklər.
VI sinfin sonunda şagird canlılar aləmini
öyrənən elm sahələrini fərqləndirir,
canlıların quruluşunu, təsnifatını, rol və əhəmiyyətini
izah edir, biologiyaya dair laboratoriya avadanlıqlarını fərqləndirir,
canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirməklə
onu digər canlılardan fərqləndirir,
sağlamlığın qorunmasında bitki və
heyvanların rolunu izah edir, dərman bitkilərini fərqləndirir
və s.
VII sinfin sonunda şagird canlılar aləmini
öyrənən elm sahələrini, onların müxtəlifliyini
şərh edir, sistematik kateqoriyaları fərqləndirir,
insanı digər məməlilərlə müqayisə edir,
onun ali sinir fəaliyyətini izah edir, virus, bakteriya, göbələk
və heyvanların törətdiyi xəstəlikləri təsvir
edir, dərman bitkilərini qruplaşdırır,
canlıların qorunmasına dair müşahidələr
aparır, respublikanın xüsusi mühafizə olunan təbiət
ərazilərini fərqləndirir və s.
VIII sinfin sonunda şagird insanı
öyrənən elm sahələrini, onun orqanizminin təşkil
səviyyələrini şərh edir, canlıların
quruluşunu öyrənmək üçün təcrübələr
aparır, canlıların nəsil ağacını tərtib
edir, sağlamlığın qorunması qaydalarını izah
edir və s.
IX sinfin sonunda şagird canlıları
öyrənən elm sahələrini (sitologiya, histologiya,
biokimya) xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini,
mikrotəkamülü, müasir laboratoriya
avadanlıqlarından istifadə qaydalarını izah edir, irsi
xəstəlikləri, onların qarşısının
alınması yollarını, sağlam həyat tərzinin əhəmiyyətini
izah edir və s.
Tam orta təhsil səviyyəsi (X - XI
siniflər) üzrə şagird bioloji varlıqların
yaranması və inkişafını, habelə canlı
orqanizmlərdə gedən bioloji prosesləri şərh və
izah edir, insanın əmələ gəlməsi, irqlərin
yaranması, irsiyyət, qlobal ekoloji problemlərin başvermə
səbəbləri və aradan qaldırılması
yolları və s. barədə materiallar toplayır, sistemləşdirir,
müqayisə və təhlil edərək qiymətləndirir,
irsiyyətin qanunauyğunluqlarını məsələ həlli
yolu ilə əsaslandırır və nəticələrini
şərh edir. Seleksiyanın nailiyyətlərinin
ayrı-ayrı sahələrdə əhəmiyyətini və
tətbiqi yollarını izah edir və s.
Yaxşı haldır ki, son zamanlar elm və
təhsildə gedən inkişaf biologiya fənni üzrə
dərsliklərin hazırlanmasında da özünü
göstərir.
Məsələn, 2011-ci ildə yeni nəşr
olunmuş VII və VIII siniflər üçün
"Zoologiya" dərsliyi özünün tərtibatı,
məzmunu və dizaynı ilə diqqəti cəlb edir. Təqdirəlayiq
haldır ki, həmin dərsliklərdə son illəri əhatə
edən məlumatlara da geniş yer verilmişdir.
Biologiya fənni kurikulumu layihəsini
"kurikulum.az" saytından əldə etməklə mən
öz dərslərimdə bunu tətbiq etməyə
çalışıram. Həqiqətən də yuxarı
siniflərdə biologiya fənninin tədrisində kurikulumun tətbiq
edilməsi şagirdlərin intellektinin daha da inkişafına
təkan verir.
Təranə
ALIŞOVA
Azərbaycan
müəllimi.- 2011.- 21 oktyabr.- S.21.