İbtidai
siniflərdə uşaq hüquqları haqqında ilkin təsəvvürlərin
aşılanması
İnsan hüquqlarının öyrədilməsi
ibtidai sinif şagirdlərinin şəxsiyyətinə və
ləyaqətinə hörmət olunmasına, istək və
arzularına diqqət göstərilməsinə, onlarda öz
qüvvələrinə, təbii imkanlarına, bilik və
bacarıqlarına, gələcəkdə cəmiyyət
üçün yararlı olmalarına inam yaranmasına,
müstəqillik, prinsipiallıq və qətiyyətlilik kimi
xüsusiyyətlərin formalaşdırılmasına
etibarlı zəmin yaradır.
İnsan hüquqlarının öyrədilməsi
sahəsində məktəblərin, müəllimlərin
üzərinə böyük məsuliyyət
düşür. Çünki məktəbə uşaqlar
sosial vəziyyəti, mənəvi dəyərləri eyni
olmayan müxtəlif ailələrdən gəlir və bir
yerdə oxuyurlar.
Burada onlar biliklərə yiyələnməklə
yanaşı, həmçinin bir şəxsiyyət və vətəndaş
kimi formalaşırlar. İnsan hüquqlarının tədrisinin
məqsədi şagirdlərdə yeni
dünyagörüşü formalaşdırmaqdır. Buna da
yeni vərdişlərin və həyata şəxsi
baxışların yaranması ilə nail olunur.
Dünyada insan hüquqları fəlsəfəsi
insan ləyaqətinə əsaslanır. Öz ləyaqətini
dərk etmək hər bir şəxsdə özünə
inam və hörmət hissini artırır,
başqalarının hüquqlarına hörmət və
sosial dözümlülük yaradır. Bütün bunlar yeni
növ mədəniyyətin-insan hüquqları mədəniyyətinin
əsasını təşkil edir.
İnsan hüquqlarına riayət
olunması üçün hər kəs öz hüquq və
vəzifələrini bilməli, cəmiyyətin bütün
təbəqələrində insan hüququ mədəniyyəti
yaradılmalıdır.
Qeyd etmək lazımdır ki,
bütün mədəni dəyərlərin
yaranmasında təhsilin rolu əvəzsizdir.
Təhsil prosesində şagirdlər mövcud müsbət dəyərləri
saxlamaqla yanaşı, yeni dəyərlər mənimsəyirlər.
İnsan hüquqları mədəniyyəti şəxsi ləyaqət
tərbiyəsinə və azadlıq hisslərinin
formalaşmasına yönələn, humanist prinsiplərə əsaslanan
təhsil tələb edir.
İnsan hüquqları dərslərində
nə öyrədilir? Müasir məktəbin əsas vəzifələrindən
biri gənc nəsli inkişaf etməkdə olan demokratik həyata
hazırlamaq, gələcəyimiz
üçün layiqli vətəndaş yetişdirməkdir. İbtidai siniflərdə insan
hüquqları dərsləri məktəblilərin ümumi
vətəndaşlıq tərbiyəsinin bir hissəsidir və
bu dərslərin məqsədi kiçikyaşlı məktəblilər
tərəfindən sonrakı təlim prosesində hüquqi və
mənəvi biliklərin mənimsənilməsinə zəmin
yaratmaqdır.
Psixoloji tədqiqatlar göstərir ki,
ibtidai sinif şagirdlərində nəinki bacarıq və vərdişlər
formalaşır, eyni zamanda onlarda qavrama qabiliyyəti
inkişaf edir. Bundan başqa təhsil
prosesində şagirdlə cəmiyyət arasında əsas
ünsiyyət münasibətləri (özünə,
dünyaya, cəmiyyətə münasibət)
formalaşır. Buna görə
də insan hüquqlarının məhz bu yaş
dövründə öyrədilməsi məqsədəuyğundur.
Bu mərhələdə nəzəri
biliklərə nisbətən az yer verilir, əsasən
özünüdərketmə ehtiyaclarını müəyyən
etmə, əməkdaşlıq, sülhsevərlik və dostluq yaratma
vərdişlərinin təşəkkülünə daha çox diqqət
yetirilir.
Aşılanan biliklər nəticəsində
hər bir şagird
bilməlidir ki, o, beynəlxalq
sənədlərlə təsdiqlənmiş uşaq
hüquqları haqqında
xüsusi qanunlarla istismardan,
fiziki zorakılıqdan, şərəf və
ləyaqətinin
alçalmasından
müdafiə olunur;
dövlət tərəfindən reallaşmasına təminat
yaradılan hüquqlara malikdir; qanunların hamısı bütün uşaqlara
eyni dərəcədə şamil
edilir.
Bu biliklərin öyrədilməsi ilə
yanaşı şagirdlərdə bir sıra mənəvi dəyərləri
də formalaşdırmaq lazımdır.
Lakin həyatda layiqli yaşamaq üçün yalnız
mənəvi dəyərlər haqqında
müəyyən biliklərə yiyələnmək kifayət
deyildir. Şagirdlərdə
həmçinin
aşağıdakı
bacarıq və vərdişlərin də yaradılması zəruridir:
- Dinləmək bacarığı, əməkdaşlıq
etmək, ünsiyyət yaratmaq bacarıq və vərdişləri,
hüquqlarını qorumaq bacarığı, münaqişələri
həll etmək, kompromis variantlar axtarıb tapmaq bacarığı.
Mənəvi məsələlərin
müzakirəsində müəllimlərdən
aşağıdakılar tələb
olunur:
a) Şagirdlərə düşünmək üçün vaxt vermək;
b) Fikirlərini əsaslandırmaq
üçün imkan yaratmaq;
v) Diskussiya zamani müdaxilə etməmək;
q) Zəruri olduqda müzakirəni istiqamətləndirmək;
d) Bütün fikirlərə diqqətlə
yanaşmaq;
e) Əgər şagirdlər yalnız
"mən" nöqteyi-nəzərdən
danışırlarsa onları "mən və ətrafımızdakılar"
istiqamətinə yönəltmək.
Bütün
dərslərdə olduğu kimi insan hüquqları dərslərində
də əməkdaşlıq mühiti olmalıdır.
Hər
bir müəllim bilməlidir ki, sinifdə
mövcud olan qaydalar
hər bir şəxsiyyətin hüquqlarının qorunmasına yönəlməli, şəxsi maraqlara görə
başqasının hüquqlarının məhdudlaşdırılmasını
qadağan etməlidir. Bu, çox vacib məsələdir.
Çünki sinif cəmiyyətin kiçik modellərindən
biridir.
İnsan hüquqlarının tədrisi
prosesində interaktiv təlim metodlarının tətbiqi
şagirdlərdə müstəqil düşünmək, sərbəst
rəy söyləmək, hər hansı bir problem barədə
başqasının fikrinə münasibət bildirmək, digər
fərqli nöqteyi-nəzəri təsdiq, yaxud inkar etmək,
çoxluğun qərarını qəbul etmək, yaxud
öz qərarının üstündə durmaq və s.
xüsusiyyətlərin formalaşmasına bilavasitə
kömək göstərməklə təfəkkürün
tənqidiliyi, müstəqilliyi və çevikliyinə zəmin
yaradır.
Gülşən
MƏMMƏDOVA
Azərbaycan
müəllimi.- 2011.- 21 oktyabr.- S.20.