NDU-nun tələbələri SİFE dünya çempionatından kubokla qayıdıblar

  

Muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı sayəsində əldə edilən uğurların miqyası getdikcə artmaqdadır. Artıq 4 ildir ki, Naxçıvan Dövlət Universitetinin tələbələri Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində (SİFE) beynəlxalq tələbə proqramı üzrə Bakı şəhərində keçirilən milli çempionatlarda, regional yarışmalarda iştirak edir və hər il yüksək nəticələr nümayiş etdirir.

 

Son iki ildə isə universitetin SİFE komandası ardıcıl olaraq 2 dəfə ölkə çempionu adını qazanaraq ölkəmizi dünya çempionatında təmsil etmiş və xarici ölkələrin tanınmış universitetləri ilə bir sırada öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.

Sevindirici haldır ki, 2011-ci ilin mayında Bakıda keçirilən SİFE VI Respublika Çempionatında da NDU-nun komandası 1-ci yerə layiq görülmüş, ölkə çempionu kimi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçiriləcək SİFE Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır.

SİFE Dünya Kuboku uğrunda yarışmalarda iştirak etmək üçün iqtisad üzrə fəlsəfə doktoru, dosent Müslüm Cabbarzadənin rəhbərliyi ilə NDU-nun 16 nəfərdən ibarət olan komanda oktyabrın 1-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinə yola düşmüşdür.

Dünyanın 40-a yaxın ölkəsinin ən nüfuzlu universitetlərinin iştirak etdiyi Dünya Çempionatının əsas yarışları 3-5 oktyabr tarixlərində baş tutmuşdur. Oktyabrın 3-də Kuala Lumpur Konvensiya mərkəzində yarışların rəsmi açılış mərasimi keçirilmişdir. Elə həmin gün bütün iştirakçı ölkələrin milli mədəniyyətlərinin nümayiş olunduğu təntənəli mərasim təşkil olunmuşdur. Naxçıvan Dövlət Universiteti tərəfindən Azərbaycanın tarixini, mədəniyyətini, milli xüsusiyyətlərini, kulinariyasını əks etdirən zövqlə hazırlanmış guşə iştirakçılar tərəfindən böyük  maraqla qarşılanmışdır. Milli geyimdə olan tələbələrimiz ölkəmizə aid guşəyə yaxınlaşan digər millətlərin nümayəndələrinə Azərbaycan haqqında, milli dəyərlərimiz, adət-ənənələrimiz barədə ətraflı məlumatlar vermiş, milli musiqi və rəqslərimizi nümayiş etdirmişlər. Eyni zamanda tələbələrimiz digər ölkələrin milli mədəniyyətləri ilə tanış olmaq imkanı əldə etmişlər.

Mədəniyyət tədbiri başa çatdıqdan sonra SİFE Dünya Çempionatının rəsmi açılış mərasimi keçirilmişdir. Mərasimdə Malayziyanın xarici ticarət naziri, digər dövlət rəsmiləri, nüfuzlu şirkətlərin rəhbərləri iştirak etmişlər.   Açılış mərasimində iştirakçı komandaların qruplara bölünməsi üçün püşkatma keçirilmişdir. Püşkatmanın nəticələrinə görə, dünya çempionatının qrup mərhələsində komandamız 2009 və 2010-cu illərin çempionu olmuş Misir, 2005-ci ilin çempionu olmuş Zimbabve, Hollandiya, Qırğızıstan kimi güclü rəqiblərlə mübarizə aparmalı olmuşdur. Bu mərhələdə komandamız tərəfindən hazırlanmış 4 biznes layihəsi münsiflər heyətinin diqqətinə təqdim edilmişdir. Birinci mərhələnin yekununda komandamızın çıxışı yüksək dəyərləndirilmiş və III yerə layiq görülmüşdür. Bu, Azərbaycan komandalarının SİFE Dünya Çempionatında göstərdiyi ilk ən yüksək nəticə kimi əhəmiyyətli hadisədir.  Yekun nəticələrə görə isə komandamız Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında ilk yerdə təmsil olunmuş, Fransa, Braziliya, Yaponiya, Koreya, Meksika, Hollandiya, Polşa, Avstraliya, Seneqal, Tunis və digər ölkələrin komandalarından irəlidə olmuş, İngiltərə, Kanada, Ukrayna, Yeni Zelandiya, Nigeriya, Mərakeş komandaları ilə eyni pillədə yer almışdır.

Oktyabrın 4-də yarışların birinci mərhələsinin bağlanış mərasimində komandamıza kubok, diplom və mükafatlar təqdim edilmişdir.

Qeyd edək ki, yarışların final mərhələsinin nəticələrinə görə Almaniya komandası 2011-ci ilin SİFE çempionu adına layiq görülmüşdür.

Komandamızın Malayziya səfəri həm də müxtəlif xarici şirkətlərin, biznes strukturlarının rəhbərləri, rəsmi şəxslər, xarici ölkə universitetlərinin müəllim və tələbələri ilə görüşlərin təşkili ilə də yaddaqalan olmuşdur. Oktyabrın 5-də NDU-nun SİFE komandasının üzvləri Azərbaycan Respublikasının Malayziyadakı səfirliyində olmuşdur. Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Kərimov yarışda iştirak edən heyəti qəbul etmiş, yüksək nəticə göstərməsi münasibətilə komandamızı təbrik etmişdir. Bütün səfər ərzində səfirlik komandamızı diqqətdən kənarda qoymamış, lazım olan hər cür köməyi göstərmişdir.

Yarışdan sonra komandamızın üzvləri Kuala Lumpur şəhərinin bir çox tarixiturizm əhəmiyyətli yerləri ilə tanış olmuşlar.

Naxçıvan Dövlət Universitetinin SİFE komandasının fəaliyyət göstərdiyi 4 il ərzində belə yüksək nəticələr əldə etməsi Naxçıvanda ali təhsilin inkişaf səviyyəsini göstərən və gələcək iqtisadçıların, sahibkarlıq fəaliyyəti ilə məşğul olan yeni nəslin formalaşmasını nəzərə çatdıran əhəmiyyətli hadisədir.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 21 oktyabr.- S.18.