Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

  

DİA-nın Mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın 20 illik tarixi inkişaf yolu" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə akademiyanın rektor əvəzi,  professor Əlikram Abdullayev açaraq, müstəqilliyimizin 20 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və bu bayramın ölkəmizlə yanaşı, dünyanın bir çox ölkələrində də qeyd edildiyini bildirmişdir. O, möhtərəm Prezident cənab İlham Əliyevin müstəqilliyimizin 20 illiyi ilə bağlı imzaladığı Sərəncamın ölkənin hər bir yerində, müxtəlif qurumlar, ictimai-siyasi təşkilatlar tərəfindən əlamətdar hadisə kimi dəyərləndirildiyini vurğulamışdır. Ə.Abdullayev qeyd etdi ki, müstəqilliyimizin ilk illərində xalqımız ümummilli liderimiz Heydər Əliyev kimi görkəmli bir siyasətçinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. "Müstəqilliyimiz dönməzdir, əbədidir", - deyən ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətinə, ideyalarına, onun qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycan xalqını işıqlı gələcəyə və yeni-yeni qələbələrə aparacaqdır.

Tədbirdə DİA-nın Geostrateji Araşdırmalar Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Əli Nuriyev "Azərbaycan iqtisadiyyatı müstəqillik illərində: sürətli, çoxşaxəli inkişaf və müasirləşmə", fəlsəfə kafedrasının müdiri, professor Tofiq Rəsulov "Müstəqil Azərbaycan Respublikası milli ideyanın və dövlətçilik ideologiyasının təcəssümüdür",  tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova "Azərbaycan Respublikasında dövlətçilik ənənələri" mövzusunda çıxışlar etmiş və dövlət müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən və bugünkü müstəqil Azərbaycanın sürətli tərəqqisində ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolundan danışmışlar. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 21 oktyabr.- S.9.