AMİ-də Mirzə İbrahimova həsr olunmuş konfrans keçirilib

 

 Oktyabrın 19-da Azərbaycan Müəllimlər İnstitutunda xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş böyük konfrans keçirildi.

Konfransı giriş sözü ilə institutun rektoru, millət vəkili, professor A.Naxçıvanlı açaraq bildirdi ki, görkəmli dövlət xadimi və ədəbiyyatşünas Mirzə İbrahimov ictimai, bədii, elmi fəaliyyətinin gənc nəslə tanıdılması, əsərlərinin sevdirilməsi günün vacib məsələlərindən biridir.

Professor A.Naxçıvanlı Mirzə İbrahimovun yaradıcılığından, onun əsərlərinin bədii siqlətindən, günümüzün reallığına cavab verməsindən də danışdı.

Konfransdakı çıxışlarda M.İbrahimov alim, yazıçı-dramaturq, ictimai xadim kimi qiymətləndirildi. Professor Fikrət Xalıqov "Mirzə İbrahimovun ədəbi dili haqqında" çıxışında  yazıçı və onun bədii əsərlərinin dili, yazıçının üslubu və s. dil məsələlərindən dilçilik nöqteyi - nəzərindən danışdı.

Dosent Vaqif Qurbanov yazıçının elmi fəaliyyətindən və natiqlik qüdrətindən söz açdı.

Professor tənqidçi Təyyar Salamoğlu "Mirzə İbrahimovun "Böyük dayaq" romanında insana humanist münasibət və milli xarakterin bədii təcəssümü kontekstlərində" adlı çıxışında sənətkarın bu əsərini təhlil etdi.

İnstitutun tələbələri İlkin Əsgərov, Türkan Abdullayeva, Gülay Heydərova və Nərmin Rüstəmova Mirzə İbrahimovun yaradıcılığından, dilimizin qorunmasındakı rolundan danışdılar.

  

 

Azərbaycan müəllimi.- 2011.- 21 oktyabr.- S.9.