Təhsil Nazirliyində görüş

 

Oktyabrın 27-də təhsil naziri Misir Mərdanov Avstraliya İttifaqının Azərbaycanda akkreditə olunmuş səfiri Yan Biqqslə görüşüb

 

Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində   görməkdən məmnunluğunu ifadə edib. Avstraliya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən söz açan nazir təhsil sahəsində ölkələrarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Müstəqilliyimizin bərpasının 20-ci ildönümünün qeyd edildiyi ərəfədə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu vurğulayan Misir Mərdanov son illər respublikamızda aparılan quruculuq işləri, xüsusilə təhsil sahəsində qazanılmış uğurlar barədə də məlumat verib.

Nazir ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını bildirib. Təhsil naziri həmin proqrama uyğun olaraq təsdiq olunmuş "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na 21 Avstraliya universitetinin daxil edildiyini vurğulayıb və hazırda azərbaycanlı gənclərin Avstraliyanın bir neçə universitetində təhsil aldığını qeyd edib. Misir Mərdanov həmçinin Avstraliya universitetlərinin ölkəmizdə daha yaxından tanıdılması imkanlarından söz açıb və bu işin Avstraliyanın ali məktəblərində təhsil alacaq azərbaycanlı gənclərin sayının artmasına müsbət təsir edəcəyini söyləyib. Nazir iki ölkə arasında təhsilin müxtəlif pillə və sahələri üzrə əməkdaşlıq edilməsinin, qarşılıqlı səfərlərin təşkilinin münasibətlərə töhfələr verəcəyinə, eyni zamanda bu görüşün yüksək əhəmiyyəti olacağına inamını ifadə edib.

Avstraliya İttifaqının Azərbaycanda akkreditə olunmuş səfiri Yan Biqqs səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Səfir Avstraliya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin və bu sahədə səmərəliliyin daha da artırılmasının əhəmiyyətindən danışıb. Azərbaycanlı gənclərin müvafiq Dövlət Proqramı çərçivəsində Avstraliya universitetlərində təhsil almasını yüksək dəyərləndirən Yan Biqqs bunun ikitərəfli təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayacağını qeyd edib. Qonaq universitetlərarası əməkdaşlığa, mütəxəssislərin qarşılıqlı səfərlərinə xüsusilə üstünlük verdiyini açıqlayıb.

Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

 

  

 Azərbaycan müəllimi.- 2011.- 28 oktyabr.- S.3.