Tədqiqat
mövzularının müzakirəsinə həsr olunmuş
növbəti iclas keçirilib
Oktyabrın
21-də Təhsil Nazirliyində nazirliyin sifarişi əsasında Təhsil Problemləri
İnstitutunda yerinə yetiriləcək tədqiqat
mövzularının müzakirəsinə həsr olunmuş növbəti iclas
keçirilib.
Təhsil
naziri Misir Mərdanov
iclası giriş sözü
ilə açaraq Təhsil Problemləri İnstitutunda müvafiq mövzular əhatə olunmaqla
aparılacaq tədqiqat işlərinin mühüm
əhəmiyyəti olacağını qeyd
edib. Bugünkü iclasda seçilmiş
mövzuların rəhbərlərinin iştirak
etdiyini bildirən təhsil naziri onların həmin tədqiqat sahəsi
üzrə fikirlərinin dinlənilməsinin məqsədəuyğunluğunu
vurğulayıb. Nazir ötən iclasda müzakirə edilən mövzulara
yenidən baxıldığını diqqətə
çatdıraraq bu barədə ətraflı
məlumat vermək üçün sözü Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabova verib.
A.Mehrabov yerinə yetiriləcək
tədqiqat mövzuları ilə bağlı müvafiq
təkmilləşdirilmə işlərinin
aparıldığını və yekun olaraq on səkkiz mövzunun müəyyənləşdirildiyini
açıqlayıb. İnstitut direktoru qeyd olunan mövzuların ibtidai
siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin, həmin
siniflərdə dərsin bir müəllim
və ya fənlər üzrə
ayrı-ayrı müəllimlər tərəfindən
aparılmasının müqayisəli təhlili,
beşyaşlıların məktəb təliminə
hazırlanması üzrə işin təşkili,
təlim prosesində yeni pedaqoji
texnologiyalardan, İKT-dən istifadənin
elmi əsasları və təlimin keyfiyyətinə
təsiri, ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi,
qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin
tədqiqi, habelə təhsilin
digər sahələrini əhatə
etdiyini bildirib. A.Mehrabov eyni zamanda nəzərdə tutulan tədqiqat
mövzularında toxunulacaq məsələlər
və onların mahiyyəti ilə iştirakçıları tanış edib.
Sonra tədqiqat mövzuları
üzrə icraçılar - Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin
İbtidai təhsilin kurikulumu
şöbəsinin müdiri Bibixanım İbadova, Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə Mərkəzinin
Qiymətləndirmənin məzmunu və vasitələri
şöbəsinin müdiri Elxan Bəylərov rəhbəri olduqları tədqiqat
mövzuları barədə məlumat verib
və gözlənilən nəticələri diqqətə
çatdırıblar. Eyni zamanda icraçılar onlara
ünvanlanan sualları
cavablandırıblar.
Təhsil
naziri Misir Mərdanov
Təhsil Problemləri İnstitutunda yerinə
yetirilməsi nəzərdə tutulan mövzularla bağlı tövsiyə və
tapşırıqlarını verib, həmin mövzuların
adlarında müəyyən dəyişiklik
aparıldıqdan və Təhsil Nazirliyinin
aidiyyəti şöbələri ilə müzakirə
edildikdən
sonra qəbul edilməsinin məqsədəuyğunluğunu
qeyd edib. Nazir həmçinin aparılan tədqiqatların
müxtəlif mənbələr hesabına
stimullaşdırılması məsələsinə toxunub.
İclasda tədqiqat
mövzuları ilə bağlı rəy və təkliflər
səsləndirilib, həmin təkliflərin nəzərə
alınması qeyd olunub.
Azərbaycan
müəllimi.- 2011.- 28 oktyabr.- S.3.