Ölkəmizin ümumi təhsil müəssisələrində şahmatın müstəqil
fənn kimi tədrisi məsələsi müzakirə olunub
Oktyabrın 21-də Təhsil Nazirliyində
ölkəmizin ümumi təhsil müəssisələrində
şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin
müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin məsul
əməkdaşları, Azərbaycan Şahmat
Federasiyasının nümayəndələri, şahmat
üzrə tanınmış mütəxəssislər və
ixtisaslaşmış şahmat məktəblərinin rəhbərləri
iştirak ediblər.
İştirakçıları
salamlayan təhsil naziri
Misir Mərdanov Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış "2009-2014-cü illərdə Azərbaycanda
şahmatın inkişaf etdirilməsi
Dövlət Proqramı"nı ölkəmizdə bu sahəyə olan diqqət
və qayğının əyani təzahürü kimi səciyyələndirib. Respublikamızda
şahmatın inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin ötən
əsrin 70-ci illərində həyata keçirdiyi
möhtəşəm tədbirlərə toxunan
nazir ölkə
şahmatçılarının qazandığı nailiyyətlər
barədə məlumat verib.
Təhsil
Nazirliyi sistemində 66 uşaq-gənclər
şahmat məktəbinin fəaliyyət
göstərdiyini qeyd edən nazir bu məktəblərdə
2648 qrupda 36 mindən çox
məktəblinin şahmatın sirlərini öyrəndiyini nəzərə
çatdırıb. Misir Mərdanov şahmat məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir inventar,
avadanlıq, kompüter, dərslik və dərs
vəsaitləri ilə tam təmin
olunması istiqamətində həyata keçirilən tədbirlərdən
danışıb, son illər bir çox rayonlarda yeni uşaq-gənclər
şahmat məktəblərinin tikilməsinin
mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Respublikamızın ümumi təhsil
müəssisələrində şahmatın müstəqil
fənn kimi tədrisi məsələsinin
aktuallığını diqqətə çatdıran təhsil
naziri Dövlət Proqramına uyğun olaraq nəzərdə
tutulmuş tədbirlərin reallaşdırılması
üçün görüləcək işlərin müəyyənləşdirilməsi
məsələlərinə toxunub. Bu məqsədlə
müvafiq tədris proqramının hazırlanmasının,
məktəblərdə həmin fənni tədris edəcək
müəllimlərin seçilməsinin zəruriliyini
vurğulayan təhsil naziri, həmçinin dünya təcrübəsinin
dərindən öyrənilməsinin gərəkli
olduğunu bildirib. Nazir, ilk növbədə, bu yeniliyin tətbiq
olunacağı məktəblərin seçilməsi və
qazanılmış təcrübə əsasında digər
ümumi təhsil müəssisələrində
şahmatın müstəqil fənn kimi tədrisi məsələlərinə
baxılmasının daha səmərəli nəticələr
verəcəyinə inamını ifadə edib.
Misir Mərdanov qeyd olunan məsələlərlə
bağlı Azərbaycan Şahmat Federasiyasının Təhsil
Nazirliyinə göndərdiyi təklifləri diqqətə
çatdırıb, qarşıda duran müvafiq vəzifələrin
həlli üçün tapşırıq və tövsiyələrini
verib.
Belə bir tədbirin keçirilməsinə
görə təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirən Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Faiq Həsənov şahmatın inkişafına
verilən dövlət dəstəyinə görə beynəlxalq
aləmdə Azərbaycan təcrübəsinin yaxşı
bir nümunə kimi qəbul olunduğunu qeyd edib. Bu baxımdan
əldə edilmiş uğurlarda Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən uşaq-gənclər
şahmat məktəblərinin layiqli yer tutduğunu bildirən
F.Həsənov artıq dünyanın qabaqcıl ölkələrinin
orta məktəblərində şahmatın müstəqil fənn
kimi tədris olunduğunu nəzərə
çatdırıb. Azərbaycan Şahmat
Federasiyasının vitse-prezidenti ümumi təhsil müəssisələrində
şahmatın müstəqil fənn kimi tədrisinin
xalqın intellektual potensialının inkişafı və
istedadlı gənclərin üzə
çıxarılması baxımından əhəmiyyətindən
bəhs edib, bu işin şagirdlərin asudə
vaxtının səmərəli təşkilinə əlverişli
zəmin yaradacağını vurğulayıb.
Daha sonra orta məktəblərdə
şahmatın tədris olunmasına dair fikir mübadiləsi
aparılıb, bu məsələnin həlli ilə
bağlı bir sıra təkliflər səsləndirilib.
Azərbaycan
müəllimi.- 2011.- 28 oktyabr.- S.3.