Atamın
ən böyük arzusu müəllim olmaq idi
Xalq
yazıçısı Süleyman Rəhimovun oğlu Şamo
Arifin atası ilə bağlı xatirələri
Böyük
söz ustası, qüdrətli nasir və görkəmli
ictimai xadim Süleyman Rəhimov haqqında yazı
hazırlamaq mənim üçün nə qədər
çətin idisə, bir o qədər də məsuliyyətli
idi. Xəyalımda
yazıçının cild-cild kitabları vərəqləndi:
"Şamo", "Saçlı", "Ağbulaq
dağlarında", "Mehman", "Məhtaban",
"Ötən günlər dəftərindən",
"Ana abidəsi", "Qafqaz qartalı"... Hər əsəri
də bir ömür dünyası... Öncə sevimli müəllimim,
yazıçı, filologiya elmləri doktoru, professor Mir Cəlal
Paşayevin yazıçı barədə dediklərini
xatırladım: "Bizdə sovet ədibləri nəslində
Süleyman qədər zəngin həyat materialına,
qüvvətli ənənəyə bağlı olan ikinci bir
şəxsiyyət tapmaq çətindir. Bu, ədib
üçün böyük xoşbəxtlikdir...". Sonra
da Səməd Vurğunun dostu haqqında dediyi sözlər
yadıma düşdü: "Süleyman Rəhimov Azərbaycan
nəsrinin uzaqvuran ağır artilleriyasıdır.
Süleyman Rəhimov sənətin böyük
ağırlığını öz bahadır çiyinlərində
qaldıran bir sənətkardır. Onun sinəsində
xalqın ürəyi döyünür"... Ürəyimdə
qüdrətli yazıçı haqqında deyilən sözləri
götür-qoy edirdim ki, iş otağımın
qapısı döyüldü. Gələn bir-iki gün əvvəl
vədələşdiyim xalq yazıçısı
Süleyman Rəhimovun oğlu, ARDNŞ-ın
"Neftqazelmitədqiqatlayihə" İnstitutunun
aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri
üzrə fəlsəfə doktoru Arif Rəhimli - Şamo
Arif idi. Biz köhnə tanışlar kimi
görüşdük. Arif müəllim özüylə gətirdiyi
"Dədə Süleyman dünyası" xatirələr
toplusunu və "Qınamayın məni..." adlı
romanını mənə hədiyyə etdi, atasının
müxtəlif illərdə, müxtəlif yerlərdə
çəkilmiş şəkillərini də verdi...
Tanınmış yazıçı, alim Şamo Arif Azərbaycan
oxucusuna roman, povest və publisistik məqalələri ilə
yaxşı tanışdır. Onun atası haqqında
danışdığı unudulmaz xatirələri
oxucularımızın da nəzərinə çatdırmaq
istəyirik.
Ailədə
altı uşaq olmuşuq. Dörd qardaş - Oqtay, Şamo, mən,
Aqil və iki bacı - Şəfiqə, Rəfiqə...
Bildiyiniz
kimi, atam 1900-cü ildə, Novruz bayramı günlərində
- martın 22-də Zəngəzur əyalətinin, Qubadlı
rayonunun füsunkar Əyin kəndində dünyaya gəlib.
Uşaqlıq və gəncliyi doğma kəndində, təbiətin
saf ağuşunda keçib. Atam deyirdi:
-
Mən atamın, qohum-əqrəbanın arzu etdiyi kimi
"uçtel" - müəllim oldum. Bu, həm də mənim
böyük arzumdu. Hətta ilk dəfə sinfə girəndə
gözlərim yaşardı. Qubadlıdakı ikisinifli
beşillik rus məktəbində oxuyanda gözəl bir
müəllimimiz vardı - Həsən bəy Sultanov. Onu
tanıdığım gündən müəllim olmaq istəyi
bütün varlığıma hakim kəsildi. Müəllimlik
müqəddəslikdir, gözəllikdir! Mən o günləri
həsrətlə xatırlayıram. Odlu-alovlu gəncliyimi
müəllimliklə başladım...
1923-24-cü
illərdə Laçının dağlı-daşlı
Hoçaz kəndində məktəb müdiri işləyib.
Olduqca geridə qalmış Hoçazda adamlar yeraltı
oyuqlarda, kahalarda yaşayırdılar. Məktəb adına nə
bina, nə kitab, nə dəftər vardı...
Atam
1924-cü ildə həmin rayonun Qoturlu dairə sovetinin sədri
işləyir. Elə o vaxtdan da millətçi ziyalı kimi
DTK orqanlarının nəzarətinə
düşür.
1928-ci
ildə Bakı Dövlət Universitetində təhsil alıb
və ailəsini dolandırmaq üçün işləmək
məcburiyyətində qalıb. 1931-ci ildə universiteti
bitirib Şuşa Pedaqoji Məktəbinə direktor təyin
edilir. Az sonra isə Samux, Şahbuz və Şərur
rayonlarında raykomun I katibi vəzifəsində
çalışsa da, dövrün amansız
repressiyasından xilas ola bilmir. Daim nəzarətdə olan
Süleyman müəllim 1937-ci
ildə həbs edilir, Rəhimli və Rəhimzadə
soyadlı qovluqlar şişir. Lakin
sarsılmaz iradəli insan amansız işgəncələrə
baxmayaraq, ona qarşı irəli sürülən
ittihamları, böhtanları rədd edir, heç kəs
haqqında yalan ifadə vermir. Beş aylıq əzab-əziyyətdən
sonra birbaşa üzünə duran məhbus Süleyman Rəhimliyə
böhtan atdığını etiraf etdikdən sonra onu azad
edirlər. Bundan sonra Bakıda yaşayan atam yüksək vəzifələrdə
çalışsa da, yenə də təqiblərdən
qurtara bilmir. 1955-ci ilə qədər bu proses davam edir, ona
qarşı 8 dəfə istintaq işi açılır...
Anası və bacısı erməni fitnəkarlığının
qurbanı olub
Atam
danışırdı ki, murdar ermənilər bizimlə
qonşu olan Zeyvə kəndində yaşayırdılar. Təxminən
1917-20-ci illər idi. Bir gün erməni quldurlarının
başçısı, qaniçən Nijdenin
rəhbərliyi ilə Əyin
kəndinə hücum edilir. Silahsız kənd camaatı
qaçıb Qubadlıya sığınır. Həmin
qaça-qaç vaxtı atam Hüseyn kişi anam Gülsabahdan soruşur ki, bəs
Səriyyə hanı? O da ağlaya-ağlaya cavab verdi ki,
uşaq qucağımdan düşdü, gecə
qaranlığında nə qədər axtardımsa körpəni
tapa bilmədim. Atam bu sözləri eşidəndə az qala dəli
olur. Deyir ki, ermənilər məni öldürsələr də
körpə balamı mütləq tapmalıyam. Bunu deyib,
Hüseyn kişi özünü vurdu meşəliyə. Atamın
"Səriyyə! Səriyyə!"- deyə
qışqırtısı bütün meşəni
başına götürür... Amma körpə
balasını tapa bilmir ki, bilmir... Anamın da ah-naləsi yerə-göyə
sığmır. O da elə "bala" deyə-deyə
Qubadlıda vəfat edir. Bax, beləcə körpə
bacım Səriyyə də, anam Gülsabah da erməni fitnəkarlarının
qurbanı oldu...
Atam onu da
deyirdi ki, o qaniçən Nijdenin dəstəsi geri çəkiləndən
sonra camaat yenidən Əyin kəndinə qayıdır...
Bizim evdə kimlər olmayıb...
Evimiz həmişə
qonaq-qaralı, süfrəmiz bol nemətli olub. Süleyman Rəhimovun
qapısı hamının üzünə açıq olub.
Anam Zərqələmin bişirdiyi dadlı xörəkləri
dadanlar bir də qonağımız olmaq istəyib. Daimi
qonaqlarımız isə Mir Cəlal Paşayev, Səməd
Vurğun, Mirzə İbrahimov, Süleyman Rüstəm, Məmməd
Rahim, Həmid Araslı və başqaları olub.
Səməd
əmi tez-tez bizə gələrdi, həmişə də
evimizlə üz-üzə olan çörək
dükanından çörək alıb
əlidolu
qonağımız olurdu. Anam da hər dəfə
soruşanda "Ay Səməd qağa, bu nədir, niyə belə
edirsən?" Cavab verərdi ki, "ay Zərqələm
bacı, əliboş gəlmək istəmirəm, çörəyi
üzümə tutub gəlirəmE" Anam da bu səmimiyyətə
təbəssümlə cavab verib, "Xoş gəlmisən,
elə Süleymanın da sənsiz boğazından
çörək keçmir..." deyərdi.
Yadıma
atamın dostu, sirdaşı olan Səməd Vurğunun dəfn
mərasimində dağlana-dağlana, yana-yana dedikləri
düşdü: "Neçə gündür Səməd
Vurğun öz şahin gözlərini yumub. Neçə
gündür ki, şanlı Bakı əbədi yuxuya gedən
xalq şairinə öz köksündə kədərlə
layla çalır. Neçə gündür ki, ara verməyən
xalq axını dərin bir nəhr kimi şairin cənazəsi
qarşısından burula-burula axır...
Əlvida Səməd!
Əlvida,
bizim ürəyimizdə, hər ailədə, hər evdə,
hər kaşanədə, hər komada, hər sazda-simdə, nəğmədə
yaşayan, min illər boyu yaşayacaq dostumuz!
Əlvida, bizim xalqın bahadır
şairi!.."
Bu kədərli
notlardan sonra onu da deyim ki, bizim evdə
türk xalqının böyük yazıçısı Əziz
Nesin də olub. O, atamın qalaq-qalaq əlyazmalarına baxaraq
deyib ki, Süleyman müəllim, sizin başqa
yazıçıları oxumağa vaxtınız heç
qalmaz ki...
Övlad borcu, yaxud atamın "Gündəlik"
yazısından
Övlad
borcu əbədidir. Mənə elə gəlir ki, Yer
üzündə bu müqəddəs borcdan layiqincə
çıxan olmayıb. Ata-anaların məkrli oyunlara
salındıqlarını Tanrıdan savayı heç kəs
bilməz. Ata-analar da çəkdikləri məşəqqətləri
övladlarına yük eləməməkdən ötrü
özlərilə əbədiyyət dünyasına
aparırlar. Hər necə olsa da, övlad borcu - bir millət
borcu kimi hamımızın boynunda çox ağır, həm
də çox şərəfli bir yük kimi
qalmağındadır. Aydınlıq, halallıq, ədalət
naminə belə olmalıdır. Hərgah, övlad bu məsuliyyətli
borcun öhdəsindən gələ bilmirsə, millət,
övladlıq borcunu yerinə yetirməlidir - millət qeyrət
ilə millət olur...
Mən də
hələlik varamsa, bir övlad kimi bu millət borcunun bəzi
məqamlarına aydınlıq gətirməyi özüm
şərəf sanıram...
Mənəvi saflığı,
iradəsi, dözümü, mərdliyi, kişiliyi ilə
şərəflə repressiyadan qurtulan Süleyman Rəhimovun
istintaq işini KQB-nin arxivində günlərlə vərəqlədikcə,
qeydlər etdikcə, bu insanın nələr çəkdiyindən
xəbər tutduqca sarsılırdım, boğulurdum. Bir küncə qısılıb heç kəs
görməsin, eşitməsin
deyə hönkür-hönkür ağlamaq istəyirdim.
Ömür boyu bütün hadisələri, təqibləri,
təzyiqləri ailəsinə bildirmədən yalnız
öz varlığında gəzdirən qüdrətli şəxsiyyətin
yanında necə də balaca uşaq olduğumu hiss elədim
və tarixi həqiqətlərin, nə qədər
ağır olsa da, ictimaiyyətə çatdırılmasını
özümə borc və şərəf bildim. Bu barədə
"Dədə Süleyman dünyası" adlı xatirələr
toplusunda əhatəli məlumatlar verilib.
Arxiv
sənədləri əsasında atama qara yaxanların
etirafları aydın şəkildə öz əksini
tapıb... Atam isə hələ 1965-ci ildə "Gündəlik"
adında xatirə yazıb qoyub. Həmin gündəlikdən
kiçik bir nümunəni diqqətinizə
çatdırıram: "Gəlin, şərəfliləri
şərəfli, şərəfsizləri də şərəfsiz
göstərək! Gəlin, ədalət qarşısında
dayanaq! Mən də Azərbaycan xalqının
ağsaçlı övladıyam... Mənim vüqarıma əl
qaldıran, ağ saçlarımı ləkələmək
cəhdində bulunan hər kəsi, mən, ədalət
divanına tapşırıram! Mən hər zaman Azərbaycan
xalqının açıq məhkəməsinə
hazıram! Bu gün sağ ikən də hazıram, sabah məzarda
yatanda da bu xalq məhkəməsindən mənən
qaçmıram!".
Bəli,
ucalıqlarda yaşayanlar xalqın pak, qənirsiz şəxsiyyətləridir!
Bu şəxsiyyətlərdən Dədə Süleyman da,
ucalıq ulduzunun yalnız özünəməxsus, heç kəsə
bənzəməyən parlaqlığında yaşayacaq. Belə
ucalıqlar əlçatmazlıqdadır...
Necə
oldu ki, Şamo Arif adını götürdüm?
1965-ci ilin
iyulunda ailəmizdə ağır bir faciə baş verdi. Böyük qardaşım
Şamo 34 yaşında qəflətən vəfat etdi.
1948-ci ildə orta məktəbi qızıl medalla, 1953-cü
ildə Lomonosov adına Moskva Dövlət Universitetini fərqlənmə
diplomu ilə bitirən Şamo hələ gənc yaşlarından
dünya şöhrətli seysmoloq kimi tanınıb. O, həmçinin
incə qəlbli şair idi:
Ayrılıq
nə vaxtdandır oxuyur nəğməsini,
Bir yaxın gəl
sevgilim, bil ki, zamandır artıq,
Çoxdandır
eşitsəm də onun qorxunc səsini
Düzü,
bilməzdim belə yaxındadır ayrılıq.
Sanki o,
ölümünün uzaq olmadığını duymuşdu. Şamo "Nizami"
adlı dram, "Cahanşah" adlı poema da
yazmışdı. Onu da deyim ki, o faciəli
gündən bir gün əvvəl Moskvadan Şebalin adlı
bir alim evimizin qonağı oldu. Birlikdə
şam yeməyi etdilər. Sabahısı
qardaşım dünyasını dəyişdi. Bu müəmmalı, amansız ölüm dağ
vüqarlı atamı yaman sarsıtdı. O dəhşətli
günləri görkəmli tənqidçi,
yazıçı Qulu Xəlili belə yazır: "Dəfn
zamanı Süleyman müəllim qollarından
yapışanları özündən araladı. Qəfildən
əlini gursaçlı başına atdı, oradan bir çəngə
tük qoparıb dedi: "Xalqım, siz ki, mənim
övladımı belə böyük məhəbbətlə,
hörmətlə bu uzun, ağır yolu çiyninizdə gətirib
torpağa tapşırdınız, çox
sağ olun! Mən bu ağ
saçlarımı sizin ayaqlarınızın altına
atıram. Sizin qədəmlərinizi bu qoca vaxtımda
öpürəm, üzümü sizin ayaqlarınızın
tozuna sürtürəm"...
Bəli,
Şamo bütün ömrünü elmə həsr etdi. Həm də qənaət etmədən,
çətinliklərdən qorxmadan! Sanki buna
görə də tədqiq etdiyi zəlzələ-fəlakət
qəzəblənib bir anın içərisində onu
yandırıb külə döndərdi. Şamo
meteor kimi tez yanıb, tez də söndü. Amma çox
təəssüf ki, yaratdığından qat-qat çoxunu
özüylə apardı...
Bir
müddət sonra atamla anama yaxınlaşıb
qardaşımın adını yaşatmaqdan ötrü
xeyir-dualarını aldım və adımın
qarşısına Şamo adını qəbul edib, Şamo Arif
oldum.
O vaxtlar atam
da deyirdi: "Mən bu sarsıntılar içində
özüm üçün "Şamo vaxtı" təyin
etmişəm. Müəyyən vaxt ərzində öz əvəzimə
işlədiyim kimi, yaşla, səhhətlə
hesablaşmadan "Şamo vaxtı"nı
da işləyirəm. "Şamo vaxtı" mənim ən
əziz vaxtımdır...".
Əbəs
yerə deməyiblər ki, dağın dağ dərdi
olur...
Atama Sosialist Əməyi Qəhrəmanı
adını Heydər Əliyev təqdim edib
1969-cu ili - Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
yüksəlişi günlərini yaxşı
xatırlayıram. Heç də təsadüfi
deyildi ki, ölkə rəhbəri ilk günlərdəcə
ziyalılarımızdan ilk olaraq, "təhlükəli millətçi"
kimi Sovet imperiyasının nəzarətində olan Azərbaycan
yazıçısı ilə görüşməyi, dərdləşməyi
lazım bilir. Bu görüşdən məmnun
qayıdan Süleyman müəllim xoş təəssüratlarını
bizimlə bölüşdü.
Beləliklə,
az sonra o dövrün heç bir respublika
rəhbərinin cəsarət etmədiyi ümumxalq lideri ilk
olaraq 1970-ci ildə yazıçını Sosialist Əməyi
Qəhrəmanı adına təqdim etdi. Daim imperiyanın
qara siyahısında olan insanı ən yüksək fəxri
ada təqdim etmək, imperiyaya da meydan oxumaq demək idi!..
Dünya
görmüş yazıçının sinəsində
parlayan ulduzu - "Bu, Heydər ulduzudur!" - deyə müdrikliklə
qiymətləndirməsinin sirri də çoxlarına bəlli
olmayan hadisələrlə birbaşa bağlı idi.
Onun təbiətində incə bir yumor da
vardı
Atamın
zarafatları çox duzlu idi. Atmacaları həmişə
sərrast olardı. Onun ikicə kəlməsindən
başa düşürdün ki, hansı simə toxunur.
Onu da deyim ki, həqiqətə hopmuş bu
atmacalar həmişə bir təbəssüm ilə
müşayiət olunurdu.
Xalq
yazıçısı Qılman İlkin Süleyman Rəhimovu
xatırlayaraq danışırdı ki, bir dəfə
Süleyman müəllimlə tərcüməçi Elxan
İbrahimov küçəni keçəndə Elxana
baxıb təbəssümlə deyir:
- Elxan, sən
mənimlə yanaşı heç vaxt dayanma.
Elxan təəccüblə
sual edir:
- Niyə, ay Süleyman
müəllim?
-
Çünki mənim yanımda olanda bu balaca boyun daha da balaca
görünür.
Bu zarafatdan
Elxanın simasını bir təbəssüm çalır:
- Bəs, necə
bilirsiniz, Süleyman müəllim? Sizin kimi dağ cüssəli
bir kişinin dərdini, yükünü çəkən
adamın boyu necə də kiçik qalmasın?!
Süleyman
bir anlıq fikrə dalır:
- Yox, balam,
boyun kiçik olsa da, hünərin böyükmüş, -
deyə Elxanla zarafat eləsə də, könlünü
alır...
Atamın vəsiyyəti
Atamın
dünya şöhrətli, otuz dörd yaşlı
balasının bu müəmmalı şəraitdə
dünyasını dəyişdiyi vaxtlarda onun
sarsıntılar içində çabaladığını
yazmaq qeyri-mümkündür. Ancaq oğul itkisindən sonra Süleyman
kişinin "Mənim vəsiyyətim"
yazısını bir daha ictimaiyyətə çatdırmaqla
nələr çəkdiyini çox kiçik bir hissəsinin
üzərinə aydınlıq gətirmək istəyirəm...
"Mənim
vəsiyyətim.
Mən
öləndə, məni ancaq öz evimdən
götürün. Mənim cənazəmi heç bir yanda qoymayın,
heç bir fəxri, ya qeyri-fəxri keşikçi düzəltməyin.
Məni heç bir gül-çiçəklə, musiqi sədalarıyla
yola salmayın! Mənim ölümüm haqqında heç
bir qəzetdə heç bir bildiriş verməyin! Mənim üstümdə dostlarım sükutla
dayansınlar.
Mənim
üstümdə heç bir matəm mərasimi düzəltməyin!
Hər
halda öldüm, məni heç yanda yox, ancaq və ancaq mənim
bəlama düşən Şamilin - Şamonun şimal tərəfində,
çəpinə, üzü Şamilə tərəf dəfn
edin. Mənim qibləgahım
oğlum olsun! Mənim səcdəgahım oğlum olsun! Mənim
"Fəxri xiyabanım" oğlumun yanı olsun! Qoy, qəbiristanlığın bir tərəfində
"Oğul-Ata" məqbərəsi dayansın. Bu
özü də bizim faciəmizdən xəbər verər,
çox təqib-təhqirlər açıb aləmə,
xalqımıza deyər... Mənim qəbrimin üstündə
heç bir mərmərdən, bürüncdən, tuncdan
nişangah qoymayın!
Mənim
qəbrimin üstünə yalnız bütöv bir sal
daş - sinə daşı qoyun. Burada belə yazın:
Süleyman
Hüseyn oğlu Rəhimov,
Təvəllüdü
- 22 mart 1900-cü il,
vəfatı - ...
***
Millətçi
Süleyman Rəhimovun necə təqiblərə məruz
qaldığına bir daha aydınlıq gətirmək
üçün xalq şairi, ömrünün ixtiyar
yaşında Nəbi Xəzri etirafına müraciət etməyi
də lazım bildim:
"Allah
şeytana - imperiya şeytanına lənət eləsin!..
Dədə
Süleyman, mənim bu qeydlərimi, istəsəniz, böyük
sənətkara, böyük şəxsiyyətə olan solmaz
məhəbbətimin etirafı kimi qəbul edin! İstəsəniz ani olaraq fitvalara uyan, şəxsən
Sizə qarşı haqsızlığa yol verən bir
övladın günah və qəbahətinin etirafı kimi qəbul
edin. Hamımızın hardasa, nə vaxtsa səhvimizmi, qəbahətimizmi
olur... Bağışlayın, Dədə
Süleyman, bağışlayın bizi.
Bağışlayın Sizə qarşı olan haqsız
dünyamızı...
Bağışlayın,
Dədə Süleyman, əsrimizi, dünyamızı
bağışlayın...
***
Biz
Süleyman Rəhimov dünyasına alim, yazıçı
Şamo Arifin danışdığı xatirələrə
müdaxilə etmədən nail olsaq da, yazını elə
Süleyman Rəhimovun tarixi sözləri ilə də
bitiririk: "Hamı bilsin. Lazım gəlsə,
mən tərəddüd etmədən sinəmi yararam. Öz əllərimlə ürəyimi qoparıb
xalqımın ayaqları altına ataram, təki
xalqımın ayaqlarını daş-kəsək əzməsin".
Bəli,
"Dünyanın nəhəng çaylarını
üstümdən axıtsalar, yenə mən lil altında
qalmaram" - deyən belə vüqarlı, dəyanətli
bir kişiydi Dədə Süleyman!
Allah Sizə
qəni-qəni rəhmət eləsin, Dədə
Süleyman!
Hazırladı: Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.- 28
oktyabr.- S.6-7.