"Tur Heyerdal və Azərbaycan" mövzusunda elmi-praktik konfransın açılışı olub

 

 Oktyabrın 26-da Azərbaycan Dillər Universitetində ADU-nun və Norveçin Oslo Universitetinin təşkilatçılığı ilə "Tur Heyerdal    Azərbaycan"  mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.

Açılış mərasimində çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov konfransın Norveç-Azərbaycan arasında olan əlaqələrin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rəhbərlik etdiyi universitetdə  Skandinaviya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran S.Seyidov bu mərkəzin iki ölkə arasında əlaqələrin inkişafına, mədəniyyətlərin öyrənilməsinə xidmət etdiyini deyib.  Məşhur Norveç səyyahı Tur Heyerdalın 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti, mərhum ümummilli lider Heydər Əliyevlə görüşdüyünü xatırladan rektor bu görüşün əlaqələrin sonrakı inkişafında önəmli rol oynadığını söyləyib.  O, Tur Heyerdalın Azərbaycana 4 dəfə səfər etdiyini və  tədqiqatlar apardığını konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Oslo Universitetinin kafedra müdiri Bente Kristensen isə çıxışında çalışdığı ali təhsil ocağının tarixindən danışıb.  ADU-da keçirilən konfransın ölkələr arasında təhsil, mədəniyyət, elm və digər sahələrdə olan münasibətlərin gələcək inkişafına təkan verəcəyini qeyd edib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, "Statoyl" şirkətinin Azərbaycan üzrə meneceri Laş Troen Sörensen, Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri   Erlinq Şönsberq, kiçik Tur Heyerdal və Oslo Kon-Tiki muzeyinin direktoru Maya Bəuge  çıxış edərək Tur Heyerdalın Azərbaycan və region haqqındakı nəzəriyyələri,  onun Azərbaycana səfərləri və alimin iki ölkə arasında yaxşı münasibətlərin qurulmasında vacib rolundan danışıblar. 

"Azerbaijan İntenational" jurnalının baş redaktoru Betti Bleyer isə Tur Heyerdalın Azərbaycanda olan tədqiqatlarından bəhs edən Azərbaycan dilində nəşr olunan ilk kitabın yaranma tarixindən danışıb.  Betti Bleyer redaktoru olduğu Azərbaycan və ingilis dillərində çapdan çıxan  "Tur Heyerdal: Sərhədləri aşaraq, dənizləri aşaraq, Azərbaycanla əlaqələr" adlı kitabını konfrans iştirakçılarına təqdim edib.

Sonra konfrans Heyerdalın "Odin nəzəriyyəsi tarixçəsi" mövzusunda müzakirələrlə davam edib.

 Konfransa oktyabrın 29-da yekun vurulacaq. Konfrans çərçivəsində "Odin nəzəriyyəsi-Arxeoloji sübut", "Heyerdalın müxtəlif aspektlərdən tədqiq edilən işi", "Odin nəzəriyyəsi-Metodologiya müxtəlif yanaşmalar" mövzularında müzakirələr aparılacaq. Daha sonra konfrans iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğuna, Yanardağ   "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna səyahət edəcəklər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 28 oktyabr.- S.11.