İğdır Universiteti ilə
NDU arasında protokol imzalandı
Bu günlərdə Türkiyə Respublikasının
İğdır Dövlət Universitetinin
rektoru professor-doktor İbrahim Hakkı Yılmazın rəhbərliyi
altında 11 nəfərlik nümayəndə heyəti
Naxçıvan Dövlət Universitetində olmuşdur.
Tələbə şəhərciyi ilə əyani
tanışlıq zamanı qonaqlara universitet ərazisində
aparılan genişmiqyaslı yenidənqurma işləri,
istifadəyə verilən yeni korpuslar haqqında ətraflı
məlumat verilmişdir.
Qarşılıqlı
fikir mübadiləsi zamanı Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik İsa Həbibbəyli NDU-nun fəaliyyət
göstərdiyi 45 il ərzində keçilən inkişaf
yolundan, tədris prosesində tətbiq olunan yenilik və dəyişikliklərdən,
gələcək perspektivlərdən
danışmışdır. Ali məktəbin dünyanın
50-dən çox universiteti ilə mövcud sıx əlaqələrindən
söz açan rektor qardaş Türkiyə
Respublikasının Elazığdakı Fırat, İzmitdəki
Kocaeli, Kayseridəki Erciyez, Erzurumdakı Atatürk, Van
100-cü il, Qars, Ankara kimi universitetləri ilə möhkəm təməllər
üzərində qurulmuş əməkdaşlıq
münasibətlərini xüsusi vurğulamışdır. Rektor İğdır Universiteti ilə də
uzunmüddətli əməkdaşlığın
qurulacağına əminliyini bildirmişdir.
İğdır Universitetinin rektoru bütün azərbaycanlıları
tarixi əhəmiyyətli bayram - dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü münasibətilə təbrik
etmişdir. Rəhbərlik etdiyi təhsil
ocağında tədris olunan fənlər, kadr
hazırlığı işi haqqında məlumat verən
qonaq qeyd etmişdir ki, ilk olaraq
İğdır texnikumu kimi fəaliyyətə
başlamış, 1995-ci ildə
Qafqaz Universitetinin nəzdində "Menecment" ixtisası
üzrə fəaliyyət göstərən universitetdə həmin
il 16 müəllim və 2 texniki işçi ilə 20 tələbəyə
təhsil verilmişdir. 2006-cı ildə
İğdırda Qafqaz Universitetinin nəzdində Kənd təsərrüfatı
fakültəsi qurulmuşdur. 2008-ci ildən
30 tələbə ilə təhsilə başlayan fakültə
2008-2009-cu tədris ilindən "İğdır
Universiteti" adı altında fəaliyyətə
başlamışdır.
Görüşdə
iki universitet arasında sosial, mədəni və elmi
tədqiqat işlərinin aparılması sahələrində
əməkdaşlığa dair protokol imzalanmışdır.
Sənədə əsasən 5 il müddətində
universitetlərarası qarşılıqlı magistrant,
doktorant və müəllim mübadiləsi həyata
keçiriləcək.
Rəsmi görüşdən sonra
türkiyəli qonaqlara ali məktəbin
konservatoriyasında konsert
proqramı təqdim
olunmuşdur. Musiqili tədbirdə Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəyovun "Arazbarı", xarici tələbələrdən
ibarət "Dostluq" vokal qrupunun ifasında Azərbaycan
xalq mahnısı "Bəri bax", Tofiq Quliyevin
"Vals"ı, türk mahnısı "Məmləkətim"
və digər ifalar səslənmiş, həmçinin Tələbə
Teatr Studiyasının "Yallı" qrupunun rəngarəng
rəqsləri nümayiş olunmuşdur.
Sonda simvolik hədiyyələr
təqdim olunmuş, xatirə şəkli
çəkdirilmişdir.
Nərmin CƏFƏROVA
Azərbaycan müəllimi.- 2011.- 28 oktyabr.- S.11.