Yeni təhsil sistemində aşağı
sinif şagirdlərinin
yaradıcılıq qabiliyyətlərinin
inkişafı
Hazırda
cəmiyyətimizin bütün sahələrində baş
verən dinamik proseslər insan fəaliyyəti və onun
yaradıcılığının inkişafı problemini
ön plana çıxarır. Ölkənin inkişafının
aktual problemlərini isə qeyri-ordinar və yaradıcı
düşünən insanlar həll edə bilər.
"Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)"nda
şagirdlərin fəaliyyətinin
formalaşdırılması və təmin olunması, onun
bir subyekt kimi inkişafı üçün lazımi şəraitin
yaradılması vacib faktor kimi gözdən keçirilir.
"Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)"nda təhsilin
forma və metodları demokratik və humanist prinsiplərə əsaslanır.
Bu, böyüməkdə olan nəslin yaradıcılıq
qabiliyyətinin inkişafı üçün böyük
imkanlar yaradacaq.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev çıxışlarının
birində demişdir: "Bu gün bizim təhsilimizin məqsədi
uşaqlara və gənc nəslə bilik vermək, onları
gələcəyə hazırlamaqdır. Lakin bununla bərabər
ən başlıca məqsəd Azərbaycan cəmiyyətinin
layiqli üzvünü, Azərbaycan vətəndaşını
formalaşdırmaqdır". Bu sətirləri oxuyarkən
müəllimlərin, xüsusən də ibtidai sinif müəllimlərinin
üzərinə necə də vacib və məsuliyyətli vəzifənin
düşdüyünü başa düşürük.
İntellektin əsasları və onun
bütün mənəvi aləmi başlıca olaraq məktəbəqədər
və aşağı məktəb yaşlarında yaranır
və formalaşır, baxmayaraq ki, onun nəticələri
sonralar üzə çıxır. Deməli, müəllimlərin
qarşısında uşaqların, onların
yaradıcılıq imkanlarının inkişaf etdirilməsi
vəzifəsi durur.
Həyat getdikcə mürəkkəb və
rəngarəng olur. O, daha artıq fəal təfəkkür,
daha tez oriyentasiya tələb edir. Məhz bütün bu
keyfiyyətlər Azərbaycan Respublikasında ümumi təhsilin
Milli Kurikulumunda yaxşı inkişaf etdirilir.
Yaradıcılıq - bu, psixi fəallığın
ən ali forması, nəsə orijinal bir şeyi yaratmaq
qabiliyyətidir. Müəllimin işinin səmərəliliyi
təlim-tərbiyə prosesinin hər bir şagirdin
yaradıcılıq qabiliyyətinin inkişafını nə
dərəcədə təmin etməsi, yaradıcı şəxsiyyəti
formalaşdırması ilə müəyyən olunur.
Məktəbə müxtəlif
inkişaf səviyyələri ilə gəlirlər.
Uşaqların çoxunun qabiliyyəti onların daxilində
gizlənib. Onların aşkara çıxarılması və
inkişaf etdirilməsi istiqamətində əsas iş müəllimlərin
üzərinə düşür. Məşhur ixtiraçı
Edison deyib: "Dahi - bu bir faiz ilham, doxsan doqquz faiz isə tər
tökməkdir". Buna görə də əməksevərlik
tərbiyəsi vacibdir.
Yaradıcılıq qabiliyyətlərinin
inkişafı şəxsiyyətin inkişaf mərhələlərindən
keçir, təşəbbüskarlıq, qərarların qəbulunda
müstəqillik, özünü azad ifadəetmə vərdişləri,
özünəinam oyadır.
Əlbəttə, bütün bunlar o
halda baş verir ki, şagird özünü tədris
prosesinin tamhüquqlu üzvü kimi hiss etsin. Azərbaycan
Respublikasının Milli Kurikulumunda buna xüsusi diqqət
yetirilir. Maraqlı oyunlar şəraitində qruplarla iş
zamanı rəngarəng biliklər, bacarıq və vərdişlər
daha müvəffəqiyyətlə inkişaf edir,
uşaqların əqli, estetik, mənəvi tərbiyəsi həyata
keçirilir. Qruplarla iş gedişində uşaqların
kommunikativ bacarıqlarının inkişafı baş verir və
xoş əhvali-ruhiyyə yaranır. Milli Kurikulum qruplarla işə
böyük diqqət ayırır.
Şagirdlərin yaradıcılıq
qabiliyyətinin formalaşdırılmasına biz ümumi təhsil
prosesinin ayrılmaz tərkib hissəsi kimi baxırıq.
Yaradıcılıq fəallığını
formalaşdırmaq üçün şagirdləri
yaradıcı fəaliyyətə cəlb etmək və
onların yaradıcılıq fəallığını
inkişaf etdirmək, tədris prosesində problemli məsələlər
qaldırmaq və yaradıcı təfəkkürün
inkişafına nail olmaq lazımdır.
Şagirdlərin yaradıcılıq
qabiliyyətini aşağıdakı prinsiplərin köməyi
ilə həyata keçirmək mümkündür:
- yaradıcı fəaliyyətə
motivasiyanın inkişaf etdirilməsi prinsipi;
- özünütəhsil və
özünütərbiyə bacarıqlarının
inkişaf etdirilməsi prinsipi;
- pedaqoji prosesin şagirdlərin fərdi
xüsusiyyətləri ilə
uyğunlaşdırılması prinsipi;
- şagirdlərin
yaradıcılığını və müstəqilliyini təmin
edən tədris formalarının seçilməsi prinsipi.
Şagirdlərin hər bir
yaradıcı fantaziyasını həvəsləndirmək
lazımdır. Uşaqların istənilən mövzu üzrə
nümunəvi sərgilərinin təşkili çox
vacibdir.
Hər bir uşaqda qabiliyyət və
istedad var. Uşaqlar təbiətən hər şeylə
maraqlanır və oxumağa can atırlar. Onların öz
istedadlarını nümayiş etdirmələri
üçün düzgün rəhbərlik lazımdır.
Beləliklə də kiçik məktəb
yaşlarında uşaqların yaradıcı təsəvvürlərinin
inkişafı onların təcrübəsinin mütəmadi
olaraq zənginləşməsi, bu təcrübənin
gerçəkliyin müxtəlif sahələrinə aid yeni
biliklərlə dolğunlaşması ilə getməlidir.
Qeyd etmək lazımdır ki, davamlı
maraqların yaranması üçün uşaqların yeni fəaliyyət
sahəsi ilə tanışlığı kifayət deyil.
Uşaqlarda yeniliyə qarşı müsbət emosional
münasibət baş
qaldırmalıdır. Əmək fəaliyyəti
dövründə uşağın bütün fərdi
xüsusiyyətləri inkişaf edir. Hər hansı əşyanı
öz əlləri ilə düzəldən zaman uşaqlar
diqqət və yaddaşlarını inkişaf etdirir, səliqəliliyə
və səbirli olmağa vərdiş edir, ən əsası
müstəqil surətdə qərar qəbul edirlər.
Uşaqlarda yaradıcılıq qabiliyyətinin
formalaşdırılması şəxsiyyətin hərtərəfli
və harmonik inkişafının vacib tərkib hissəsidir.
Bizim vəzifəmiz vətənimiz Azərbaycan naminə bu
cür şəxsiyyət tərbiyə etməkdir.
Nailə
MƏMMƏDOVA
Azərbaycan
müəllimi.- 2011.- 28 oktyabr.- S.10.