Xarici
dil kurikulumu və onun xarakterik cəhətləri
Xarici dil kurikulumu şagird, müəllim,
valideyn və cəmiyyətin digər üzvləri
üçün maraq doğuran konseptual bir sənəd olub,
xarici dil təliminin məqsədlərini, bu məqsədlərə
nail olmaq üçün bütün fəaliyyətləri əhatə
edir. Bu sənəd hər bir şagirdin maraq və meyilləri
nəzərə alınmaqla onların nitq - dil bacarıq və
vərdişlərini inkişaf etdirməyi nəzərdə
tutur, qazandığı yeni dil bacarıqlarını real həyatda
kommunikativ bacarıqlarla əvəz olunmasına xidmət edir.
Fənnin standartları tələb edir
ki, xarici dil müəllimi ünsiyyət yaratmaq, problemli
situasiya qurmaq, tədqiqatlar və müqayisələr aparmaq,
problemlərin həllində dəyərli faktlar gətirmək
bacarığına malik olsun.
Xarici dil fənn kurikulumları çərçivəsində
tərtib edilən standartlar fənnin tədrisində
aşağıdakı suallara cavab verməyi tələb edir:
Nəyi öyrətməliyik?
Necə öyrətməliyik?
Necə təşkil etməliyik?
Necə dəyərləndirməliyik?
Göründüyü kimi, standartlar
artıq yeni məzmunu əhatə edərək özündən
sonra təlimin məqsədlərini, yeni dil mühitini, təlimin
prosesini, təlimin təsirini, nəticəni və yeni
yaranacaq təfəkkürü ifadə edir. Standartlara əsaslanan
müasir xarici dil dərsləri dilin tədrisində iki
üsulu reallaşdırır:
1. Dil
sistemlərinin öyrənilməsini.
2. Dil bacarıqlarının
qazanılmasını.
Dil sistemi dildə fonoloji sistemdən - səslərdən,
sözlərin düzgün tələffüz olunmasından,
cümlə quruluşu, sözlərin ayrı-ayrı mənaları,
qrammatik cəhətdən sözlərin bir-biri ilə
bağlılığı və cümlədə hansı
funksiya daşımasından ibarətdir.
Dil bacarıqları isə dinləyib-anlama,
danışıq, oxu, yazıdan ibarətdir. Məhz xarici
dilin məzmun xətləri də bu dil bacarıqlarına əsaslanaraq,
standartları müəyyən edir və bu standartlar məzmun
və fəaliyyət baxımından təhlil edilir.
Xarici dilin standartlarında göstərilən
kodlar ilk öncə məzmun xəttini, əsas standartı və
alt-standartı müəyyən edir. Məzmun xətti və əsas
standart dövlət tələbi
kimi nəticəyə əsaslanır və dəyişilmədən
tətbiq edilir. Alt-standartlar isə təlim prosesində məqsədyönlü
şəkildə daim dəyişilir. Standartlar xarici dil fənn
kurikulumunda təlim məqsədlərinin müəyyənləşdirilməsində,
təlim nəticələrinin reallaşması
üçün xüsusi metodikaların seçilməsində
mühüm rol oynayır.
Standart iki hissədən ibarətdir: bilik və fəaliyyət. Standart biliyin fəaliyyətdə
tətbiqi və sosial bacarıqlar şəklində əldə
olunmasını tələb
edir.
Xarici dil standartlarına
əsasən, əsas
standartın funksiyası
fənlər üzrə
müəyyən olunan
təlim nəticələrini
məzmun xətləri
üzrə ümumi şəkildə ifadə
etmək, sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını
təmin etməkdir.
Alt-standartın funksiyası isə:
* Təlim məqsədlərinin dəqiq
müəyyən olunması
üçün etibarlı
zəmin yaradır;
* Təlim strategiyalarının düzgün
seçilməsində mühüm
rol oynayır;
* Təlimdə inteqrativliyi təmin edir;
* Təlimin məzmununun
davamlı inkişafını
təmin edir.
Ənənəvi dərsdə müəllimin əsas məqsədi
şagirdə deklarativ bilik vermək idisə, müasir dərsdə
daha çox prosedual və kontekstual biliklərə yiyələndirməkdir.
Xarici dil fənn
kurikulumunun strukturunda əsas və
alt-standartların funksiyaları, məzmun standartlarının
quruluşu, məzmun standartlarının komponentləri
üzrə təsnifatı, biliyin kateqoriyaları və fəaliyyətin
növləri, təlim məqsədlərinin müəyyən
edilməsi əsas yer tutur. Biliyin
aşağıdakı kateqoriyaları vardır:
Deklarativ bilik (fakt
və məlumatlar), prosedual bilik (fəaliyyətin
icrasına dair prosedur qaydaları əhatə edən biliklər),
kontekstual bilik (problemin həll edilməsi yolu ilə əldə
olunan yeni biliklər).
Xarici dil kurikulumu
dil və sosial-mədəni biliklər əsasında
kommunikativ nitq bacarıqlarının
formalaşdırılmasını əhatə etməklə
nəticəyönümlü məzmun standartlarına
uyğun olaraq sadədən mürəkkəbə, asandan
çətinə prinsipləri əsasında qurulur,
şagird nailiyyətlərini izləməyə və qiymətləndirməyə
imkan yaradır.
Xarici dilin tədrisində
standartlar dinləyib-anlama
bacarıqlarından danışmağa, sonra isə oxu və
yazı vərdişlərinin yaranmasına xidmət edir ki, bu
da sadə fəaliyyət növlərinin getdikcə mürəkkəb
fəaliyyət növləri ilə əvəz olunması və
dilin yaradıcı şəkildə ünsiyyət vasitəsinə
çevrilməsi ilə nəticələnir.
Siniflər üzrə standartlar sadədən mürəkkəbə doğru
sıralanır və müəllimin plan tutmasında
ardıcıllıq yaradır.
Məzmun standartları müəyyən edilərkən
idraki, informativ-kommunikativ və yaradıcı fəaliyyətlər,
düşüncə, emosional və psixomotor
bacarıqların formalaşdırılması əsas
götürülür.
Bu gün fənnin tədrisində standartların tətbiqi ümumi təlim nəticələrinin
nə şəkildə özünü doğrultmasına, təlimin
məqsəd və vəzifələrinin müəyyən
edilməsinə əsas verir.
Xarici dilin məzmun
standartları həmçinin qiymətləndirmə
standartlarının yaranmasına asanlıqla zəmin
yaradır. Biliyin və fəaliyyətin
kəmiyyət və keyfiyyət ölçüsü olan
qiymətləndirmə təlim prosesinin davamlı və
inkişafyönümlü olmasının əsas
meyarıdır. Təlimin məqsədlərindən qiymətləndirmə
meyarlarının müəyyənləşdirilməsi
standartın tam ödənilməsinə gətirib
çıxarır.
Bu gün əldə etmək istədiyimiz nəticə şagird nailiyyətlərinin
düzgün qiymətləndirilməsi və davamlı təlimin
təşkilində daha yeni standartların tətbiqinə nail
olmaqdır. Müasir dərs standartdan məqsədə,
sonra təlim prosesinin yaranmasına və yekunda problemin
qoyuluşu və həllinə gətirib çıxarır.
Bu isə təfəkkürün fəallaşması,
yəni şagird fəallığı - kəşf edən,
tədqiqatçı mövqe tutan, yaradıcı təfəkkürə
malik şagird nailiyyəti ilə nəticələnir.
Nahidə BAĞIROVA
Azərbaycan müəllimi.- 2011.- 28 oktyabr.-
S.10.