Kanadanın təhsil sistemi
Kanada
Ərazisi:
9984670 km²
Əhalisi:
34 mln. 213 min nəfər
Paytaxtı: Ottava şəhəri
Dövlət dili:
ingilis və fransız
dilləri
Pul vahidi:
Kanada dolları
Təhsil sistemi
Şimali
Amerikada yerləşən Kanadanın təhsil sistemi
dünyada mövcud olan ən mükəmməl təhsil
sistemlərindən biri hesab edilir. Digər ölkələrlə
müqayisədə Kanada təhsilin inkişafına daha
çox maliyyə vəsaiti ayırır.
Ölkədə
dövlət məktəbləri ilə yanaşı, özəl
məktəblər də fəaliyyət göstərir. Təhsil
müəssisələrinin böyük əksəriyyəti
dövlət tərəfindən maliyyələşdirilir. Tədris
proqramlarının məzmunu əyalətlərdə fərqli
olsa da, ümumilikdə ölkə konstitusiyasının
müvafiq tələblərinə uyğun hazırlanır.
Bütün əyalətlərdə təhsilin məzmununa və
keyfiyyətinə ciddi dövlət nəzarəti
mövcuddur. Ölkədə hər bir əyalətin
ayrıca Təhsil Nazirliyi olsa da, federal Təhsil Nazirliyi və
rəsmi akkreditasiya sistemi mövcud deyil.
Uşaqlar 1 və
ya 2 il könüllülük prinsipi əsasında məktəbəqədər
təhsil müəssisələrinə cəlb olunur. 6
yaşı bitmiş uşaqlar isə I sinfə qəbul
edilir. Dərs ili sentyabr ayında başlayır, iyun ayında
başa çatır. Müəyyən hallarda isə
uşaqların məktəbə qəbuluna yanvar ayında
başlanılır. Ölkənin əyalətlərindən
asılı olaraq orta məktəb təhsili 11 və ya 12 il
davam edir. Abituriyentlər universitet, kollec və ya 3 illik peşə
təhsili müəssisələrinə qəbul ola bilərlər.
Ölkədə
yüksək nailiyyətləri ilə seçilən kifayət
qədər çoxsaylı təhsil müəssisəsi fəaliyyət
göstərir. Şagirdlərin oxu, təbiət elmləri və
riyaziyyat fənləri üzrə beynəlxalq testlərdə
yüksək nəticələr göstərməsi Kanada məktəblərindəki
keyfiyyətli təhsilin əyani təzahürüdür.
Tədris
proqramlarının təcrübə ilə sıx əlaqələndirilməsi
Kanada təhsil modelinin üstün cəhətlərindəndir.
Tədris planları işəgötürən müəssisələrin
tövsiyələri nəzərə alınmaqla tərtib
olunur.
Kanadada
yüksək texnologiyalar, aerokosmik sənaye, mikro-elektronika,
biotexnologiya və digər sahələrin inkişafı
yalnız tədrisin keyfiyyəti sayəsində mümkün
olub. Bütün bunlarla yanaşı, mühəndislik, biznes
və təbiət elmləri sahəsində də ciddi nəticələr
əldə edilib.
Kanada
universitetlərinin diplomları bütün dünyada
tanınır. Ali məktəb tələbələri ingilis
və ya fransız dilində təhsil ala bilərlər. Bəzi
universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq,
tələbələrin hər iki dili yüksək səviyyədə
bilməsi vacib deyil.
Məktəbəqədər təhsil
Kanadada məktəbəqədər
təhsil 5 yaşdan başlayaraq icbari təhsil dövrünə
qədər olan mərhələni əhatə edir. Bəzi əyalətlərdə
uşaqların məktəbəqədər təhsil müəssisələrinə
qəbul yaşı fərqlidir. Məktəbəqədər
təhsil pulsuzdur. Kifayət qədər çox olan məktəbəqədər
təhsil müəssisələrində uşaqların hərtərəfli
formalaşması və məktəbə hazırlanması
üçün hər cür şərait yaradılıb.
Valideynlər
övladları üçün hansı məktəbəqədər
tərbiyə müəssisəsini seçmək
baxımından tam sərbəstdirlər. Məktəbəqədər
təhsil müəssisələrinin işi, bir qayda olaraq,
sentyabr ayında başlayır və iyul ayında başa
çatır. Günüuzadılmış uşaq
bağçaları isə demək olar ki, il ərzində
fasiləsiz fəaliyyət göstərirlər.
Orta təhsil
Kanadada orta təhsil
ingilis və ya fransız dillərində aparılır.
Ölkədə dövlət, özəl, böyük,
kiçik, sərbəst, pansion və ali təhsil müəssisələrinin
nəzdində məktəblər fəaliyyət göstərir.
İctimaiyyət tərəfindən maliyyələşən
məktəblərə də tələbat duyulur.
Məktəblərdə
təhsilin keyfiyyətinə əsasən iki assosiasiya-PELSA
(Sakit Okean İngilis Dilli Ölkələrin Assosiasiyaları)
və CAPLS (Peşəkar İngilis Dilli Məktəblərin
Kanada Assosiasiyası) nəzarət edir. Şagirdlər
üçün intensiv ingilis dili, inteqrasiya edilmiş akademik
və ya ingilis dili proqramları mövcuddur. İngilis dili
bacarıqları yüksək olan şagirdlərə, akademik
proqramlar üzrə təhsil almış məzunlara
müvafiq fərqləndirici diplom verilir.
Özəl
orta məktəblər Kanadanın hər bir əyalətində
mövcuddur. Özəl məktəblərə daxil olmaq
üçün bəzən TOEFL imtahanının nəticələri
də tələb olunur. Yuxarı siniflərə daxil olmaq istəyən
şagirdlər isə Orta Məktəblərə Qəbul
Testi (SSAT) verməlidirlər.
Kanadanın
biznes və siyasət sahəsində aparıcı mövqe
tutan simalarının əksəriyyəti özəl məktəblərin
məzunlarıdır. Özəl məktəblər yerləşdikləri
əyalətlər üzrə Təhsil Nazirliyində
qeydiyyatdan keçməli, vahid kurikulum və digər
standartlara cavab verməlidirlər. Valideynlər
övladları üçün yalnız oğlanların və
ya qızların, o cümlədən də qızlarla
oğlanların birgə oxuduğu təhsil müəssisələrini
seçə bilərlər. Bəzi özəl məktəblər
dini etiqad məsələlərinə sadiq qalaraq daha çox
mənəviyyat elmlərinin tədrisinə
üstünlük verir, həmçinin ciddi elmi
standartları tətbiq edirlər. Dini və dünyəvi təhsil
verən orta məktəblərin təhsil proqramları əyalətlərə
görə fərqlənir.
İctimai
orta məktəblərdə əcnəbilər də oxuya bilərlər.
Belə məktəblər seçilmiş məktəb
şuraları tərəfindən idarə olunur. Bütün
ictimai məktəblər yalnız gündüz şöbəsində
təhsil proqramları təklif edir. İctimai məktəblərdə
əcnəbilər üçün qəbul şərtləri
və təhsil haqları fərqli ola bilər.
Xüsusi dil
məktəblərində standart (ümumi ingilis dili, biznes
ingilis dili, peşəkar proqramlar) və şagirdlərin tələblərinə
uyğunlaşdırılmış ixtisaslaşmış
kurslar təklif edilir. Demək olar ki, bütün məktəblərdə
əcnəbi şagirdlər üçün nəzərdə
tutulmuş "Akademik məqsədlər üçün
ingilis dili" (EAP) kimi uzunmüddətli kurslar təşkil
olunur. Əcnəbi şagirdlər üçün fransız
dilini xarici dil kimi tədris edən mərkəzlər də
vardır.
6
yaşında I sinfə daxil olan uşaqlar məktəbdən,
eləcə də əyalətdən asılı olaraq 11 və
ya 12 il təhsil alırlar. Yalnız bundan sonra universitetlərə
daxil olmaq istəyən abituriyentlər kolleclərdə 2 illik
hazırlıq bölməsində oxuyurlar. Məktəblərdə
uşaqlara əsas (riyaziyyat, qrammatika, ədəbiyyat və
düzgün yazılış, Kanadanın siyasi strukturunun əsaslarından
ibarət fənlər) və təbiət elmlərinə dair
(fizika, biologiya və bu qəbildən olan digər fənlər)
fənlər qrupu tədris olunur. Qeyd edilən fənlərlə
yanaşı, məktəblərdə kompüter vərdişləri,
xarici musiqi kimi fənlər də keçirilir. Yuxarı
siniflərdə isə qeyd edilən fənlər üzrə
biliklərin möhkəmləndirilməsi davam etdirilir.
Eyni zamanda
ölkə üzrə geniş yayılmış xüsusi
pansion məktəblər də fəaliyyət göstərir.
Əcnəbilərin təhsil aldığı belə tədris
ocaqları, əsasən katolik məktəblər hesab olunur.
Kolleclər
Kanadada təxminən
170 dövlət və xüsusi kollec fəaliyyət göstərir.
Bunlar regional kolleclərə, texniki institutlara və CEGEP
kolleclər sisteminə bölünür.
Regional kolleclərin
əksəriyyəti uyğun assosiasiyalara (Kanada Kolleclər
Birliyi Assosiasiyasına) daxildir. Kanada kolleclərinin əsas vəzifəsi
sənaye və biznes sahəsi üzrə peşəkar kadrlar
hazırlamaqdan ibarətdir. Bu kolleclərdə təhsil alan tələbələr
qısa müddət ərzində müəyyən peşəyə
yiyələnə bilirlər. Kolleclərdə tədris olunan
birillik proqramların sonunda dinləyicilərə müvafiq
sertifikat təqdim olunur. Bundan əlavə, kolleclərdə
ikiillik proqramlar da tədris olunur ki, bu proqramların sonunda məzunlara
diplom verilir.
Üçillik
bakalavr proqramları mövcud olan kolleclər hər hansı
bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq
edir. Son illər eksperiment olaraq üçillik kollecləri
bitirmiş məzunlara xüsusi bakalavr dərəcəsi
verilir.
Kolleclərdə,
əsasən informasiya, texnologiya, dizayn, mühasibatlıq,
biznesin idarə olunması, mehmanxana və turizm idarəetməsi
ixtisasları üzrə mütəxəssislər
hazırlanır. Nəzəri biliklər ixtisas üzrə təcrübə
məşğələləri ilə vəhdət təşkil
edir.
Ali təhsil
Kanadanın
ali təhsil sistemi öz nüfuzuna görə dünya
arenasında ən üstün yerlərdən birini tutur.
Kanada universitetlərində 1,5 milyondan çox tələbə
təhsil alır. Onların 1,2 milyonu dərəcə
proqramlarında, 275800-ü gündüz növbəsində
oxuyur. Ali məktəblərdə tam ştatlı 42000
professor-müəllim çalışır.
Ölkə
üzrə aparılan tədqiqat işlərinin 30 faizi
universitetlər tərəfindən həyata keçirilir. Ali
təhsil müəssisələrində dünya miqyasında
tanınan elmi tədqiqatlara imkan yaradan yüksək keyfiyyətli
infrastruktur və unikal laboratoriya avadanlıqları
mövcuddur. Onu da qeyd edək ki, ölkədə həyat tərzinin
yüksək olması məhz "insan kapitalının"
inkişafı ilə əlaqədardır.
Ali təhsil
müəssisələri tədris proqramlarının dərinliyi
baxımından fərqlənir. Universitetlər də daxil
olmaqla, əyalət və ərazilər üzrə
müvafiq dövlət orqanları təhsilin bütün səviyyələrinə
cavabdehdir.
Kanadada təxminən
100 universitet və onların nəzdində fəaliyyət
göstərən universitet kolleci fəaliyyət göstərir.
Digər ingilisdilli ölkələrlə müqayisədə,
açıq immiqrasiya siyasətinin mövcudluğu ali məktəbləri
bitirən əcnəbilərin Kanadada qalıb işləməsi
üçün geniş üfüqlər açır. Təsadüfi
deyil ki, hər il 125 min əcnəbi tələbə Kanada ali
məktəblərini seçir və gələcək həyatlarını
bu ölkə ilə bağlayırlar.
Digər Qərb
ölkələrində olduğu kimi, Kanada ali təhsil
sistemi də üçmərhələlidir. 3 illik ilk ali təhsil
proqramında bakalavr dərəcəsi verilir. 1 və ya 2 illik
magistr proqramından sonra doktoranturaya qəbul olanlar isə fəlsəfə
doktoru dərəcəsi (PhD) almaq üçün daha 4 il
elmlə məşğul olmalıdırlar.
Bundan əlavə,
universitetlər ixtisaslaşmış diplom və
sertifikatların verilməsi ilə bağlı bir sıra
proqramlar da təklif edirlər. Kanada ali məktəbləri tədris
proqramlarına görə üç qrupa bölünür.
Bakalavr təhsili verən ali məktəblər birinci, bakalavr
və magistr proqramları tədris edilən universitetlər
ikinci qrupa daxildir. Üçüncü qrupa isə doktor
proqramları və tibb fakültələri olan ən
nüfuzlu universitetlər aid edilir.
Universitetlərə
sənəd qəbulu tədris ilindən bir il əvvəl
başlayır. Qəbul üçün orta təhsil
haqqında attestat və TOEFL imtahanının nəticələri
və fransız dili üzrə universitetin xüsusi testindən
keçmək tələb olunur. Magistr proqramlarına daxil
olmaq üçün GRE, GMAT və LSAT
(hüquqşünaslar üçün test) vermək
lazımdır.
Əcnəbi
tələbələrin universitetlərə daxil olmaları
üçün akademik proqramlar əsasında (ESL) kurslar təşkil
olunur. Əcnəbilərin qarşısında qoyulan tələblər
onların seçdiyi ixtisaslardan asılı olaraq dəyişir.
Bir qayda olaraq, onlar orta təhsil haqqında attestatı təqdim
etməli və TOEFL imtahanı verməlidirlər.
Kanadada təhsil
almaq istəyən əcnəbi tələbəyə il ərzində
15-20 min Kanada dolları civarında maliyyə vəsaiti
lazımdır. Yaşayış və təhsil xərclərini
ödəmək məqsədilə əcnəbi tələbələrə
həftədə 20 saat və tətil günlərində isə
tam ştatda işləmək imkanı yaradılır.
Kanadada 3
aylıq dil kursları üçün tələbə
vizası almaq tələb olunmur. Lakin ölkədə
uzunmüddətli təhsil almaq üçün tələbə
vizası və "təhsil üçün icazə" sənədini
almaq əsas şərtlərdəndir. Birillik tibbi
sığortaya isə 700 Kanada dolları ödənilir.
Bütün
bunlarla yanaşı, tələbələrə təqaüd
almaq üçün ərizə ilə dövlətə
müraciət etmək imkanı verilir. Kanadanın Xarici
İşlər və Beynəlxalq Ticarət Nazirliyi tərəfindən
reallaşdırılan üç dövlət təqaüdü
yüksək tədris uğurları olan tələbələrə
şamil edilir. Bu sıraya Kanada Hökumətinin Təqaüd
Proqramı, Ali Məktəblərdə Elmi-Tədqiqat
Proqramı və Ali Məktəblərin Təkmilləşdirilməsi
Proqramı daxildir.
Kanadanın
ali məktəblərinin dünya elminin inkişafına
verdiyi xüsusi töhfələrdə Toronto Universiteti
mühüm yer tutur. Bu təhsil ocağında ilk elektron
kardiostimulyator, süni qırtlaq, kimya lazeri hazırlanıb, mədəaltı
vəzinin transplantasiyası əməliyyatı, bir çox
digər mürəkkəb xəstəliklərin müalicəsi
həyata keçirilib. 5000 aparıcı tədqiqatçı
universitetdə hər il 1 milyard dollar dəyərində tibbi
tədqiqatlar aparır. Tibb elmi tarixində önəmli hadisələrdən
olan insulinin kəşfi 1921-ci ildə bu ali məktəbdə
yerinə yetirilib. 1963-cü ildə beyin
sümüyünün köçürülməsi əməliyyatının
əsasını qoyan gövdə hüceyrələri
aşkarlanıb. 1972-ci ildə tədqiqatlar nəticəsində
atmosferdə qara dəliklərin olması sübuta yetirilib.
Universitetin astronomları Uran planetinin peykləri olan Kaliban və
Sikoraksanı, Andromeda I, II, III qalaktikalarını aşkar
ediblər. Dünyada ilk operativ kompüterlərdən biri olan
UTEC və ilk kommersiya kompüteri Toronto Universitetində
hazırlanıb. Ali məktəbdə elmi-tədqiqat sahələri
günbəgün genişləndirilir və bu istiqamətdə
dünya liderliyini qazanmaq üçün səylər
artırılır.
Texniki peşə təhsili
Kanadada texniki
peşə təhsilinin tarixi XVII əsrin ikinci yarısına
gedib çıxır. Texniki peşə təhsilinin əsası
1668-ci ildə Kvebek şəhərində Roma Katolik Kilsəsi
tərəfindən yaradılmış sənət məktəblərinin
fəaliyyətə başlaması ilə qoyulub. Bu məktəblərdə
xarrat, çilingər, çəkməçi, dərzi, heykəltaraş,
rəssam, bənna və digər peşələr öyrədilirdi.
XVIII əsrdə
ilk peşə-ixtisas təhsili sahəsində təcrübə
daha da genişləndi, məktəbdə tədris olunan nəzəri
və praktiki fənlər arasında əlaqələr
möhkəmləndi. Dövrün tələblərinə
uyğun peşələrə maraq artdı, peşə təhsili
müəssisələrinin şəbəkəsi
formalaşdı.
Peşə təhsili
ümumi orta təhsil və yaxud da orta məktəbdən
sonrakı peşə hazırlığı çərçivəsində
tədris olunur. Müasir dövrdə Kanadada peşə təhsili
həmçinin orta məktəb təhsili çərçivəsində
şagirdlərin ümumi biliklərinin zənginləşdirilməsini
və çoxsaylı praktiki vərdişləri əhatə
edir. Ölkə vətəndaşları ilə
yanaşı, əcnəbilər də ödənişli
şərtlərlə texniki peşə təhsili ala bilərlər.
Elmi tədqiqatlar
Kanada
universitetlərində aparılan elmi tədqiqatlar ölkə
tarixində, eləcə də bütün dünyada biznesin
inkişafı, dövlət siyasətinin düzgün müəyyənləşdirilməsi,
bəşəriyyətin tədqiqi, mədəniyyət və
incəsənətin tərəqqisinə imkan yaratmaqla həyat
səviyyəsinin yüksəldilməsini təmin edir.
Ölkədə
mühüm elmi kəşfləri və ixtiraları,
innovasiyaları həyata keçirən Kanada İnnovasiya Mərkəzi
(CFİ) kimi müstəqil korporasiya fəaliyyət göstərir.
Bu qurum elmi tədqiqat infrastrukturunu maliyyələşdirmək
məqsədilə təsis edilib. Mərkəzin
başlıca məqsədi universitetlərin, kolleclərin və
tədqiqat hospitallarının fəaliyyətini
stimullaşdırmaqdır. Bütün bunlar müsbət nəticə
verib, səhiyyə, təbii resurslar, informasiya-kommunikasiya
texnologiyaları, enerji və ətraf mühit kimi sahələrin
sürətli inkişafı təmin olunub.
Universitetlər
özəl sektordan sonra elmi tədqiqatları həyata
keçirən ən böyük mərkəzlər hesab
olunur. Universitetlərin həyata keçirdiyi elmi tədqiqatların
55-60 faizi hökumət tərəfindən maliyyələşdirilir.
Federal tədqiqat
yönümlü qrant agentliklərindən maliyyələşən
Kanadanın Sosial Elmlər və Bəşəriyyətin Tədqiqi
Şurası və Kanada Səhiyyənin Tədqiqi
İnstitutları bakalavr və magistr təqaüdlərini
ödəməklə yanaşı, fakültə üzvlərinin
tələbələrə tədqiqat işlərində
köməklik göstərməsini də maliyyələşdirir.
Elmi tədqiqatlar
sahəsində şöhrət qazanmış Kanada ali məktəbləri
bir sıra elmi kəşflərə və innovasiyalara imza
atıb. Məsələn, 1999-cu ildə dünyada ilk dəfə
MakGil Universitetində klonlaşdırılmış
keçilər təqdim edilib. Daha sonra Montreal Universitetində
üç klon buzov yaradılıb.
Digər sahələrdə
də Kanadanın payına düşən elmi ixtiraları
sadalamaqla bitmir. Bütün bunlar isə dünya elminin və
bəşəriyyətin inkişafına Kanadanın verdiyi
töhfələrin aydın mənzərəsini yaradır.
Beynəlxalq əməkdaşlıq
Kanada təhsil
sahəsində beynəlxalq əməkdaşlığın
inkişafına xüsusi önəm verir. Ölkə üzrə
tələbələrin 10 faizini əcnəbilər təşkil
edir. Kanadanın beynəlxalq təhsil bazarındakı
mövqeyini daha da möhkəmləndirmək
üçün Xarici İşlər və Beynəlxalq Ticarət
üzrə Federal Departament əyalətlər və təhsil
müəssisələri ilə birgə müvafiq işlər
aparır.
2011-ci ildə
ikiillik Yeni Beynəlxalq Təhsil Strategiyasının işlənilib
hazırlanması üçün Federal büdcədən təxminən
10 milyon dollar civarında vəsait ayrılıb. Bu strategiyada ən
istedadlı əcnəbi tələbələrin Kanada
universitetlərinə cəlb edilməsi məsələsi də
öz əksini tapıb. Bu sənəddə, həmçinin
tədqiqatçı tələbələrə, tədqiqatçı
alimlərə əlverişli imkanların yaradılması və
ölkə hüdudlarından kənarda yerli mütəxəssislərin
fəaliyyətinə təkan verilməsi nəzərdə
tutulub.
Kanada
Universitetlər və Kolleclər Assosiasiyası universitet
prezidentlərindən ibarət nümayəndə heyətlərini
vaxtaşırı dünyanın müxtəlif ölkələrinə
göndərir, əcnəbi tələbələrin təhsil
və karyera sahəsində seçim zamanı Kanadaya
üstünlük vermələri üçün təbliğat
kampaniyaları təşkil edir. Məhz bunun nəticəsidir
ki, Kanada universitetlərində ilbəil sayları artan əcnəbi
tələbələr təhsillərini başa vurduqdan sonra
bu ölkədə qalmağa çalışırlar.
Kanadanın
Toronto, MakGil, Brandon, Vinnipeq, Viktoriya, Alberta, Manitoba, Akadiya,
York, Saskaçevan, Qərbi Kanada, NyuFaundlend Memorial universitetləri
artıq əsrlər boyunca zəngin təcrübə
qazanmış ali məktəblərdən hesab olunur. Odur ki,
bütün dünyada biznes, hökumət, həmçinin
akademik dairələrdə Kanadada verilmiş dərəcə,
diplom və sertifikatlar yüksək səviyyədə qəbul
edilir.
Bəşarət MƏMMƏDOV,
Dilrubə BAYRAMOVA
Yazının hazırlanmasında
Kanadanın müvafiq rəsmi saytlarının
materiallarından istifadə olunub.
Azərbaycan müəllimi.- 2011.- 28
oktyabr.- S.12-13.