Şagirdlərin tərbiyəsində
"Dədə Qorqud" dastanlarının əhəmiyyəti
Bilikli, savadlı, vətəni ürəkdən
sevən, onun yolunda hər cür fədakarlığa
hazır olan, gələcəkdə onu inkişaf etdirən vətəndaş
tərbiyə etmək bu gün məktəbin, müəllimin
qarşısında duran ən vacib vəzifədir.
Buna görə də bu müqəddəs
peşənin - müəllimliyin bizə verdiyi fürsətdən
yararlanıb məqsədimizə nail olmaq üçün
bütün bacarıq və imkanlarımızdan istifadə
etməliyik. M.Ə.Sabir demişkən, elm tərbiyəsiz məqbul
deyil. Tərbiyədə isə xalqımızın milli dəyərləri,
ədəbi irsimiz, ədəbi abidələrimiz mühüm
rol oynayır. Uzaq keçmişimizdən bizə miras qalan,
örnək alacağımız belə abidələrdən
biri "Kitabi-Dədə Qorqud" dastanlarıdır.
Müstəqilliyimizin əldə edilməsi
sayəsində qazandıqlarımızın içərisində
ədəbiyyatımızın öz həqiqi simasını
tapması çox əhəmiyyətlidir. Etiraf etmək
lazımdır ki, şagirdlərimizin düzgün tərbiyəsində
bu fənnin rolu əvəzolunmazdır, imkanları
genişdir.
Tədris etdiyim ədəbiyyat fənnində
sevə-sevə öyrətdiyim mövzulardan biri olan "Kitabi-Dədə
Qorqud" dastanlarının şagirdlərimizin həyatındakı
tərbiyəvi əhəmiyyəti haqqında fikir və
düşüncələrimi həmkarlarımla
bölüşmək istərdim.
Sevindirici haldır ki, biz bu dastanla
şagirdlərimizi hələ aşağı siniflərdən
tanış edə-edə irəliləyirik. Demək olar ki,
uşaqlar hər il bu gözəl abidəni öyrənir, məlumatlarını
zənginləşdirirlər. "Dədə Qorqud"
dastanlarındakı "Dirsə xan qolu Buğacın
boyu" əsasında M.Rzaquluzadənin yazdığı
"Ana ürəyi, dağ çiçəyi" hekayəsi
5-ci sinifdə, "Uşun qoca oğlu Səgrəgin boyu"
6-cı sinifdə, "Bayburanın oğlu Bamsı Beyrək
boyu" 7-ci sinifdə, "Oğuz xanın oğlu Uruz bəyin
dustaq olduğu boy" 8-ci sinifdə, "Salur Qazanın evinin
yağmalanması boyu" 10-cu sinifdə proqram materialı
kimi seçilmiş və həmişə şagirdlər tərəfindən
çox böyük həvəslə öyrənilmişdir.
Qarabağ boyda dərdi olan bu xalqın
"Dədə Qorqud" öyüdlərini, məsləhətlərini,
təcrübəsini öyrənib öyrətməyə
böyük ehtiyacı var.
Xalqımızın ümummilli lideri
Heydər Əliyev 2000-ci ildə BMT-nin YUNESKO təşkilatı
səviyyəsində "Kitabi-Dədə Qorqud"
dastanlarının 1300 illik yubileyinin keçirilməsinə,
dastan əsasında "Dədə Qorqud" adlı 2
serialı film çəkilməsinə nail olmuşdur.
"Salur Qazanın evinin
yağmalanması" boyu dastanın
ən maraqlı, böyük tərbiyəvi əhəmiyyətə
malik boylarındandır. Şagirdlərimiz buradan Vətən
sevgisini, anaya məhəbbəti, qadına hörməti
öyrənirlər. Mərdlik, cəsarət, qorxmazlıq,
düşmənə nifrət, düşmən
qarşısında əyilməzlik kimi xüsusiyyətlər
şagirdlərə aşılanır. Bu dastanı tədris
edərkən şagirdlərə xalq yazıçısı
Anarın bu sözlərini xatırladıram: "Hər
hansı xalq - ədəbi irsi nə qədər zəngin olsa
da, bir və ya iki əsas kitaba, təməl kitaba, Ana kitaba
malikdir. Belə baş kitab xalqın varlığını əks
etdirir. Azərbaycan
xalqının şah əsəri, ana kitabı "Dədə
Qorqud" dastanıdır.
İgid Qazanın əliaçıqlığı
görün necə verilir: O, 3 ildən bir qadının əlindən
tutub evdən çıxar, var-dövlətini camaata
dağıdardı. 10 min, 20, 30, 40 minE düşməni saya
salmayan, yalnız 100 mini keçəndə hərəkətə
gələn sevimli Qazan xanın yurdunu talanmış, evləri,
obaları yanmış görəndə
düşdüyü ağır halı bu günümüzlə
necə də səsləşir! Talan olunmuş
Xocalımız, od tutmuş Şuşamız, viran qoyulmuş
Kəlbəcərimiz, Laçınımız... yada
düşür. Amansızlıqla qətlə yetirilmiş
qocalar, uşaqlar və cavanların taleyi igid Beyrəyin taleyinə nə qədər
bənzəyir. Əsir düşmüş Burla xatunun
ağrılarını neçə-neçə qız-gəlinimiz,
analarımız yaşamadı?!
Dastanı
öyrənən şagirdlərimizin Qaraca
Çobana sevgisi daha böyükdür. Qəribədir, əsərdəki əsas surətlərin
içərisində aşağı təbəqənin yeganə
nümayəndəsi olan Qaraca
Çobanın yalnız bircə boyda iştirak etməsinə baxmayaraq,
bütün obrazlardan,
hətta Qazan xandan da artıq sevilməsi diqqəti cəlb edir. Bununla dastan yaradıcılarının, sinfi fərq qoyulmasa da, zəhmətkeş təbəqəyə rəğbəti
təsdiqlənir. Dahi Nizaminin
də diqqətini cəlb etmiş bu qəhrəman onun "Xosrov və Şirin"
poemasının əsas surətlərindən biri
olan Fərhadın sələfidir. Yeri gəlmişkən, Nizaminin
"7 gözəl" əsərindəki Bəhram Gurun quş ovlayıb damğa vuraraq buraxması
"Dədə Qorqud"
dastanındakı Bəkil surətinə bənzəyir. O da ovladığı arıq ceyranları
damğalayıb (qulağını deşib)
buraxırdı.
"Qazan xanın evinin
yağmalanması" boyunu tədris edərkən
şagirdlərin diqqətini Qaraca
Çobanın leksikasına da cəlb
edirəm. Qazan xanla söhbətində hər
an səmimiliyini, məhəbbətini bildirirəm,
ona sədaqətlə itaət edən bu nəhəng gövdəli, əfsanəvi
gücə malik, ağıllı, tədbirli
igid düşmənlə üz-üzə
gələndə içində aşıb-daşan kinini, küdurətini cilovlaya
bilmir, düşməni söyməkdən
belə çəkinmir. Onu mühasirəyə
alıb təslim olmağa, yüksək vəzifə
təklif edən yağını belə
qarşılayır:
"Hərzə-mərzə
söyləmə, itim kafir!
İtimlə
bir qabda yal yeyən kafir...".
Sanki dastan yaradıcıları qəsdən
bu ürəyitəmiz, zəhmətkeş insanı
özünəməxsus sadə, bir az da loru, vulqar
danışığı ilə ağalarından fərqləndirməyə,
daha da inandırıcı və sevimli bir obraz yaratmağa
çalışmış və buna nail olmuşlar. Döyüş zamanı düşməndən
anasını istəyən Qazanı "ananı Yaykat Keşiş oğluna ərə verəcəyik" deyə
ələ salan düşmənlərə
Qazan xandan da əvvəl yaxşıca dərs verən Qaraca Çoban yenə söyüş yağdırır:
"Mərə
dini yox, əqilsiz kafir!
Usu yox dərnəksiz
kafir!
Qazan xanın anası
qocalıb,
oğul verməz,
Dölün almaqdan
səfan varsa,
qara gözlü
qızını Qazana ver...".
Qeyrətli Çoban düşmənə
qarşı coşub-daşan qəzəbi, nifrəti ilə
Şəhidlər xiyabanında uyuyan yüzlərlə igidlərimizi
xatırladır. Çətin
anlarda oğuz
xanları bir-birinin hay-harayına
yetişirlər. Vuruşub qalib gəlmək üçün
əlbir olmaq lazımdır.
"Dədə Qorqud" dastanı
milli mənəvi dəyərlərimizdəndir. Xalqımızın
söz ensiklopediyası, tarix dərsliyimizdir. Bu dastana sovet
dövründə qadağa qoyulması, onun təqib
olunması elə möhkəm milli xüsusiyyətləri mədəniyyətimizi
və keçmişimizi doğru-dürüst özündə əks etdirməsindən,
coğrafiyamızdan xəbər verməsindən irəli gəlirdi.
Əbadət
ƏHMƏDOVA
Azərbaycan
müəllimi.- 2011.- 28 oktyabr.- S.15.