Tohoku Universiteti

 

Yerləşir:                                                           Yaponiya,  Senday şəhəri   

Yaranma tarixi:                                               1907-ci il

Tipi:                                                                  Dövlət 

İşçi heyəti:                                                        6000 nəfər

Tələbələrin ümumi sayı:                                 18225 nəfər

İllik gəlirləri:                                                   138776 milyon yen

Rəsmi saytı:                                                     www.tohoku.ac.jp

 

Tohoku Universiteti (Tohoku University) Yaponiyanın Senday şəhərində, Honsyu adasının şimal-şərqində Tohoku coğrafi regionunda yerləşir və 7 imperiya universitetindən (Yaponiya İmperatorluğu tərəfindən 1877-ci və 1939-cu illərdə yaradılmış 9 universitetdən 7-si Yaponiyada (Bu universitetlər hazırda Yeddi Milli Universitet adlanır), 1-i Koreyada, digər 1-i isə Tayvanda yerləşir) biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Tohoku Universiteti 100 ən yaxşı ali məktəb arasında 97-ci yerdə olub. "Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Tohoku Universiteti 132-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 102-ci yerdə qərarlaşıb. "Times Higher Education World University Rankings"in 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlində Tohoku Universiteti 120-ci, "QS World University Rankings"in cədvəlində isə 70-ci yerdə dayanır. 

Tohoku Universiteti Sakit Okean Universitetləri, Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyalarının üzvüdür.  

 

Tarixi

 

Tohoku Universiteti 1907-ci il iyunun 22-də Tohoku İmperial Universiteti adı ilə yaradılıb və Yaponiyanın Tokio (1877) və Kyoto universitetlərindən (1897) sonra üçüncü ən iri universitet hesab edilir. Yaradıldığı ilk gündən "açıq qapı" siyasəti yürüdən universitet Yaponiyanın tarixinə qadınların və əcnəbilərin qəbulunu həyata keçirən ilk ali təhsil müəssisəsi kimi düşüb.

Tohoku Universiteti öz başlanğıcını 1736-cı il noyabrın 1-də Sendayda yaradılmış Meirin Yokendo Tibb Məktəbindən götürüb. Məktəb bir neçə dəfə yenidən təşkil edilib və bir müddət Senday Tibb Məktəbi adı altında fəaliyyət göstərib. Hazırda bu məktəb Tohoku Universitetinin Tibb fakültəsinin sələfi hesab edilir. 1907-ci ilin oktyabrında Sapporo şəhərində universitetin Kənd təsərrüfatı fakültəsi açılıb. 1911-ci ildə Sendayda Təbiət elmləri, 1915-ci ildə isə Tibb fakültələri fəaliyyətə başlayıb. 1918-ci ildə Kənd təsərrüfatı fakültəsi universitetin əsas kampusundan uzaqda yerləşdiyinə görə Hokkaydo İmperial Universitetinə verilib. 1919-cu ildə Mühəndislik, 1922-ci ildə isə Hüquq və Ədəbiyyat fakültələri açılıb.

İkinci Dünya müharibəsindən sonra 1947-ci ildə universitetin tərkibində yeni Kənd təsərrüfatı fakültəsi fəaliyyətə başlayıb. Hüquq və Ədəbiyyat fakültəsi 1949-cu ildə üç fakültəyə - Hüquq, Ədəbiyyat və İqtisadiyyat fakültələrinə bölünüb. Bundan əlavə, universitetdə Təhsil (1949), Stomatologiya (1965) və Əczaçılıq (1972) fakültələri yaradılıb.

Əsas prinsipi elmi tədqiqatların aparılması olan bu universitetdə "açıq qapı" siyasəti bu gün də davam etdirilir. 

 

Büdcəsi və təhsil haqqı

 

2010-2011-ci tədris ilində Tohoku Universitetinin gəlir və xərcləri ümumilikdə 138776 milyon yen olub. Ali məktəbin gəlirlərinin 48444 milyonunu maliyyə yardımları, 29891 milyonunu universitet xəstəxanası, 10627 milyonunu təhsil haqqı, 19619 milyonunu tədqiqat sazişləri, qalanları isə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib. Tohoku Universitetinin xərclərinin 44890 milyonunu işçilərin əməkhaqqı, 39617 milyonunu material və avadanlıqlar, 19619 milyonunu tədqiqat sazişləri, 9451 milyonunu təmir və tikinti, qalanlarını isə digər məsrəflər təşkil edib.

Tohoku Universitetində yerli tələbələrin təhsil haqqı bakalavr, magistratura və doktorantura səviyyələrində ildə 6000-8000 ABŞ dolları təşkil edir. Əcnəbi tələbələrin təhsil haqqı isə bakalavr səviyyəsində 4000-6000, magistratura və doktorantura səviyyələrində isə 12000-14000 ABŞ dolları arasında dəyişir. Tələbənin oxuduğu fakültədən, seçdiyi ixtisasdan asılı olaraq təhsil haqqı fərqlidir.

 

Universitet bu gün

 

Tohoku Universiteti 5 kampusdan (Katahira, Kavauti, Seyryo, Aobayama, Amamiya) ibarətdir. Universitetin kampusları ümumilikdə 2,5 km² ərazini əhatə edir. Katahira kampusunda inzibati binalar və institutlar, Kavauti kampusunda Hüquq, Pedaqogika, İqtisadiyyat, Filologiya fakültələrinin binaları, Seyryo kampusunda Tibb və Stomatologiya fakültələri, Aobayama kampusunda Dəqiq elmlər, Mühəndislik elmləri, Əczaçılıq, Amamiya kampusunda Kənd təsərrüfatı fakültələri yerləşir.

Universitetin Katahira, Kavauti, Aobayama kampusları Sakit okeandan 12 km aralıqda dağlara doğru yerləşdiyindən, bu ilin martında baş vermiş sunami nəticəsində kampuslara o qədər də ziyan dəyməyib. Həmçinin universitetin müəllim və tələbə heyəti də itki verməyib. Bununla yanaşı, zəlzələ universitetin 27 binasının bağlanmasına və milyonlarla dollarlıq itkinin baş verməsinə səbəb olub. Hazırda universitetdə bərpa işləri aparılır. Fukusima atom böhranından sonra universitetin kampusunda heç bir şüalanma qeydə alınmayıb. Tohoku Universitetinin 10 fakültəsi, magistr və doktorantlar üçün nəzərdə tutulmuş  16 ali məktəbi (İncəsənət və Filologiya, Təhsil, Hüquq, İqtisadiyyat və İdarəetmə, Dəqiq Elmlər, Tibb, Stomatologiya, Əczaçılıq Elmləri, Maşınqayırma, Kənd Təsərrüfatı Elmləri, Beynəlxalq Mədəni Tədqiqatlar, İnformatika, Həyat Elmləri, Ekologiya, Biotibbi Mühəndislik, Pedaqoji İnformatika Tədqiqatları), 3 ali peşə məktəbi (Hüquq, İctimai Siyasət, Mühasibat) və 5 tədqiqat institutu vardır.

İncəsənət və filologiya fakültəsi əsasən humanitar və sosial elmlər üzrə ixtisaslaşıb. Fakültə Yapon, Asiya, Qərb mədəniyyətləri, Humanitar, Sosial elmlər departamentlərindən ibarətdir.

Təhsil fakültəsi pedaqoji elmlər üzrə tədqiqatlar aparır. Fakültədə Pedaqogika və Psixologiya departamentləri fəaliyyət göstərir.

Hüquq fakültəsində qanunvericilik, hüquq elminin bütün sahələri üzrə geniş tədqiqatlar həyata keçirilir. Fakültənin Hüquq, Siyasət departamentləri mövcuddur.

İqtisadiyyat fakültəsi iqtisadiyyat, idarəetmə ixtisaslarının öyrənilməsi ilə məşğuldur. Burada İqtisadiyyatın tarixi, nəzəriyyəsi, Tətbiqi iqtisadiyyat, İdarəetmə, Mühasibat, Statistika və riyaziyyat elmləri departamentləri vardır.

Dəqiq elmlər fakültəsində dəqiq elmlər öyrədilməklə yanaşı tədqiqatlar da aparılır. Fakültə Riyaziyyat, Fizika, Astronomiya və geofizika, Kimya, Geoekoloji elmlər, Yer və planetar materiallar elmi, Biologiya departamentlərindən ibarətdir.

Tibb fakültəsində Tibb və Tibb elmləri bölmələri fəaliyyət göstərir. Tibb bölməsinə Anatomiya və antropologiya, Molekulyar biologiya və biokimya, Psixologiya, Əczaçılıq, Patologiya, İmmunologiya və infeksiya elmləri, Daxili orqanların müalicəsi, Cərrahlıq elmləri, Pediatriya, Neyropsixiatriya, Dermatologiya, Urologiya, Mamalıq və ginekologiya, Oftalmologiya və otolarinqologiya, Anesteziologiya, Travmotologiya, Sosial tibb, Tibb elmləri bölməsinə isə Əsaslı xidmət, Kliniki xidmət, Tibb bacısı, İctimai səhiyyə, Əsas radioloji elmlər, Kliniki radioloji elmlər, Tibbi texnologiya, Kliniki tibbi texnologiya departamentləri aiddir.

Stomatologiya fakültəsində Ağız biologiyası, Ağız funksiyası və morfologiyası, Ağız reabilitasiyası elmləri, Ağız sağlamlığı və inkişaf elmləri, Çənə-ağız cərrahiyyəsi departamentləri fəaliyyət göstərir.

Əczaçılıq fakültəsi dərmanların istehsalı, tədqiqatı ilə məşğuldur və Əczaçılıq elmləri, Əczaçılıq işinin təşkili departamentlərindən ibarətdir.

Maşınqayırma fakültəsi Mexanika və aerokosmik texnika (Mexanika sistemləri və dizayn, Nanomexanika, Aerokosmik texnika, Kvant elmləri və energetik maşınqayırma, Biomühəndislik və robot texnikası, Ətraf mühit və energetik maşınqayırma departamentləri daxildir), İnformasiya və intellektual sistemlər (Kommunikasiya şəbəkəsi, İnformasiya nanoelektronikası, Kompüter elmləri, Tibbi bioelektronika departamentləri daxildir), Tətbiqi kimya, Kimya texnologiyası, Biomolekulyar mühəndislik, Materialşünaslıq və mühəndislik (Metallurgiya, Materialşünaslıq, Materiallar haqqında ekoelmlər, Materialların emalı departamentləri daxildir), Tikinti və memarlıq (İnfrastruktur mühəndisliyi, Su və ekologiya tədqiqatları, Nəqliyyat və şəhərsalma, Memarlıq dizaynı, Memarlıq mühəndisliyi departamentləri daxildir) bölmələrindən ibarətdir.

Kənd təsərrüfatı fakültəsinə Tətbiqi bio-elmlər və Tətbiqi bioloji kimya bölmələri aiddir. Tətbiqi bio-elmlər bölməsi İstehsal elmləri, Resurs və ekoloji iqtisadiyyat, Heyvan resursu inkişafı elmi, Heyvan məhsulları elmi, Su orqanizmləri biologiyası və kimya, Heyvan genetikası və ekologiya, Tətbiqi bioloji kimya bölməsi isə Molekulyar biologiya, Biokimya, Molekulyar fiziologiya, Üzvi kimya, Qida elmləri departamentlərindən ibarətdir.

Tohoku Universiteti xüsusi zəngin kitabxana sisteminə malikdir. Ali məktəbin Tohoku Universiteti, Tibb, Kita-Aobayama, Mühəndislik, Kənd təsərrüfatı kitabxanaları mövcuddur. Tohoku Universitetinin Seiryo Universitet xəstəxanası fəaliyyət göstərir.

Tohoku Universitetinin prezidenti 2006-cı ildən professor Akihisa İnouedir. Universitetdə ümumilikdə 6000-ə qədər işçi çalışır.

Tohoku Universitetində təhsil alan tələbələrin ümumi sayı 18225 nəfərdir. Onların 10997 nəfərini bakalavr, qalanlarını isə magistr və doktorantlar təşkil edir. Universitetdə 1098 nəfər əcnəbi tələbə təhsil alır.

Yaponiyanın "Asahi Simbun" qəzetinin universitet müəllimlərinin rəyi əsasında tərtib etdiyi Yaponiya universitetlərinin reytinqinə əsasən, Tohoku Universiteti 2006 - 2010-cu illərdə ölkənin ən yaxşı ali təhsil ocağı seçilib. Bundan əlavə, 2009-cu ildə Tohoku Universiteti Yaponiya hökumətinin beynəlxalq ali təhsil vermək üçün seçdiyi 13 universitetdən biri olub. Hazırda universitet ingilis dilində 30 ixtisas üzrə müxtəlif səviyyəli proqramlar təklif edir.

Tohoku Universiteti Yaponiyanın 4-cü ən yaxşı tədqiqat universitetlərindən biridir. Xüsusilə universitet materialşünaslıq, fizika, kimya, əczaçılıq və toksikologiya sahələrinin inkişafı ilə tanınır. Tohoku Universiteti dünyada aparıcı rola malik ixtisaslaşmış sahibkarlar yetişdirir. Universitetdə müasir idarəetmə sisteminin inkişafı, dünya bazarında rəqabətin sürətləndirilməsi  məqsədilə yüksək səviyyəli tədqiqatlar aparılır.

1907-ci ildən bu günədək fəaliyyət göstərən Tohoku Universiteti tələbələrinə dünya səviyyəli təhsil və novator tədqiqatlar təklif edir. Tohoku Universitetinin məzunları, müəllimləri, tələbələri və ümumilikdə universitetin hər bir işçisi unikal təhsil səviyyəsinə malik elm ocağının inkişafında əvəzolunmaz rola malikdir.  

 

Universitetin məşhur məzunları

 

  Nabuhiko Kavamoto                         "Honda Motor" şirkətinin sabiq baş direktoru  

  Su Buqinq                                            riyaziyyatçı, Fudan Universitetinin sabiq prezidenti  

  Koiçi Tanaka                                       kimya üzrə Nobel mükafatı laureatı  

  Masatosi Şima                                      "İntel 4004" prosessorunun yaradıcısı   

  Masayoşi Esaşi                                     mikroelektromexanika sistemləri üzrə tanınmış mütəxəssis  

  Ben Qoto                                               yapon yazıçısı   

  Sumio İidzima                                      karbon nanoborularını kəşf etmiş alim  

  Yasumasa Kanada                              Yaponiya riyaziyyatçısı  

  Lu Sun                                                  Çin yazıçısı  

  Kadzumasa Oda                                  Yaponiya musiqiçisi  

  Fudzio Masuoka                                  fleş-yaddaşın yaradıcısı  

  Katsuhiko Nisimori                             Oksitosin tədqiqatçısı  

 

 

 Hazırladı: Lamiyə ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2011.- 28 oktyabr.- S.16-17.