Rəhim Kərəm oğlu Rəhimov
Rəhim Kərəm oğlu Rəhimov 1920-ci ildə
Naxçıvan MR Şərur rayonunun
Qıvraq kəndində anadan olub. 1941-ci ildə
Naxçıvan Müəllimlər İnstitutunun
fizika-riyaziyyat şöbəsini bitirib. 1941-1942-ci illərdə
Naxçıvan MR-in Qarabağlar
kənd orta məktəbində müəllim
işləyib, hərbi xidmətini başa
vurduqdan sonra isə Nehrəm kənd orta
məktəbinə direktor təyin olunub. 1944-cü
ildə Azərbaycan KP MK-nın nəzdində birillik
partiya məktəbinə oxumağa
göndərilib. Sonra Azərbaycan KP-nin
Naxçıvan Vilayət Partiya Komitəsində
təlimatçı, Culfa rayon
Partiya Komitəsinin ikinci
katibi və Naxçıvan Vilayət Partiya Komitəsinin Təbliğat və təşviqat
şöbəsinin müdiri vəzifələrində
(1945-1948) çalışıb. 1948-1959-cu illərdə
Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin
birinci müavini və
Naxçıvan MSSR Nazirlər Sovetinin sədri
vəzifələrində işləyib. 1949-1952-ci illərdə
Sov.İKP MK yanında Ali
Partiya Məktəbində təhsil
alıb.
1959-1961-ci
illərdə Ümumittifaq Kənd Təsərrüfatının
İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun aspiranturasında oxuyub.
1962-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1959-cu ilin mart ayında Azərbaycan SSR
Ali Soveti Rəhim Rəhimovu xalq maarifi naziri təyin edib.
1961-ci ilin fevralına qədər bu vəzifədə
çalışıb, respublikamızda elmin və təhsilin
inkişafı üçün əhəmiyyətli işlər
görməyə nail olub.
1961-1981-ci illərdə Azərbaycan
Dövlət Plan Komitəsində kollegiya üzvü və
şöbə müdiri kimi fəaliyyət göstərib.
Sonralar Azərbaycan Texnologiya Universitetinin rektoru (1981-1986), Azərbaycan
Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını
İdarəetmə İnstitutunun rektoru (1986-2001) olub. 2001-ci
ildən ömrünün sonuna qədər Azərbaycan
Dövlət İqtisad Universitetində kafedra müdiri vəzifəsində
çalışıb.
Naxçıvan MSSR, Azərbaycan SSR Ali
Sovetinin (IV çağırış) və SSRİ Ali
Sovetinin (V çağırış) deputatı olub. Azərbaycan
KP MK-nın üzvü seçilib. Azərbaycan Texnologiya
Universitetinin və Azərbaycan Respublikası Nazirlər
Kabineti nəzdində Xalq Təsərrüfatını
İdarəetmə İnstitutunun yaradılmasında Rəhim
Rəhimovun xüsusi əməyi vardır.
Əzmkarlığı, dəqiqliyi,
işgüzarlığı ilə fərqlənən Rəhim
Rəhimov "Böyük Vətən müharibəsi",
"Qırmızı Əmək Bayrağı" ordenləri
və 10-dan artıq medalla təltif olunub. SSRİ Təhsil
Nazirliyi və Azərbaycan SSR-in Təhsil Nazirliyi tərəfindən
Fəxri fərmanlara layiq görülüb.
1999-cu ildə Azərbaycan Ziyalılar Cəmiyyətinin
"İlin fəxri ziyalısı" diplomu ilə təltif
edilib. Respublika Ağsaqqallar Şurasının üzvü
olub.
Azərbaycan SSR-in əməkdar
iqtisadçısı, professor Rəhim Rəhimov 2009-cu ildə
vəfat edib.
Azərbaycan
müəllimi.- 2011.- 28 oktyabr.- S.18.