Mirzə Rəhim oğlu Məmmədov
Mirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerikin Siodi kəndində anadan olub. Lerikdən xoş güzəran ümidi
ilə Bakıya gəlmiş ailələrdən biri də Mirzənin atası Rəhim Məmmədovun
ailəsi idi. Dörd
nəfərdən ibarət olan ailə
Bakıda gördüklərindən dəhşətə gəlir,
1918-ci ilin mart
soyqırımı ən ağrılı hadisə kimi Mirzənin yaddaşında həkk olunur. Sabunçu qəsəbəsində
bir nəfər onun böyük qardaşını xidmətçi
kimi işə götürür.
Siodiyə qayıdandan sonra atası, bir qədər sonra isə
anası dunyasını dəyişir. Tənhalıq və
kimsəsizlikdən cana doyan
Mirzə Bakıya, qardaşının yanına gəlir.
Onu Alxas
adlı bir şəxs himayəsinə götürür. Arıq cüssəli uşaq diribaşlığı, əməksevərliyi
ilə özünü sevdirir,
yaşamaq ücün
bütün əzablara dözür.
Bakıdakı 1 nömrəli uşaq
evinə gələn Mirzə burada təhsil almaqla, özü
kimi taleyin məşəqqətlərini dadmış
uşaqları da oxumağa həvəsləndirir. Sonralar ədəbiyyatşunas
alim kimi tanınmış alovlu vətənpərvər Abbas
Zamanov yazırdı: "Mirzə ilə Bakıdakı
uşaq evində tanış olub dostlaşdıq. Bizi oxumağa
həvəsləndirirdi. Uşaq evində
böyümüş uşaqların çoxu həyatda nail
olduğumuz yaxşı nə varsa, hamısına görə
Mirzəyə borcludur".
14 yaşında komsomola qəbul edilən
fəal, çalışqan, mehriban Mirzə Məmmədov
1926-cı ildə 2 nömrəli uşaq evinə pioner baş
dəstə rəhbəri göndərilib. 3 il sonra
Moskvadakı Kommunist Tərbiyəsi Akademiyasına daxil olub.
Moskvadan Azərbaycana qayıtdıqdan
sonra Mirzə Məmmədov Azərbaycan Lenin Kommunist Gənclər
İttifaqı Mərkəzi Komitəsində 5 il (1932-1937)
çalışıb, "Gənc bolşevik" və
"Pioner" jurnallarının redaktoru olub. O, həm partiya,
həm də dövlət işində zəngin təcrübə
toplayıb, xeyirxahlığı unutmayıb, haqqın, ədalətin
tərəfdarı kimi tanınıb.
Lənkəran Rayon Partiya Komitəsinin
birinci katibi vəzifəsində çalışanda da (katib
olarkən bu regiondan SSRİ Ali Sovetinin Millətlər Sovetinə
deputat seçilib), 1942-1944-cü illərdə Azərbaycan KP
MK-nın katibi işləyəndə də, 1944-1946-cı illərdə
İranda vitse-konsul olanda da Mirzə Məmmədov daim xalq
arasında olub, adamların dərdinə qalmağı
bacarıb, ən çətin anlarda vəziyyətdən
çıxmağın yollarını tapıb,
israfçılığa qarşı amansız olub. O,
müharibə illərində Səməd Vurğun, Rəsul
Rza, Heydər Hüseynov və başqaları ilə ön cəbhəyə
gedərək əsgərləri qələbəyə
ruhlandırıb.
İranda diplomatik xidmətdən dönəndən
sonra Azərbaycan KP Bakı Şəhər Komitəsində,
Respublika Ticarət Nazirliyində, Nazirlər Sovetində məsul
vəzifələrdə şərəflə, məsuliyyətlə
çalışıb.
Mahir təşkilatçı kimi ürəklərdə
xoş xatirələri qalan Mirzə Məmmədov
üçün xalq maarifi ən çox sevdiyi, ürəkdən
bağlandığı bir sahə olubdur. 1938-ci ildə Azərbaycan
SSR xalq maarifi komissarı təyin olunan Mirzə Məmmədov
bu vəzifədə çalışdığı 4 il ərzində
də yüksək vətənpərvərlik nümunəsi
göstərib, milli ideallara bağlılığını
çəkinmədən nümayiş etdirib, idarəçilikdə
yerli kadrlara üstünlük verib.
O vaxt belə bir qondarma qayda qoyulmuşdu
ki, Bakı şəhər xalq maarifi şöbəsinin
müdiri azərbaycanlı ola bilməz. Xalq maarifi komissarı
Mirzə Məmmədov bu qaydanı pozur. Moskvada Ali Partiya Məktəbini
bitirmiş gənc pedaqoq Çimnaz Aslanovanı 1938-ci ildə
Bakı şəhər xalq maarifi şöbəsinə
müdir təyin edir. Buna görə Mircəfər
Bağırov onu yanına çağırsa da, elə bir
ciddi problem yaranmır. O, 1942-ci ildə İrana diplomatik işə
göndərilir.
1954-cü ildə yenidən Azərbaycanın
xalq maarifi komissarı təyin edilən Mirzə Məmmədov
ümumi təhsilin inkişafı, məktəblərin tədris-maddi
bazasının möhkəmləndirilməsi, bağça və
ümumtəhsil məktəblərinin tərbiyəçi və
müəllim kadrlarına olan ehtiyacların ödənilməsi
istiqamətlərində mövcud problemlərin həlli
üçün əsl fədakarlıq göstərib.
1959-cu ildə xalq maarifi komissarı olarkən
icbari ümumi təhsil sahəsində gördüyü
işləri, elmi araşdırmalarını nəzəri cəhətdən
ümumiləşdirərək "Azərbaycan SSR-də
icbari təhsilin inkişafı" adlı namizədlik
dissertasiyasını müdafiə edərək pedaqoji elmlər
namizədi alimlik dərəcəsi alır. Elə həmin
ildə Mirzə Məmmədov pedaqoq, psixoloq və müxtəlif
fənlər üzrə metodist alimlərin pərvazlandıqları
Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutuna (indiki Təhsil
Problemləri İnstitutu) direktor göndərilir.
İnstituta rəhbərlik etdiyi illər
ərzində hər biri 15 çap vərəqi həcmində
olan "Azərbaycan dilinin metodikası", habelə
ikicildlik "Ədəbiyyatın tədrisi metodikası"
hazırlanaraq nəşr olunur. Yaradıcılıq diapazonu
geniş olan Mirzə Məmmədov pedaqogikanın tarixi və
nəzəriyyəsinin aktual problemlərinə cəsarətlə
müdaxilə edib, orijinal fikir və ideyaları sayəsində
elmi ictimaiyyət arasında böyük nüfuz qazanıb.
Pedaqoji elmlərin bir çox sirlərinə
dərindən bələd olan geniş erudisiyalı alim kimi
Mirzə Məmmədovun dəyərli məsləhət və
tövsiyələri elm yolunda olan gənc tədqiqatçılar
üçün böyük əhəmiyyət
daşıyıb, bir növ mayak rolunu oynayıb. Azərbaycanda
pedaqoji və elmi-pedaqoji kadr hazırlığında müstəsna
xidmətləri olan görkəmli alimin ürəyinin hərarətindən,
gözünün nurundan, yüksək intellektindən onlarca tədqiqatçıya
pay düşüb. Aktuallığı, miqyası ilə
seçilən bu tədqiqatlardan əldə olunan nəticələr
və elmi yeniliklər pedaqogikanın nəzəri-təcrübi
inkişafı baxımından mühüm əhəmiyyət
daşıyır. Mirzə Məmmədov Moskva, Daşkənd
və Tbilisidə milli kadrların doktorluq
dissertasiyalarının müdafiəsini təşkil edib.
Ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat
Pedaqogika İnstitutuna rəhbərlik etmiş Mirzə Məmmədov
bu elm ocağının davamlı inkişafı, yüksəlişi
üçün əlindən gələni əsirgəməyib.
"Qırmızı Əmək
Bayrağı", "Şərəf nişanı"
ordenləri və medallarla təltif olunub, SSRİ və Azərbaycan
SSR Ali Sovetinə deputat seçilib.
Mirzə Məmmədov 1973-cü il
mayın 5-də dünyasını dəyişib, İkinci Fəxri
xiyabanda dəfn olunub.
Azərbaycan müəllimi.- 2011.-
2 sentyabr.- S.6.