Beynəlxalq musiqi müsabiqəsinin 8 yaşlı qalibi

   

Yaşıdlarından  qeyri-adi istedadı və bacarığı ilə fərqlənən 8 yaşlı Züleyxa Abdullayeva  Bakıda  anadan olub. O, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının fortepiano şöbəsinin şagirdidir. Təhsil ocağında keçirilən tədbirlərdə, ədəbi-bədii gecələrdə  həmişə  öz məharətini göstərən  Züleyxa  ötən tədris ili  musiqi müsabiqəsində birincilik qazanıb və diplomla mükafatlandırılıb. Dərslərini  "əla" qiymətlərlə başa vuran  Züleyxa  yay tətili günlərini mənalı və  səmərəli keçirir. O,  istirahət vaxtlarında da öz üzərində  çalışır. Artıq  dünya  bəstəkarlarının çoxlu sayda əsərlərini öyrənib. 

Qeyd edək ki,   Züleyxa Abdullayeva İtaliyada keçirilən XIV beynəlxalq musiqi müsabiqəsinin qalibidir. Müsabiqədə o,  İ.Baxın  "Kiçik  prelüdiya", F.Şopenin "Mazurka", M.Klementin "Sonatina" kimi musiqi əsərlərini  ifa edərək birincilik qazanıb. Avropanın musiqi arenasında  Azərbaycanı layiqincə təmsil edən Züleyxa  Pyetro Arcento adına təqaüdə  layiq görülüb.  Tez-tez müxtəlif  televiziya kanallarında  Züleyxa öz canlı ifaları  və maraqlı çıxışları ilə tamaşaçıları heyran edir. Bütün bu uğurlarına görə balaca fortepianoçu musiqi  müəllimi  Nigar Nəcəfovaya  minnətdar olduğunu söyləyir.  O, yeni tədris ili üçün  hazırlanacaq  musiqi nömrələri üzərində səylə çalışır.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 2 sentyabr.- S.7.