Mirzə Əjdər oğlu İbrahimov

 

 Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabr ayının 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə anası və bacısı aclıqdan öləndən sonra atası və böyük qardaşı ilə Bakıya gələn Mirzə onları da itirib, dayısının himayəsində böyüyüb. Yaşamaq üçün özgə qapılarında çalışıb, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra fabrik-zavod şagirdliyi məktəbində, Neft sənaye texnikumunda oxuyub, ali təhsil alıb. O, bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb. Onun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Leninqradda aspiranturanı bitirdikdən sonra Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

 

İlk tənqidi, publisistik məqalələrini, hekayə və oçerklərini ötən əsrin 30-cu illərində yazıb. 1932-ci ildə sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynanın Donbas şaxtalarında, Dnepropetrovsk sənaye müəssisələrində olub, "Giqantlar ölkəsi" oçerklər kitabını qələmə alıb. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra Naxçıvan MTS siyasi şöbəsində "Sürət" qəzetinin redaktoru (1933) vəzifəsinə göndərilib.

Mirzə İbrahimov söz sənəti tariximizdə özünəməxsus yeri olan yaradıcı şəxsiyyətlərdəndir. O, Azərbaycan ədəbiyyatını "Həyat", "Madrid", "Məhəbbət", "Kəndçi qızı", "Yaxşı adam", "Közərən ocaqlar" pyesləri, "Gələcək gün", "Böyük dayaq", "Pərvanə" romanları, "Güləbətin", "Fırtına quşu", "Xosrov Ruzbeh" povestləri, "Cənub hekayələri" silsiləsis. əsərləri ilə zənginləşdirib. "Böyük demokrat", "Həyat və ədəbiyyat", "Azərbaycan dili", "Xəlqilik və realizm cəbhəsindən", "Aşıq ədəbiyyatında realizm" kimi tədqiqat əsərlərinin müəllifidir. Vilyam Şekspirin "Kral Lir", "On ikinci gecə", Molyerin "Don Juan", Anton Çexovun "Üç bacı" pyeslərini, Nikolay Qavriloviç Çernışevskinin "Nə etməli" romanını və digər əsərləri Azərbaycan dilinə tərcumə edib.

Böyük Vətən müharibəsi illərində sovet ordusu sıralarında İranda olub, müşahidələr aparıb, "Vətən yolunda" qəzetinin redaktoru kimi fəaliyyət göstərib. Topladığı fakt və apardığı müşahidələr əsasında bir sıra dəyərli əsərlərini qələmə alıb. Onun tarixi mövzuda yazdığı "Pərvanə" romanı ədəbiyyatşünaslıqda xüsusilə yüksək dəyərləndirilir.

1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, dəyərli tədqiqat əsərləri ilə yanaşı, həm də Xaqani Şirvani, Səməd Vurğun, İsmayıl Şıxlı və başqa sənətkarlar barədə sanballı məqalələrin müəllifidir.

Mirzə İbrahimov 1942-1946-cı illərdə xalq maarifi komissarı vəzifəsində çalışıb.

Böyük Vətən müharibəsi illərində xüsusən humanitarictimai fənlərin məzmunu səfərbərlik ruhunda, vətənpərvərlik kontekstində dəyişdirilmişdi. Dərslik, dərs vəsaitləri çatışmırdı. Bu problemlərin həlli istiqamətində əməyini əsirgəməyən Mirzə İbrahimov müharibədən bir il sonra Azərbaycan müəllimlərinin VI qurultayında (26-28 avqust 1946-cı il) respublika məktəblərində təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq haqqında məruzə ilə çıxış etmişdi. Akademik Mirzə İbrahimov məruzəsində respublika məktəblərində təlim-tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq haqqında fikirlərini söyləyərək, müharibənin od və alovları içərisində xalq müəlliminin fədakar əməyinin özünü göstərdiyini vurğulamış, ümumi icbari təhsil qanununun yerinə yetirilməsi sahəsində vəziyyəti faktlarla nəzərə çatdırmışdı. "Balalarımızı başdan-başa savadlı etmədən, əsl elm və mədəniyyət yoluna çıxarmadan xalqımızın və Vətənimizin gələcəyini təmin edə bilmərik, əsrlə ayaqlaşa bilmərik: həyat və mübarizə isə tərəqqi ilə, inkişafla ayaqlaşa bilməyənləri kənara atır", - deyən xalq maarifi komissarı müşahidələrini belə ümumiləşdirib: "İşi elə qurmaq, elə bir ilham və ürəklə uşağa yaxınlaşmaq lazımdır ki, o, dərsə getmədikdə, məktəbdən ayrıldıqda darıxsın, ürəyi sıxılsın. Bunun üçün də xadimədən tutmuş mühasibə qədər bütün məktəb işçilərində və birinci növbədə, müəllimdə məhəbbətlə dolu bir ürək və heç zaman, hətta gündəlik işlərin adiliyi altında belə sönməyən bir ilham lazımdır". Məruzədə imtahanların yekunları, təhsilin keyfiyyəti məsələləri də təhlil olunub, müəllimlərin ixtisası, pedaqoji elmlərin tədqiqi problemləri, məktəbə rəhbərlik və məktəb müfəttişlərinin vəzifə səlahiyyətləri kimi motivlər belə nəzərdən qaçırılmayıb.

Pedaqoq alimlər etiraf edirlər ki, Mirzə İbrahimovun maarif işçiləri qarşısındakı məruzə və çıxışları, mətbuatda dərc olunmuş məqalələri öz elmi dəyərini, aydın ideya istiqamətini hər vaxt saxlayan qiymətli nümunələrdir. Maarif işindən ayrıldıqdan sonra da müntəzəm olaraq müəllim və onun əməyi, məktəb və onun müqəddəs vəzifəsi, ana dilinin tədrisi və öyrənilməsi, şəxsiyyətin mərifəti barəsində mülahizələr söyləyib, pedaqoji mətbuat səhifələrində vaxtaşırı çıxışlar edib.

Akademik Mirzə İbrahimov Azərbaycan tarixini, Azərbaycan pedaqoji dəyərlərini yaxşı bilən alim kimi klassik pedaqoji fikrin ənənələrini davaminkişaf etdirərək, "təlim-tərbiyə insanı xeyirxah etməlidir" - hikmətli kəlamını vurğulayaraq hər kəs üçün bu işin hələ uşaqlıqdan başlanmasını zəruri sayıb. Onun qənaətinə görə, "insanın vətənpərvərlik duyğusu, ürəyində kamil vətəndaş olmaq üçün qüdrətli və ehtiraslı bir arzumeylin oyanması" təlim və tərbiyə işi ilə, onun səviyyəsi ilə bağlıdır.

Mirzə İbrahimov Azərbaycan pedaqoji fikrinin görkəmli nümayəndəsi, ilk "Pedaqogika" dərsliyinin müəllifi, məşhur müdərris, Ordubadda "Əxtər", Naxçıvanda "Tərbiyət" məktəblərinin banisi Məhəmməd Tağı Sidqinin məktəbin vəzifələri haqqında dediyi fikirləri daha da inkişaf etdirərək yazır: "Şagirdin yalnız məktəb divarları arasında deyil, məktəbdən xaricdə, evdə, ailədə, küçədə, qonşuda və həyətdə də məktəbli olduğu, məktəb təlim və tərbiyəsi gördüyü bilinməlidir. Nəcib hərəkətləri, oturuşu, duruşu, sual və cavabları, aydın və təmiz danışığı, parlaqdüzgün anlayışından onun məktəbli olduğunu, yaxud məktəb təlim və tərbiyəsi gördüyünü hər kəs sezməlidir".

Mirzə İbrahimov sələflərindən daha irəli gedərək işlədiyi illərdə əsl pedaqoji yenilik olan və hazırda təlim-tərbiyə işində əsas sayılan tələblər irəli sürüb. Bunlar şagirdlərə müstəqillik və idrakını inkişaf etdirmək, müqayisə edə bilmək, nəticə çıxarmaq, biliyini tətbiq etmək bacarıqlarının aşılanmasıdır. Mirzə İbrahimov "uşağın şüurunu hərəkətə gətirməyi, ona düşünməyi, mühakimə ilə görməyi öyrətməyi" məktəbin və müəllimin əsas vəzifəsi hesab edirdi. Çünki uşaq yaşına görə özünün və başqalarının hərəkətinə xeyirli və zərərli, lazımlı və lazımsız olması nöqteyi-nəzərindən qiymət verməyə alışdırılmalıdır. Mirzə İbrahimov qeyd edirdi ki, məktəb uşaqlarda insan həyatının yaradıcısı olan əməyə qarşı müqəddəs bir məhəbbət və etiqad oyatmalı, onda çalışmaq, həm də səmərəli çalışmaq vərdişi tərbiyə etməli, şagirdlərə həqiqi bilik verməli, uşaqların hərtərəfli, ahəngdar inkişafını təmin etməli, əsl vətənpərvərlər, vətəndaşlar yetişdirməlidir.

Mirzə İbrahimovun xalq maarifinin təşkili və idarə edilməsi sahəsindəki fəaliyyəti, zəngin pedaqoji fikirləri maarifpedaqoji fikrimizin inkişafında mühüm yer tutur. O, dünya pedaqoji fikrinin görkəmli nümayəndələrinin irsini diqqətlə öyrənib, mütərəqqi nə varsa, onu müasirlik ruhu ilə Azərbaycan pedaqogikasına gətirməyə çağırıb. Mətbu çıxışlarında tez-tez antik pedaqogikaya, Henrix Pestalotsi, Konstantin Dmitriyeviç Uşinski, Həsən bəy Zərdabi, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq və Məhəmməd Hadinin əsərlərinə müraciət etməsi onun ən yaxşı pedaqoji ənənələri, fikirləri yaşatmaqinkişaf etdirmək meyli ilə bağlıdır.

Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975), AsiyaAfrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri olub. Azərbaycanın xalq yazıçısı (1961), SSRİ (1950) və Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965), əməkdar incəsənət xadimi (1941), Beynəlxalq Nehru mükafatı laureatı (1979) Mirzə İbrahimov Lenin (iki dəfə), "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilib. Dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

1993-cü ildə vəfat edən görkəmli yazıçı, dramaturq, alim, ictimai və dövlət xadimi Mirzə İbrahimov Fəxri xiyabanda dəfn olunub.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 9 sentyabr.- S.14.